Səhifə 3 / 4 · 50%

Mənsur özünü itirdi. O gözləyirdi ki, qız duracaq, onun ayağını tapdalamağa çalışacaqdır. O da evdə gələcəkdə hakimiyyət qazanmaq üçün bunu ilk əvvəl özü etməyə hazırlanmışdı. Amma Gülzar yerindən tərpənmədi. Bundan başqa, yengənin dediyinə görə, daha bir çox səmimiyyətlər olmalı idi. Heç biri olmadı. Nəhayət, özünü toplayıb namaz yadına düşdü. Namaz qılmağa başladı. Bitirdi. Gülzar yerindən tərpənmədi. Mənsur taxtın üstündə oturdu. Nə edəcəyini bilmirdi. Heç biri danışmırdı. Gülzara yengə, gəlirkən bir çox şeylər tapşırmışdı. Lakin heç biri yadında qalmamış, daha doğrusu, heç birini eşitməmişdi. Bu sükut uzun bir zaman davam etdi. Nəhayət, Mənsur sükutu pozdu:

– Gülzar, artıq üzünü aç, öz evindir, – deyə mütərəddid və utancaq hərəkəti ilə örpəyi Gülzarın üzündən götürdü. Zavallı qızcığaz həyəcan və iztirabdan ürəyi partlayır, bihuş olmaq dərəcəsinə gəlirdi. Qulaqlarında anlaşılmaz bir şey guruldayır, bütün gördüyü şeylər gözünün qarşısında oynayır, hərəkət edirdi.

Gülzar özünü gizlətmək üçün bir yer axtarırdı, amma yox idi. Mənsur sözə başlamış və nə söyləyəcəyini bilməyib, ancaq söhbəti kəsməmək üçün, ağlına gələni danışırdı:

– Mən bilirəm, qardaşının evində sən çox incimişsən, amma artıq bundan sonra, inşallah, hər ikimiz gözəl güzəran sürərik.

Mənsur danışmağa söz tapmır, eyni zamanda Gülzar bir söz deməyincə, sözünü kəsmək istəmirdi. Yoxsa yenə bir sükut araya düşəcək və yenidən sükutu pozmaq üçün söz tapmayacaqdı. Burada Gülzar artıq özünü bilmədən, nə olursa olsun, bir an əvvəl sözünü demək, ürəyini açmaq və bütün varlığını didən bu müdhiş iztirabdan yaxasını qurtarmaq üçün aylarla əzbərlədiyi sözlərin hamısını unudaraq, yarımbayğın bir halda sözə başladı:

– Ox, Mənsur, sən bu qədər gözəl, bu qədər gözəl, bu qədər zənginsən... Fəqət mən... sənə layiq deyiləm... mən...

Burada ağlamaq boğazını boğdu. Göz yaşlarında boğulub, nəfəs belə çəkmirdi.

Lakin Mənsur onun dediklərini bir o qədər də anlamadan, nəhayət, Gülzarın danışdığına və özünün danışmaq üçün mövzu tapdığına sevinib, əlini mütərəddid hərəkətlərlə onun boynuna salaraq, dedi:

– Artıq ağlama, Gülzar! Mən bilirəm sən nəyi düşünürsən.

Burada Gülzar birdən-birə diksindi. “Nəyi bilir görəsən?” O müdhiş gecənimi bilir?” Bir an içində bədənini titrətmə tutdu. “O haradan bilir? Lakin bilirsə və bu qədər mülayimsə...” Bu aralıq zavallı qızcığazın başından bulanıq bir fikir fırlandı, bəlkə də o məchul kişi bu özüdür? Biixtiyar başını qaldırıb, Mənsurun üzünə baxdı. Ancaq heç bir şey görmür, heç bir şey xatırlamırdı. Eyni zamanda Mənsur sözünə davam edirdi:

– Amma elə şeylər üçün düşünməyə dəyməz. Mən bilirəm, qızlar istərlər ki, onların cehizləri olsun, bilməm nələri olsun, ərlərindən utanmasınlar. Mənim üçün elə şeylərin əhəmiyyəti yoxdur. Allaha şükür, bir parça çörəyimiz var, ac qalmarıq... Özümüzdən başqa iyirmi nəfəri də lap əlli il saxlaya bilərik. Atam mənim üçün kəndxuda Həsənin qızını almaq istəyirdi. “Belə cehizləri var, camışları var, xalça-palazları var”, – deyirdi. Lakin nə eləyim o dövləti, mənə sənin gözəlliyin, hələ təkcə təmiz adın hər şeydən bahadır. Mən özüm xalqa çox gülmüşəm, indi, Allaha şükür, bilirəm ki, sabah papağımı yanakı qoyub, kənd içinə çıxanda kimsə mənə gülməyəcək, kimsə ardımca pıçıldamayacaqdır. Mənə sənin təmiz adın, paklığın və saflığın hər şeydən qiymətlidir. Bu mənim üçün dünyalara dəyər.

Burada Gülzarın artıq bütün nervləri, bütün ilikləri parçalanıb, boğuq səslə inlədi:

– Mənsur mən səndə qalmaq istəmirəm. Yalvarıram sənə, məni dörd-beş gün saxlayıb, sonra burax. Mən gedib dilənçilik edərəm...

– Axı nə üçün? Sənə nə olmuşdur?

Gülzar özünü bilmədən, dediklərini belə eşitmədən Mənsurun ayaqlarına düşüb:

– Ox, Mənsur mən sənin yanına üzüqara gəlmişəm, – dedi.

Sanki Gülzarın üzərində qocaman bir dağ varmış kimi, bir sözlə birdən uçulub, onu yüngülləşdirdi. Lakin qulaqlarında bu qocaman dağın anlaşılmaz gurultuları taqqıldayırdı. burada Mənsurun birdən-birə çöhrəsi dəyişdi. Əlini Gülzarın boynundan çəkdi. Biixtiyar divara baxındı. Divarda bir tüfəng, iki xəncər asılmışdı. Üzündən zəhərli bir gülüş fırladı. Gülzar isə göz yaşlarında boğularaq, sözünə davam edirdi:

– Amma mən müqəssir deyiləm, Mənsur! And olsun bu Qurana, and olsun o gözə görünməyən pərvərdigara ki, mən müqəssir deyiləm...

– Sən müqəssir deyilsən... Hm... bəs nə oldu? Damdan yıxıldın, hə? Nərdivandan yıxıldın, hə?

Gülzar artıq sözünü demiş, sonu nə olacağını bir o qədər də düşünmürdü. Mənsur bu saat xəncəri qapıb onu doğrayacaqmı? Bağışlayacaqmı? Nə edəcəksə, hər halda bilmirdi. Lakin bir çox şeylər, biixtiyar fikrindən çırpınıb keçir və heç birisinə baxmadan bir an əvvəl sözlərini söyləmək istəyirdi:

– Yox! Yox! Mən heç bir yerdən yıxılmamışam. Mənə başlı-ayaqlı bir insan toxunmuş, məni zorlamışdır.

– Kim? Kim? Onu söylə! – deyə Mənsur müdhiş bir əsəbiyyətlə bağırdı.

– Bilmirəm...

Bir an üçün hər ikisi susdu.

– Istəsən, işin hamısını sənə söyləyə bilərəm. Nə edəcəksən, et. Yalnız sözlərimə inan, məni öldür. Ancaq bil ki, mən müqəssir deyiləm.

Mənsur susurdu. Burada sonsuz bir dəhşətlə o fəlakətli gecəni bir neçə qırıqsökük cümlədə nağıl etdi. Sözləri irtibatsız və nizamsız olduğu üçün bəlkə məntiqsiz yerləri də var idi. Lakin söylənən sözlərdə elə bir səmimiyyət çırpınır, elə bir paklıq hiss edilirdi ki, istər-istəməz insanın inanması gəlirdi. Hər halda Mənsur inanmışdı. Çox uzun düşüncədən sonra:

– Axı bunların hamısı doğru isə, nə üçün o zaman anana, qardaşına söyləmədin? – deyə soruşdu.

Mənsurun səsi sanki bir qədər yumşaldı.

– Onlar nə edə bilərdilər? Qardaşımı sən ki bilirsən. Anama da artıq dərd verməkdən nə çıxardı? Indi mən olduğunu söylədim, mənə hər nə edəcəksən, et, qanımı sənə halal edirəm. Ancaq inan ki, mən günahkar deyiləm. And olsun yeri, göyü yaradan Allaha! Mənsur, and olsun bu altı aydan bəri mənim yeganə təsəllim olan bu Qurana ki, mən təqsirkar deyiləm.

Gülzarın sözlərində çırpınan məyusluq, göz yaşlarındakı səmimiyyət bir iynə kimi Mənsurun fikrinə, zehninə, ruhuna, bütün varlığına sancıldı. Hətta “Yazıq nə etsin? Bu Allahın qəziyyəsidir, onun ki, burada taqsırı yoxdur. Gücsüz, köməksiz bir qız nə edə bilərdi? Nə üçün bir nəfər onun adına söz demir?” – kimi bəzi doğrultmalar da fikrindən keçir və eyni zamanda çox dərin düşüncələrə dalmış dururdu.

Gülzar kiçicik əllərini irəli uzatmış, bir həyəcan içində nəticəni gözləyirdi. Ox, indi Mənsurun bir sözü onu nə qədər xoşbəxt edə bilər və ya əbədi bir yoxluğa yuvarlada bilərdi! Gülzarın bu dəqiqədə bütün taleyi, həyatı, səadəti ondan, onun bir kəlmə sözündən asılı idi.

Sevinc və müdhiş fikirlər bir elektrik sürəti ilə bir-birini təqib edərək, zehnindən fırlayıb gedirdi. Hər halda Gülzar onun bütün iztirablarına şahid olan bu Quranın onu tək buraxmayacağına, kömək və himayə edəcəyinə, zəif bir inamla da olsa, inanırdı. Bu ümidin nəticəsi olaraq, Gülzarın başında xoşbəxt və sürəkli bir ümid parladı: “Indi Mənsur qollarını açacaq, – eybi yox, mən səni bağışlayıram, çünki inanıram ki, səndə taqsır yoxdur, – deyəcək və onu qucaqlayacaqdır”. Hətta bunu Mənsurun gözlərindən də oxumaq olurdu. Ancaq Gülzar bu halında bunun fərqinə varmırdı; həm də bu dəqiqədə belə şeylərlə sevinmənin vaxtı deyildi. Burada artıq xəyal, xülya deyil, ümid, arzu deyil, bir həqiqət olaraq ölüm-dirim məsələsi həll edilirdi ki, o da Mənsurun verəcəyi cavabdan, edəcəyi hərəkətdən asılı idi.

Mənsur düşünürdü. Sanki bu sözlərin doğruluğunu Gülzarın üzündə oxumaq istəyirmiş kimi, bıçaq kimi iti baxışlarını onun üzünə dikdi: önündə iki uçqun, süzgün göz gördü ki, məsum baxışlarında odlu bir fəryad inləyir, tam dərinliklərində bir doğruluq, bir səmimiyyət, bir paklıq, bir günahsızlıq gülümsəyirdi. Gülzarın iki damcı göz yaşı yuvarlanmış, solğun yanaqlarında durmuşdu; indi dodaqları hənuz əsəbi bir həyəcanla titrəyir və bütün bu həyəcanlarla, bütün bu solğunluqlarla Mənsur qarşısında pak və olduqca gözəl bir qız görürdü. Bu sevimli qızın məsum ruhuna toxunmaq, qəlbini qırmaq, incitmək, heç də insafdan deyildi. O, təbiətin azad qoynunda bəslənmiş bir çiçək idi ki, ruzigarın xəfif bir ağırlığından solacaq, töküləcək, məhv olub gedəcəkdi... Halbuki o, ən tutqun bir həyatı süslədə bilər, həyatın ən dərin qaranlıqlarını bir səadət şəfəqilə işıqlandıra bilərdi. Xüsusilə bu dəqiqədə Gülzar elə bir görünüş almışdı ki, ona kimsə acımaya bilməz. Eyni zamanda onun bu vəziyyəti ilə aldığı məhzun bir gözəlliyə qarşı kimsə pərəstiş etməyə bilməz, onu sevməyə bilməzdi. Bəli, Gülzar kim olursa olsun, indiki dəqiqəsində gözəl, sevimli, ən pak bir qızcığaz idi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Tərcümə məsələsinə əhəmiyyət verilməlidir

Son zamanlar mətbuatda arası kəsilmədən təsadüf edilən bir mələsə də tərcüməçilər məsələsidir. Yeni bir kitab çıxan kimi onun tərcüməsi tənqid ediliyor.Kitabın anlaşılmaz bir dildə tərcümə edilməsindən, fikirlərin yanlış keçirilməsindən şikayət ediliyor. Bununla da məsələ bitib gediyor.

3 dəq
Kənd səhnələrinə kömək edilməlidir

Ötədən bəri qəzet sütunlarında bu və ya başqa bir kənddə kənd həvəskarları, xüsusilə, kommunist gənclər özəkləri tərəfindən teatr tamaşaları verilməsi və bu oyunların böyük mədəni əhəmiyyəti olmaqla bərabər, bir çox texniki nöqsanlarının da olması göstərilməkdədir. Bu, əsaslı bir məsələdir.Bəlli olduğu üzrə, Bakı türk teatrlarında hər həftə həmkarlar ittifaqları üçün xüsusi oyunlar verilməklə işçilər teatrlara doldurulur.

4 dəq
Mirzə Fətəli Axundzadə

HAQQINDA*Mirzə Fətəli Axundov əski sxolastik ədəbiyyatdan, Şərqin yekrəng qəzəl, qəsidə və rübai ədəbiyyatından birinci olaraq ayrılıb, yeni bir ədəbiyyat şəklinə ayaq basan və azəri teatr ədəbiyyatının ilk təməl daşını qoyan ədibdir.

9 dəq
Səmimi sənətkara alqış!

“Bəzən elə adamlar olur ki, onların yaşayış tarixini yazmaq üçün bütün bir xalqın, bir ölkənin, və ya xalq həyatında müəyyən bir məntəqənin tarixini yazmaq lazım gəlir. Yaşadıqları mühit, cəmiyyət və məntəqənin irəliyə doğru yürüməsində addımbaşı onların adı görünə bilər. Onların şəxsi həyatından ümumi həyatı ayırmaq istədikdə isə, yerdə heç bir şey qalmayır. Belə adamlardan biri də Abbas Mirzə Şərifzadədir....Abbas Mirzə Şərifzadə bütün teatr həyatının bir mehvəridir. Özözlüyündə həm rejissor, həm aktyor, həm də təşkilatçıdır. O, səhnənin həm oğlu, həm də atasıdır.

2 dəq

Başqa şairlərin şeirləri