Papaq
Səhifə 2 / 4 · 25%
(Neçin şəhərin döşənmiş küçələrində yer tapmayan və bu zavallı məhləyə sığışan minlərlə ən yoxsul türk, rus, erməni işçi və əməkçilərinin, vodniklərin, qazan təmizləyənlərin, daş yonanların, qruzçiklərin, həmmalların və sairənin bu ağır halına baxan yoxdur? Neçin bunların Bakı şurasında danışan bir nümayəndələri yoxdur ki, onların dərdlərini Bakı şurasına bildirsin və desin ki, kommunxoz lığlı küçələrdə qənbər üstündən asfalt salanda bizim də bu küçədə palçığın için beş-altı daş atmayır, heç olmazsa, adamlar daşdan-daşa hoppanaraq gedə bilsinlər. O, kommunxoza desin ki, bu məhlədə yaşayanlara da müalicəxana, məktəb, klub və sairə lazımdır. Heç olmazsa, uşaqların şəhərdəki məktəblərə gedə bilməsi üçün onlara kiçicik bir yol lazımdır... Vadavoznı küçədə Tarayevin evinə az qala larketlə yol çəkmək üçün daş tapılarkən, bu 10 il ərzində bir sajen daş alıb bu zavallı küçələrə döşəmək və minlərlə məktəbə gedən çocuqları, işə gedən işçiləri, çörək və sairə almaq üçün yekə bir dağı aşıb çıxan işçi arvadları bu əziyyətlərdən qurtarmaq üçün 3 manat 14 şahı pul tapa bilmir.... Malakan bağının tinində sökülmüş daxmanın daşı 2-3 gün gec təmizləndiyi üçün orada yaşayanlar yazmadıqları qəzetə, çığırmadıqları iclas qoymadılar. Qəzetlərdə kommunxozun qoparağını qopartdılar. Əgər bu məhlənin də Bakı şurasında bir nümayəndəsi olsa idi, ya bəlkə varsa, ağzına isti su alıb dinməz oturmasaydı, ya şura üzvlərindən, vəzifəlilərdən bir neçəsi bu məhlədə yaşasaydı, onda o nə edərdi? O, sadə və doğru sözlər ilə kommunxozun bütün zavlarını, zamzavların göz yaşlarında boğar, bu işi ləngidənlərin və 10 ilə bu küçələr üçün plana bir qəpik də salmayanların rəhmətlik atalarını qəbirdən çıxardıb dallarına sarıyardı ki, daha onlar şikayətə gedənlərə “bu neçə ili necə yaşamışsınız ki, indi bir neçə il də dayanmaq istəmirsiniz”, – deyə bilməzdilər. O nümayəndə onlar deyərdi ki, qabaqlar uşaqlarımız məktəbə getmirdilər, adamlar ayaqyalın gəzirdi və ümumiyyətlə, mənim də, onun da rəhmətlik babalarımız tövlədə mal-qara ilə bir yerdə yatırdı. Indi hər şey dəyişmiş, inqilab olmuş, adamlar tövlələrdən çıxmış, adam olmuşdur. Palçıqlı ayaq ilə girilməyəcək evlərdə yaşayırlar. Keçmişlər kimi yaşamaq yaxşı olsa idi, onda bu Nikolayı yıxmağa, yeni bir inqilab düzəltməyə nə ehtiyac vardı? Bu vuruşmaları, bu vətəndaş müharibələrini, bu inqilab və azadlıq yolunda axan qanları kimin ayağına yazaq?!)
Ayaq dedim, öz ayağım yadıma düşdü. Şoğəribin qanı dayanmırdı ki, dayanmırdı. Gördüm işi bir az da uzatsam, başımı şaxta vuracaq, doğrudan da, Hamlet kimi dəli olacağam. Odur ki, durdum ayağa, dəvəlbərazimi yığışdırdım. Papağımı təzədən bükdüm, qoydum cibimə. Qalstukumu açdım, sarıdım ayağımın yarasına... Ancaq Hamlet kimi hələ də bir qərara gəlməmişdim. Hansı tərəfə gedəcəyimi bilmirdim. O əsrarəngiz kisə mənim ürəyimə yaman qorxu salmışdı. Orada hər şey ola bilərdi. Oğurluq mal... ola bilərdi. Qoçaq bir oğlanın çarşafını atan və kluba gedən xalası qızı ola bilərdi (genə dirisi olsa idi, dərd yarıydı, bir o qədər də qorxmazdım). Hər şey ola bilərdi. Çünki bu bərilərdə böylə şeylər görünməz deyil... Ancaq məni ən çox qorxudan mənim bilməməzliyim idi. Kisənin böylə əsrarəngiz olması mənim ürəyimi vahiməyə salmışdı. Allahyara, bir də ona tərəf getmək istədim. Bir də gördüm yuxarıdan, qəbiristanlıq tərəfdən bir qaraltı mənə tərəf gəlir. Nəhs kimi bunun da dalında dolu bir kisə vardı. Doğrusu, can boğazıma yığılmışdı. Qaçmaq fikrində deyildim. Istəsəydim də, ayağım yenə ağrıdığı üçün qaça bilməyəcəkdim. Odur ki, dayandım. Qəti bir səslə:
– Kimsən? – dedim... Gələn dillənmədi. Saymazcasına, adi addımlarla gəlirdi. Mən daha qəti bir səslə:
– Adə hey, eşitmirsən? – dedim. – Kimsən?
Qaraltı mənimlə tuşlanmışdı. Sakit bir hərəkətlə başını qaldırıb üzümə baxdı. Qaranlığın içində gözləri avtomobilin fənəri kimi işıldayırdı. Bütün görkəmində bir yırtıcılıq hiss edilirdi. Doğrusu, öz aramızdır, bir istədim yenə də qaçım. Çünki bu cəhətcə mən məşhur Koroğlunun fikrindəyəm. Məncə də igidliyin yüz şərti vardır. Bunlardan doxsan doqquzu qaçmaqdır, biri də gözə görünməmək... Ancaq mən bu dəfə də qaçsaydım, yüz tamam olacaqdı.
O baxdı, mən də baxdım. Sağ ayağımı tinin o biri küçəsinə atıb qaçmaq yerini tədarük etdikdən sonra üçüncü dəfə olaraq daha sərt bir səslə sordum:
– Adə, sənə deyirəm ey... Eşidirsənmi, kimsən?
Qaraltı insafən çox sakit, lakin azacıq sərt bir səslə:
– Sənə nə var? – dedi. Mən o saat özümü yetirdim və o saat vəziyyəti başımda fikirləşdim: Tutalım ki, lap hələ oğrudur, quldurdur. Ancaq oğru olanda nə olar. Kişinin sözü ki, hesabidir. – Əbləh, qurumsaq, sənə nə var, kimdir? Görüm, sən milisionersən, qarovulçusan ki, gəlib-gedəndən həqq-hesab soruşursan? Ancaq daha qanun yeri deyildi. Çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu. Daha dinməsəydin, deyəcəkdi ki, qorxdu. Odur ki, bütün iradəmi toplayıb:
– Necə mənə nə var? Bir bilməyim ki, gecənin bu vaxtında sən kimsən? –
dedim. Öylə də qəti dedim ki, guya indi Ərbəhanın toplarından bir neçəsi vardır, çərtən kimi bombardman başlanacaqdır. Kişi saymazcasına başını aşağı salıb yenə də çox sakit bir səslə:
– Qəbiristanlıqdan gəlirəm, – dedi və heç vecinə almadan yoluna davam edib yanımdan ötdü. Dedim, bəlkə, kişi öz rəhmətlik babasının sümüklərini Kərbəlayə göndərmək istəyir. Ancaq ismi-əleyhsiz olduğu üçün gündüz utandığından gecə çıxarıb aparır. Qaraltı hələ ötməmişdi ki, birdən gördüm yuxarıdan yenə də ağ kəfənli bir ölü yüyürür və qışqırır:
– Adə, dayan hey! Sənə deyirəm, dayan! Adə, tut onu. Tut onu! Dayan sənə, deyirəm!
Baxdım ki, yanımdan ötən qaraltı heç vəziyyətini pozmadan gedir. Odur ki, mən başladım şübhələnməyə. Ölünün əmri kimə idi? Kim dayanmalı idi; mən, ya o qaraltı? Kim-kimi tutmalı idi? Mən onu, ya o məni... Iş qorxudan keçmişdi.
– Adə, kimə deyirsən, – dedim.
– O gedən kimdir, ona deyirəm. Adə, həyətdən çıxan, kimsən, dayan!
Ölü yaxınlaşdı, gördüm ölü ölü deyilmiş. Bu yazıq bizim qonşumuzdakı invaliddir ki, bir tuman, bir köynəklə oğrunun dalınca çıxıbdır. Işi anladım. Yanımdan, keçən oğru imiş. Odur ki, səmimi, yavaşca yumşaldım. Nə lazım, xətası çıxar. Olmadı belə, oldu elə...
– Vətəndaş oğru, a vətəndaş oğru. Bircə zəhmət çək dayan, – deyə bu dəfə çox nəzakətlə qaraltıya müraciət etdim. Ancaq onu artıq görmədim. O, tini burulmuşdu. Invalid yanıma gəldi. Məlum oldu ki, vətəndaş oğru onun butkasını açıb, beş-altı şahılıq soğan-kartofunu kisəyə doldurmuş, lakin bunu az görüb həyətə girmiş və oradakı qoyunu da açmaq istəmiş, ancaq invalid oyanıb onun dalınca düşmüşdür. Iş orasındadır ki, bu invalid qaçsaydı, onu tuta bilərdi. Ancaq qorxudan ona yanaşa bilmirdi. Odur ki, çox təkidlə mənə deyirdi.
– Adə, yüyür tut onu! Oğrudur köpək oğlu:
Mən nə hayda, bu nə hayda. – Özün yüyürüb tutsana... Invalid olsan da, səs çıxara bilmirsən, daha yüyürməyə nə var? Ancaq bilirdim ki, o getməyəcək və getməyi də nə lazım. Olmadı belə, oldu elə. Itələdi bıçağı... onda nə olsun? Bu işin özü boş işdir. Ancaq mənə bir xeyri dəydi. Bilmirəm oxucular anladılar-anlamadılar. Ancaq mən o saat şəhadət barmağımı dişlədim. Ey dili-qafil. Olmaya o bayaqkı ölülər də nöyzənbillah ölü deyilmiş. Helə tuman-köynəklə bayırda çıxan adamlar imiş. Ancaq bunlar tuman-köynəklə bizim qapımızda nə gəzirdilər və beşatılanları atan kimdi? Səlyandakı küçədən birinci Xrebtovı küçəsinə burulub qonşunun damına çıxdım. Oradan dalanımız görünür. Dama çıxmaq bir o qədər qorxulu deyildi. Çünki buralarda iki gündən bir oğrular küçədən dama, damdan həyətə boş atdanıb, dolu qayıdırlar. Heç birinin gözünü də füləyən yoxdur. Mənə kim nə deyəcəkdir. Yəni kim var bir söz desin də! Yenə də dalan qələbəlik idi. Qarmaqarışıq danışırdılar. Diqqətlə qulaq asdım, birinin səsini tanıdım. Bu bizim qonşulardan biri idi. Özü də xalis diri idi. Qaçmaq yerini tədarüklədikdən sonra yavaşcadan qışqırdım.
– Məşədi Mehdiqulu, sənsən?
– Bəli! Oho, Sancaq bəy, sənsən?
– Bəli.
– Sən hara, ora hara.
– Çızmışam da.
– Necəsən, kefin, əhvalın?
– Çox sağ ol, çox razıyam.
– Yaxşı bir de görək haçan gəlmisən?
– Üç gündür...
– Nə... bir de görək bu gecənin yarısında... Uşaqlar salamatdırmı?
Kitabxana.az · https://kitabxana.az/works/cabbarli-papaq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Eşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
UzaqSahiba, bir nəfərəm dövlətü izzətdən uzaq,Düşmüşəm şəhrdən avarə, vilayətdən uzaq.
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.