Səhifə 4 / 4 · 75%

Şübhəm daha da artdı. Nənəmin kisəsini də bu işin üstə əlavə etdim və yəqin elədim ki, evimizdə fövqəladə bir hadisə üz vermişdir. Tez özümü içəri yetirdim. Gördüm aralıq çox məxşuşdur. Uşaqlar hərəsi bir küncə sıxılıb ağlayırlar. Bibim qızı evin ortasında oturub qışqırır, qayınatam Quranın ağzını açıb bütün imamları və həddən artıq həzrət Abbası çağırır. Bir nəfər də rus arvadı evin o küncündən bu küncünə, bu küncündən o küncünə qaçıb əllərini öpür. Mən duruxdum. Ancaq çox keçməmiş məsələ aydınlaşdı. Bəlli oldu ki, bibim qızı nəhs kimi küçənin yarısında başlayıb ki, doğuram. Əri deyib, arvad, bu gecə vaxtı sənin üçün həkimi hardan tapaq, mama haradan tapaq və tapsaq da bu palçıqda haradan gətirək. Yat, sabah doğarsan. Arvad razı olmuyub. O deyib, bu deyib. Axırda kişi hövsələdən çıxıb, əl atıb lapatkanın sapına... Ancaq yaxşı ki, lapatkası yoxuymuş. Arvada bir... iki... aləm qarışıb bir-birinə. Bizim arvad da vəziyyəti böylə görüncə boğaz arvadı gətirib evimizə. Qonşumuzdakı Sərfinaz xala gəlib başlayıb işə. Ha çalışıb-vuruşub, uşaq olmayıb ki, olmayıb. Axırda görüblər ki, arvad tələf olacaq, istər-istəməz qayınatam dayımın uzunboğaz çəkmələrini geyib enir şəhərə. Bir mama tapıb ötürür faytona. Şura küçəsində faytonçu bunları düşürür. Çünki ondan yuxarı on minlərcə işçi yaşasa da, küçə yolu yoxdur... Şura küçəsilə yeni çəkilmiş tramvayla fırtınadan salamat gəlirlər. Oradan yuxarı düşürlər dərə-təpəyə, hopbana- hopbana gəlirlər. Axırda Səlyan küçəsinin tinində mama keçə bilmir. Qayınatam mamanın çamadanını alıb dalına, özünü də çəkməcorabı batmasın deyə alır qoltuğuna. Ancaq küçənin ortasında palçığa ilişir qalır ki, bu yerdə də mən onlara rast gəlmişəmmiş. Nə isə, qayınatam yıxılır. Mama da özü aşır. Mamanın çəkməsi, corabı palçıqda qalır. Qayınatamın da ombası burxulur. Çamadan da düşür. Evə gələndə məlum olur ki, lantset, pinset və bütün karəsti hamısı dağılıb, çamadan da palçıq ilə dolmuşdur. Indi də uşaq çəp gəlib. Həkim lazımdır. Mama döyür başına. Heç kəs də qorxudan gedə bilmir. Odur ki, qayınatam həkim dalınca getməkdənsə, Quran dalınca getməyi daha münasib görmüşdür. Içəri girən kimi qulbeçəniz ağlaya-ağlaya yanıma qaçdı. Ev yiyəsi də axsaya-axsaya yanıma gəlib iki kağız verdi ki, ay başına dönüm bu kağızlar çastdan gəlib. Bir gör nə istəyir. Bu qoca dul arvad öz əlləri ilə palçıqdan kərpic basıb üç dənə otaq kimi tikə bilmişdir ki, onun da ikisini bizə verib, birinə də özü sığınmışdır. Ev ortağa belə 250 manata başa gəlmişdir.

Kağızlara baxdım, gördüm arvadı qarovul pulu vermədiyi üçün 28 manat, zibilpulu da vermədiyi üçün 5 manat cərimə etmişdir. Arvad eşidəndə yazığın rəngi qaçdı. Mən arvada nə isə demək istəyirdim ki, nənəm əlində iki boş kisə içəri girdi. Kisələr yenə yadıma düşdü. Lap daha özümdən çıxmışdım ki, arvad sözə qatışıb bu sirri açdı. Bilirsinizmi kisədəki nə imiş? Kisədəki zibil imiş. Zibil arabası zibil aparmadığından gecələr kişilər, arvadlar zibili kisəyə doldurub, bu onun qapısına tökür, o bunun qapısına. Nənəm də zibili dul arvad üçün “pay” daşıyırmış. Doğrusu, bu işlərin hamısı mənə bir növ təsir etdi. Ciddi düşünmək lazım idi. Əlimi atdım pencəyimin cibinə ki, papağımı yenidən çıxarıb qoyum qabağıma və əməlli-başlı bir düşünüm. Birdən əlim süstlədi və gücsüz yanıma düşdü. Baxdım... Papaq düşmüşdü.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri