Altmış illiyimə
I
Kaş bu yaşa girməyəydim,
Öz xalqımı belə naçar,
Belə miskin
Görməyəydim…
Çəkməyəydim bu çəkilməz
Əzabları,
Ağrıları…
Görməyəydim yüzlər ilə
Həlak olan
Oğulları…
Belə müdhiş aylar, illər
Görməyəydim,
Öz yurdunda didərginlər
Görməyəydim…
Yerim, yurdum gor olaydı,
Görməyəydim, kaş gözlərim
Kor olaydı…
Kaş bu yaşa girməyəydim,
Qanlı yanvar dəhşətini
Görməyəydim…
Bu nə qada, bu nə qandı
Görməyəydim.
Şuşam necə yağılara bağışlandı
Görməyəydim.
O qalasız yaşamağa
Haqqım yoxdur…
O qalasız özüm heçəm,
Xalqım yoxdur…
O qalasız haqqım yoxdur
Nə ölməyə, nə qalmağa…
Görməyəydim Laçın necə
Süqut etdi
Gözlərimiz
Baxa-baxa…
Bakı, Təbriz baxa-baxa
Göylər, yerlər baxa-baxa…
Allah aman,
Həm bu taydan, həm o taydan
Koroğlular, Cavanşirlər baxa-baxa…
II
Kaş bu yaşa girməyəydim,
Xocalının ölümünü
Görməyəydim…
Kəlbəcərin bu gününü
Görməyəydim.
Allah aman, Allah aman,
Görməyəydim heç bir zaman,
Ağdam kimi məmləkətim
Necə çıxdı
Əlimizdən,
Ağdam getdi, millət olmaz
Daha bizdən.
Ağdam getdi, qeyrət umma
Daha bizdən,
Ağdam getdi sinəmizdən
Bir saplanmış
Xəncər qaldı,
Ağdam getdi ta nə qaldı,
Bakı qaldı,
Gəncə qaldı…
Ağdam getdi, ta nə qaldı,
Təbriz qaldı,
Zəncan qaldı…
Allah aman, Allah aman,
Əsr-əsr, zaman-zaman
Neçə yerə parçalanmış
Vətən qaldı…
Ağdam getdi, ta nə qaldı
Bir mən qaldım,
Bir sən qaldın…
III
Kaş bu yaşa girməyəydim,
Gəncədəki soyqırımı
Görməyəydim.
Özüm əsir olmayaydım
Öz əlimdə…
Allah aman, Allah aman,
Bilməyəydim heç bir zaman,
Qardaş tankla necə keçir
Qardaşının cəsədinin
Üzərindən…
O cür azğın rəqibimiz
Ola-ola,
Yerevan tək qan çanağı
Dura-dura,
bizim soydan olan kəsin,
Birdən-birə səsi gəlsin,
ƏMR versin,
-Bomba tökün Gəncəbasar
torpağına,
Böyük, ulu Nizaminin
Ocağına…
Nə deyəsən beləsinə,
Tutub gərək diri-diri
Boğazından çıxarasan
Dərisini…
Dilini də dağlayasan,
Dondurasan,
Ətini də tonqallarda
Yandırasan…
Qoymasan nə külündən
Əsər qala,
Nə cismindən məzar qala…
IV
Kaş bu yaşa girməyəydim,
İçimizdə necə qorxunc
Satqınlar var
Görməyəydim…
Ulu xalqım qala idi xəyalımda
Qəhrəmanlıq
Rəmzi kimi…
Ərənlərin ərəni kimi,
Əzizlərin
Əzizi kimi…
Həyata da göz yumaydım
Bu inamla,
Bir əbədi ehtiramla…
Görməyəydim
Vətən satan,
Torpaq satan,
Millət satan,
Bayraq
Satan,
Cəsəd satan,
Meyid satan,
Tabut satan,
Şəhid satan,
Silah satan,
Ordu satan,
Vəzifəyə
Məmləkəti
Yurdu satan,
Ana torpaq
Od tutanda,
Alışanda,
Bu sathasat yarışında,
Belimizi sındırmaqçın,
Bu torpağı yandırmaqçın
Cəlladlara benzin satan,
Mərmi satan,
Neçə-neçə qəhrəmanı,
Mərdi satan,
Ana torpaq od tutanda,
Alışanda,
Bu sathasat yarışında,
Şəhidlərin məzarına
Qoyulan gülləri
Satan…
Mebel satan, ev satan,
Zirzəmi satan,
Balkon satan, qaraj satan,
Kitab satan, tiraj satan,
Cirə satan, şirə satan,
Şəkər satan,
Kəmər satan,
Duxu satan,
güzgü satan,
daraq satan,
Dükan edib mənzilinin
Yarısını,
Satıcı qoyub arvadını,
Baldızını,
Tursik satan, lifçik satan,
Ya nimdaş
Darbalaq
Satan…
Bu qeyrətsiz murdarları
Görməyəydim,
Kaş bu yaşa girməyəydim…
Qəlbimdəki ən müqəddəs
İnamlarım ölməyəydi…
Kitabxana.az · https://kitabxana.az/works/cabir-novruz-altmis-illiyime
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Məktəb nə demək? Şəmsi-şəbistani-cəhalət.Məktəb nə demək? Gülşəni-ürfan, kəmalət,
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,
Ey vay ki, heysiyyəti-millət götürüldü!Ey vay ki, heysiyyəti-millət götürüldü!Millətdə olan büsbütün adət götürüldü!
Xoş ol zaman ki, xalq yatıb bizəban idiXoş ol zaman ki, xalq yatıb bizəban idi,Bəzmim pilov, çay ilə rəşki-cinan idi,