Bu dərdi dağlar götürər, gedək dağlara,Bu ahı dağlar itirər, gedək dağlara…

Mən özümə dərd etmədim hər yetən dərdiBu nə canın ağrısıdır, nə bədən dərdi,Mənim dərdim el dərdidir, yurd, Vətən dərdi.Varlığımda bir yanıqlı həsrət ağlayır,Bu dərdi dağlar götürər, gedək dağlara…

Ta binayi qədim gündən işim zülümdür,Bir zamanlar Dərbənd getdi, Təbriz bölündü,Qarabağım qoyulubdur hərraca indi,Yad tapdayır o yurdları, o ocaqları,Bu dərdi dağlar götürər, gedək dağlara…

Mən o İsa bulağının qədim səsiyəm,O yerlərdən əl götürsəm, əlim kəsilər,Mənə bütün əcdadlarım qənim kəsilər,Bu dərddən hər gün sinəmdə dərd pardaqlayır,Bu dərdi dağlar götürər, gedək dağlara…

Şuşa qeyrət papağıdır bizim millətin,Şuşasızlıq düz üç ildir üzür milləti,Bu üç ildə qocalıbdır yüz il millətim,Şuşa adı dilimizdən qaysaq bağlayır,Bu dərdi dağlar götürər, gedək dağlara…

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən