Səhifə 2 / 2 · 50%

İxtiyar (onun qolundan tutaraq)

Arif, oğlum, bıraq münaqişəyi
Gəl, işim var səninlə...

-Sağ tərəfdən çıqarlar.*

İbn Yəmin (ətrafa)

Ah, nə eyi...

(Rənayə)

Şu hərif feyləsofmu, ya dəlimi?
Sanki həp cəhldir bunun elmi.

Rəna

Bəslənir hər könüldə bir duyğu,
Nə yaparsın, onun da məsləki bu...

İbn Yəmin

Bu da məsləkmidir, nədir bilməm!
İştə bir kəcnəzər, zəki sərsəm!

-Xavərin yüzündə naməmnun hallar.*

Rəna

Bəncə sərsəm deyil, o pək huşyar,
Neyləsin, hərbə qarşı nifrəti var.

İbn Yəmin

Onu nerdən tanırsınız, əcaba?

Rəna

Pək yaqın qomşumuzdu...

İbn Yəmin (ətrafa)
İştə bəla!

Rəna

Əsli İstanbul əhlidir, lakin
Pək küçükkən zavallı dərbədərin
Evi yanmış da, nəsli məhv olmuş,
Bir küçük qardaşilə qurtulmuş.
Onu da ən sonunda biçarə
Qeyb edib, böylə qalmış avarə.

İbn Yəmin (saatına baqar, Rənayə)

Siz məhəbbət edin də biz çıqalım,
Əcaba, bir nə var,nə yoq baqalım.

(çavuşla bərabər bir tərəfə çəkilir)

Rəna (karyola üzərində gözünə ilişən iki kitabı göstərir)

Bu kitablar səninmidir, əcaba?

Xavər

Əvət, Arif keçən yıl aldı bana.

(kitabların alt tərəfdə bulunan rəsmli yüzünü birər-birər çevirib göstərir)

Hoca Nəsrəddinin lətifələri.
Bu da “Bin bir gecə” hekayələri!..

Rəna (açıb yapraqlarını çevirərək)

Bana lütfən bir az sərin su...

Xavər

Pəki.

(dəstiyi alıb, sol qapıdan çıqar)

İbn Yəmin (dışarıda pəncərə önündə, çavuşa)

Pək düşündün, nə var?

Çavuş

Bəyim, hər şey,
Bir bəla iştə gördüyün Arif,
Çünki Rənayə pək yaqın şu hərif.
Daha müdhiş bəla bizim əskər,
Qorqarım, cümlə sirri faş eylər.
Bizi görmüş də çünki Rənanın
Babasın qətl edən zaman, xain!

-Arif sağ tərəfdən daxil olur, onları dinlər.*

İbn Yəmin (qafasını oynataraq istehzalı təbəssümlə)
Bir böyük ordu, bir yığın insan,
Bənim uğrumda oldu həp qurban.
Keyfə sərf eylədim də milyonlar,
Yenə devlətcə etibarım var.
Bən kimim, bir ərəb... nə zənn etdin?
Bir çocuqdanmı qorqar İbn Yəmin?

-Gedərlər.*

Arif (Rənaya yaqlaşır, vurğunca bir tevrlə)

Nə səadət, nə xoş təsadüf, inan,
Səni gördükdə bitdi tabü təvan.
Gecə röyalərimdə özlərkən
Bu gəliş böylə ansızın, bilsən,
Nə qədər zevqü nəşə verdi bana,
Haqlıdır hər könül tapınsa sana,
Burda qalsan, səninlə birləşsək,
Şubhə yoq, sisli taleyim güləcək.

Rəna (mütərəddid)

Bir xəyal iştə, kim bilir, qismət!

Arif

Bir sözüm var, qüsura baqma fəqət,
Söylə, Rəna! Şu qanlı zabitlə
Nerəyə, hanki səmtə, bir söylə?

Rəna

Şu yaqınlarda xəstələr varmış.

Arif

Saqın aldanma, pək böyük yanlış;
İnanıb getmə, ah, o pək xain,
Burda qal, getmə, həm də sorma niçin!

Rəna

Bəlkə həp söylədiklərin gerçək,
Pək güc ama vəzifədən dönmək.

-İşıq azalır, ağ saqallı, möhtəşəm simalı bir miralay xəyalı görünür. Rəna şaşqın və həyəcanlı.*

Ah, babam, bir də anlı-şanlı babam!
İntiqam almadan, inan yaşamam.

Babasının xəyalı (mühib və ağır bir ahənglə)

İntiqam! İntiqam!..

-çəkilir*

Rəna (əllərini xəyala doğru açaraq müztərib)

Aman, bu sual!

İblis (xaricdən məmnun qəhqəhələrlə)

İntiqam! İntiqam!..

Arif

Aman, bu nə hal?

Rəna

Babamın kim bulursa qatilini,
Ona bən səcdə eylərim ələni.
Bəni çöllərdə gəzdirən duyğu,
İntiqam eşqi... həp bu, yalnız bu.

Arif

Görünür, sizcə bəllidir qatil?

Rəna

Xayır, əsla bilinmiyor o səfil,
Diyor İbn Yəmin: “İnan bana sən,
Bulurum nerdə olsa qatili bən.”

Arif

Bəncə, bir hiylədir bu,dinləmiyin.

Xavər (dəstiyi gətirir, töküb Rənayə verir)

Buyurun, pək gözəl su, həm də sərin...

İbn Yəmin (İxtiyar və çavuşla bərabər dönər, su içməkdə olan Rənayə)

Gedəlim!

Rəna (qalqar, qülbədəkilərə)

Xeyli razıyım sizdən.

-Çavuş çantayı alır.*

İbn Yəmin

Gər nəsib olsa, evdət eylərkən
Qalırız burda bəlkə üç-beş gün.

İxtiyar

Ah, o günlər bizimçin ən xoş gün...

-Hər üçü çıqar, İxtiyar ilə Xavər də onları izlər.*

Xavər (Rənayə)

Gəlişin pək gözəl, fəqət gedişin
Umulur şey deyildi...

Rəna

Allah için,
Yetişir, fəzlə zəhmət etməyiniz.

Xavər

Nə olur, mümkün olsa, getməyiniz!

Arif

Getmə, pək doğru, getmə sən, Rəna!

(məhzun və sarsılmış bir halda iskəmləyə oturur)

Xavər (geri dönər)

Söylə, Arif, nə var, nə oldu sana?

Arif

Ah, o, Rəna, o nazlı heykəli-nur
Sanki qarşımda çırpınıb duruyor.
Ona bən yardım etməsəm, gerçək
Bəni vicdan əzabı məhv edəcək.

Xavər

İki söz sormaq istərim sana bən,
Əcaba, hiç sevərmisin onu sən?

Arif

Sevərim başqa bir məhəbbətlə,
Əski, pək əski hissi-hörmətlə...

Xavər

Yoq, inanmam, xayır, bu pək yanlış...
O nə halət, nədir o səs, o baqış?
Sanki bir inqilab içində sənin
Çırpınıb durmaq üzrə həp bədənin.

Arif

Sən də Arif qədər düşünsəydin
Ki, nələr yapmaq istər İbn Yəmin,
Büsbütün sarsılırdı vicdanın,
Heyrətindən həmən donardı qanın.

-Bu sırada Vasiflə arqadaşı küçük zabit, silahsız olaraq, yaralı bir rus zabiti gətirirlər.*

Vasif (küçük zabitə)

Daha dur, tabı qalmamış artıq.

İxtiyar (onların arqasından yetişib, yardım edər)

Yaralanmışmı? Ah, zavallı, yazıq...
Gətirin, bir qədər rahatlansın.

Arif

Ya əsir olmalı o, ya qaçqın.

Vasif

Xəstə bir rus əsiri, həm yaralı.

İxtiyar

Gəl qızım, tez sarıb da bağlamalı.

-İxtiyarla Xavər yaralının alnını və qolunu sarıb içəri odaya götürürlər.*

Arif (Vasiflə küçük zabitə)

Ah, nə munis, nə mərhəmətlisiniz;
Nerdə rast gəldiniz şu zabitə siz?

Vasif

Pək yaqınlarda, yol kənarində,
Baqdıq, əhvalı xeyli pəjmürdə.

Küçük zabit

Bir əsir iştə, düşman olsa belə,
Yenə lazım müavinət edilə.

Arif

Həp şu xislətdə olsa cinsi-bəşər
Hiç görülməzdi bunca vəhşətlər.

(sol qapıdan içəri keçər)

Küçük zabit

Vasif! Düşünür, həp düşünürsün, bu nə halət?
Məcnun olacaqsın bu təbiətlə nihayət.

Vasif

Bulmazsam əgər İbn Yəmin xaini, əlbət -
Əlbət, qalır üstümdə şu çılğınca təbiət!
Rəna, hələ Rəna!.. Onu iğva nə deməkdir?
Bir alçağa layiqmi o gülqönçeyi-bakir?

Küçük zabit

Türk ordusu ətrafə bu gün həmlə edərkən,
İranə və ya Qafqaza imdadə gedərkən,
Rus ordusu durmaz, çəkilirkən önümüzdən,
Vasif! Nə rəvadır ki, şu parlaq günümüzdən
Feyz almayaraq, biz olalım qəflətə mail,
Satmaz, satamaz milləti şəxsiyyətə aqil.

Vasif

Əfsus ki, hiçdir sonu, türk ordusu varsın,
İstərsə bütün Hindi də, Əfğanı da sarsın,
İstərsə bütün qarşı çıqan manei yıqsın,
Turanı basıb bağrına Altaylara çıqsın,
Mümkün deyil,əsla olamaz naili-amal,
Etdikcə xəyanət əli bu milləti pamal.

Küçük zabit

Lakin saparaq başqası eylərsə xəyanət,
Seyr eyləyərək, həp baqa dursunmu şu millət?

Vasif

Türk ordusu daim basaraq ölkələr almış,
Ən sonra siyasətdə basılmış da bunalmış.
İdrakı sönük başçıların qəfləti ancaq
Etmiş, edəcək milləti həp əldə oyuncaq.
(ani bir düşüncədən sonra kəskin və şiddətli)

Turana qılıcdan daha kəskin ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət.
(geri dönməkdə olan Arifə)

Yahu, buradan kimdi bir az öncə keçənlər?

Arif

Bir atlı ərəb zabiti, bir qızla bərabər...

Vasif

Gördünmü? Gecikdik də qaçırdıq avı əldən.

Küçük zabit

İnsan nə qədər qaçsa da, qurtulmaz əcəldən.

Vasif

Gəl, durma, hənuz əldə bir az fursətimiz var.

Küçük zabit (yarımqəhqəhə ilə)

Artıq sən əmin ol, bu gün avcundadır onlar.

-Hər ikisi yüngül təmənnalarla qülbədən çıqar və sürətli adımlarla İbn Yəmin hərəkət etdiyi tərəfə doğru yürürlər. Arif durduğu yerdə baqa qalır. Şaşqınlıqla qarışıq böyük bir hüzn və kədər ruhunu sarmağa başlar. Bu sırada səhnənin işığı azalır. İblis stehzalı və şiddətli qəhqəhələrlə qarşısına çıqar.*

Arif

Dəf ol, yenə gəldinmi?

İblis

...Əzizim, çocuq olma!
Arif! Bana baq, əczi bıraq, hissə qapılma.
Çarpışmaq için lazım ikən mərdə cəsarət,
Bilməm, niçin olmuş sana qalib əsəbiyyət?
Bən həpsini duymaqdayım, inkar nə lazim;
Rəna, o sənin şimdi bütün ruhuna hakim,
Hakim o sənin hissinə, idrakinə... əfsus
Ayrılsan izindən olur əğyar ilə mənus...

Arif

Qandırmaq için Arifi həp nafilə israr,
Hər halda xainsin, inanmam sana, zinhar...

İblis

Lakin şu inadınla pərişan olacaqsın,
Bir gün gələcəkdir ki, peşiman olacaqsın,
Əfsus, nədamət sana verməz səmər əsla.

(əlində bir tapança ilə bir kisə altın tutaraq)

Al bunları... bas bağrına, Arif, eyi saxla!
Bunlar edəcək etsə, nihayət, səni məsud,
Al! İştə bu atəş, bu da ən sevgili məbud!

(tapançayı bir kərə havaya boşaltaraq)

Al! İştə bu atəşlə gəlir qəlbinə qüvvət,
Yalnız bu verir qarşı duran xəsminə dəhşət.

(kisədəki altınları səsləndirib oynadaraq, Arifə verir)

Baq, səsləniyor, iştə sədayi-pəri-Cəbril!
Bunsuz olamaz kimsə, inan, məqsədə nail.

Arif (İblisin vermiş olduğu tapancayı və altınları yerə atar, son dərəcə qızğın və usanmış bir halda)

Dəf ol, yetişir, eyləmə əsla bəni təltif!
Möhtac deyil altına, ya qurşuna Arif.

İblis

Təkrar edərim, zəfi bıraq, aldanıyorsun,
Həp aldanıyorsun, bana baq, aldanıyorsun!

(qəhqəhələrlə çəkilir)

Arif (tərəddüd və düşüncədən sonra)

Heyhat, o mələk qəhr edilirkən,
Layiqmi durub seyr edəyim bən?

(kəskin bir əzmlə)

Yoq, getməliyim, həm də bu saət,
Bəndən ona hörmət və məhəbbət...

(ridasını, “pelerin” və fəsini alıb həmən dışarı fırlar)

İblis (gəlir, istehzalı qəhqəhələrlə)

Get, lakin o hörmət və məhəbbət
Bir gün doğurur qanlı ədavət.
Get, bəllidir insandakı xislət;
Sizlərdəki ülfət — sonu vəhşət,
Sizlərdəki şəfqət — sonu nifrət,
Sizlərdəki rəhmət — sonu lənət!..

(sürəkli qəhqəhələr...)

-P ə r d ə*

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri