Səhifə 3 / 10 · 20%

Məktəb yaşına çatmışdım, məni aparıb kar xəlfənin (Molla Mehdinin) məktəbinə qoydular. Böyük bir otaqda otuz – qırx tələbə oturmuşdu, aralarında bığ yerləri tərləmişləri də vardı. Xəlfə yuxarı başda döşəkçənin üstündə oturub dərs deyirdi. Yanındakı küncə falaqqa və bir dəstə çubuq söykənmişdi. Dərs haqqı ayda iki şahıdan beş şahıya qədər idi: hallı halına görə. Mən beş şahı verdiyim üçün bəzi imtiyazlarım vardı; mollanın yanında oturardım, hərdən məni içməli su dalınca göndərərdi, dərsimi də bizzat özü deyərdi, “ikişahılıqlar” kimi böyük tələbələrə tapşırmazdı. O zaman məktəblərdə dərs fars dilində keçilərdi, türkcə məktəb kitabı yox idi. Yazma çərəkə vasitəsilə əlifba öyrədildikdən sonra Quran, Sədi,

Hafiz, Tarix-Nadir, Cameyi-Abbas oxudardılar, “məşq” yazdırardılar, bu da müəyyən formalı məktub və tüccari övraqlardan ibarət idi. Tələbə Quranı oxuyub bitirdikdə molla ona bərk bir şapalaq çəkər və

Şəxsən
Övraq - “vərəq” sözünün cəmi.

sonra əllərinin baş barmaqlarını iplə bağlayıb Quranı üstünə qoyardı, yanına da bir tələbə qoşub evlərinə xələt dalınca göndərərdi. Hər bir tələbənin dərsi başqa-başqa idi, bir-bir mollanın yanına gəlir, dərsini alıb çəkilirdilər. Molla hərdənbir çubuğu yerə vurub: “Oxuyun” – dedikdə, hər ağızdan bir səs çıxıb, məktəb gurultu ilə dolardı. Günorta azanına qədər bu qayda ilə oxurduq, sonra bizi çaşda buraxardılar, nahar edib, təkrar geri dönərdik. Bu dəfə molla bizi böyük tələbələrə tapşırıb sabah ertə aldığımız dərsi dişətdirərdi. Kimin neçə səhvi olsaydı, yazılıb mollaya təqdim edilərdi. Falaqqa ortaya çəkilər, kiminin ayaqlarına, kiminin əllərinə çubuqdan döşərdi. Növbə gələnə qədər başımıza çarə arardıq: əlimizi sürətlə döşəməyə sürtüb keyidərdik ki, çubuğun ağrısını bilməyək. Ayaqların da çarəsini tapanlar olurdu: bəzi tələbə özü ilə məktəbə dalaq gətirər, ayağının altına yapışdırıb corabı üstündən geyirdi. Molla bir-iki çubuq vuran kimi dalağın qanı corabdan dışarı çıxırdı və molla qorxuya düşüb, falaqqanı endirirdi.

Məktəbin özünəməxsus qaçaqları olardı, qaçmış tələbənin dalınca üç-dörd igid tələbə göndərilərdi, şəhəri gəzib qaçağı tutardılar, məktəbə gətirilən kimi, falaqqa hazır olardı: nə yemisən, turşulu aş.

Qışda məktəb daha da əyləncəli olurdu: hər üç-dörd nəfərin biraxsı manqalı vardı, evdən kömür gətirib onu qalardıq. Beytləşmə başlanardı:

-Bismillahi çəkdim, düşdüm meydana.

Gözüm düşdü sənin kimi ceyrana – a gətir.

-A içində biqərarəm.

Aç başını, gör necə yararəm – m gətir.

– Minmərəm, mindirmərəm, mən aləmi dindirmərəm.

Dü zəbər kaf istərəm, dü zəbər lam – gətir görüm...

Saatlarca davam edən bu yarışda yüzlərcə beytlər söylənərdi.
Axırda bir tələbə o birini bağlardı. Başqa bir müsabiqə başlanardı: iki tələbə bir-birinə sıra ilə yumruq döşərdi, yumruğa tab gətirməyib qaçan basılmış sayılardı. Zarafat yarışına girişilərdi: bir-birinə ən kəskin söyüşlər söylərdilər, sınmayan qalib çıxardı. Tələbələr arasında itbaz, xoruzbaz, bildirçinbaz və başqa bazlar olardı. Şəhərdə bazlıq ətrafında söylənilən bütün yenilikləri sabah ertə bir-birinə xəbər verərdilər, sonra mülahizə və mühakimə yürüdülərdi. Məsələn: “Qəssab Balakişinin qancığı bu axşam küçükləmişdir”, hər kəs qulağını şək tutub, sual verir. Küçüklərin rəngi necədir, xalı varmı, neçəsi dişidir, neçəsi erkək... Küçüklər haqqında təfsilatlı məlumat almaq üçün o saat bir tələbə seçib molladan xəlvət qəssab Balakişinin həyətinə göndərərdilər.

Bunlara baxmayaraq məktəb yenə bir zindan idi və arabir bizi bu zindandan qurtarana minnətdar olurduq. Bir də görürdün içəri bir arvad girdi, məktəb kiriyib susurdu.

– Ay xəlfə, səfərə gedənim var, ona dua oxu, uşaqları da azad elə.

Arvadın mübarək abbasısı mollaya çatan kimi dua başlayırdı, biz də amin çəkirdik. Amma amini elə ürəkdən çəkirdik ki, məktəb titrəyirdi. “Azadsınız” sözü qulağımıza dəyər-dəyməz başmaqları ayağa keçirib, bir-birimizi sıxışdıra-sıxışdıra qapıdan sivişib çıxırdıq. Doğrudan da azadlığın böyük nemət olduğunu dışarıda, təmiz havada duyurduq.

Kar xəlfə böyük bir məfkurə daşıyırdı – Ağa Məhəmməd şahın Şuşada öldürülməsindən sonra Qarabağ hökmdarı Məmmədbəyin basdırdığı qızılları tapacağına inanırdı. O, bu yolda çox pul və əmək sərf edirdi. Kim bilir bəlkə də haqlı idi. Qarabağ xanlarına məxsus sarayın bürcünü təmir edərkən bir bənnanın oradan bir sərnic qızıl tapdığı hamıya bəlli idi. Saray da Bəylik eşiyində, kar xəlfənin evindən bir az o yana idi.

Xülasə kar xəlfə o civardakı xırda evləri bir-bir satın alır, tələbələrinə uçurtdurur, tir-taxtasını və daşını bizə daşıtdırırdı. Çox ev sökdük, çiynimizdə çox daş daşıdıq, lakin Fatmeyi-Zəhranın cehizi bizə nəsib olmayan kimi Məmmədbəyin də qızılları kar xəlfəyə nəsib olmadı.

Böyük qardaşım Əbülhəsən realni məktəbdə oxuyurdu. Çox ciddi və sərtdi, türkcə-farsca və rusca mükəmməl bilir, şeir və pyes yazırdı, eyni zamanda dərslərindən də birincilik qazanır və hər il tərifnamə ilə təltif olunurdu. Əbülhəsən evin böyük kişisi idi, atamın əvəzinə xeyrə- şərə o gedər, evdə də ona tabe idik. Qayda belə idi. Ən böyük qüsuru bizi çocuq əyləncəsindən məhrum etməsi idi. Bir dəfə qarın üstündə araba sürməyimi duymuş, arabamı sındırıb, məni də döymüşdü.

Buna baxmayaraq çocuqluq öz haqqını tələb etməkdən çəkinmirdi – qardaşım məktəbdə ikən, biz oynayıb əylənirdik. O zaman Təbrizlə Şuşa arasında alver olurdu – Irandan yüzlərcə xurma yüklü eşşək gələrdi. Qapandibi adlanan böyük meydançada yüklər açılar, qapanda çəkilərdi. Daşaltı adlı erməni kəndinin dəyirmançıları da hər səhər buraya qatırlarda un gətirərdilər; ətraf hamısı əllaf dükanı idi. Qapandibi çox qələbəlik olardı, bizim üçün də orada əyləncə çox idi – eşşəklərə minib çapışardıq. Lakin oradakı karvansaraya girməyə cəsarət etməzdik. Karvansaranın dəyirmi meydançasından yuxarı meydana qədər dar bir küçə gedirdi, o tay bu tayı da başmaqçılardı. Dünyanın dələduzu buraya toplanmışdı. Ötüb-keçənə söz atar, çərməki çalardılar, qışda yerə çiriş səpərdilər, xalq sürüşüb yıxılardı. Pişiklərin quyruğuna dəmir qutu bağlayıb buraxdıqları da olardı, qutu yerə dəyib cingkildədikcə, pişik ürküb qaçır, bazar xalqı əylənirdi.

Cövləngahlarımızın biri də Aşağı meydan idi. Burada bir hamam, yanında dəllək dükanı, iki baqqal, iki də əttar dükanı vardı. Qışda bura maraqlı olmazdı – palçıq dizə çıxardı; xoş havalar başlananda bura bir aləm idi. Xoruzbazlar xoruzunu, qoçbazlar qoçunu gətirir, döyüşmə başlayır. Döyüşə girmədən əvvəl xoruzlara istiotlu kişmiş yedirib qızışdırardılar. Qoçlar da ki, il uzunu xüsusi olaraq bəslənər, süsünə də ayrıca diqqət verilərdi: başına həna yaxardılar, buynuzları yağlanardı, boynundan gözmuncuğu asardılar.

Hər baqqalın dükanının qabağında bir dəstə gənc oturub yemək mərcinə girişərdi. Kim daha çox yeyər məsələsi günün mühüm hadisələrindən sayılardı. Mərci həmişə Tamas qazanardı, birincilik onda idi. Tamas gödəkqılça, geniş kürəkli, qıvrım saçlı, zənci sifətli bir türk idi. Tamas bir oturuma beş girvənkə turş alça, üstündən də üç girvənkə qıcqırmış qatıq içərdi. Kimin hünəri var Tamasa çatsın – çata bilməz ki, Tamas şəhadət barmağını havada tərpədə-tərpədə bir tabaq tut yeyir... Tamas bir qəlib sabun yeyir... Bu müsabiqələrə alışmış baqqal ayaqlarını bir çanaq sərin suya qoyub, başına da islaq kətan salıb mürgü döyürdü – Tamas qaçmayacaqdı ki...

Bu muxtar meydanın asayişini yalnız aksiz məmuru pozardı.

Irandan qaçaq keçirilmiş çayın satılması yasaq idi. Buna baxmayaraq şəhərdə satılan çayın çoxu Təbriz çayı idi. Çayı aksiz məmurunun əlinə keçirməmək üçün var qüvvə sərf olunurdu: məmur türk hissəsinə ayaq basar-basmaz, uşaq qaçırılıb bütün əttarlara xəbər verilərdi. Bunu məmur duymuşdu, odur ki, bəzən dolanbac küçələrlə gəlib birdən basqın yapardı. Bir gün məmur ansızın meydanın girəcəyində

Seçilmiş, müstəqil, azad
Vergi

göründü. Əttar onu görüb özünü itirmədi: cəld dükandan sıçrayıb, ağaca bağlanmış qoçun yanındakı saman torbasını dalına atdı və məmurun üzünə baxaraq nəzərini cəlb etdikdən sonra küçəaşağı qaçmağa başladı. Məmur torbadakının çay olduğunu zənn edərək əttarın dalınca qoşdu. Camaat da yerindən qopdu – əttar qaçır, məmur qovur. Cəfərqulu xanın sarayına çatanda əttar torbanı yerə qoyub durdu və ağzına gələni məmura deməyə başladı: “Sən nə haqla mənim dalıma düşmüsən? Mən qaçaqçı deyiləm ki. Evə saman aparıram...” Bu dəfə iş dəyişilmişdi, əttar məmurun yaxasından əl götürmürdü, onu qanunla qorxudurdu. Zavallı məmur bu oyunun dükandakı çayı gizlətmək üçün bir vasitə olduğunu anlaya bilmirdi.

Kar xəlfənin məktəbindən, görünür, əməli bir nəticə çıxmırdı. Bir dəfə atam şəhərdə olanda dərsimi dişəmək istədi. Axşam idi, ayağımı yumaq bəhanəsilə həyətə çıxıb orada ləngidim və atam yatdıqdan sonra otağa dönüb, yavaşca yerimə uzandım. Dişənməkdən yaxamı qurtardımsa da, atam məsələni anladı və həftənin sonunda məni özü ilə Ağdama apardı. Karvansaranın küncündə yarıişıq bir nüsxəbənd dükanımız vardı. Bir tərəfinə buxarı və qəfəslərin arxasına da geniş bir çarpayı yerləşmişdi, orada atamla bərabər yatardıq. Çarpayının üzərindəki şəlitlərdən atam üzüm asardı və kənardakı rəflərə də qarpız düzüb çilləyə saxlardı. Yerə ilk qar düşəndə buxarını qalar, qarpızı yeyib, buxarının yanındakı yatağa girərdi. Titrədikcə:

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Aprelin birində

Bunlara hər gün səhər saat on birdə bulvarda rast gələ bilərsiniz: qışda yel tutmayan, yayda günəş görməyən bir skamyaları var. Əsəd bəy ortada, Mirzə Zülqədər sağ tərəfdə, Ocaq Naşid də sol tərəfdə oturar. Bu adət pozulmaz. Yalnız bu deyil: bunların bir çox sabit adət və qaydaları da var. Məsələn, kimsə kimsənin keçmişi ilə maraqlanmaz, gündəlik məişət məsələləri mövzusundan bəhs olmaz, siyasətdən uzaq qaçılar. Bu olduqca yaxın və səmimi dostlar bir-birinin evinə getməz və biri digərinin ailə vəziyyətindən xəbərsizdir. Halbuki dostların özlərinə məxsus tarixçələri var. Əsəd bəy vaxtilə vilayət dəftərxanası tərcümanı olmuş; biriki məqalə ilə “Şərqi-Rus” qəzetində iştirak etmiş və bir zaman pyes yazmaq moda təşkil edəndə Əsəd bəy “Cəhalət qucağında” adlı bir dram belə yazmışdı. Lisaniyyat marağı dövrü Əsəd bəy islahatçı olaraq meydana atılmış və fars-ərəb kəlmələri yerinə türk sözlərinin işlənməsini təklif etmişdi; məsələn: “xoruz” əvəzinə “qızıl pipik quş”; “musiqi” əvəzinə “zırzır”; “münəccim” əvəzinə “ulduza baxan” və qeyriləri.Mirzə Zülqədər gimnaziyada elmi-ilahi müəllimi olmuş bir adamdır. Ərəb və farscaya vaqifdir. Dindardır və bütün dünya fənlərinin qurandan iqtibas olunmasına qanedir. Elmin hansı bir sahəsindən bəhs açılsa, “onu bizdən götürüblər, bax, ayeyi-şərifə nə buyurur” – deyə bir ayə və ya hədis söylər. Mirzə Zülqədərin təsəvvürüncə quran xarüqədir: darvinizm, dəmiryol, dizel maşını, hətta qramofondan da orada məlumat verilmişdir. İntəhası, biz cəhalətdə qalmışıq da, istifadə etməmişik.

7 dəq
Xasiyyətləri tutmamış

“Əli, Vəli, Pirvəli,Üçü ondan irəli,

4 dəq
İki çocuq

Kəndin kənarındakı böyük qoz ağacının altında qurulmuş mağarı çoluq-çocuq bürümüşdü. İçəridə toy idi: zurnaların səsi ahılı-cahılı nəşələndirərək süzdürürdü, hər kəs bu xeyir işə bacardıqca bəzəklidüzəkli gəlmişdi, iri heybətli papaqlar, təpmə qəhvəyi çuxalar, qıvraq patava və çarıqlar mağarı doldurmuşdu. Mağarın qapısına toplanan oğlan və qız çocuqları da rəngarəng idi: sarı, qırmızı, yaşıl... göz qamaşdırırdı. Şal gödəkçəli, qıllı papaq bir uşaq qığılcım kimi sıçrayaraq oradaburada səkir, “sümüyünə düşən” havalara bir az süzür, sonra birdən sanki utanaraq, qaçıb çocuqların arasında gizlənirdi. – Qasım, ay Qasım! – deyə adı dillərdə idi.Çocuqlar onu çağırmaqdan, onunla danışmaqdan, əylənməkdən elə bil ayrıca bir zövq alırdılar. O da kimsədən “kərəmini” əsirgəmirdi: birisi ilə süzür, o birisi ilə güləşir, zarafatlaşırdı. O, toyun bütün mənasını daşıyan bir rümuz idi: musiqi qədər şən, nəşə kimi cazibəli və fərəh qədər qanadlı idi. Onun bir dəqiqə bir yerdə durmağa qərarı gəlmirdi: mağarın ətrafını dolaşır, kecələrin arasına soxulub, içəridə oynayanlara tamaşa edir, bir də əlini yuxarı qaldıraraq – Ay şabaş!.. – deyə kənardakı uşaqlara doğru coşurdu...

3 dəq
Lüzumsuz arzu üçün

İki il idi onu görməmişdim. Bir gün təsadüfən rast gəldim. Hələ mənə yaxınlaşmadan adəti üzrə qaşlarını yuxarı qaldırıb gülümsədi və qızıl dişlərini göstərərək:– Ya Allah, ya Allah, – deyib əlimi sıxdı. – Balam, haradasan? Sanki başqa-başqa şəhərlərdə yaşayırıq.

5 dəq

Başqa şairlərin şeirləri