Səhifə 4 / 10 · 30%

– Bala, üstümü basdır, – deyər, mən də ələ gələn şeyləri onun üstünə tökərdim. Qızışdıqdan sonra qəlyan istərdi. Şiraz tənbəkisi ilə dolmuş qəlyan hazır olardı. Dükanda hər cür qab-qacaq vardı, buxarıda bişmiş bişirərdik. “Günün bir hissəsi bişmişə, müştərilərə və dükanın ehtiyacına sərf edilərdi, qurtarmaqda olan davaların siyahısı tutulub, şəhərdə tədarük edilmək üçün qardaşıma göndərilərdi. Nüsxəbəndlik yavaş-yavaş aptek şəklinə düşürdü, nəbati davalarla bərabər, fabrik əczaları da satırdıq. Lakin əsas davalar yenə nəbati idi, bunların bir qismi (xiyar çənbər səna, tərəncəbir, qara həllə kimi) Irandan gəlir, o biri qismi (ayıdöşəyi, gülxətmi, babına çiçəyi, göyzəban, kasni kimi) Qarabağ dağlarından yığdırılırdı, cürbəcür həbləri, civə yağını və müshil kimi şeyləri özümüz hazırlayırdıq. Atamın tətbiq

Əttar - ətriyyat, davacat (ədviyyat) satan
Yoxlamaq

etdiyi tibbin əsası istiliklə soyuqluq üzərində qurulmuşdu. Guya xəstəlik bədəndə bu xassənin birinin digərinə üstün gəlməsindən əmələ gəlirmiş. Bütün yeməli və içməli şeylər də istilik və soyuqluq artıran deyə, ikiyə bölünmüşdü. Məsələn: düyü, kartof, kələm, qarpız, turşu, yumurtanın ağı soyuqluq artırandır, bal, ədviyyə, yumurtanın sarısı istilik artırandır. Xəstəlik istilikdən irəli gəlmişsə qan aldırmalı, soyuqluq artıran şeylər yedirməli və əksinə. Babasil xəstəliyi guya iki xassəyə də istinad edə bilərmiş. Bunun üçün xəstəni yoxlayırlar. Isti kərpicin üstünə bir parça keçə qoyub, üzərinə bir çiy yumurta çırpırlar və xəstəni onun üstünə oturdurlar. Bədən ehtiyacına görə ya yumurtanın aqını içəri çəkir, ya sarısını. Bu şərq təbabətinin musiqi ilə tədavi etməsi daha maraqlı idi... Sill, diqq və kif xəstəliklərinə çubi çini verərdilər. Çubi çini xırda köklərdən ibarətdir ki, xarab olmamaq üçün onu həmişə şəkərdə saxlarlar. Müalicə qırx gün davam edər və xəstənin ruhunu yüksəltmək üçün hər gün yanında oxuyub, çalarlar. O zaman Ağdam geniş dördbucaq şəklində tikilmiş bir karvansaradan ibarət idi. Içi başdan-başa arxası mənzilli dükanlar idi. Karvansaranın dörd darvazası vardı ki, axşamlar qapanardı. Karvansaranın dışarısında bir hamam, məscid, mehmanxana, məhkəmə, poçt, aptek və bir neçə xüsusi bina vardı. Şose yolla karvansara arxasındakı meydanda həftəbazarı olardı. Deməli hər bazar günü ətraf kəndlilər, arvadlı-kişili, məhsullarını bu bazarda satıb əvəzinə başqa mallar alardılar. Buğda, un, düyü, meyvə... dağlar qədər təpələnərdi, qoyun, mal-qara sürüsürü gələrdi, yumurtanın səkkizi-doqquzu bir şahıya satılardı...

Karvansaranın içində də adam əlindən tərpənmək olmazdı: hacılar, kərbəlayılar, məşədilər min andla kəndliyə mal sırıyardılar...

Axşamçağı bazar bitər və hər kəs şəhərə, ailəsinə pul göndərərdi.
Anamın “həftə xərcliyi” iki manat yarım, qardaşımınkı bir manat idi, evin illik məkulatı ayrıca göndərilirdi...

Adi günlərdə günortadan sonra işimiz az olduğundan, dərs oxuyurduq. Atamın özünə məxsus bir dərs üsulu vardı – Quran oxutmaz, döyməz və həvəsim olmayan zaman məni dərs oxumağa məcbur etməzdi. “Oxuyaqmı?” – deyə sual verərdi, dinməsəydim, “get oyna, sonra gələrsən, oxuruq”, – deyərdi. Karvansaranın ortasına çıxıb çocuqlarla doyunca oynardım.

Atam bizə bir çərəkə, bir də bir fars-türk lüğəti yazmışdı. Ilk dərsimiz bu idi. Sonra savadım artdıqca Füzuliyə, Sədiyə və Hafizə keçdik. Atam avam, savadsız, riyakar, acgöz dükan qonşularımıza nisbətən çox yüksək bir sima idi. Iranı, Turanı və Türkiyə torpağının bir qismini gəzmiş, fars ədəbiyyatını mükəmməl bilir, beynəlmiləl siyasətlə maraqlanır, din və mövhumata da inanmırdı. Bir məclisdə “Firdovsi Məhəmməddən yuxarıdır” dediyi üstə şəhərdə vəlvələ qopmuş və “sofiməzhəb” ləqəbi almışdı. Bir dəfə şəhərin hər kəsdən bac alan məşhur mollası atama: “Ağa, Ağdamın qırqovulunu, kəkliyini tək yeyirsən”

– dedi. Atam bir məsəl çəkdi:

– Ermənilərdə bir qayda var, – dedi, – camaat keşişə donuz göndərər, keşiş donuzun ətini yeyər, tükünü də verər müridlər bığlarına çəkərlər. Heç olmasa ağa, yediklərinin tükündən göndər, mən də bığıma çəkim.

Atam namaz qılmazdı. Bir səhər evimizdə qonaq qalmış bir hacı namaza başlar-başlamaz, atam da canamazı çıxarıb namaza durdu. Qonaq gedəndən sonra canamaz da yox oldu.

– Niyə həmişə namaz qılmırsan? – deyə atama sual verdim. Atam dedi:

– Allah mənə patronu onun üçün verməyib ki, atıb korlayam, eşşək görəndə atıram.

Dükan qonşuluğumuzda Hacı Məlik adlı riyakar bir sövdəgər vardı, axşamlar namaz qılanda səsi karvansaranı qaplayırdı, gündüzlər isə qonşuların toyuqlarını dükanın dalına salıb yumurtladıb buraxırdı. Birisi bir dəfə atama sual verdi:

– Ağa, sən ki, sofiməzhəbsən, bəs oruc niyə tutursan?

Atam dedi:

– Elə bilirsən allahdan qorxuram, qorxum bu köpək oğlu Hacı Məlikdəndir.

Şəhərimizin bütün maarifçiləri gəlib Ağdamdan keçəndə atamın yanına gələrdilər: Əhmədbəy Ağayev, Haşımbəy Vəzirov və Əbdürrəhimbəy Haqverdiyev bu ziyarətçilərdən idi. Atam Şərq muğamatını da gözəlcə bilərdi, Qarabağın məşhur xanəndəsi Hacı Hüsü atamın şagirdi olmuşdu.

Ağdamda kənd məktəbi olmadığı üçün çocuqlar Muradbəyli kəndinə getmək məcburiyyətində idilər. Rusca oxumaq üçün atam məni də Muradbəyli məktəbinə göndərirdi, hər səhər təqribən bir saat yol gedərdik. Burada hökumət seminariyası bitirmiş üç türk müəllimi dərs deyirdi. Bunların tələbəyə qarşı rəftarı olduqca sərt idi: bol şapalaq və kötək yeyərdik, sinifdə bir şey yeyənin ağzına səttarə ilə döyərdilər.

Zatən adam döymək o zaman zəruri görülən şeylərdən biri idi: bəy nökərini ağaca sarıtdırıb döydürərdi, pristavlar kəndliləri palçığa salıb döydürərdi... Qana bələşmiş insanları görərkən körpə qəlbim nə qədər acılıqlar duyardı. Zülmün həddi, hesabı yox idi. Bilxassə, kazak görəndə əhali titrərdi. Yadımdadır, Əfətli kəndinə qaçaqlıqla mübarizə üçün yüz kazak göndərmişdilər. Bu kazaklar neçə ay kənddə qalıb, kəndi xaraba qoydu, bütün mal-qaranı kəsib yedilər, qadınların namusuna toxundular, adam öldürdülər və kəndlilərin var-yoxunu götürüb getdilər. Buna hökumət dilində ekzekusiya deyərdilər...

Məktəb müdiri qarasaqqal, bığlarının ucu sallaq bir kişi idi. Sarı düyməli rəsmi tujurkasının yaxası yağlanmışdı, kətəyə bənzər köndələn çinləri solmuşdu. Sonralar eşitdiyimə görə bir dəfə inspektor gəlib məktəbi yoxlayır, hər yerdə intizamsızlıq görür, toz-torpaq, çirk gözünə çarpır... Məmnun olmayaraq məktəbdən çıxarkən, bir it sıçrayıb ona hürməyə başlayır. Müdirimiz inspektora xoş gəlmək üçün yerdən bir daş götürüb itə atmaq istəyir. Inspektor onun qolundan yapışıb:

– Onu vurma, bu məktəbdə yalnız o, vəzifəsinə sadiqdir, – deyir.

1896-cı ildə Şuşaya döndüm, hazırlanıb realni məktəbinə girməli idim. O zamana qədər bu məktəbdə yalnız bəy balaları oxurdular, indi tacir və əsnaf arasında da bu məktəbə həvəs oyanırdı. Çocuqları realni məktəbinə hazırlamaq üçün Camalbəy, Səmədbəy Ağayev kimi müəllimlər tərəfindən xüsusi məktəblər açılmışdı. Mən də qısa bir müddət bu məktəblərə davam edib, sonra yenicə açılmış rus-tatarməktəbinə girdim. Müdiri Haşımbəy Vəzirov idi. Iki rusca, bir türkcə, bir də elmi-ilahi müəllimi vardı. Haşımbəy o zaman maarif sahəsində böyük fəaliyyət göstərərdi, məktəbi təşkil etdikdən sonra, böyüklər üçün rusca axşam kursu açdı, “dumanlı” şəkillər göstərib, nəsihətli izahlar verərdi, Şekspirin “Otello”sunu türkcəyə çevirmişdi, xalq ədəbiyyatını toplardı. Yayda Ə. Haqverdiyevin və şəhərə dönmüş müəllimlərin köməyi ilə teatr tamaşası verərdilər. Geniş kütlə Mirzə Fətəlinin və Haqverdiyevin əsərləri ilə ilk dəfə olaraq tanış olurdu. Nəhayət, 1904- cü ildə erməni artisti Abelyanın rəhbərliyi ilə “Otello” da türk dilində oynandı. Otello rolu Haşımbəyə verilmişdi.

Rus-tatar məktəbində dərslərin gedişi yaxşı da olsa, tələbəyə qarşı rəftar yenə köhnə idi. Haşımbəyin özü olduqca qaba bir adamdı: tələbələrin hərəsinə bir ləqəb qoşar, döyəndə də heç məsuliyyət duymazdı. Bir dəfə təbaşiri birisinin başına vurdu, qan fışıldadı. Elə zəhmli idi ki, küçədə tələbələr onu gördükdə qaçıb gizlənərdilər. Elmi-ilahi müəllimi də ondan geri qalan deyildi, uşaqlar adını “molla zoru” qoymuşdular. “Molla zoru” başmağının nalını taqqıldada-taqqıldada tələbəyə yanaşıb başının tüklərini qopardar, sonra piləyib havada uçurardı.

Bir il sonra bu məktəbi tərk etdim və imtahan verib realni məktəbin birinci hazırlıq sinfinə girdim. Məktəbin formasını sevinclə geydim. Bu da buluz, kənarı sarı zehli şapkadan ibarət idi: şapkamızın qabağında princ yarpaq arasında “Ş.R.U.” (Şuşa realni məktəbi) hərfləri düzülmüşdü. O vaxt bu məktəbə girmək türk arasında böyük şərəf sayılırdı. Mən də şəxsən bu şərəfi duyur və saxlayırdım. Qapandibinə, Aşağı Meydana, Bəylik eşiyinə çoxdan vida demişdim. Qardaşım sevincimizi Ağdama bildirdi, atamdan cavab aldıq: mənə həftədə bir abbası maaş təyin etdiyini bildirir və yaxşı oxusam maaşımın artırılacağını vəd edirdi.

Bir dənə abbası. Abbası ilə zarafat etmək olarmı? Bir abbasıya aşbaz Balışdan dörd piti, ya lavaşçı Iskəndərdən iyirmi dənə ağ lavaş almaq olardı... Qardaşımın maaşı bir manata qədər çıxmışdı. Qardaşım bu pulları divardan asılmış xüsusi bir qutuya salıb, ilin axırında bir neçə rus məcmuəsinə abunə yazılardı. Mən də bu yolu təqib etdim.

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Aprelin birində

Bunlara hər gün səhər saat on birdə bulvarda rast gələ bilərsiniz: qışda yel tutmayan, yayda günəş görməyən bir skamyaları var. Əsəd bəy ortada, Mirzə Zülqədər sağ tərəfdə, Ocaq Naşid də sol tərəfdə oturar. Bu adət pozulmaz. Yalnız bu deyil: bunların bir çox sabit adət və qaydaları da var. Məsələn, kimsə kimsənin keçmişi ilə maraqlanmaz, gündəlik məişət məsələləri mövzusundan bəhs olmaz, siyasətdən uzaq qaçılar. Bu olduqca yaxın və səmimi dostlar bir-birinin evinə getməz və biri digərinin ailə vəziyyətindən xəbərsizdir. Halbuki dostların özlərinə məxsus tarixçələri var. Əsəd bəy vaxtilə vilayət dəftərxanası tərcümanı olmuş; biriki məqalə ilə “Şərqi-Rus” qəzetində iştirak etmiş və bir zaman pyes yazmaq moda təşkil edəndə Əsəd bəy “Cəhalət qucağında” adlı bir dram belə yazmışdı. Lisaniyyat marağı dövrü Əsəd bəy islahatçı olaraq meydana atılmış və fars-ərəb kəlmələri yerinə türk sözlərinin işlənməsini təklif etmişdi; məsələn: “xoruz” əvəzinə “qızıl pipik quş”; “musiqi” əvəzinə “zırzır”; “münəccim” əvəzinə “ulduza baxan” və qeyriləri.Mirzə Zülqədər gimnaziyada elmi-ilahi müəllimi olmuş bir adamdır. Ərəb və farscaya vaqifdir. Dindardır və bütün dünya fənlərinin qurandan iqtibas olunmasına qanedir. Elmin hansı bir sahəsindən bəhs açılsa, “onu bizdən götürüblər, bax, ayeyi-şərifə nə buyurur” – deyə bir ayə və ya hədis söylər. Mirzə Zülqədərin təsəvvürüncə quran xarüqədir: darvinizm, dəmiryol, dizel maşını, hətta qramofondan da orada məlumat verilmişdir. İntəhası, biz cəhalətdə qalmışıq da, istifadə etməmişik.

7 dəq
Xasiyyətləri tutmamış

“Əli, Vəli, Pirvəli,Üçü ondan irəli,

4 dəq
İki çocuq

Kəndin kənarındakı böyük qoz ağacının altında qurulmuş mağarı çoluq-çocuq bürümüşdü. İçəridə toy idi: zurnaların səsi ahılı-cahılı nəşələndirərək süzdürürdü, hər kəs bu xeyir işə bacardıqca bəzəklidüzəkli gəlmişdi, iri heybətli papaqlar, təpmə qəhvəyi çuxalar, qıvraq patava və çarıqlar mağarı doldurmuşdu. Mağarın qapısına toplanan oğlan və qız çocuqları da rəngarəng idi: sarı, qırmızı, yaşıl... göz qamaşdırırdı. Şal gödəkçəli, qıllı papaq bir uşaq qığılcım kimi sıçrayaraq oradaburada səkir, “sümüyünə düşən” havalara bir az süzür, sonra birdən sanki utanaraq, qaçıb çocuqların arasında gizlənirdi. – Qasım, ay Qasım! – deyə adı dillərdə idi.Çocuqlar onu çağırmaqdan, onunla danışmaqdan, əylənməkdən elə bil ayrıca bir zövq alırdılar. O da kimsədən “kərəmini” əsirgəmirdi: birisi ilə süzür, o birisi ilə güləşir, zarafatlaşırdı. O, toyun bütün mənasını daşıyan bir rümuz idi: musiqi qədər şən, nəşə kimi cazibəli və fərəh qədər qanadlı idi. Onun bir dəqiqə bir yerdə durmağa qərarı gəlmirdi: mağarın ətrafını dolaşır, kecələrin arasına soxulub, içəridə oynayanlara tamaşa edir, bir də əlini yuxarı qaldıraraq – Ay şabaş!.. – deyə kənardakı uşaqlara doğru coşurdu...

3 dəq
Lüzumsuz arzu üçün

İki il idi onu görməmişdim. Bir gün təsadüfən rast gəldim. Hələ mənə yaxınlaşmadan adəti üzrə qaşlarını yuxarı qaldırıb gülümsədi və qızıl dişlərini göstərərək:– Ya Allah, ya Allah, – deyib əlimi sıxdı. – Balam, haradasan? Sanki başqa-başqa şəhərlərdə yaşayırıq.

5 dəq

Başqa şairlərin şeirləri