Səhifə 7 / 16 · 38%

– Balam, gözümə birtəhər dəyirsən, naxoş deyilsən ki? – dedi.

– Yox.

– Özü də, deyəsən yuxudan indicə durmuşsan... Gecə harada idin ki?..

Rüstəmbəy düşünmədən cavab verdi:

– Heç yerdə, evdə.

Cəfərin dodaqlarında iymalı bir təbəssüm gəzməyə başladı. Bu təbəssümlə də Rüstəmbəyi süzdü. Rüstəmbəy süni bir ciddiyyətlə:

– Gülümsənirsən, – dedi.

Cəfər özünü saxlaya bilmədi:

– Deməli, gecələr yata bilmirsən.

Rüstəmbəy bu sözlərdən sonra özünü itirdi, qızardı və üç-dörd dəfə Cəfərin üzünə baxaraq söz tapa bilmədi. Sonra dəruni iztirabını bildirməmək məqsədilə yenə süni bir tərzdə ciddiləşdi:

– İmtahanların nə vaxt başlanır?.. Yəqin, oxumaqdan-macal tapa bilmirsən.

Cəfər daha da gülümsündü:

– Olanda olur, – dedi.

– Nə olur?

Cəfər iymalı təbəssümlə:

– Məsələn, gecə ev xanımı ilə söhbət bir az artıq çəkir, yuxudan qalırsan.

Rüstəmbəy özünü büsbütün itirdi. O, halını gizlətmək üçün acıqlı bir səslə:

– Sən də zarafata vaxt tapdın, mən ölüm, qoy görək, – dedi.

Cəfər dodaqlarındakı təbəssümə təğyir vermədən:

– Zarafat eləmirəm, olanda olur, – dedi.

Rüstəmbəy daha da acıqlı:

– Mən ölüm, əl çək, ovqatım təlxdir.

– Çox səsə-küyə salma, guya mən heç zad bilmirəm. Sən dünənki sərçəsən, amma mən arvadbazlıqda saqqal ağartmışam... Bala, zarafat deyil, səkkiz ildir studentəm, bu Kiyev şəhərində mən bilirəm nələr eləmişəm...

Rüstəmbəy yumşaldı və Cəfərə baxaraq bir az da gülümsündü.

Cəfər də gümanının doğruluğunu duyub lovğalandı:

– Adın nədir – Daşdəmir, yumşalısan, yumşalı... Buncuğaz qoca

Cəfərə kələk gəlmək istəyir. Bala, o fəndlərdən çoxdan çıxmışam, kələk gəlmək istəyirsənsə, özgələrə gəl.

Rüstəmbəy daha dinmədi. Cəfər bir az səbir edib başladı:

– Bunlar dursun kənarda, indi de görüm xanımın qəşəngdirmi?

Utanma, indi cavanlıqdır da, arvadbazlıq eləməyən kimdir... Ancaq bir iş var ki, səninkini Allah lap evində yetirib; deməli, biz qoca vaxtımızda dağı-daşı gəzək, sən başıyın altına qoy otur...

Rüstəmbəy gülümsündü, Cəfər sözlərində davam edirdi:

– Gülərsən. Mən özüm işin başını açandan sonra gülərsən. Sən kiçiksən, qayda bu idi ki, gəlib mənə məsləhət eləyəydin, deyəydin:

“Ay Cəfər əmi, bir belə iş var, nə təhər eləyim?”. Onda mən də sənə yol göstərərdim. Yoxsa, daha indi nə deyim...

Rüstəmbəy yenə gülümsündü:

– Canım, – dedi, – axır nə olub ki... Arvad-zad yoxdur, nahaq yerə güman eləyirsən.

Cəfər Rüstəmin sözlərini kəsdi:

– Ey bivəfa cavanlar, getdikcə xarab olursunuz, studentliyə ayrılıq salırsınız. Qardaş, biz hamımız yoldaşıq, hər kəsin əlinə nə düşdü, gərək xudbinliyi kənara qoyub, yoldaşını da yada salsın...

Rüstəmbəy Cəfərin sözlərinə daha etina eləmədi. Cəfər bir az danışıb, sükut etdi. İkisi də dinmədən aşxanaya yönəldi.

13

Aşxananın önündə qız və oğlan tələbələr növbəyə düzülmüşdülər, bilet gözləyirdilər. Növbə bu gün çox uzun idi, darvazadan çıxıb Fundukleyevski küçəsinin ortasına qədər uzanmışdı. Cəfər bunu gördükdə içini çəkdi:

– Paho veey... ada, bu gün nə çox adam var.

Rüstəmbəy təəccüb etməyərək:

– Balam, ancaq iki saatdan sonra nahar eləmək olacaq, növbə çox uzundur.

– Səbir elə, bu saat düzəldərəm. Sən növbədə dur, mən baxım görüm bilet tapa bilərəmmi. Onda tez olar.

Rüstəmbəy gəldi, bir qızın arxasında növbəyə durdu. Cəfər ətrafa göz gəzdirdi, bir də gülümsündü, tanışa rast gəlmişdi:

– Allah saxlasın, Vartan.

– Allah saxlasın.

– Vartan, gör biletin varmı?

Vartan gülə-gülə:

– Bilmirəm, görək varmı, – deyərək qotazlı bir kisə çıxartdı.

– Ey Vartan, sən də qədim adamsan ha, indiki studentlər bu kisənin qədrini bilməzlər.

– Hə, canım, sənin-mənim qabağımda indikilər nə köpəkoğludur.

Cəfər güldü və əlini Vartanın pırpız saqqalına uzatdı.

– Ay bij Vartan!

Vartan burnunu çəkə-çəkə kisənin dibindən bir neçə sarı və qırmızı bilet çıxartdı və hesablayaraq dedi:

– Canım, bu mənim supum, bu da kotletim, qalan da sənin, ta məni öldürməyəcəksən ki...

Vartan biletləri Cəfərə verdi, gülə-gülə növbəyə duranların yanından keçib aşxanaya girdi.

– Sağ ol, Vartan! – deyə Cəfər Rüstəmbəyin yanına gəldi:

– İşlər yaxşıdır. Vartandan beş şahılıq bilet aldım, bir o qədər də tapsaq, qarnımızı doydurarıq.

Rüstəmbəyin önündə növbəyə duran qız diqqətlə türk dilinə qulaq verirdi. Bunu Cəfər duyaraq, Rüstəmbəyə göz elədi.

– Qabağında duranla aran necədir? – dedi və sonra talibəyə yönələrək rusca başladı:

– Yoldaş, deyin görək bizə satmağa artıq biletiniz varmı? Acından ölürük.

Cəfər sözünü qurtaran kimi ağız burnunu elə əydi ki, talibə gülməyə başladı:

– Heyf ki, yoxdur, olsaydı daha növbəyə durmaq lazım gəlməzdi.

– Bəli, doğru buyurursunuz. Ancaq dedim, bəlkə birdən oldu.

– Olmaya-olmaya birdən necə ola bilərdi? – deyə talibə daha da güldü və sonra özünü gülməkdən saxlayaraq qızarmış üzünü aşağı saldı.

Növbəyə duranların böyründən bir dəstə student keçirdi. Cəfər onlara yönəldi:

– Bağışlayın, yoldaşlar. Sizdən bir ricam var. Biletiniz varsa, bir naharlıq iltifat buyurun.

Studentlər durdular və biri məmnun bir halda qoltuğundan bir dəstə bilet çıxartdı:

– Buyurunuz, – dedi, – nə qədər sizə lazımdır, götürün. Cəfər bir neçəsini götürdü, pul verdi:

– Sağ olunuz, yoldaşlar! – deyə papağını qaldırdı. Onlar da cavabında:

– Bir şey deyil, – dedilər. Cəfər dərhal Rüstəmbəyə yanaşdı:

Qardaş, indi növbədən çıxa bilərsən, iki naharlıq biletimiz var.

Əlavə bir fincan qəhvə də içməyə ixtiyarımız var.

– İkinci növbə balacadır.

– Burada adam həmişə az olur, çətin əvvəlkidir. Rüstəmbəy və

Cəfər yemək salonunun qapısında növbəyə durdular. Bilet satılan daxıldan xilas olan gənclər gəlib ikinci növbəyə dururdular, Kimi nahar intizarında bikef duraraq fikrə getmişdi, kimi papiros çəkir, tüstüsünü havaya buraxırdı. Qafqazlılar deyib gülüşürdülər, səs-küyləri hamının nəzərini özlərinə cəlb eləmişdi. Cəfər ətrafdakıları tənqid edərək qəhqəhə çəkirdi.

– Rüstəmbəy, bir arxanda duran qıza bax. Zalımın nə balaca burnu və dodaqları var...

–?!

– Deyirəm, Rüstəmbəy birdən adamın bir belə arvadı ola, özü də ildə bir qız doğa. Qızlar da anası kimi arıq-uruq ola...

Rüstəmbəy mabədini düzəltdi:

– Özünün də çoxlu borcu ola, tez-tez gəlib qapını döyələr...

– Hə, – Cəfər başladı, – gözəl qızların da buzov karvanı kimi, tökülüb gəlib sənə xəbər gətirələr ki, pul dalınca gəliblər.. Xülasə, adamın ürəyi dağ kimi olar...

Növbə irəli gedirdi. Qapının yanında bir tələbə durub, masa nömrəsi paylayırdı. Cəfər:

– İki dənə yan-yana nömrə verin, – dedi.

Tələbə nömrələri uzatdı:

– Bir on beş var, bir də on, buyurun orada dəyişiniz. Nömrələrlə salona daxil oldular. On beşinci masada bircə boş yer var idi. Cəfər nömrəni boş kürsünün üstə qoydu:

– Qardaş, bu bizim yerimiz. Sənə də öz yanımda bu saat yer taparam.

Deyəsən, bu yoldaş yeyib qurtarır.

Cəfərlə yan-yana bir yəhudi tələbəsi oturmuşdu, nahara məşğul idi. Cəfər soruşdu:

– Yoldaş, siz naharı qurtarırsınızsa, nömrənizi bizə verin.

Tələbə razı oldu, onuncu nömrəni aldı, özününkünü ona verdi.

Rüstəmbəy də on beşinci masada yer tutdu. Sonra nahar dalınca getdilər.

Salonun baş tərəfində aşpazlar bişmiş paylayırdılar. Rüstəmbəy və

Cəfər masanın üstündən adama bir boşqab götürdülər.

– Rüstəm, nə yeyəcəksən?

– Mən əvvəlkinə borş alacağam, sonra görək nə olur.

– Mən sup.

Hər kəs istədiyini aldı. Əvəzində neçə qəpiklik bilet lazımsa verdilər və yerlərinə gəldilər.

Salona arası kəsilmədən adam girib-çıxmaqda idi. Ortalıqda ağ geyimli xidmətçi qızlar dolaşırdı. Kimi boşalmış qabları geri daşıyır, kimi doldururdu. Hərə bir işlə məşğul idi. Qabların cingiltisi, adamların səs-səmiri salonu doldurmuşdu. Hamıdan da artıq qafqazlılar, küy eləməkdə idi. Arabir Cəfər də səslənirdi:

– Vay, Vartan, aşna, haradasan?

O da həmin tonla:

– Ağzında zəhrimarını ye, köpək oğlu, – deyirdi. – Aşna haradan olduq, sən musurman, mən erməni.

– Yenə erməniliyini bildirmə, dur gəl bura. Vartanın səsi kəsildi.

Yoldaşı ilə söhbətə məşğul idi.

Cəfər ondan vaz keçərək nəzərini öz masasına çevirdi. Qarşısında sarısaqqal bir rus tələbəsi oturmuşdu. Özü kimi sarışın və arıq arvadı da yanında idi.

– Rüstməbəy, qabağımızda oturan ər-arvaddı ha, ona bax: ikisi bircə qab sup almış.

Rüstəmbəy gülümsündü:

– Onun üçün ikisinin də boynu armud saplağına dönüb də...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri