Birinci kitab, birinci hissə
Səhifə 9 / 16 · 50%
– Dünən kimyanı verdim. Indi hələ gəzirəm. Bir neçə gündən sonra yenə oxumağa başlayacağıq.
– Onda o biri imtahanın nə vaxt olar?
– Görək, olsun ki, bir aydan sonra.
– Cəfərin işi nə təhərdir?
– Niyə, yaxşıdır.
– İki ilə qurtararmı?
– Oxusa qurtarar.
Bir az sükutla keçdi. Çingiz papirosun külünü kənara töküb dedi:
– Daha nə var? Mənim başım imtahana qarışdı, dünyadan xəbərim olmadı. – Bir az qələyan var, – deyə Rüstəmbəy gülümsündü. – İdarəmizdən şikayət edirlər.
Çingiz bu sözlərdən bir az pərt oldu, çünki müsəlman “zemlyaçestvosunun” sədri olduğu üçün, bu şikayətlər ən əvvəl ona toxunurdu.
Ağzından papirosu çıxartdı və həyəcanını büruzə verən səslə dedi:
– İş şikayətsiz olmaz. Bu həmişə belə olur...
Rüstəmbəy qəti bir səslə:
– Bilirsən, Çingiz, sən idarəni çağır, bir danışaq.
– Mən bir şey demirəm. Gəlin danışaq. Indi mən tamamilə bikaram... Bununla elə bil iki tərəfin də mövzusu tükəndi; susdular...
Çingiz yuxudan oyandı. Rüstəmbəyi oyatmamaq üçün üsulluca durdusa da, olmadı – Rüstəmbəy də gözlərini açdı. Əvvəlcə səksəkəli qalxaraq, mənasız bir nəzərlə ətrafı süzdü, sonra dürüst ayıldı:
– Çingiz, nə çox yatmışıq, balam? – dedi.
– Zor yatdıq.
– Deməli, mənim sözlərim ikimizə də layla çaldı ha...
– Hə... Amma lap gecə düşmüşdür...
– Cəfər də gəlmədi, vüsalı uzun çəkdi.
– Hara gəlir?.. Gedək bizə.
Rüstəmbəy razı oldu.
Küçəyə çıxdılar, hava çiskindi. Geniş qaldırımların üstə çıraqların işığı uzun əkslər buraxmışdı. Xanımlar tələsik ötüb keçirdilər. Çingiz:
– Çəkmələrimiz bulanaçaq, – dedi.
– Zərər yoxdur.
Bir müddət ikisi də dinməz, yan-yana getdi. Birdən Rüstəmbəy başladı:
– Məni yuxu tutdu, təfsilatını söyləmədim. Teymurbəy qonaqlıq vermiş, bütün müxalifləri çağırmış imiş. İdarənin ətrafında danışıq olmuş.
Ümumi iclas çağırıb, idarəyə hücum etməyi qərara almışlar.
Məqsəd – yeni idarə seçməkdir. Teymurbəy və Qulu da namizəddirlər.
Çingiz xısın-xısın güldü.
– Deməli, işlər bu şəkildədir... Qorxma, onlar ümumi məclisdə qazansaydılar, elə əvvəldən qazanardılar. Bu adamların etibarları yoxdur.
– Deyirlər ki, yeni gələn cavanları idarəyə seçirlər də, köhnələrin adını çəkmirlər.
– Köhnənin adı çəkilirmi? Yenilərə meydan verməlidir.
16
Çingiz Cəlalla bir otaqda olurdu. Cəlal ortaboy, qarayanız, arıq bir student idi. Dodaqlarında həmişə rişxəndli bir təbəssüm olurdu. Təbiətində bir bədbinlik var idi, ətrafındakılardan ümidsiz idi. “Molla Nəsrəddin” məcmuəsinin ruhu ilə bəslənərək dünyada istehzadan başqa bir şeyə qadir deyildi. Milli sahədə pis, yaxşı – hər şey onun rişxəndinə mucib olurdu. İnanmırdı və inamsızlığında da qəti və doğru idi.
Otağa girdikdə Cəlal gülə-gülə onları qarşıladı:
– Ay Rüstəm, – dedi, – balam, yenə Tövrat oxuyursan? Mən ölüm məni yerə soxma. Yoxsa Tolstoy olmaq istəyirsən? Xa-xa-xa!.. Ola da bilərsən, – sənin Tolstoydan nəyin əskikdir ki? Xı-xı-xı...
Rüstəmbəy Cəlalın rişxəndinə adət eləmişdi, onun üçün etinasız bir halda paltosunu çıxartmağa başladı. Cəlal sözlərində davam edirdi.
– Amma sənə heyfim gəlir, istəmirəm Tolstoy kimi dəli olub, ayaqyalın çöllərə düşəsən. Qocalıqdan onun ağlı başından oynamışdı, sənə nə olmuşdur?
Zarafatdan sonra Cəlal adəti üzrə:
– Bunlar dursun kənarda, – dedi, – hələ de görüm, bizə niyə gəlmirsən?
Rüstəm mehriban bir səslə:
– Cəlal, dinmə, başım bərk qarışıqdır.
– Balam, nə olub? Yuristin başı niyə qarışıq olsun? Mənim kimi axşamadək laboratoriyada işləmirsən ki? Çingiz kimi yekə-yekə kitabları əzbərləmirsən ki?..
Çingiz rişxəndlə:
– Başı bərk qarışıqdır: axşamadək Cəfərlə qarpız, yeyir.
Cəfər adı gəldikdə Cəlal bir az duruxdu:
– Rüstəm, sən hara, Cəfər hara? O bir lotu, bij, min hin yarmışın biridir. Sən dinc bir adam. Gözlə, səni xarab elər...
Rüstəmbəy oturdu. Cəlal sözlərinə ciddi bir məna verməyərək, zarafat edər bir halda Rüstəmbəyi nəzərdən keçirdi.
Rüstəmbəy:
– Balam, təəccüb eləmə, Cəfərlə dostuq, – dedi.
– Təəccüb eləmirəm. Bilirdim ki, studentlik səni də xarab eləyəcək.
Yadındadırmı, bir vaxt var idi, məktəbdə yoldaşlara vəz elərdin?
Deyirdin gərək biz hamıya müqəddəs nəzərlə baxaq. Bütün qadınları özümüzə ana-bacı hesab edək.
Çingiz heyrət içində Rüstəmbəyə baxdı.
– Məgər bunun belə fəlsəfəsi də var idi?
– Bəs nədir, Rüstəm böyük filosof idi. Qızları görəndə deyirdi:
“Siz mənim bacımsınız”. Odur ki, qızlar da həmişə bundan qaçırdılar.
Xı-xı-xı.
Hamı səmimi bir halda gülüşdü. Cəlal danışdıqca Çingiz döyükmüş gözləri ilə Rüstəmi başdan-ayağa süzürdü. Axırda:
– A kişi, bu ki qəribə adam imiş. Mən Rüstəmbəyi iki il var ki, tanıyıram.
Ondan irəli üzünü də görməmişdim, – dedi.
Cəlal elə bil lovğalanmışdı:
– Ey, mən Rüstəmi uşaqlıqdan tanıyıram. Bir neçə il də realnidə oxumuşuq. Sonra Bakı realnisinə getdi, aralandıq. Bunun uşaqlığı qəribə idi, bir müddət namaz qıldı, deyirdi: “Namaz gimnastikadır”.
Xa-xa-xa. Bir müddət oruc tutdu. Bir müddət türkcə və farsca oxudu, bir az millətpərəstlik elədi. Sonra bunların hamısını tulladı. İndi də Cəfərdən arvadbazlıq öyrənir. Xa-xa-xa.
Yenə gülüşdülər. Çingiz çay tökdü. Sonra çarpayının altından bir qutu çıxardıb, mürəbbə küpəsini açdı, qaba mürəbbə qoydu.
– Rüstəmbəy, çayı qabağına çək, niyə irəli oturmursan?
– Hələ Cəlalın vəzinə qulaq asıram.
Çingiz masanı səliqəyə sala-sala:
– A kişi, siz ki, bir yerdə oxumuşsunuz? Bəs mən niyə indiyə qədər bunu bilməmişəm? Deməli, Qulu da sizinlə yoldaş imiş.
Cəlal bir də gülə-gülə:
– Həmişə nə cür düşürsə, bij adamlar bununla dostluq eləyir.
Qulunu bu qardaş hesab eləyirdi. Ikisi bir yerdə millətpərəstlik eləyirdilər.
Bircə o millətpərəstliyə bax. Xa-xa-xa.
Çingiz təəccüblü:
– Quludamı millətpərəst idi?
Cəlal:
– Qulu millətpərəst idi, aralıqda da öz xüsusi işini düzəldirdi.
Rüstəmbəy ciddi:
– Ay Cəlal, böhtan danışma, elə şey olmurdu.
– Ay yazıq, sən uşaqsan. Bu saat millətpərəstlik bir pərdədir ki,
bütün lotuluqlar onun dalında olur.
– Məsələn?
– Din və millət adı daşıyan cəmiyyət və müəssisələrimizi al – “İslamiyyə mehmanxanası”, “Islamiyyə limonadı”, “Milli papiros”... Bunlar lotuluq deyilmi? Tacir pul qazanıb, kef çəkmək üçün din və milləti əlində oyuncaq edir. Bakıda qoçular evlərində tələbə yurdu açır, hərəsi beş-on tələbəyə aylıq verir. Bu əxlaqsızlıqdır, yoxsa millətpərəstlik? Yoxsul gənclərin maddi vəziyyətindən istifadə edilərək, namusları ləkələnir... Bu rüsvayçılıqlara millətpərəstlik deyirlər...
Söhbət qızışaraq Tağıyev-Behbudov məsələsinə keçdi. O zaman Bakı milyoneri Hacı Zeynalabdin Tağıyev mühəndis Lütfəlibəy Behbudovu gənc arvadına qısqanaraq, evinə çağırdıb döydürmüş, rüsvay etdirmişdi. Məhkəmə bu işə baxmış və bütün Rusiya qəzetləri məsələyə uzun sütunlar həsr etmişdi. Təbiidir ki, tələbələr məsələyə vaqif idilər, lakin işin iç tərəfi hər kəsə bəlli deyildi. Bu barədə Cəlal yoldaşlarına maraqlı şeylər anlatdı:
– Mənim bədbin olmağa haqqım var, – dedi, – çünki savadsız bir milyoner bir türk ziyalısını rüsvay edir, özü də ziyalılar əli ilə. Məsələ də ziyalılar arasında olan, ziddiyyətdən doğur. Bilirsiniz ki, 1905-dən başlayaraq Ağabəyin şöhrəti Azərbaycanda artmağa başlamışdı. Bu adam biri türkcə, biri rusca Bakıda gündəlik iki qəzet nəşr edirdi, bir çox cəmiyyətin başında durmuşdu, “Difai” kimi Azərbaycana muxtariyyət tələb edən komitə də bunun işi idi. Qoçuluğu qaldırmaq üçün “Hidayət” cəmiyyəti təşkil edən də Ağabəy idi. Bu adamın nüfuzunu təsəvvür ediniz: sünnilərlə şiələri barışdırmaq üçün Şəkiyə gəldikdə şəhərin bütün əhalisi onu qarşılamağa çıxmış və “La-ilahə-illəllah, Ağabəy rəsulillah”, – deyə bağırmış.
Ağabəyin bu nüfuzu millətpərəstliyi inhisarında saxlamağa qalxışan Əliyarbəyi rahat buraxmırdı. Əliyarbəy Tağıyevin sadiq qullarından idi və onun naşiri-əfkarı olan rusca “Kaspi” qəzetəsinin başında dururdu. Əliyarbəy Tağıyevin kapitalına istinad edən kimi, Ağabəy də milyoner Murtuza söykənirdi.
Rəqabət sahəsində bir-biri ilə çarpışan milyonerlərlə bərabər, onların ətrafına toplanan ziyalılar da çarpışırdı. Millətpərəstliyə baxırsınızmı?..
Behbudov məsələsi Əliyarbəyin düzəltdiyi bir intriqa idi. O zaman Bakıda məktəb, teatr, mətbuat, cəmiyyətlər sahəsində işləyənlərin əksəri Qarabağdan gəlmə ziyalılar idi. Ağabəy və Behbudov da qarabağlı idilər. Əliyarbəy millətpərəstlik inhisarını əldə etmək üçün ortaya bir bakılı-qarabağlı məsələsi saldı. Həm də bunun təməlini Bakı “padşahı” Tağıyevin evində atdı.
Nəticədə Əliyarbəy Ağabəy dəstəsinə qələbə çaldı... Qəribə burasıdır ki, Əliyarbəyin özü tiflisli idi...
Söhbətə dərin bir diqqətlə qulaq asan Çingiz içini çəkdi.
– Əşi, sən mənim üçün yeni bir aləm açırsan, – dedi. – Mənim bunlardan heç xəbərim yoxdur.
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-studentler-birinci-kitab-birinci-hisse
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
– Get yat, bədbəxt fəqir! Sənin dərdin məni lap çərlədib! – deyə ana, qızı Fatmanın arxasınca zənn ilə baxıb, başını mütəkkəyə söykədi:– Get, yat, aşıb daşmış fəqir! Hamı ərə gedib, ev-eşik sahibi oldu, bircə sənin bəxtin bağlandı. Döşün-başın çıxıb, ata dönmüsən!..
MərsiyəxanPəncərədən düşən işıqdan məsciddəkilərin başları işıldayırdı. Möminlər börklərini yerə qoyub, yaşlı gözlərini mərsiyəxana dikmişdilər. Mərsiyəxan bir də bir neçə nərə çəkib, tutqun səsi ilə çığırdı:– Hələ çox ağlayacaqsan! Gərək gözləriyin təvşehi kəsilə!
Yeni bir aləmHəsən çəkməsini ayağından dərin bir iztirabla çıxardıb, altına diqqətlə baxmağa başladı: gönü daş tamam aparmışdı; daban da əldən düşmüşdü.Həsən çəkməni o biri üzünə çevirdi: üst tərəf də vecdən çıxmışdı; neçə yerdən çatlamışdı.
Nahaq qan– Mənim namusumu yerə soxub; daha bazara da çıxa bilmirəm.Məgər buna bir təhər çəkilməz?!
Başqa şairlərin şeirləri
Qəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
SərçələrAllahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,
OlmuşamNə saatda gəldim dünya evinə,Şum sitarə bəxti bağlu olmuşam.