Səhifə 5 / 6 · 67%

– Bu zəhriman az iç! – dedi.

Və Nağı ağzına dirədiyi şüşəni, nə qədər qəribə olsa da, qaytarıb stolun üstünə qoydu.

– Ə, yenə nə tez qudurdun? – dedi. – Axı sənin idbar səsin indicə o dünyadan gəlirdi.

Nağı qolunu uzadıb Kərimin boynunu qucaqlamaq istədi. Kərim geri çəkildi. Və özü ilə Nağının arasındakı bircə addımlıq məsafədə Kərim onları bir-birindən həmişəlik ayırmış beş-altı ilin sonsuz uzaqlığını gördü.

– Nə bildin ki, mən burdayam?

– Mən sənin dabbaqda gönünə bələdəm. – Nağı şüşəni qamarlayıb, qalan çaxırın hamısını birnəfəsə içdi. – İndi neynəyək deyirsən?

– Gedək.

– Bəs indi nə deyəcəksən ona?

– Kimə?

– Arvadına da!

– Heç nə.

– Necə yəni “heç nə”. Bir şey tapıb deməlisən axı.

– Nə deyim?

– Deyərsən ki, bir yaxın qohumun var, mütləq toya gəlməliydi. Gəlməyib, sən də fikirləşmisən ki, yəqin kişinin başında bir iş var. Birdən beyninə yerləşib ki, taksiyə minib özünü mütləq Buzovnaya yetirməlisən.

– Buzovnaya niyə?

– Ə, sən nə qanmaz adamsan. Buzovna olmasın, Məştağa olsun. Bu qaçmağın bir yeri olmalıdı ya yox? – Nağı qapıya tərəf yeridi – Açar hardadı?

– Açar?.. Bilmirəm... Yəqin ki, qapının üstündə olar.

Nağı işığı söndürdü. Qapını bağlayıb, açarı yerinə qoydu.

– Hə, indi o qalır ki, sənin o vicdansız qohumuna gərək bir ad da fikirləşək. Adı da tutaq ki, Ağakərimdi. Necədi, beyninə batır?

– Yox!

– Qoy olsun Ağahüseyn.

– Yox.

– Deyirsən “ağa”sız olsun?

– Yox.

Qabağa düşüb pilləkənlərlə üzüaşağı tez-tez getdiyi yerdə Nağı birdən-birə ayaq saxladı.

– Bəs nə təhər olsun?

– Heç nə təhər. Mən ona yalan deməyəcəyəm!

– Bah atonnan! Ə, sən nə əclaf adamsan!

Və nədənsə birdən-birə Kərim yaman coşdu:

– Deyəcəyəm: dəli olmuşdum. Başıma hava gəlmişdi. Ancaq mən ona yalan deməyəcəyəm. Mən ona heç vaxt yalan deməyəcəyəm. Nağı. Desəm kişi deyiləm!

Nağı dinmədi. Və əvvəli-axırı görünməyən bu dəhşətli gecənin ölü sakitliyində uzun müddət Kərim, indicə, öz səsindəncə qopan qəhərin cingiltisini eşitdi.

– Deməli, yalan deməyəcəksən? – Və bu dəfə Nağının səsi də elə bil qəhərli idi. Yaxud o qəhər Kərimin qulağında öz səsinin cingiltisindən qalmışdı. Yaxud qəhər – onların yaxınlaşmaqda olduqları o dəmir qəbiristanlığının metal iyi verən havasındaydı...

– Yox, Nağı, yalan deməyəcəyəm.

– Sən bayaq əməlli-başlı adamıdın.

– Havaxt?

– Dəm olanda. Dəmliyin gedən kimi yenə əclaflığın tutdu.

Bayaq onu öz evindən birbaş bura gətirən o düz yolu görmək ümidi ilə Kərim boylanıb yan-yörəyə xəlvətcə göz gəzdirdi. Ancaq o yol yox idi. O yol doğrudan da elə bil bu dünyada yalnız bir müddətliyə mövcud olub, sonra həmişəlik yoxa çıxmışdı. Sanki o yol doğrudan da Aydan düşmüşdü, işıqdan yaranmışdı... Sanki o yolun üstündə insan, ömründə tək bircə dəfə yeriyə bilərdi... Bakının ən ucqar yerlərinin arası ilə haradansa lap uzaqlardan baş alıb gələn bu yol isə buradan dümdüz şəhərin mərkəzinə tərəf gedirdi. Ay batmışdı, amma səhərin açılmağına hələ çox qalırdı. Və yolun heç bir yerində hələ ki, maşın əlaməti görsənmirdi.

– Burdan bizim evəcən görəsən nə qədər yol olar?

Nağı yol qırağındakı bir daşın üstündə əyləşmişdi:

– Nə bilim, – dedi, – sən yaxşı bilərsən.

– Sən öl, lap mat qalmalı işdi...

– Nədi ki?

– Axı mən bu yolu bayaq piyada gəlmişdim.

Nağı gözlərini yoldan ayırmadan:

– Yuxuda gəlmiş olarsan. – dedi. – Elə dovşana oxşamağın da yəqin bundan imiş, çünki yatıb ayılan kimi yenə əclafa dönmüsən.

– Deməli, əclaf olmamaq üçün mən gərək mütləq yalançı olam?

Nağı durub yavaş-yavaş Kərimə yaxınlaşdı. Qolunu Kərimin boynuna dolayıb, sıxdı, sıxdı, sıxdı. Sonra qollarını yanına salıb, bir müddət yorğun-yorğun, yazıq-yazıq dayanıb, bir sürtülmüş, sirimsəmiş səs ilə:

– Mən səndən, əclaf, qorxuram! – dedi. – Bu dünyada heç nədən qorxum-zadım yoxdu. Amma səndən qorxuram, əclaf!

Bu anda Kərim heç nə demək istəmirdi. Bu anda Kərim Nağının insan olduğuna, sözsüz, səssiz-səmirsiz ölənəcən şübhə eləmək istəyirdi. Ancaq bir söz demək lazım idi. Sükutu pozmaq lazım idi, çünki bu sükutu özbaşına buraxsan, sonra birdən-birə partlayıb, mütləq bir xəta çıxarda bilərdi.

– Məndən niyə qorxursan ki?

– Ona görə ki, sən əclafdan baş çıxara bilmirəm. Bu dərəcədə avam olasan, özün də bu dərəcədə ayıq olasan. Avam olanda səni qanfet kimi yeməyim gəlir. Ayıq olanda boğmağım gəlir. Bax belə! Nağı yenə qolunu Kərimin boynuna keçirdi, amma bu dəfə bərk sıxmadı. İndi də Nağının niyyəti – deyəsən, Kərimi öpmək idi.

Kərim onun qolunu ehtiyatla boynundan aralayıb, vəziyyətdən çıxmaq xatirinə, könülsüz, Nağının üzündən öpdü.

– Di yaxşı əl çək, adamsan.

– Yalan deyirsən. Mən adam deyiləm. Özün də bilirsən ki, mən adam deyiləm. Bayaqdan fikirləşdiyin də budur!

– Yaxşı sən Allah, əl çək, Nağı. Mən nə haydayam, sən nə haydasan. Sən öl, ölməyim gəlir bu saat.

– Yalan deyirsən. Ölməyin-zadın gəlmir. Bir azca gicləşmişdin, indi ayılmısan, dirilmisən. Bu saat sənin dərdin-sərin bircə budur ki, özünü tez evə yetirəsən. Gedib arvadından üzr istəyib, bu ipləmə Nağının əlindən də birdəfəlik canını qurtarasan. Ancaq, bura bax, Buzovnanı mütləq deyəcəksən... Qohumunun nəydi adı?

Kərim yola baxıb:

– Deyəsən, maşın gəlir, – dedi, – Əl çək, sən canın, Nağı, mənim qohumum-zadım yoxdu.

Nağı keçib, yolun tən ortasında dayanıb, hələ o başda görsənən maşına qabaqcadan əl qaldırdı. Maşın tamam yaxınlaşıb, onların lap yanına çatanda da Nağı yoldan çıxmadı. Və o maşın Nağının lap böyründəcə ötüşüb, yolun qırağı ilə sürətlə burulub gedəndən sonra Nağı bir yağlı söyüş söyüb, nəhayət ki, yoldan qırağa çıxdı.

– Ə, vicdansız, yəni bu dünyada bircə dəfə də bir iş mən deyən kimi ola bilməz? Axı niyə bu dünya həmişə sən deyən kimi olmalıdır? Niyə, əclaf? Sən məndən artıq kişisən? Yoxsa sən dünyaya Allahın yanından gəlmisən?

Kərim qorxa-qorxa Nağının gözlərinə baxdı, çünki Nağının gözlərini o, heç vaxt bu ölçüdə, bu əndazədə görməmişdi. Onun gözlərinin qarası elə bil ağından aralanmışdı, uzaqdaşmışdı və bir qəribə sürətlə hələ də durmadan uzaqlaşmaqda idi.

– Yaxşı, qoy sən deyən olsun. Deyərəm, Buzovnaya getmişdim. Qohumum filankəsin evinə. Lap olsun Ağahüseyn. Day nə istəyirsən məndən?

Nağı nisbətən toxtadı. Hətta elə bil sevindi də.

– Sən bunu yəni bir az qabaqdan desəydin ölərdin? Əclafsan da, əclafın yekəsisən. Tərsliyin tutanda çaqqala dönürsən.

Nağının gözlərinin qarası yerinə gəlmişdi və o eybəcər parıltı yenə Nağının gözlərində hardansa peyda olmuşdu. Bir də bu dünyada bir tərtəmiz, bir dumduru ay işığı vardı. Və Nağının gözlərinə baxanda o işıq birdən-birə Kərimin xəyalına gəlməsəydi, onların bu söhbəti bəlkə burada da həmişəlik qurtara bilərdi. Çünki maşın gəlirdi, maşın lap yaxında idi və get-gedə sürətini azaltdığından, bu maşın dayanana oxşayırdı. Və maşın gəlib yetişənəcən Kərim Nağını təzədən hirsləndirməyə ürəyində bir dəhşətli ehtiyac hiss elədi:

– İndi ki, belə oldu, sözümü geri götürürəm. Sən yıxılıb bax burdaca bu saat gəbərsən də, mən o yalanı deməyəcəyəm, Nağı.

Nağı möhkəm çaşdı, amma özünü o yerə qoymaq istəmədi.

– Cəhənnəmə de! Sənin o yalanı deməyin elə bilirsən mənim üçün çox vacibdir?

– Nə bilim, hər halda belə çıxır. Ya da, belə çıxır ki, yalan deyib, yalan eşitməyəndə sən daha yaşaya bilmirsən.

Son sözləri deyə-deyə Kərim azca aralıda dayanmış üstüörtülü yük maşınının qabağına qaçdı. Nağı yolun qırağında dayanmışdı, elə bil tərpənmək fikri yox idi.

– Getmirsən?

– Rədd ol!

– Gəl, yaxşı, ağ eləmə!

Nağı tərəddüd içində maşına yaxınlaşdı. Keçib arxa tərəfdə dinməz-söyləməz oturdular.

– Deməli, yalan deməyəcəksən?

– Deməyəcəyəm.

– Malades də, oğulsan, öz əqidəndə axıracan qaldın.

– Bəsdi, Nağı, qurtaraq bu söhbəti.

– Mən sənin bu murdar əqidəbazlığından iyrənirəm, Kərim.

– Hə, elədi. Bayaqdan o yalanı mənə dedirtməklə də qarnının azarı bu idi. Ancaq iyrənmirsən, qorxursan, Nağı. Bayaq dediyin düz idi.

– Sən həmişə əqidəbaz olmusan, bilirsən də?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ön söz yerinə

...Hər şeydən çox, dağlar yadımda qalıb.Bir də günəş yadımda qalıb.

19682 dəq
Qədim, qara külək

Siz heç təsəvvür də eləyə bilməzsiniz ki, mən – qırx ilin yazanı – əlimə qələm alandan bəri həmişə bir qara küləyin barəsində nəsə yazmağa can atmışam. Mən o qara küləyin öz yazısını indiyəcən yaza bilməmişəm. Ancaq, elə bilirəm ki, hər yazımın yazılması ərəfəsində o külək mənim içimdə həmişə əsib və indiyəcən yazdığım hər bir yazılı sözdə o qara küləyin xofu, həniri, havası var. Küləyin də yaşı, yaddaşı ola bilərmi görəsən?.. Yəqin ki, ola bilməz. Onda, bəs indi niyə mənə elə gəlir ki, o külək çox qədim külək idi, haradansa – sirli-sehrli bir aləmdən Əylisin göyüzünə özüylə bir topa qapqara bulud da gətirmişdi.O bulud həm də isti idi. Qara qoyun yunu kimi yüngül və yumşaq idi. O qara külək də, söz yox, o qara buludun küləyiydi. Və o qara külək bir xırdaca cəviz bağında – qələmə ağacı kimi dikinə uzanıb gedən – uca cəviz ağaclarının lap başdakı çılpaq budaqlarının arasında xəfifcə əsə-əsə elə bil o qara buludların sirli-sehrli nağılını bu dünyaya danışırdı.

19998 dəq
Tənha narın nağılı

I**Dava qurtaran o il, hələ Yaqub əsgərlikdən qayıtmamış, mən yay tətilinə çıxıb, beşinci sinif şagirdi olduğuma görə məktəbdən sevinə-sevinə evə qayıdanda Nabat xala qapımızın qabağında rastıma çıxdı və çeşmədən gətirdiyi dolu güyümü divara dirəyib çox ciddi bir tərzdə xəbər verdi ki, daha mənim küçələrdə veyillənmək vaxtım qurtarıb. Nabat xala kolxoz zəmilərində taxıl yığılandan sonra yerə tökülən sünbüllərdən danışdı; bağlarda qoz ağaclarının dibində nə qədər odun yatdığını söylədi, üstəlik, bizim küçə qapısının böyründəki yekə qarışqa yuvasını və yuvanın ağzından, qara zolaq kimi, divar boyunca düzülüb gedən qarışqa axınını göstərib, mənə nağıla oxşayan bir şey də danışdı: guya orda – divarın dibindəki o dar deşikdə hər qarışqanın düz on illik qış ruzusu vardı... Nabat xala dedi ki, əgər mən ağıllı uşaq olsam, bu yay zəmilərdən bir çuval taxıl yığa bilərəm, xeyli odun gətirərəm, ərikdən, alçadan rastıma nə çıxsa, üç-üç, beş-beş gətirib dama ataram və qışda ciblərimə doldurub məktəbdə ləzzətlə yeyərəm. Sonra o mənə sünbül yığmağın təhrini öyrətdi, hətta odunun hansı bağlarda daha çox olduğunu da dedi; məktəbdə dörd saatlıq dərsdən və uzun-uzadı “tətil iclası”ndan sonra mən özümü həyətimizdəki fındıq kollarının sıx yerinə verməyə nə qədər tələssəm də, axıracan dözüb, onun dediklərinə qulaq asdım.

19672 saat 10 dəq
Bir misranın yuxusu

(Yaxud yas yerindən reportaj)*1**

19771 saat 5 dəq

Başqa şairlərin şeirləri