Bir misranın yuxusu
Səhifə 5 / 10 · 40%
5
O şeir Fizzə müəllimənin təmiz adına heç bir ləkə gətirmədi. Fizzə müəllimə deputat da oldu, ərə də getdi, uşaq da doğdu. Vaxt keçdi – məscidin divarında kömür qarasının heç izi-tozu da qalmadı. Amma o ləkə haradasa, sən demə, qalıbmış. Sən demə, “Buzbulaq” deyilən yerdə heç kömür qarası da asanca, izsiz-tozsuz itib-gedə bilməzmiş. Bu isə lap sonralar Mücrü arvadın oğlu Rəcəb əsgərlikdən qayıdanda məlum oldu. O Rəcəb ki, əsgər getməmişdən qabaq kolxozun ilxısını otarırdı. O Rəcəb ki, əsgərlikdən qayıdıb, kolxoz sədri Cümşüdü gecənin hədd yarısı dəyirman arxında möhkəmcə döyüb, gedib öz ayağı ilə türməyə girmişdi. Rəcəb iki il türmədə yatmışdı. İndi Sumqayıtda, hansı zavoddasa fəhlə işləyirdi. Və bu saat bu yas yerində o mənimlə yan-yana əyləşmişdi.
Rəcəbin əyin-başı yaxşı idi. Sifəti diri idi, hökmlü idi. Başını aşağı salıb papiros çəkirdi. Hərdən gözlərini dolandırıb, yasda oturanlara baxırdı və bu baxmaqla da elə bil aşkar deyirdi ki, bəli, Rəcəb mənəm, Cümşüdü mən döymüşəm və mən kişi adamam, buna şübhə eləyən yoxdu ki?
Cümşüdü döyməyi öz yerində, amma kişilik sarıdan Rəcəbin işləri doğrudan da yaxşı gətirmişdi. Az vaxtda Sumqayıtda mənzil almışdı. Evlənmişdi, anasını Buzbulaqdan Sumqayıta köçürmüşdü. Və Buzbulaqda vur-tut dörd-beş il əvvəl baş verən o əhvalatı da indi Rəcəb, elə bil, yerli-dibli unutmuşdu. Amma yox, belə şeyi unutmaq çətin ki, mümkün olaydı. Belə hadisə bizim zəmanədə nəinki Buzbulağın, lap cəmi bəşər əhlinin həyatında, mən deyərdim ki, o qədər də tez-tez baş vermir. O əhvalat çox qəribə əhvalat idi, daha doğrusu, əhvalat deyildi, nağıl kimi bir şey idi.
Rəcəblə Ruzgarın nağılı
Biri sağıcı, biri ilxıçı. Yəni, hər ikisi ferma işçisi. Cümşüd isə, Rəcəb əsgər gedəndə, hələ kolxoz sədri deyilmiş, kolxozun mal həkimi imiş, – bunu da yadımızda saxlayaq.
Rəcəblə Ruzgar bir-birini çoxdan istəyirmiş. Rəcəbin əsgərlik söhbəti çıxanda nişanlanırlar. Rəcəb əsgərlikdə olanda onlar məktublaşırlar, ya məktublaşmırlar – bilmirəm. Amma eşitdiyimə görə, bu nağılın əvvəli Rəcəb əsgərlikdən qayıdan gün elə vağzaldaca başlanır.
Rəcəb qatardan düşəndə görür ki, Buzbulaq kolxozunun maşını vağzaldadır. Maşını sürən də, görür ki, elə həmişəki Möhsündür. Amma Möhsün, onlar Buzbulağa gedəndə, yolda özünü çox birtəhər aparır: lal-dinməz, qaşqabaqlı, Rəcəbin soruşduğu sözlərə ya könülsüz, ağızucu cavab verir, ya da heç cavab vermir. Rəcəb dilxor olur. Elə bilir ki, ya anasının, ya da Ruzgarın başına bir iş gəlib. Soruşur ki, anam sağdır? Möhsün deyir ki, sağdır. Deyir: Ruzgar necədir? Möhsün deyir: lap yaxşı. Amma sözü demək də var, demək də. Möhsünün o təhər könülsüz danışmağı Rəcəbi möhkəm şübhələndirir. Sonra Rəcəbin ağlına nə yerləşirsə, maşını dayandırır. Möhsünü sürüyüb maşından yerə salıb deyir ki: indi, danış görüm, Buzbulaqda nə var, nə yox? Möhsün and içib, aman eləyir. Deyir: vallah, billah, heç nə yoxdur. Anan da sağdır, – deyir. – Ruzgar da sağdır. Amma Ruzgar, – deyir, bu saat kənddə yoxdur. Üç gündür ki, Bakıya gedib.
– Ruzgar niyə gedib Bakıya?
– İclasa gedib.
– İclas nədi?
– İclas da, necə yəni iclas nədi?
– İclasa kim göndərib onu?
– Onu öz dostundan soruşarsan.
– Dostum kimdi?
– Cümşüd də, dostun deyil?
– Cümşüd nəçidi?
– Sədrdi də, xəbərin yoxdu?
Amma Möhsün bircə şeyi demir. Demir ki, Ruzgarı deputatlığa veriblər. Demir ki, bu saat Buzbulağın hər yerində (məktəbində, klubunda, çayxanasında) divarlardan, qapılardan Ruzgarın şəkli asılıb. Ya paxıllıqdan demir, ya da qorxudan demir. Və Rəcəb də bundan sonra daha heç o maşına da minmir. Gecənin zülmətində xeyli vaxt paypiyada yol gedir və Ruzgarın deputatlığa verilməsini də guya o, hələ kəndə girməmiş, kolxoz tövləsinin qarovulçusundan eşidir.
Deyilənə görə, Buzbulağa çatan kimi (hələ heç evə də baş çəkməmiş) Rəcəbin gördüyü iş o olur ki, qapılardan, divarlardan Ruzgarın şəkillərini qopardır. Sonra gedib, qaranlıqda kibrit çəkib məscidin üç taxçasının hər üçünü, dəlmə-deşiyinəcən, dönə-dönə yoxlayır. Ordan da birbaş cumur Cümşüdün yanına ki:
– Bəs sənin etibarın bu idimi, ay əclaf! Mən orda əsgərlik çəkirəm, burda nişanlım, mənsiz, Bakının qəstinsələrini gəzir.
İnsafən, deyirlər ki, o gecə Cümşüd özünü çox səbirli aparır, Rəcəbi sakitləşdirməyə çalışır, deyir ki: Ruzgarın namusunu indiyəcən nə qədər uca bilmisənsə, indi ondan da on mərtəbə uca bil. Deyir ki, biz sənnən dağda-daşda bir pud duz yemişik, mən sənin nişanlına xor baxsam, gərək o duz gözlərimdən tökülə. Deyir ki, Ruzgarın deputat olmağı sənin başının ucalığıdır. Deyir ki, bilmək istəsən, bu işdə mənim heç sən deyən rolum-zadım olmayıb... – Get yat, – deyir. – Səfehləmə. Yaz açılanda səni fermaya müdir qoyacağam. Bundan belə bu dünyada kef bizimdir.
Amma Rəcəb ipə-sapa yatmaq istəmir:
– Hə, – deyir, – kef bizimdir. Adam oğraş olandan sonra kef eləməyə nə var ki! Sən, – deyir, – oğraşsan, Cümşüd, buna görə də, mən səni döyməliyəm.
Cümşüd bu boyda zəhəri də udur.
– Döy, – deyir, – nə olar? Amma qışqırma, sən allah, arvad-uşağı yuxudan eləmə.
– Onda dur çıxaq bayıra.
Çıxırlar bayıra. Cümşüd elə bilir ki, Rəcəbi yumşaldacaq. Danışa-danışa gedib dəyirman arxına yetişirlər. Biri barışığa çəkir, o biri davaya. Axırı da bu olur ki, Rəcəb dəyirman arxında Cümşüdü ölüncə döyür, leşini dalına alıb, gətirib arvadının üstünə atır.
Bu əhvalatın mabədini isə Buzbulaqda yalan-doğru belə nəql edirlər:
Guya Rəcəb Cümşüdün “mitilini” aparıb evlərinə atandan sonra gedib anasına baş çəkib. Deyib ki, əsgərlik vaxtımı uzadıblar, bircə saatlığa buraxıblar ki, gəlib səni görüb qayıdım. Sonra, elə həmin gecə, guya Rəcəb gedib şofer Möhsünü də yuxudan oyadır və ondan Ruzgar barəsində elə qəribə şeylər soruşur ki, başı havalı olmayan adam belə şeyi ömründə ağlına gətirməzdi.
Məsələn:
– Ruzgar vağzala kimin maşınında gedib?
(Bu kolxozda guya Möhsünün maşınından savayı bir özgə maşını da var idi!)
– Gedəndə əyninin paltarı necə idi, başının yaylığı necə idi?
– Maşında danışırdı, yoxsa danışmırdı?
– Vağzalda Ruzgar kimlərlə salamlaşmışdı?
– O minən vaqona kim minmişdi?
Hətta bunacan ki:
– Ruzgarın mindiyi vaqona bir qara kostyumlu kişi də minmişdi, yoxsa minməmişdi?..
Bir sözlə, başı havalı adamın sayıqlamağı. Sonra isə, guya Rəcəb Möhsünə deyib ki, o qara kostyumlu kişinin Fizzənin evindən çıxmağını, uşaq vaxtı, bir dəfə guya o özü də görübmüş. Bunu deyib, çıxıb gedib. Amma guya elə həmin gecə Rəcəbi Fizzənin qapısında üzüqoylu səkinin üstünə sərilib ağlayan da görüblər. Bu isə, şübhəsiz ki, nağıldır. Ümumən, bu əhvalatın tam yarısı heç şübhəsiz uydurmadır. Çünki Buzbulağın köhnə xasiyyətidir: bir söhbət ki, dilə-ağıza düşdü, onu nağıla döndərməyincə Buzbulağın canı rahat olmaz. Buzbulaq nağılsız ötüşəmməz - istəyirsən hər evə üç televizor qoy, hər küçədə yüz dənə elektrik lampası yandır... Burasını elə bu, Rəcəb və Ruzgar əhvalatının lap sonluğu da sübut eləyir:
Bakıdan qayıdandan sonra Ruzgarın ayaqyalın, başıaçıq rayona cummağı, Rəcəbin yatdığı dustaq otağının qapısı dalında bir gecə səhərəcən yalvarıb, göz yaşı axıtmağı, bir həftə sərasər ac-susuz, türməyə keşik çəkməyi və s. və i. a.
Guya Ruzgar Rəcəbin türmədən buraxılmağına da icazə alır. Ancaq Rəcəb türmədən çıxmır. Deyir ki, çıxsam səni öldürəcəyəm, tikə-tikə doğrayıb, kolxozun itlərinə yedirəcəyəm. Bir sözlə, belə bir qəribə sonluq. Yarı gerçək, yarı uydurma... Özü də, o vaxt türmənin qapısında guya gözlərinin yaşını axıdıb, ölənəcən ərsiz qalacağına and içən Ruzgar indi ərdə idi. Həm də (gərək ki) üç uşaq anası idi.
Görən, Ruzgarın barəsində lap bu son günlərdə qəzetdə çıxan məqaləni Rəcəb də oxumuşdumu? Yuxarıda: “Sabahın xeyir, Ruzgar bacı!” Aşağıda: “Neymət Namaz”. (Bizim buzbulaqlı Neymətulla Namazovun yaxşı qələmi var). Və indi o, Neymət Namaz da burdaydı, yas yerində idi. (Onun qırmızı “Jiquli”sini helə bu həyətə girməmişdən, bayırda, darvazanın dalında görmüşdüm). Həmişə zirək, həmişə xeyrə-şərə yarayan Neymətulla! Özünün də belə bir yaxşı xasiyyəti var ki, qəzetlərdə məqaləsi çıxanda Bakıdakı buzbulaqlıların hamısına bir-bir zəng eləyib xəbər verir. Ruzgarın barəsində məqaləsi çıxan qəzeti isə Sadıq kişinin ehsanında o özü mənə vermişdi. Mən də məqaləni oxuyub, elə oradaca qəzeti Neymətullanın özünə qaytarmışdım...
Kitabxana.az · https://kitabxana.az/works/ekrem-eylisli-bir-misranin-yuxusu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
I**O biri küçələrdə ay işığının elektrik işığından bir az qarışığı vardı. O biri küçələrdə sıx binalar arasında reklamlar közərirdi.
May günüT.G.Kalyaginaya*Dərənin döşündə evlər arı pətəkləri kimi yan-yana düzülmüşdü. Damlarda müxtəsərcə qar vardı. Ordan-burdan tüstü qalxırdı, bir də orda-burda itlər hürüşürdü.
Ürək yaman şeydir...I**Sərvər əsgərlikdən bir ayrı vaxt gəlmiş olsaydı, bəlkə kənddə belə tez darıxmayacaqdı. Ancaq o, payızda gəldi. Payızın lap axırlarında. Gəlib gördü ki, çöl-bayırdan əl-ayaq kəsilib, atasının hər il kolxoza əkdiyi bostan sovuşub... Dağlarda ayrı vaxt adam boyunca qalxan otələf son çöpünəcən biçilib-daşınmışdı; bağların mer-meyvəsi çoxdan dərilmişdi, xəzəli yandırılmışdı; Sərvərgilin heyva ağaclarındakı beşaltı heyva və döşlərdə, kolxoz xırmanlarında saralan üç-dörd taya saman – meşəli, bağlı-bağçalı Buzbulaq kəndinin bir dünya payızından qalan xırdaca xatirə idi, özgə bir şey deyildi.
Dəyirman əhvalatıI**Buzbulağın çayxanasında heç vaxt çox adam olmur, o ki qaldı günün bu vaxtı ola: hələ heç on bir də yox idi.
Başqa şairlərin şeirləri
Zərrəcə qəm çəkmə, aliyi-həzrətim,Qadir Mövlamız sənə yar olur,
Aran köçüGəldi yayın ortası,Kəsdi dağın laylası.
Nə mən olaydım, ilahi, nə də bu aləm olaydıNə mən olaydım, ilahi, nə də bu aləm olaydı!Nə də bu aləm əra dil muqəyyədi-qəm olaydı!
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,