Səhifə 9 / 10 · 80%

Bu adamın dəqiq işləyən beyni yenə də bütün hissləri, həyəcanları üstələdi, Əbdül Qafarzadə o iri maşının sürücüsünün gözü ilə özü özünü uzaqdan gördü: gecənin yarısı, o şıdırğı yağışın altında qara paltolu, qara şlyapalı hündür bir kişi böyrünə bir bağlama sıxıb bomboş küçə ilə sürətlə addımlayır...

Hər halda, o maşını saxlamaq lazım idi. Əbdül Qafarzadə dayandı, sağ əli ilə bağlamanı qaldırıb bərk-bərk sinəsinə sıxdı və sol əlini qaldırdı. Bu dəm Əbdül Qafarzadə özü də hiss edirdi ki, lazım gəlsə, o, sürücünü öldürməyə hazırdır – heç bir tərəddüd keçirməz və öldürər.

Maşın gəlib qabağında dayananda Əbdül Qafarzadə gördü ki, bu, zibil maşınıdır; o yağışın, küləyin içində, gecənin yarısı bu zibil maşını Bakının küçələrində nə eləyirdi? Allah bilirdi...

Əbdül Qafarzadə qalxıb kabinkada oturaraq əli ilə üz-gözünün suyunu sildi, o bağlamanı qucağına aldı, sonra cibindən bir dənə onluq çıxarıb əvvəl başdan sürücüyə verdi və həmin zibil maşınını Tülkü Gəldi Qəbiristanlığına tərəf sürdürdü. Yaxşı ki, sürücü rus idi, azərbaycanlı, ya erməni olsaydı, marağından alışıb yanacaqdı, sorğu-suala başlayacaqdı, amma bu rus sürücü qırmızı onluğu cibinə basdı, təkcə:

– Çert!.. Kakoy dojd a?! – deyib maşınını üzüyuxarı, birbaşa Tülkü Gəldi Qəbiristanlığına tərəf sürdü.

Əbdül Qafarzadə zibil maşınını Qəbiristanlıq İdarəsinin yox, Tülkü Gəldi Qəbiristanlığının arxa tərəfində, köhnə torpaq yolun yanında saxlatdı. Buralarda günün günorta çağı da heç kim olmurdu, o ki, qala belə bir yağışlı-çovğunlu qış kecəsi və həmin anda Əbdül Qafarzadə fikirləşdi ki, bu külək ona kömək eləmək üçün beləcə əsir, bu yağış da ona kömək eləmək üçün beləcə şıdırğı yağır; bu – taledi, taledən isə qaçmaq mümkün deyil.

Zibil maşınından düşüb, az qala, topuğa qədər palçığa bata-bata qəbiristanlığa girdi və o zibil maşınının səsi sürətlə uzaqlaşa-uzaqlaşa (sürücü o qırmızı onluğa baxmayaraq yəqin bu yerlərdən və bu sərnişindən tez uzaqlaşmaq istəyirdi) yağışın şırıltısı içində eşidilməz olanacan köhnə bir qəbrin yanındakı hündür küknar ağacının altında dayanıb gözlədi, sonra birdən-birə yağışın yuyub təmizlədiyi o küknar ağacının iyini hiss etdi. Bu iy ölü yerinə gətirilən əklillərin iyinə bənzəyirdi və Əbdül Qafarzadə bir an, cəmi bircə an indicə qonaq otağındakı mizin üstündə qoyub gəldiyi o cənazəni xatırladı, sonra yenə əli ilə üz-gözünün suyunu sildi, bütün ətrafda heç kimin olmadığını dəqiq elədi və sürətlə Tülkü Gəldi Qəbiristanlığının yuxarı hissəsinə, o təpəciyə tərəf addımladı.

Orduxanın cənazəsini xəstəxanadan Təzə Pir məscidinə aparanda Əbdül Qafarzadə Mirzəibiyə, Vasiliyə, Ağakərimə bu yeri nişan vermişdi və oğlunun qəbrini burada qazdırmağı tapşırmışdı. Bu yer Əbdül Qafarzadənin şəxsi ehtiyatı idi, buranı ən mötəbər vəzifə sahiblərinin də qohumlarından gizlətmişdi, elə bil, fəhmi kişiyə deyirdi ki, saxla, lazım olacaq.

Təpəciyin üstündə qəbri qazıb qurtarmışdılar və axşam yağış başladığını görüb orada tələsik bir talvar da düzəltmişdilər ki, yağış təzə qəbri korlamasın. Əbdül Qafarzadə hər addımına bələd olduğu qəbiristanlığın içi ilə palçığa bata-bata o təpəciyin yanına gəlib çıxdı və torpaq sürüşkən olduğu üçün az qala iməkləyə-iməkləyə təpəciyə qalxdı, əlindəki o bağlamanı qazılmış qəbrin kənarına yığılmış torpağın üstünə qoydu, diqqətlə ətrafa baxdı, amma o qaranlıq içində gözünə nə taxta, nə də dəmir parçası sataşdı, sonra əlini paltosunun cibinə salıb həmişə özü ilə gəzdirdiyi açarları (mənzilin, kabinetin və seyfin açarlarını) çıxartdı və təzə qəbrin içinə girdi. Qəbrin aşağısını da, kənarlarını də mişar daşlarıyla səliqə ilə hörmüşdülər, amma hava rütubət olduğu üçün, o talvar yağışın qabağını tamam ala bilmədiyi üçün, mişar daşlarının arasındakı suvaq hələ qurumamışdı və Əbdül Qafarzadə aşağı çöməlib açarlardan ən uzunu ilə qəbrin aşağısına döşənmiş mişar daşlarının arasını sürətlə qazıb-qaşımağa başladı.

Əbdül Qafarzadə açarla qazır, barmaqlarını mişar daşlarının arasına salıb suvağı çıxarır və heç nə barədə fikirləşmirdi, təkcə tez-tez qəbrin kənarına qoyduğu o böyük bağlamaya baxırdı; əlbəttə, bu dəm o həndəvərdə heç kim yox idi və heç kim də gəlib o bağlamanı oradan qaçıra bilməzdi (hətta bayaq o küknar ağacının altında xüsusi dayandı ki, zibil maşınının çıxıb getməyini gözləri ilə görsün, hərçənd o rus sürücü görkəmindən əfəlin birinə oxşayırdı), Əbdül Qafarzadə bunu başa düşürdü, amma buna baxmayaraq, ürəyində bir nigarançılıq var idi, ona elə gəlirdi ki, növbəti dəfə həmin yerə baxanda o bağlamanı orada görməyəcək; ürəyindəki o nigarançılıq bütün ətrafı basıb-bürümüş o şıdırğı yağışın altında, elə bil ki, bu adamı daha da tələsdirdi və o iyirmi dəqiqənin ərzində qəbrin aşağısından iki mişardaşı çıxartdı, açarla, barmaqları ilə o iki mişar daşın altında təxminən yarım metr dərinliyində, o bağlama enində bir deşik açdı, qəbrin kənarına qoyduğu büllur güldanı götürüb ehtiyatla həmin deşiyin içinə soxdu, sonra eşib çıxartdığı torpaqla da basa-basa o bağlamanın üstündən deşiyin ağzını örtüb hamarladı, mişar daşlarını öz yerinə qoydu, çıxartdığı qırıntılarını torpaqla qarışıq mişar daşlarının arasına yeritdi, ayağa qalxıb bir-iki ovuc torpaqla qəbrin aşağısını tamam hamarladı, qəbirdən çıxıb kənarda yenə də aşağı çöməldi, əlini uzadıb qəbrin içində ayaqlarının izini də palçıqla hamarladı.

O yağışlı qış gecəsi qara gün üçün saxlanmış o varidat Tülkü Gəldi Qəbiristanlığında beləcə basdırıldı; bu yeri Əbdül Qafarzadədən başqa dünyada heç bir kimsə bilməyəcəkdi və yəqin ki, indi bütün Bakıda heç kimin var-dövləti beləcə etibarlı bir yerdə saxlanmırdı...

Hər şey qurtardı, bütün bu əməliyyat başa çatdı və yalnız bundan sonra, Əbdül Qafarzadə qəbrin kənarında oturub nəfəsini dərdi, əllərini yanında uzatdı, kürəyini qəbrin içindən çıxarılmış torpağa söykədi (sabah o torpağı Orduxanın cənazəsi üstünə tökəcəkdilər), paltosunun, pencəyinin, köynəyinin, maykasının, şalvarının, tumanının, corabının yaşını hiss etdi və birdən-birə bu adamın bütün içindən fəvvarə kimi bir hönkürtü qopdu, gözlərinin yaşı sir-sifətində hələ də qurumamış yağışa qarışdı, sinəsindən dağlanmış yağ kimi, bütün varlığının cızdağını çıxaran bir inilti qopdu: «– Bu nə gündü mən düşmüşəm, ay Allah?!.»

Qonaq otağında qoyub gəldiyi o cənazə də indi Əbdül Qafarzadənin gözlərinin qabağında idi və bu adam o təzə qəbrin kənarında həm dünyadan getmiş və sabah bu qara torpağa tapşırılacaq oğlu üçün ağlayırdı, həm də öz gününə.

Əbdül Qafarzadə yenə də özünü kənardan gördü, yəni onun beyni bu məqamda da tam dəqiqliyi ilə işləyirdi, həmin yağışlı qış gecəsi öz vəziyyətinin bütün dəhşətini dərk edirdi. Yeganə təskinlik o idi ki, bunu heç kim bilməyəcəkdi və o dəhşətin yeganə şahidi Əbdül Qafarzadə özü idi...

Təzə qazılmış qəbrin kənarından gələn o hönkürtü yağışın şırıltısına qarışıb Tülkü Gəldi Qəbiristanlığının Sulu dərəyə yaxın hissəsinə yayılmışdı və elə bil ki, o gecə çağı o hönkürtü həmin yağışın və həmin gecənin özünün hönkürtüsü idi...

Əbdül Qafarzadə evə gəlib çatanda səhər saat 5-ə az qalırdı. Həyət dayanmaq bilməyən yağışın altında eləcə bomboş idi, çadırdan gələn işıq da eləcə maşınların üstünə düşmüşdü və Əbdül Qafarzadə yenə də qaranlıq ağaclıqdan keçib üçüncü mərtəbəyə qalxdı; hər şey yenə də üç-dörd saat bundan əvvəlki kimi idi.

Əbdül Qafarzadə mənzilin açıq qapısından içəri girəndə Mürşüd Gülcahani tualetdən çıxırdı, arakəsmədə rastlaşdılar və yazıçı qudasını beləcə suyun-palçığın içində görəndə, yaş sifətinin rənginə və ifadəsinə baxanda yerində donub qaldı:

ömrünün az qala qırx ilini yazıçılığa həsr etmiş Mürşüd müəllim ömründə bu görkəmdə, bu sifətdə adam görməmişdi( özü də ki, bu adam Əbdül Qafarzadə idi!). Əbdül Qafarzadə yağışın altında əsgiyə dönmüş şlyapasını, suyu axan palçıqlı paltosunu çıxarıb Mürşüd Gülcahaninin üstünə atdı və ardınca arakəsmənin parket döşəməsində iri ayaqqabılarının palçıqlı izlərini sala-sala birbaşa yataq otağına keçdi.

Mürşüd Gülcahani arakəsməyə göz gəzdirdi ki, suyu tökülən bu soyuq paltonu, şlyapanı hara qoysun, nəhayət, əlindəkiləri boş bir kürsünün üstünə atıb Əbdül Qafarzadənin ardınca yataq otağına tərəf getdi. Mürşüd müəllim bayaqdan elə bilirdi ki, Əbdül Qafarzadə gedib yataq otağında yatıb, hətta ürəyində qudasının qarasına deyinirdi də ki, özü gedib yatıb, biz isə məcburuq ki, səhərə kimi bu otaqda, cənazənin yanında oturaq... Amma, sən demə, evdə deyilmiş... Özünü öldürmək istəyirmiş, nədir?..

Mürşüd Gülcahani yataq otağına girəndə Əbdül Qafarzadə arxası qapıya tərəf, otağın düz ortasında, palçıqlı ayaqqabıları ilə hələ inqilabdan əvvəl toxunmuş və təravətini olduğu kimi saxlamış gözəl Təbriz gəbəsinin üstündə dayanmışdı. Mürşüd Gülcahani bir-iki addım irəli atıb dayandı, ayaqqabıları ilə o gözəl Təbriz gəbəsinin üstünə çıxmağa cürət eləmədi və sidq-ürəkdən gələn həzin və asta bir səslə:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri