Səhifə 11 / 12 · 83%

Ələsgər müəllim bu dəfə əməlli-başlı səksəndi:

– Bizə niyə? Biz nə etmişik ki?..

Xosrov müəllim:

– Nə bilim... – dedi. – Adamın ürəyinə hər şey gəlir...

Bu vaxt kabinetin qapısı açıldı və gözlərindən qəzəb yağan Xıdır müəllim içəri girmək istədi, amma Ələsgər müəllimi Xosrov müəllimlə üzbəüz dayanmış görüb qapını bərk (nümayişkarcasına!) örtdü.

– Bunu görmürdün orda sən, ay bədbəxt oğlu? – soruşdu.

Ələsgər müəllim qapıdan gözünü çəkib yenə də Xosrov müəllimə baxa-baxa açıq-aşkar bir ümidsizliklə:

– Bunu görmürdün orda sən, ay bədbəxt oğlu?– soruşdu. –Başına söz qəhətiydi sənin? Özün də təzə-təzə bədliyin daşını atmısan, təzə ailə qurmusan!..

Xosrov müəllim səhərə kimi yatmamışdı; qonaqlıqdan evlərinə gələndə əvvəlcə soyunub yerlərinə girdilər, tramvayla gəldikləri üçün soyuğa düşmüşdülər və bayırın o soyuğundan sonra dünyanın işlərindən xəbəri olmayan Gülzar xanım çarpayıda Xosrov müəllimi hamar dərili, dolu və isti qucağına basdı və o hamar dəri, o isti, o mehriban bədən Xosrov müəllimə hər şeyi unutdurdu, belə istinin, belə mehribanlığın içində Xosrov müəllimin iki aydan bəri davam edib gələn və bayaqkı məclisdə birdən-birə, az qala, tamam uzaqlaşıb getmiş o xoşbəxtliyi, elə bil, yenə də geri qayıtdı və o xoşbəxtlik məqamlarında Xosrov müəllim üçün dünyada nə Xıdır müəllim, nə Mir Cəfər Bağırov, nə də onun qorxusu var idi; Gülzarın tək-tənha yaşadığı o yeddi il ərzində öz içində əlbəyaxa olduğu, boğduğu hisslər indi hər dəfə təzə bir eşqlə qarşısını almaq istəmədiyi bir ehtirasla coşurdu və bütün bu iki ay ərzində onlar həmin eşqlə, həmin ehtirasla yaşayırdılar və həmin qarlı qış gecəsi də belə oldu, sonra Gülzar tamam taqətdən düşüb gözəl bir yuxu ilə yatdı və Xosrov müəllim iki ay bundan əvvələ qədər illərdən bəri tənha yaşadığı o balaca otağın qaranlığı içində lap başqa bir dünyanın – iki ay bundan əvvələ qədər Xosrov müəllim üçün səsçatmaz, ünyetməz bir dünyanın sirri, əfsanəsi kimi alaqaranlıqda Gülzarın ağ və dolu qollarına, iri və hərarətli döşlərinə baxdıqca birdən-birə yadına saldı ki, dünyada Xıdır müəllim var, dünyada Mir Cəfər Bağırov var və dünyada Xıdır müəllimlə Mir Cəfər Bağırov arasında – bu uzun məsafədə – get-gedə böyüyən, biri o birisindən uca elə adamlar (və o qədər adamlar!) var ki, Xosrov müəllim kimilərinin minini birdən büküb-bürmələyib maye azotun içinə basar, heç «uf» da deməz və o maye azotun soyuğu, elə bil ki, birdən-birə Xosrov müəllimin nəzərlərində Gülzarın isti bədənini buza çevirdi və indi o hamarlıq da buz hamarlığı idi.

Xosrov müəllim səhərə kimi çarpayıda oturdu və həmin maye azot soyuğu içində ikisinin – Gülzarla Xosrov müəllimin arasına soxulmaq istəyən fəlakəti bir varlıq kimi hiss etdi. Hardasa uzaqlarda yanan o tonqalın şölələri də isti yox, həmin maye azot kimi, soyuq saçırdı...

Xosrov müəllimə elə gəlirdi ki, səhər açılacaq və o yenə də Ovanesin faytonuna minib YENİDƏN evdən çıxacaq, o gedər-qayıtmaz səfəri YENİDƏN başlayacaq, uşaqlar yenə də həmin o səhərdə olduğu kimi, səs-küy salacaq:

– «Ata, sağ ol!..» – Bunu Cəfər deyəcək...

– «Ata, tez gəl!..» – bunu Aslan deyəcək...

– «Ata... Ata...» – bunu da iki yaşlı Azər deyəcək və Şirin bir dolu parç suyu yenidən onun ardınca atacaq və sonra Şirin də, altı yaşlı Cəfər də, dörd yaşlı Aslan da, iki yaşlı Azər də yenidən məhv olacaqlar, onu yenidən Hadruta buraxmayacaqlar və o tonqal yenidən alışıb yanacaq.

Xosrov müəllim çarpayıdan qalxmaq istədi, gedib əl-üzünü yumaq, bir az sakitləşmək istədi, amma kiçicik bir hərəkət də edəndə o gecəyarısı ona elə gəlirdi ki, Ovanesin faytonunda Şuşaya gedir, bu hərəkət də ona görədir ki, fayton yırğalayır və Şuşaya aparıb çıxaran o dağ yolu indi qapqara bir rəngə bürünmüşdü və Xosrov müəllim bu qara rəngi o qədər gerçək hiss edirdi ki, elə bil, indicə bu qara rəng bir şirə kimi, üz-gözünə, bədəninə yapışacaqdı və ən dəhşətlisi bu idi ki, Xosrov müəllimə o anlarda elə gəlirdi, elə bil, bu qara rəng indicə Gülzarın da o ağappaq bədənini bürüyəcəkdi.

O gecə çağı çarpayıda oturmuş Xosrov müəllimin içindən eynilə o tonqalın kənarında olduğu kimi, bir zarıltı baş qaldırmağa başladı, daha doğrusu, bu səs insan zarıltısından daha artıq, bir zingiltini xatırladırdı və o zingilti get-gedə artırdı, amma bu vaxt deyəsən, Gülzar da Xosrov müəllimin içindən baş qaldırmış o səsi yuxuda eşitdi və... gülümsədi.

Xosrov müəllim otağın qaranlığı içində Gülzarın sifətindəki o təbəssümü açıq-aşkar hiss etdi. Gülzar yerində qurcalandı, qollarını daha da geniş açıb, Xosrov müəllimə tərəf çöndü. Gülzar ağappaq qollarını yastıq boyu uzatmışdı və qoltuğunun yumşaq tükləri də qaranlıq içində seçilirdi, döşünün biri ipək gecəköynəyinin yaxasından çölə çıxmışdı və Xosrov müəllim yenə də birdən-birə o döşlərin hərarətini hiss etməyə başladı, bu hiss, elə bil ki, onun içinə nəsə bir ilıqlıq gətirdi və həmin zingiltini kəsdi.

Xosrov müəllim özünün başına gələcək müsibətdən qorxmurdu – müsibətdə onun üçün qorxulu bir şey yox idi – Xosrov müəllim Gülzar hisslərinin, Gülzar rəftarının bu iki aya dolmuş hərarətinin, istisinin donmağını, eləcə maye azota çevrilməyini istəmirdi. Sonra Xosrov müəllim Ələsgər müəllimi yadına saldı, Kələntər müəllimi yadına saldı, Əlibaba müəllimi yadına saldı, firidun müəllimi yadına saldı, bu adamların ailələri barədə fikirləşdi, Firuzə xanımı, Arzunu gözlərinin qabağına gətirdi və başa düşdü: elə bir səhv edib ki və bu səhvin nəticəsi elə ola bilər ki, Kələntər müəllimin yeddi qızından tutmuş Arzuyacan hamı küçələrə tökülər...

Ələsgər müəllim gözlərini qapının ağzında dayanmış Xosrov müəllimdən çəkib mizə tərəf yaxınlaşdı, yenə Xosrov müəllimə nəsə demək istədi, amma demədi, təkcə əlini yellədi və köksünü ötürdü; elə bil, Xosrov müəllimin saçları doğrudan da bu bir gecənin içində ağarıb.

Xosrov müəllim getdi. Ələsgər müəllim kabinetin məktəb həyətinə baxan pəncərəsinə yaxınlaşdı. Pəncərənin taxta sürahısına irili-xırdalı saxsı dibçəklər düzülmüşdü və o dibçəklərdə cürbəcür güllər bitmişdi, bu güllərin cürbəcür rəngi var idi və o rənglərin hamısı – qırmızısı da, sarısı da, bənövşəyisi də, yaşılı da indi Ələsgər müəllim üçün dünyanın dərdli, kədərli işlərindən xəbər verirdi... Bu gözəl gülləri Firuzə xanım bəsləyib, yetişdirib Arzu ilə məktəbə, bu otağa göndərmişdi və bu gözəl, bu zərif güllərin, çiçəklərin, əlbəttə, dünyadan xəbəri yox idi, bu gözəl, bu zərif güllər bilmirdi ki, bəzən insan nə günə düşür, bəzən insan ürəyində nələr çəkir, vicdan necə ağlayır...

Ələsgər müəllim hiss etdi ki, kabinetin qapısı açıldı, amma geri çevrilmədi, bir müddət eləcə güllərə baxdı və bu otuz ilin müəlliminə birdən elə gəldi ki, kimsə onun kürəyini nişan alıb, indicə atacaq, güllə, indicə onun kürəyini deşəcək, o güllə keçib Firuzəyə dəyəcək, Arzuya dəyəcək, hətta Ələsgər müəllim kürəyində o güllənin göynəyən yarasını duydu və sərt hərəkətlə geri çevrildi.

Xıdır müəllim qapının ağzında dayanıb qəzəbli nəzərlərlə Ələsgər müəllimə baxırdı. Xıdır müəllim də narahat, həyəcanlı bir gecə keçirmişdi. Evləri şəhərin Bayıl tərəfində idi və dünən gecə Ələsgər müəllimgildən çıxanda tramvaya minmədi, o uzaq yolu qarın altında piyada getdi: bu cür piyada getmək həm bədənə xeyir idi, həm də Xıdır müəllim fikirləşirdi, satqın adamlar barədə düşünürdü. Cəmiyyəti Xosrov müəllim kimi satqınlardan təmizləmək lazım idi. Özü də dayanıb gözləmək olmazdı. Xıdır müəllim nə vaxta qədər dayanıb gözləyəcəkdi? Hücuma keçmək lazım idi, hücuma! Hansı komanda – istəyir futbol olsun, istəyir basketol, nə olur-olsun, – hücuma keçməsə, qələbə qazana bilər? Heç bir komanda! Bir qara qəpiyə də dəyməyən adamlar görürsən ki, sayıqlıq edir, hücuma keçir, Xosrov müəllim kimilərini ifşa edir, yüksək də mərtəbələrə qalxır. Bəs, Xıdır? Xıdırın nəyi əskikdir? Özü də zəhmətkeş ailəsindən çıxıb! Kim Azərbaycan idmanına Xıdırdan yaxşı rəhbərlik edə bilər? İdmanı beş barmağı kimi bilir. İdmançıların hamısını tanıyır. Ancaq Xıdırı heç kim tanımır. Çünki Xıdır həyatdan geri qalır. Xosrov müəllim açıq-aşkar düşməndir, daha buna heç bir söz ola bilməz. Buna daha Ələsgər müəllimin yağlı dili də kömək eləyə bilməz. Görmədin, O boyda kişinin sağlığına içmək istəmədi, hamının qabağında protest elədi, belə düşmənə kim kömək eləyə bilər? Bəs, Xıdır indi də özünü göstərə bilməsə, haçan göstərəcək? Xıdır özünü göstərə bilməsə heç zaman bədən tərbiyəsi sahəsində rəhbər işdə olmayacaq, ömrünün axırına qədər o əbləh məktəbdə, dallarını güclə çəkən o xəstə-xüstə müəllimlərin, uzununa heç iki metr də hoppana bilməyən küt şagirdlərin içində itib-batacaq. Xıdırın böyük vəzifələrdə heç kimi yox idi, heç kim ona kömək etməyəcəkdi və indiyəcən Xıdır nəyə nail olmuşdusa, öz gücünə eləmişdi. Ancaq hələ hər şey irəlidə idi. Xıdır hələ çox aza nail olmuşdu...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

XVII fəsil

Çəkisi 160 kilodan artıq olan Bolelşik Bufetçi İbadulla Buzovnanın məşhur futbol azərkeşlərindən və ümumiyyətlə, kəndin seçilib-sayılan kişilərindən biri idi, amma heç kim – nə kənd camaatı, nə də daimi müştərilər –Cümü (Qızıl Diş Cümşüd) kimi – bilmirdi ki, bəzən elə məqamlar olurdu, Bolelşik Bufetçi İbadulla, əslində, özü öz bufetindən xəcalət çəkirdi...İyunun həmin ilk günü də günorta bufet boş idi, Bolelşik Bufetçi İbadulla iri dəsmalı ilə yay-qış həmişə tərli olan boynunu, sifətini silə-silə və həmişə də bu bufetdən əskik olmayan sırtıq milçəkləri qova-qova bufetin şüşə piştaxtasının arxasındakı «zakuskalara» baxırdı: ABŞ-dan gəlmiş toyuq budunun soyutması, fransız yumurtası, İran kartofu, Türkiyə pendiri, Qazaxıstandan koreyalıların gətirib ucuz qiymətə satdıqları baş soğan, Tunis zeytunu, gətirilmə yeri məlum olmayan (bic uşaqlar kimi) və içi də sapsarı qarpız... O piştaxtada yerli məhsul, ancaq süpürgəçi Marusyanın bişirdiyi kampot idi.

2 dəq
XVIII fəsil

Sara altıncı sinifdə və ikinci növbədə oxuyurdu və Səyyarə yavaş-yavaş sinəsi dolmağa başlayan Saranın nimdaş yubkasına, azı, yüz dəfə yuyulmuş ağ köynəyinə baxanda, arvadı az qalırdı ağlamaq tutsun və həmin məqamlarda darağı götürüb özü qızın saçlarını darayırdı, elə bil, saçların səliqə-sahmanı, gözəlliyi o yubka ilə, o adda-budda süzülməyə başlayan ağ köynəyin nimdaşlığını ört-basdır edəcəkdi.Bu dəfə Səyyarə Saranın saçlarını daraya-daraya dedi:

1 dəq
XIX fəsil

Abşeronun il-on iki ay saralıb-solmuş olan kollu-koslu çöllü-biyabanında salınmış şuşalılar qəbiristanlığı hələ ki, o qədər də böyük deyildi, burada cəmi 23 qəbir var idi və bunun da 17-si Buzovnadakı Fəhlə Yataqxanasından idi, beşi isə başqa ətrafda yaşayan şuşalıların (bəlkə də təkcə şuşalıların yox, ümumiyyətlə, qarabağlı qaçqınların) qəbri idi.Aydın məsələdir ki, dünyanın ən qəmgin yerlərindən biri qəbiristanlıqdır, amma Bakıdan gələn və elektrik qatarı yolunun sağında, sovet vaxtı tikilməyə başlamış və o vaxtdan bəri tikintisi yarımçıq qalmış bir binanın (bura məktəb olmalıydı, ya nəsə başqa bir tikinti idi) arxasında salınmış bu qəbiristanlıq həm də, yəqin, dünyanın ən kasıb qəbiristanlığı idi.

1 dəq
XX fəsil

... gecələr elektrik qatarının təkərlərinin tukkatuku o yerlərdə çox aydın eşidilirdi, hətta o tukkatukun yüngülcə bir titrəyişi də, Buzovnada yuxuya getmiş Fəhlə Yataqxanasında, elə bil, hiss olunurdu və həmin gecə də sonuncu – gecə saat 1 elektrik qatarı Mərdəkandan qayıdıb Bakıya gedəndə o tukkatuk eləcə aydın eşidildi və yüngül bir titrəyiş də hiss olundu...... və o gecə bütün Yataqxana kimi, Bayraqdarın ailəsi də yuxudaydı: hərə öz həmişəki yerində – Güllü arvad otağın ortasındakı mizin üstündə, Sara həmin mizin altında, Surxay qapının ağzında, yerdə, Səyyarə də ensiz dəmir çarpayıda yatmışdı; Səyyarə o yeganə çarpayıda yatmağı özünə qıymırdı, amma nə illah edirdi, nə Güllü arvad, nə də Sara o çarpayıda yatırdı, Surxaya isə bu barədə bir söz deyən yox idi; əslində, Surxay öz yerindən çox razı idi, çünki səhər ən tez duran o idi, heç kimi narahat etmədən qapını açıb eşiyə çıxırdı; düzdü, hərdənbir gecənin yarısı Güllü arvad mizin üstündən düşüb tualetə gedəndə Surxayın üstündən addımlamalı olurdu, amma Surxay on ildə buna adət etmişdi və bu, onun üçün elə bir narahatlıq deyildi...

2 dəq

Başqa şairlərin şeirləri