Səhifə 5 / 12 · 33%

Bir dəfə Əflatun müəllim özünü tələm-tələsik Ələsgər müəllimin müdir otağına dürtdü: «– Xəbərün var, Ələsgər müəllim, nolub?!» Ələsgər müəllim bu adamdan heç bir xeyir xəbər gözləmirdi və həmin dəfə də nigarançılıqla: «– Nə olub, Əflatun müəllim?»– soruşdu. Əflatun müəllim tələsdiyi üçün daha tez-tez çaşa-çaşa: «– O qəzet var e, – dedi, – adı nədi, şey, hə, «Azərbaycan piyaneri», onun, orda işləyənə nə deyirlər, şey, o adı nədi, şey, hə, müxbir gəlib, Xosrov müəllim də, o adı nədi, şey, bizim məktəbi tərifləyib!..» Ələsgər müəllim təəccüblə: «– Tərifləyib deyirsən?» – soruşdu. «– Hə, tərifləyib də, o adı nədi, şey, çox tərifləyib». Ələsgər müəllim: «–Yaxşı də, – dedi. – Tərifləyib, çox sağ olsun də». Həmişə belə vaxtlarda olduğu kimi Əflatun müəllim fikirləşirdi ki, bəli, bəli, elədir ki, var, əsl xalq düşməni Ələsgər müəllimin özüdür, amma deyirlər... Kişiylə uşaqlıq dostu olublar də, yerlisidir. Elə bil ki, Əflatun müəllim həvəskar bir balıqçı idi, Ələsgər müəllim də gözəl, iri, kök bir balıq idi və o balıqçı, gözünün qabağındakı bu iri balığı – Ələsgər müəllimi qarmağa keçirib sudan çıxartmaq xoşbəxtliyindən məhrum idi, gecə-gündüz xırda-xuruş balıq axtarırdı, onlar da ələ keçmirdi. «– O adı nədi, şey, yaxçı eləyib deyirsüz ki, ya, Xosrov müəllim tərifləyib bizim məktəbi? Bəlkə bizim o adı nədi, şey, siyasi sayıqlığımızı yatırmaq istəyib, hə? Mən bilirəm ki, bu, o adı nədi, şey düşmən hiyləsidir!..» Onda Ələsgər müəllim kimi zəmanədən hər şey gözləyən bir adam da, Əflatun müəllimin bu sözlərinə, Əflatun müəllimin mühakiməsinə, məntiqinə mat qaldı...

Xosrov müəllim tək yaşayırdı, dəqiq adam idi, vaxtlı-vaxtında məktəbə gəlirdi, vaxtlı-vaxtında da məktəbdən gedirdi, bir dostu, yaxın tanışı yox idi, məktəbdə də heç kimlə yaxınlıq etmirdi, köynəyi, corabı həmişə təmiz olurdu, yəqin ki, özü yuyurdu, kostyumu da çox geyilməyinə baxmayaraq, səliqə-səhmanlı idi, düymələri tikili, şalvarı ütülü olurdu, yay-qış geydiyi qara ayaqqabısını da həmişə tərtəmiz silirdi, dabanı gedəndə təzə daban vurdururdu, qarlı-yağışlı günlərdə o ayaqqabının üstündən qaloş geyirdi. Xosrov müəllim Ələsgər müəllimin təsəvvüründə susuzluqdan saralıb-solub qurumaqda olan bir dənə uzun saplaqlı yarpaq idi ki, o yarpaqda həyat aləməti deyilən bir şey yox idi və o yarpağın didilib torpağa qarışmağına lap az qalmışdı, amma iki ay bundan əvvəl birdən-birə o yarpaq göyərməyə başladı. Xosrov müəllim göz-görəti dəyişdi, elə bil, qurumuş o saplaq torpaqdan su aldı, elə bil, gözünün kənarlarındakı o qırışlar da bir balaca açılmağa başlamışdı və o vaxt dünyanın ən gözlənilməz bir xəbəri Ələsgər müəllimə ləzzət verdi: Xosrov müəllim evlənmişdi.

Firuzə xanım işləməsə də, ömrünü Ələsgər müəllimin rahatlığına və Arzunun böyüməsinə həsr etsə də, həmişə məktəbdəki hadisələrdən xəbərdar olurdu, əri ilə bir çarpayıda yuxuya getməzdən əvvəl, Ələsgər müəllim yavaş-yavaş danışırdı, ürəyini boşaldırdı və Firuzə xanım da həmin gün məktəbdə nə baş verdiyini bilirdi. Arzunun qonaqlıqlarında cəmi ikicə dəfə üzünü gördüyü Əflatun müəllimin qarasına qarğış edirdi: «– O tramvay sürəni görüm elə tarmvay altında qalsın!..» Ələsgər müəllim: «–Əşşi, adamdı də, insandı, uşaqları var, niyə elə deyirsən?..» – deyirdi. Firuzə xanımın hirsi soyumurdu: «– O cürə adamı görüm qara torpağın içinə girsin!.. Başqaları bəs adam deyil?! Başqalarının uşağı yoxdur?!..» Ələsgər müəllim daha da yavaşdan pıçıldayırdı: «– Onda təqsir yoxdu, zəmanə çətin zəmanədi». Firuzə xanım doluxsunurdu: «– Yazıq Əvəz bəy... Özü də boynuna alıb ki, ingilis şpiyonudu.... Gör o ağsaqqal kişinin başına nə oyun açıblar də... Fransada olub, heç olmasa, fransız şpiyonu eləyəydilər onu. O bədbəxt oğlu, bədbəxtin arvadını, qızını da sürgün eləyiblər Qazaxıstana....» Ələsgər müəllim dərindən nəfəs alıb: «– Yat... – deyirdi. – Yat...».

Elə ki, keçən ilin axırlarında Əflatun müəllim məktəbdən getdi, Firuzə xanımın da qarğış eləməyə adamı qalmadı. Düzdü, Ələsgər müəllimin yeni idman müəllimi Xıdır müəllimdən gözü su içmirdi, amma, o, hələ Firuzə xanımın qarğışına layiq bir iş görməmişdi. Xıdır müəllimi Əflatun müəllimin zəmanəti və təkidi ilə işə götürmüşdülər və Ələsgər müəllim buna bir də ona görə razı olmuşdu ki, belə bir hörmət, belə bir xidmət müqabilində Əflatun müəllim də məktəbdə xalq düşmənləri axtarıb, tapmaq, onları ifşa etmək yolunda çox cənfəşanlıq göstərməsin, o da Ələsgər müəllimin sözünü eşitsin. Əflatun müəllim Xıdırı tərifləyə-tərifləyə deyirdi: «Bir fizkultirnikdi ki, Ələsgər məllim, o adı nədi, şey, əsl biz deyən! Sportu onun kimi bilən yoxdu. Yoldaş Stalinin o adı nədi, şey, istəyinə layiq fizkultirnikdi. Gələcəyi, o adı nədi şey, gələcəyi quranlardandır! Bulvardakı vışkadan paraşutdan atdanıb!»

Xosrov müəllimin birdən-birə evlənməsi isə (özü də belə bir zəmanədə!) Firuzə xanıma da əri kimi, ləzzət eləmişdi. Qəribə idi, Xosrov müəllim hər il qışda Arzunun ad gününə gəlirdi, bir-iki yüz qram araq içirdi, üç-dörd loxma çörək yeyirdi, dinib-danışmırdı, amma Firuzə xanımın ondan xoşu gəlirdi, gecələr Ələsgər müəllimə: «–Vallah, yaxşı adamdı bu Xostov müəllim, deyirdi. – priliçnidi e, priliçni. Abırlı-həyalı adamdı. Allah bilir, başı nələr çəkib... Bütün ailəsi qırılıb bu bədbəxtin, ay Ələsgər?» «– Helə danışırlar, vallah, nə bilim. Dəhşətdi e, dəhşət olmayanda nədi?..»

Arzunun on yaşı tamam olan həmin qış günü Firuzə xanım qoz ləpəsini, ərik qurusunu nəlbəkilərə yığıb qurtardı və hələ də səliqə ilə soyutma toyuqları doğrayan Ələsgər müəllimə dedi:

– Təki Xosrov müəllimin arvadı özünə layiq olaydı.

– Layiq olar də, niyə olmasın? Bəyənib ərə gedibsə, yaxşı olar, uşaq deyillər ki?

– O yazıq, paltosunun düymələrini özü tikirdi, bizdə paltosunu çıxarıb asanda görmüşəm. İndi, heç olmasa, fağır, bir gün görər.

Hava tez qaraldı və o qaranlıqda da bayırın qarı elə-eləcə tərtəmiz bir ağlıq içində idi. Ələsgər müəllimin yaxşı yadındaydı, 37-ci ilin yanvarında Bakıda dəhşətli qar qasırğası oldu və Ələsgər müəllim ömründə helə bir qasırğa görməmişdi. Sən demə, 37-nin yanvarındakı o qasırğa adicə təbiət hadisəsi deyilmiş, sonrakı dəhşətləri əvvəlcədən xəbər verirmiş. İki il bundan əvvəlki o qasırğa zamanı yaxşı yadındadı, Ələsgər müəllim, bax, bu pəncərənin qabağında dayanıb özünə izah edə bilmədiyi bir narahatlıq keçirirdi, amma indi qaranlıq içində parıldayan o qar, elə bil ki, gözəl bir sakitlikdən xəbər verirdi... Hər halda, o gözəl qış axşamı Ələsgər müəllimin ürəyi belə deyirdi...

Arzu məktəbdən gəldi, paltarını dəyişdi, pioner qalstukunu təzədən ütüləyib boynuna taxdı və həmişə olduğu kimi, Arzu ilə bərabər, evə bir canlanma, bir hərəkət gəldi. Arzu mətbəxdə olmağı, ev işlərinə kömək eləməyi xoşlamırdı, təkcə pioner qalstukunu hər gün özü ütüləyirdi, bu işi hətta anasına da etibar etmirdi; kitab oxumadığı, dərslərini öyrənmədiyi boş vaxtlarında elə hey danışırdı, cürbəcür fikirlər irəli sürürdü, təşəbbüslər göstərirdi və elə həmin qış günü də Ələsgər müəllimlə Firuzə xanıma yeni bir xəbər verdi:

– Bundan sonra evdə həftədə bir dəfə divar qəzeti çıxaracağam!

Firuzə xanım:

– A-a-a, – dedi. – Evdə də divar qəzeti olar?

– Olar. Mən çıxararam, siz də baxarsız. Sizə deməyə sözlərim var.

– O sözləri elə ağızla de, biz də qulaq asaq də...

– Yox, onları divar qəzetinə yazacağam. Baş məqalədə sizi tənqid eləyəcəyəm.

Ələsgər müəllim təəccüblə:

– Bizi? – soruşdu.

– Hə! «Koroğlu» operasını da tənqid edəcəyəm.

Ələsgər müəllim bu xəbərə lap məəətəl qaldı. Firuzə xanım:

– A-a-a,– dedi. – Bəs, o operadan xoşun gəlirdi, məni də dartıb aparmışdın ora?

– Nolar? Əvvəllər xoşum gəlirdi, ona görə ki, bəstəkar bizim gözümüzə kül üfürüb. İndi başa düşürəm. Üzeyir Hacıbəyov «Koroğlu» nu ona görə yazıb ki, müasir mövzuda yazmasın! Bəstəkar müasir mövzudan qaçıb. O opera gərək kolxoz həyatından olaydı. İndi xan, padşah yoxdur. Koroğlu gərək qolçomaqlara qarşı mübarizə aparaydı. Kitabxanada pioner disputu keçirəcəyik. Mən bu barədə məruzə eləyəcəyəm. Bəstəkarı da çağıracağıq ki, nəticə çıxarsın.

Ələsgər müəllim:

– Tarix bəyəm bizim deyil?– soruşdu. – Koroğlu qəhrəman olub, xalqın azadlığı uğrunda xanlarla, sultanlarla döyüşə girib.

– Bəs, Pavlik Morozov?

– O da qəhrəmandı, mən bir söz demirəm ki.

– Koroğlu xanlara qarşı vuruşub, Pavlik Morozov isə qolçomaqlara qarşı vuruşub. Hətta atasını da, babasını da ifşa edib. Hansı vacibdir? «Koroğlu» operası gərək müasir mövzuda olaydı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

XVII fəsil

Çəkisi 160 kilodan artıq olan Bolelşik Bufetçi İbadulla Buzovnanın məşhur futbol azərkeşlərindən və ümumiyyətlə, kəndin seçilib-sayılan kişilərindən biri idi, amma heç kim – nə kənd camaatı, nə də daimi müştərilər –Cümü (Qızıl Diş Cümşüd) kimi – bilmirdi ki, bəzən elə məqamlar olurdu, Bolelşik Bufetçi İbadulla, əslində, özü öz bufetindən xəcalət çəkirdi...İyunun həmin ilk günü də günorta bufet boş idi, Bolelşik Bufetçi İbadulla iri dəsmalı ilə yay-qış həmişə tərli olan boynunu, sifətini silə-silə və həmişə də bu bufetdən əskik olmayan sırtıq milçəkləri qova-qova bufetin şüşə piştaxtasının arxasındakı «zakuskalara» baxırdı: ABŞ-dan gəlmiş toyuq budunun soyutması, fransız yumurtası, İran kartofu, Türkiyə pendiri, Qazaxıstandan koreyalıların gətirib ucuz qiymətə satdıqları baş soğan, Tunis zeytunu, gətirilmə yeri məlum olmayan (bic uşaqlar kimi) və içi də sapsarı qarpız... O piştaxtada yerli məhsul, ancaq süpürgəçi Marusyanın bişirdiyi kampot idi.

2 dəq
XVIII fəsil

Sara altıncı sinifdə və ikinci növbədə oxuyurdu və Səyyarə yavaş-yavaş sinəsi dolmağa başlayan Saranın nimdaş yubkasına, azı, yüz dəfə yuyulmuş ağ köynəyinə baxanda, arvadı az qalırdı ağlamaq tutsun və həmin məqamlarda darağı götürüb özü qızın saçlarını darayırdı, elə bil, saçların səliqə-sahmanı, gözəlliyi o yubka ilə, o adda-budda süzülməyə başlayan ağ köynəyin nimdaşlığını ört-basdır edəcəkdi.Bu dəfə Səyyarə Saranın saçlarını daraya-daraya dedi:

1 dəq
XIX fəsil

Abşeronun il-on iki ay saralıb-solmuş olan kollu-koslu çöllü-biyabanında salınmış şuşalılar qəbiristanlığı hələ ki, o qədər də böyük deyildi, burada cəmi 23 qəbir var idi və bunun da 17-si Buzovnadakı Fəhlə Yataqxanasından idi, beşi isə başqa ətrafda yaşayan şuşalıların (bəlkə də təkcə şuşalıların yox, ümumiyyətlə, qarabağlı qaçqınların) qəbri idi.Aydın məsələdir ki, dünyanın ən qəmgin yerlərindən biri qəbiristanlıqdır, amma Bakıdan gələn və elektrik qatarı yolunun sağında, sovet vaxtı tikilməyə başlamış və o vaxtdan bəri tikintisi yarımçıq qalmış bir binanın (bura məktəb olmalıydı, ya nəsə başqa bir tikinti idi) arxasında salınmış bu qəbiristanlıq həm də, yəqin, dünyanın ən kasıb qəbiristanlığı idi.

1 dəq
XX fəsil

... gecələr elektrik qatarının təkərlərinin tukkatuku o yerlərdə çox aydın eşidilirdi, hətta o tukkatukun yüngülcə bir titrəyişi də, Buzovnada yuxuya getmiş Fəhlə Yataqxanasında, elə bil, hiss olunurdu və həmin gecə də sonuncu – gecə saat 1 elektrik qatarı Mərdəkandan qayıdıb Bakıya gedəndə o tukkatuk eləcə aydın eşidildi və yüngül bir titrəyiş də hiss olundu...... və o gecə bütün Yataqxana kimi, Bayraqdarın ailəsi də yuxudaydı: hərə öz həmişəki yerində – Güllü arvad otağın ortasındakı mizin üstündə, Sara həmin mizin altında, Surxay qapının ağzında, yerdə, Səyyarə də ensiz dəmir çarpayıda yatmışdı; Səyyarə o yeganə çarpayıda yatmağı özünə qıymırdı, amma nə illah edirdi, nə Güllü arvad, nə də Sara o çarpayıda yatırdı, Surxaya isə bu barədə bir söz deyən yox idi; əslində, Surxay öz yerindən çox razı idi, çünki səhər ən tez duran o idi, heç kimi narahat etmədən qapını açıb eşiyə çıxırdı; düzdü, hərdənbir gecənin yarısı Güllü arvad mizin üstündən düşüb tualetə gedəndə Surxayın üstündən addımlamalı olurdu, amma Surxay on ildə buna adət etmişdi və bu, onun üçün elə bir narahatlıq deyildi...

2 dəq

Başqa şairlərin şeirləri