7. Qonaqlıq
Səhifə 8 / 12 · 58%
Hamı yerində əyləşdi.
Xıdır müəllimin dediyi sağlıqdan sonra, məclisin əvvəlki ovqatı, elə bil ki, itmişdi və heç kim danışmırdı, çəngəl-bıçaqların səsində bir nigarançılıq var idi; təkcə Xıdır müəllimin kefi kök idi, dediyi sağlıq özünün xoşuna gəlmişdi, özünə ləzzət vermişdi və bayaq Ələsgər müəllimin mətbəxdə doğradığı soyutma toyuğun budunu iştahla yeyə-yeyə bütün içində bir fəxarət hiss edirdi.
Xosrov müəllimin arvadının adı Gülzar idi, uşaq bağçasında tərbiyəçi işləyirdi və Xosrov müəllim dünyanın ən qəribə bir təsadüfü nəticəsində Gülzar xanımla tapışandan sonra elə bil ki, illərdən bəri dəmir çərçivəyə salınmış bütün hissləri, bütün düşüncələri azadlığa çıxmışdı. Hadrutdan sonra Xosrov müəllim nəinki hansı bir xoşbəxtliyisə arzulayırdı, hətta belə bir arzuya iddiası da yox idi, amma elə ki, Gülzar xanım birdən-birə, tamamilə, gözlənilmədən onun həyatının bir parçasına çevrildi, məlum oldu ki, əslində, Xosrov müəllimin bütün hiss-həyəcanı, bütün bədəni belə bir xoşbəxtliyin, belə bir məhəbbətin həsrətində imiş. Hadrut və Hadrutdan sonrakı illər Xosrov müəllimi o qədər əzmişdi, o qədər yormuş, incitmişdi ki, indi həmin yorğunluğun, həmin acının yavaş-yavaş bədənindən çıxmasını, az qala, cismani hiss edirdi.
Gülzar xanım yeddi ildən sonra uşağı olmadığı üçün, kişi bərbərxanasında dəllək işləyən birinci ərindən ayrılmışdı (o dəlləyin indi ikinci arvadından dörd uşağı vardı) və uşaq bağçasında tərbiyəçi işləsə də, əslində, səliqə-səhmanlı ev-eşik saxlamaqdan ötrü, ərdən ötrü yarandığı üçün, bütün fikrini-zikrini, bədənini çuğlayan qızğın hissləri öz içində boğa-boğa düz yeddi il tək yaşamışdı, bu müddətdə bu yaraşıqlı, ətli-qanlı qadına tamah salan çox olmuşdu, amma Gülzar xanım o adamların heç birini yaxına buraxmamışdı, hisslərin əlində yanıb-yaxılsa da, həyasından keçməmişdi və birinci əri o dəlləkdən sonra heç bir kişi ilə bir yastığa baş qoymamışdı. Qonşuluqda yaşayan Xosrov müəllim də birdən-birə, tamamilə, gözlənilmədən Gülzar xanımın həyatına daxil olmuşdi və tək yaşadığı o yeddi ilin xəyalları, şirin yuxuları bu iki ayda Gülzar xanım üçün həqiqətə çevrilmişdi. Xosrov müəllim ev yiyəsi və kişi idi, eyni zamanda, Xosrov müəllim – bu uzunboylu, ağsaçlı adam – Gülzar xanım üçün, elə bil ki, həm də övlad idi: bu iki ayda Gülzar xanım Xosrov müəllimə əri və övladı kimi xidmət edirdi.
Xosrov müəllim əlini mizin altında Gülzar xanımın ağappaq və dolu əlinin üstünə qoydu; əlbəttə, bunu heç kim görmədi, amma Gülzar xanımın qırmızı yanaqları daha da pörtdü və bu qadında birdən-birə dəli ehtiras yarandı ki, indicə ərini qucaqlayıb bağrına bassın; gicgahı nəbz kimi vurmağa başladı və özünü güclə saxladı, əlini isə Xosrov müəllimin quru, amma hərarətli əlinin altından çəkmədi.
Məclisin gərginliyi yavaş-yavaş ötüb keçirdi və Kələntər müəllim yenə də ayağa qalxdı, yenə də içinə konyak süzdüyü qədəhi əlinə götürdü, amma altdan yuxarı Kələntər müəllimə baxan Xıdır müəllim bu dəfə də birdən-birə ayağa qalxdı:
– Əziz dostlar!– dedi. – Tamadadan min dəfə üzr istəyirəm ki, onu afsaytda qoyuram. Ancaq ürəyimə bir gözəl sağlıq gəlib ki, onu da bu gözəl məclisdə mən deməliyəm! Bu qədəhləri qaldıraq yoldaş Stalinin yaxın silahdaşı və tələbəsi, Azərbaycan bolşeviklərinin sevimli rəhbəri, Azərbaycan zəhmətkeşlərinin qayğıkeş atası, əziz Mir Cəfər Bağırov yoldaşın sağlığına! Yaşasın, min yaşasın yoldaş Mir Cəfər Bağırov!
Yenə də məclisə bir anlıq sükut çökdü, amma bu dəfə Xıdır müəllim qədəhi o saat başına çəkmədi, nə isə hiss edib dayandı, bir-bir mizin arxasındakı adamlara baxdı.
Xosrov müəllim heç vəchlə əlini mizin altında Gülzar xanımın əlinin üstündən çəkmək istəmirdi, amma birdən-birə, tamamilə, gözlənilmədən, tamamilə, qəflətən Xosrov müəllimə elə gəldi ki, yenə də Hadrutdakı o tonqalı görür, hətta o tonqalın istisini hiss etdi, bu isti, Gülzarın əlinin hərarətini çəkib Xosrov müəllimin ovucundan çıxartdı; bu həmin tonqalın istisi idi ki, illərdən bəri gecə yatdığı çarpayıda da, gündüzlər dərs dediyi sinif otağında da Xosrov müəllimi təqib etmişdi və bu məclisdə oturanlardan heç kimin, hətta, Gülzarın da o təqibdən, o təqibin ağrısından-acısından xəbəri yox idi. Xıdır müəllimin indicə dediyi sağlıq Xosrov müəllimin Gülzarla birlikdə bu iki aylıq həyatına o qədər yad idi, Gülzarla birlikdə, əslində, ilk dəfə cəmiyyət içinə çıxdığı bu məclisdəki hisslərinə, həyəcanına o qədər yabançı idi ki, heç özü də bilmədi ki, birdən-birə necə ayağa qalxdı və Xıdır müəllimə baxa-baxa əsəbdən titrəyən bir səslə:
– Mir Cəfər Bağırov yoldaş bizim rəhbərimizdi, düzdü, – dedi. – Amma niyə qoymursuz səhərdən bəri bu gözəl qızın – Xosrov müəllim uzun qolunu qaldırıb barmağı ilə Arzunu göstərdi – sağlığına içək, bu gözəl qızı təbrik edək.
Bu dəfə o balaca otağa elə dərin bir sükut çökdü ki, məclisdəkilərin, o cümlədən də Xıdır müəllimin gözləri elə bərələ qaldı ki, özündən asılı olmayaraq, Xosrov müəllimin dizləri titrəməyə başladı, nə dediyini, necə bir iş gördüyünü, elə bil ki, indi başa düşdü və həmin məqamda ilk özünə gələn adam yenə də Ələsgər müəllim oldu, tələsik ayağa qalxdı:
– Bir dəqiqə, bir dəqiqə, Xosrov müəllim, – dedi və həyəcandan udqundu. – Arzu qaçmır ki, buradakı özümüzünküdü, sağlığına da içəcəyik, təbrik də edəcəyik. Ancaq bu qədəhləri qaldıraq Xıdır müəllim deyən sağlığa. Doğrusu, bizi qabaqladı Xıdır müəllim, yaxşı da elədi... hamımızın ürəyindən dedi, sənin də ürəyindən dedi, Xosrov müəllim. Sağ olsun yoldaş Mir Cəfər Bağırov, onun sağlığına. O böyük insan başımızın üstündən əskik olmasın, həmişə bizə bu cür müdrik rəhbər olsun. Həmişə bizə yol göstərsin!
Mizin arxasında əyləşənlər yenə də bir nəfər kimi ayağa qalxıb qədəhləri başlarına çəkdilər və Xosrov müəllim də birdən-birə titrəməyə başlamış əlini uzadıb mizin üstündəki qədəhi götürdü, arağı Mir Cəfər Bağırov yoldaşın sağlığına içdi. Xosrov müəllim başa düşmüşdü ki, səhv edib, bağışlanmaz bir səhv buraxıb və bu səhv ona çox baha başa gələ bilər. Gülzarı ondan ayıra bilər və Xosrov müəllim ölməyə hazır idi, amma yenə də tək yaşamaq istəmirdi, bu iki ayın istisinin yenə də həmişəlik bir keçmişdə qalmasını istəmirdi.
Bundan sonra məclis heç cürə əvvəlki həvəsi, əvvəlki şövqü bərpa edə bilmədi; mizin arxasında əyləşən qonaqlar, elə Ələsgər müəllim də, Firuzə xanım da tez-tez ürkək nəzərlərlə Xıdır müəllimə tərəf baxırdı: Xıdır müəllim qaş-qabağını sallayıb papiros çəkirdi və heç kimə baxmır, heç bir söz demirdi.
Xosrov müəllimin bütün içindən dəhşətli bir qorxu hissi baş qaldırmışdı və o tonqalın istisi, elə bil ki, bədəninin tüklərini ütürdü, elə bil ki, o bir nəfərin iki əlilə də başı üstündə fırlatdığı o məşəl indicə bütün sir-sifətini yandıracaqdı və Xosrov müəllim yenə də udqunduqca, uzun və ucu iti hülqumu enib-qalxdıqca adama elə gəlirdi ki, bu adam başdan-başa əzab-əziyyət içindədi.
Təkcə Gülzar xanım, elə bil ki, heç nə başa düşmürdü (və yəqin elə doğrudan da belə idi!), eləcə gülümsəyirdi, eləcə məhəbbət, nəvaziş dolu nəzərlərlə ərinə baxırdı, sonra Gülzar xanım özü əlini mizin altında Xosrov müəllimin əlinin üstünə qoydu, amma Xosrov müəllim daha o əlin hərarətini hiss etmədi.
Ələsgər müəllim dedi:
– İndi Arzudan xahiş edək bir şer oxusun!
Arzu özünün beləcə ad günlərində təzə əzbərlədiyi şerlər oxuyurdu və bu şerlər siyasi-ictimai mövzularda olurdu, çünki Arzu siyasi-ictimai mövzulu şerləri xoşlayırdı; həmin qış axşamı da ayağa qalxıb əllərini arxasına qoydu, ütülənmiş qırmızı ipək qalstuklu sinəsini irəli verdi və hər bir sözü xüsusi vurğu ilə tələffüz edə-edə şer dedi:
Bəşər dühasının sönməz ulduzu,
Əziz rəhbərimiz, atamız Stalin!
Ürəyimiz, sevgimizin sonsuzu
Bil ki, əzəl gündən sənindir, sənin!
Ey bütün ellərin şöhrəti, şanı,
Aparırsan bizi zəfərlərə sən!
Əməlin qərq edib nura cahanı!
Bir nəğmə çağlayır mənim sinəmdən:
Eşq olsun Stalinə!
Yaşasın Stalin!
Həyatın mənası,
Məzmunudur o!
Arzu şeri deyib qurtaran kimi, hamı əl çaldı və Ələsgər müəllim fürsətdən istifadə edib Xıdır müəllimə baxa-baxa bir daha yoldaş Stalinin şərəfinə sağlıq dedi və yenə də hamı, o cümlədən, Xosrov müəllim ayağa qalxıb qədəhləri dibinəcən içdilər.
Arzu isə indi rus dilində bir şer söyləmək istəyirdi. Bu şeri keçən il «Oqonyok» jurnalında oxuyub əzbərləmişdi, oradakı bir parça, xüsusilə, xoşuna gəlirdi və Arzu yenə də hər sözü xüsusi vurğu ilə tələffüz edə-edə dedi:
Kitabxana.az · https://kitabxana.az/works/elcin-olum-hokmu-7-qonaqliq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çəkisi 160 kilodan artıq olan Bolelşik Bufetçi İbadulla Buzovnanın məşhur futbol azərkeşlərindən və ümumiyyətlə, kəndin seçilib-sayılan kişilərindən biri idi, amma heç kim – nə kənd camaatı, nə də daimi müştərilər –Cümü (Qızıl Diş Cümşüd) kimi – bilmirdi ki, bəzən elə məqamlar olurdu, Bolelşik Bufetçi İbadulla, əslində, özü öz bufetindən xəcalət çəkirdi...İyunun həmin ilk günü də günorta bufet boş idi, Bolelşik Bufetçi İbadulla iri dəsmalı ilə yay-qış həmişə tərli olan boynunu, sifətini silə-silə və həmişə də bu bufetdən əskik olmayan sırtıq milçəkləri qova-qova bufetin şüşə piştaxtasının arxasındakı «zakuskalara» baxırdı: ABŞ-dan gəlmiş toyuq budunun soyutması, fransız yumurtası, İran kartofu, Türkiyə pendiri, Qazaxıstandan koreyalıların gətirib ucuz qiymətə satdıqları baş soğan, Tunis zeytunu, gətirilmə yeri məlum olmayan (bic uşaqlar kimi) və içi də sapsarı qarpız... O piştaxtada yerli məhsul, ancaq süpürgəçi Marusyanın bişirdiyi kampot idi.
XVIII fəsilSara altıncı sinifdə və ikinci növbədə oxuyurdu və Səyyarə yavaş-yavaş sinəsi dolmağa başlayan Saranın nimdaş yubkasına, azı, yüz dəfə yuyulmuş ağ köynəyinə baxanda, arvadı az qalırdı ağlamaq tutsun və həmin məqamlarda darağı götürüb özü qızın saçlarını darayırdı, elə bil, saçların səliqə-sahmanı, gözəlliyi o yubka ilə, o adda-budda süzülməyə başlayan ağ köynəyin nimdaşlığını ört-basdır edəcəkdi.Bu dəfə Səyyarə Saranın saçlarını daraya-daraya dedi:
XIX fəsilAbşeronun il-on iki ay saralıb-solmuş olan kollu-koslu çöllü-biyabanında salınmış şuşalılar qəbiristanlığı hələ ki, o qədər də böyük deyildi, burada cəmi 23 qəbir var idi və bunun da 17-si Buzovnadakı Fəhlə Yataqxanasından idi, beşi isə başqa ətrafda yaşayan şuşalıların (bəlkə də təkcə şuşalıların yox, ümumiyyətlə, qarabağlı qaçqınların) qəbri idi.Aydın məsələdir ki, dünyanın ən qəmgin yerlərindən biri qəbiristanlıqdır, amma Bakıdan gələn və elektrik qatarı yolunun sağında, sovet vaxtı tikilməyə başlamış və o vaxtdan bəri tikintisi yarımçıq qalmış bir binanın (bura məktəb olmalıydı, ya nəsə başqa bir tikinti idi) arxasında salınmış bu qəbiristanlıq həm də, yəqin, dünyanın ən kasıb qəbiristanlığı idi.
XX fəsil... gecələr elektrik qatarının təkərlərinin tukkatuku o yerlərdə çox aydın eşidilirdi, hətta o tukkatukun yüngülcə bir titrəyişi də, Buzovnada yuxuya getmiş Fəhlə Yataqxanasında, elə bil, hiss olunurdu və həmin gecə də sonuncu – gecə saat 1 elektrik qatarı Mərdəkandan qayıdıb Bakıya gedəndə o tukkatuk eləcə aydın eşidildi və yüngül bir titrəyiş də hiss olundu...... və o gecə bütün Yataqxana kimi, Bayraqdarın ailəsi də yuxudaydı: hərə öz həmişəki yerində – Güllü arvad otağın ortasındakı mizin üstündə, Sara həmin mizin altında, Surxay qapının ağzında, yerdə, Səyyarə də ensiz dəmir çarpayıda yatmışdı; Səyyarə o yeganə çarpayıda yatmağı özünə qıymırdı, amma nə illah edirdi, nə Güllü arvad, nə də Sara o çarpayıda yatırdı, Surxaya isə bu barədə bir söz deyən yox idi; əslində, Surxay öz yerindən çox razı idi, çünki səhər ən tez duran o idi, heç kimi narahat etmədən qapını açıb eşiyə çıxırdı; düzdü, hərdənbir gecənin yarısı Güllü arvad mizin üstündən düşüb tualetə gedəndə Surxayın üstündən addımlamalı olurdu, amma Surxay on ildə buna adət etmişdi və bu, onun üçün elə bir narahatlıq deyildi...