Qış nağılı
Səhifə 4 / 4 · 75%
Kərim kişinin bir ərik ağacı vardı ki, altında yüz adama yer salmaq olardı və həmişə bağa gələndə ilk növbədə uzaqdan bu ağac görünərdi. Kərim kişi bayaqkı it ayağına dolaşa-dolaşa üzü xəzriyə tərəf addımlaya-addımlaya hiss elədi ki, bax, bu yerdən ərik ağacı görünür və daha bağa çatmağa az qalıb. Sonra bunu da hiss elədi ki, indi ayağına bir it yox, iki it dolaşır.
İtlər də görünür, Kərim kişinin əlindəki bağlamaya hücum eləməkdən çəkinirdi və yəqin hiss edirdilər ki, həmin bağlamadakından onların da payına düşəcək, bilirdilər ki, bu uzun ayaqların sahibi ilə harasa elə bir yerə çatacaqlar ki, orada isti olacaq, oranı külək tutmayacaq və orada yemək olacaq.
Bu qədim dəmir darvaza bütün ətrafda məşhur idi, köhnə məscid kimi, köhnə dəyirman kimi bu yerlərin abidələrindəndi. İndi həmin darvazanın balaca qapısının ağzına adam boyu qar yığılmışdı və Kərim kişi axırıncı dəfə bütün gücünü toplayıb sol əli ilə qarı təmizləməyə başladı. Daha qar-boranı hiss eləməsə də bunu başa düşdü ki, itlər də ona kömək edir, qabaq ayaqları ilə qapının ağzındakı qarı o yan-bu yana dağıdırlar. Kərim kişi yadına saldı ki, bu axırıncı əzab-əziyyətdi, Nabranın damının ağzı xəzriyə tərəf deyil və yəqin qar ora bu cür yığılmayıb.
O, qapını itələyib darvazadan içəri girəndə heç özü də bilmədi necə oldu ki, qışqırmağa gücü çatdı:
– Nabran!
O dəqiqə də qulağına it zingiltisi gəldi və Kərim kişi bütün bədənini, əllərini, ayaqlarını hiss eləməsə də, heç nə görməsə də, başa düşdü ki, onu qara basmır, bu, Nabranın zingiltisidi və burasını da başa düşdü ki, bütün bu müddət ərzində Nabran onun yolunu gözləyib.
Daha bundan sonrakıları Kərim kişi elə bildi ki, yuxuda görür, yəni elə bildi ki, yuxudadı, onun ayağına dolaşan bayaqkı itlərin də boranın əlindən Nabranın damına soxulmaları yuxudadı və axır ki, güc-bəla ilə aça bildiyi bağlamadakıları onların qabağına qoyub yedizdirməsi də yuxudadı.
Sonra elə bil nə isə eşidib bircə an yuxudan ayıldı və bu dəfə Cavanşirin səsini lap açıq-aşkar eşitdi:
– Ata! Ata! – və başa düşdü ki, indi də onu qara basmır: bunu da başa düşəndən sonra daha heç nə bilmədi.
... Həkim çarpayının yanından qalxıb bir Ayaza, Ayazın yanındakı bacı-qardaşına baxdı, bir Cavanşirə, Faziləyə baxdı, bir qapının ağzında dayanmış Marqarita Abramovnaya baxdı və bir də təzədən Kərim kişinin qalın balıncın içinə batmış sifətinə baxıb:
– Sətəlcəmdi, – dedi və sonra bunu da dedi ki, keçib gedər.
Cavanşir atasının gözləri yumulu zəif sifətinə baxdı və ürəyini bir qorxu bürüdü: birdən keçib getmədi?..
Əlbəttə, indi Kərim kişi güzgüdə Marqarita Abramovnanın gözlərinə baxa bilsəydi, o saat başa düşərdi ki, bu qoca arvad da bu dəm bir ürək ağrısı ilə öz təkcə və axırıncı müştərisini itirməkdən qorxur.
... O ki, qaldı havaya, cəmi ikicə gün keçmədi, Bakıda qar kəsdi, külək dayandı, bir gün çıxdı ki, gəl görəsən və indi adamın heç ağlına gəlməzdi ki, vur-tut ikicə gün bundan əvvəl Nabran boyda it damda qalıb çovğunun əlindən zingildəsin.
İyun, 1973.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-qis-nagili
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gündüz Kərimbəyli ilə Dadaşlı prokurorluğun binasından birlikdə çıxdılar və Dadaşlı havanın dilxorçuluğundan üz-gözünü turşudub, şlyapasını gözünün üstünə çəkdi, sonra kitab mağazasına tərəf baxıb bərkdən:– Axşamın xeyir, a Fəttah dayı, – dedi.
V fəsilRayon evlərinin yaş taxtapuşları qaranlıqda işıldayırdı; sulu qar elə hey yağır, yağırdı. Dəmir kirəmitli taxtapuşlardan süzülüb tökülən, novçalardan gələn su sel kimi küçələrdən axırdı. Rayonun işıqları yavaş-yavaş sönürdü və bu qaranlıq içində, bu kimsəsizlikdə küçələrdəki tut, qoz, söyüd ağaclarının çılpaq görkəmi adamı daha da üşüdürdü.Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli balaca elektrik plitəsinin yanındakı taxta kətildə oturub cərəyandan qıpqırmızı qızarmış məftillərə baxırdı; bu balaca elektrik plitəsindən güclə seziləcək bir ilğım qalxırdı. Və elə bil ki, bu ilğım bayırın soyuğundan və ümumiyyətlə, dünyanın bütün əbləh işlərindən şikayət edirdi.
VI fəsilSulu qar toxtamaq bilmirdi. Su bütün həyət-bacanı ağzına almışdı.Qulağıkəsik it səs eşidib ayağa qalxdı və bu səs salanın Ayna xala olduğunu bilib yenə başını damın ağzından çəkdi, yerində uzandı.
VII fəsilXoruzun axırıncı banından xeyli keçmişdi.Daha yağmırdı, amma göy tutqun idi və hər şey ondan xəbər verirdi ki, bu topa-topa buludlar bir azdan yenə qiyamət edəcəkdi.