IV fəsil
Səhifə 2 / 4 · 25%
– Mənə bax, Zübeydə, bayaq bizi görməyüvü deməginə heç kimə, mənimçün yox e, Baladadaş canı, mənə nə var, gedirəm, onsuz da, əsgərliyə, Nisəyçün deyirəm, deməginə heç kimə... Özü də... özü də elə-belə döyül mənnən Nisəninki, nöşün ki, evləniciyik biz, mən qeyidib gələnnən sonra, alaciyəm onu....
– Hə?.. – dedi Zübeydə. – Allah xeyir versin, alaceysən Firuzənin qızını, əcəb eliyəceksən, çox mübarək, övlənəcəksüz, oğullu-uşaqlı olasuz, çağırarsuz toyuvuza, gəlib Allah xeyir versin deyərik, çağırmazsuz, nolar, yenə Allah xeyir versin, atam balası, mənə nə? Hə? Mənə nöş atçot verirsən, milisioner Səfərəm ki, ya səninçün mən? Kim kimnən vağzal bağında, əncir ağacının dibində, gecə yarısı neyniyir, mənə nə? Xalxın işinə nöş burnumu soxuram? Söz gəzdirmək mənim sənətim döyül, atam balası, hamı bilir ki, söz gəzdirməklə mənim aram yoxdu... – Zübeydə Ağagülün gözlərinin içinə baxa-baxa bu sözləri dedi, heç gözünü də qırpmadı. – Yeri get yat, atam balası, gecdi, səhər dura bilməzsən.
Təbii ki, Zübeydənin dediyi sözlərin hamısını əksinə başa düşmək lazım idi və Ağagül də bunu başqa cür başa düşə bilməzdi: səhərin gözü açılmamış Zübeydə bütün kəndin arvadlarına ağzına gələni danışacaqdı.
Oğlanın döyüküb iki yüz əllilik lampa işığında ona beləcə yaxından baxması Zübeydəni bu dəfə doğrudan-doğruya hövsələdən çıxardı və Zübeydə əlini uzadıb darvazanın bala qapısından yapışdı ki, Ağagülün dalınca bağlasın:
– Yeri, yeri get yat, atam balası...
Bu vaxt həmin bürkülü Abşeron gecəsində birdən-birə bir toyuq qaqqıldadı və bu toyuq qaqqıltısı sısqa ağcaqanad vızıltısı, elə bil ki, çox-çox uzaqlardan gələn təmkinli dəniz uğultusu yeknəsəqliyində çox da gözlənilməz səsləndi; Zübeydə təəccüblə Ağagülün arxasınca boylandı və oğlanın arxada tutub saxladığı torbanı gördü.
– Bu nədi, adə, belə?
Ağagül:
– Toyuqdu, – dedi, – səninçün gətirmişəm. – Və torbanı Zübeydəyə uzatdı. – Ala.
Zübeydə:
– A-a-a... – dedi və dodağının qıraqlarındakı qızıl dişləri iki yüz əllilik elektrik lampasının işığında işıldadı: bu arvadın müftə mala xüsusi həvəsi vardı və müftə şey hansı əhvalda olursa-olsun, o saat maqnit kimi onu özünə çəkirdi; Zübeydə gözgörəsi dəyişib başqa adam oldu: – A-a-a... Ağagül, nə zəhmət çəkmisən?..
Ağagül əlində tutduğu torbadan canını tez qurtarmaq üçün bir də:
– Ala... götür... – dedi.
– Xəcalət verirsən də...
Zübeydə torbanı Ağagüldən aldı və əlini içəri salıb toyuğu çıxartdı; qırmızı çil toyuq işıq üzü görən kimi, bərkdən qaqqanaq çəkib qanadlarını şappıldada-şappıldada arvadın əlindən buraxılmaq istədi və Zübeydə də çil toyuğu təzədən torbaya basdı:
– Gör nə hay-həşir qoparır, – dedi və soruşdu: – Anovun xəbəri var?
Ağagül bu suala cavab vermədi və Zübeydə də ikinci dəfə bu sualı təkrar eləmədi.
Zübeydə:
– Gəl içəri də, burda nöş dayanmısan? – dedi.
Ağagül:
– Yox, çox sağ ol, – dedi və belə başa düşdü ki, işlər düzəlib daha, amma iki yüz əllilik elektrik lampasının işığında bu arvadın girdə ətli sifətinə, qara gözlərinə baxanda, ürəyində yenə də bir nigarançılıq baş qaldırdı. – Getdim mən...
– A-a-a... hara gedirsən? Dayan bir, işim var sənnən... – Zübeydə bir əlində qırmızı çil toyuq, o biri əlilə də Ağagülün qolundan tutub həyətə tərəf çəkdi və
Ağagül də birdən-birə ürəyi döyünə-döyünə, ürkə-ürkə ki, görəsən, Zübeydənin
ağlına nə girib, istər-istəməz, onun dalınca addımladı; bu arvaddan nə desəydin,
gözləmək olardı və kəndin cavanları bir yerə yığışanda cavan oğlanlardan xoşu
gələn qoca arvadlar haqqında o qədər atmaca danışırdılar ki... Amma, elə ki, gəlib quyunun yanına çatdılar, Zibeydə dedi:
– Ağagül, qadası, yorulmuşam yaman, sən də mənim qərdeşim, götür, bu şlanqı evin dalındakı ləkləri sula bir balaca, nolar, göy-göyərti istinin ucbatından yanıb gedir, hayıfdı, Ağagül, götür şlanqı, qadası, götür mən sulaya bilmədim yaxşı... Əşşi, mənim də day hay-hayım gedib, vay-vayım qalıb də...
Zübeydə əvvəllər özü haqda belə sözlər deməzdi.
Ağagül bu bürkülü yay gecəsi daha nə desən gözləyirdi, amma belə bir təklifi gözləmirdi; bir arvada baxdı, bir ilan kimi qıvrılıb yerə düşmüş bilək yoğunluğunda qara şlanqa baxdı, sonra «aerodrom» papağının dimdiyini gözünün üstündən yuxarı itələdi, ürəyində «Baladadaş, qərdeşüvün ölən günləridi!» – deyib şlanqı yerdən qaldırdı, evin dalına tərəf addımladı və Zübeydə də o saat quyunun motorunu işə saldı.
Əlbəttə, hər hansı başqa bir məqam olsaydı, Ağagül tüpürərdi bu həyətə də, bu şlanqa da, elə bu arvadın özünə də, amma indi Nisənin adı vardı ortada; Nisənin ağlamağı, qardaşından qorxmağı, kəndin camaatından xəcaləti Ağagülün ürəyində qubar bağlamışdı bu geçə.
– Yaxşı sula, Ağagül, qadası, ləkləri də tapdalama! – dedi Zübeydə, sonra artırmaya qalxan taxta pilləkənin altındakı və içinə mismardan tutmuş qoyun asmaq üçün qarmağa qədər əlinə keçəni doldurduğu zənbillərdən birindən bir ip dartıb çıxardı, həyətin aşağı başındakı heyva ağacının yanına gəlib qırmızı çil toyuğu torbadan götürdü və toyuğun bir ayağını iplə cavan heyva ağacının nazik gövdəsinə bağladı; qırmızı çil toyuq bu dəfə bərkdən qaqqanaq çəkib çırpınmadı, bir-ikicə dəfə qaqqıldadı, vəssalam, elə bil ki, kimin əlinə düşdüyünü bilirdi və öz acı taleyi ilə barışmışdı.
Ağagül evin dalındakı pomidor, badımcan ləklərini şlanqla sulaya-sulaya hirsindən bütün ləkləri tapdaq-tapdaq eləmək istəyirdi, bu soğan-vəzərini də, bu bibəri, xiyarı da yerlə-yeksan eləmək istəyirdi, amma burasını da yaxşıca başa düşürdü ki, bu gözəl tərəvəzin də, bu gözəl, tərtəmiz göy-göyərtinin də heç bir təqsiri yoxdur ki, dünyada Zübeydə kimi bir ifritə var və Ağagül sidq-ürəkdən qeyzə gəlmişdi ki, bir tərəfdən dünyada Nisə kimi pak, güləndam, ağıllı qızlar var, Nisənin anası Firuzə xala kimi mehriban bağca müəllimələri var ki, uşaqlara can deyib, can eşidir, o biri tərəfdən də dünyada Zübeydə kimi küpəgirən qarılar var, amma, bax, bu ay da, bu ulduzlar da, bu dəniz də lap elə bu göy-göyərti də, bu ağaclar da onlara təfavüt qoymur, həm onlar üçündür, həm də o birilər üçündür, eynidir yaxşılara da, pislərə də.
– Ağagül, qadası, naporu bərkdi suyun, şüyüdü, vəzərini yumşaq sula!..
Zübeydənin bostanı balaca idi, yəni bir ailəlik idi, dörd-beş nəfərdən ibarət bir ailənin süfrəsinə yarayardı və Zübeydə də bütün il boyu öz payını yeyərdi,
qalanını da şoraba qoyub qışda Bakının kolxoz bazarına çıxarardı, ən uzağı dördcə günə satıb qurtarardı. Zübeydə çox gözəl şoraba qoyurdu, hətta kəndin arvadları da bunu təsdiq edirdi, onun sirkə-badımcanlarının, həftəbecərlərinin, sirkə-
sarımsaqlarının, sirkəyə qoyulmuş xiyar, pomidor, bibərlərinin, həqiqətən, heç bir əyər-əskiyi olmazdı; hərdən yadına düşəndə və bu işə həvəsi olanda, köhnə,
müharibə illəri rəfiqələrinə üç-dörd banka pay göndərirdi, göndərirdi deyəndə ki, yəni, özü aparırdı – Şirinxanım üçün, Nazxanım üçün, Dürdanə üçün...
Bu rəfiqələrin hamısı indi qocalmışdı, kimi tək oğluyla yaşayırdı, kimisinin anası qalırdı hələ, onunla yaşayırdı, Dürdanənin əri varıydı, evlər müdiri işləyirdi və indi çox mehriban yaşayırdılar, adam baxanda ürəyi açılırdı; Roza harasa köçüb getmişdi və Zübeydənin çoxdan idi ondan xəbəri yox idi...
Bu rəfiqələrin kimisi öz qocalığı ilə barışmışdı, kimisi hələ də cavanlıq eşqindəydi və yalan-doğru deyirdilər ki, Şirinxanımın – yaşda Zübeydədən də böyük idi – hələ də Salamon adlı bir kamançaçalan sevgilisi var, babalı deyənlərin boynuna...
Əlbəttə, belə bir cavanlıq üç qəpiyə dəyməzdi, çox ağlamalı-gülməli idi və Zübeydə belə fikirləşirdi ki, getdi o vur-çatlasın, çal-oynasın günləri, getdi və bir də heç qayıtmaz geri; yaxşı olar qayıtmaz, pis olar qayıtmaz – bunu deyə bilməzdi, çünki hər halda, yaxşısı çox idi o günlərin, doyunca kef elədilər bu dünyada, beşgünlük dünyada, İsgəndərə qalmayan dünyada, çaldılar, oynadılar, güldülər, camaat bir tikə qara çörək tapmayanda, onlar Kislovodskdan vurub Soçidən çıxdılar, onları sevənlər var idi, onların dərdindən ölənlər var idi, onlardan ötrü gecənin-gündüzün hansı vaxtı desən, arvad-uşaqlarını həmişəlik atmağa hazır olanlar var idi, bir can alan baxışdan ötrü vəzifədən qovulmağa razı olanlar var idi, amma Zübeydəgil azadlığı, sərbəstliyi sevirdilər və doğrudan da, azad və sərbəst idilər: amma pisi də vardı o günlərin və bu pis, elə bil, siçan yuvası görmüş pişik kimi illərdən bəri pusquda durubmuş, yavaş-yavaş baş qaldırırdı, indi adama təsir eləyirdi, indi adamın ağlına gəlirdi, bəzən adamın lap atasını da yandırırdı... Nə isə...
Kitabxana.az · https://kitabxana.az/works/elcin-toyugun-diri-qalmasi-iv-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ay işığında uzaqdan Şuşa qalasının qaraltısı görünürdü.Və Şuşa qalasına qalxan yolda üç atlı gedirdi.
İkinci hissə, 34Otaqdakı şam işığında dörd nəfər əyləşmişdi: İbrahim xan, Əmiraslan bəy və Şuşa qalasına qalxan o iki atlı.İbrahim xan o iki nəfərə baxa-baxa deyirdi:
İkinci hissə, 35Elə həmin gecə Vanya yüzbaşının pəncərəsi həyəcanla döyüldü.Vanya yüzbaşı yatağında qurcalanıb:
İkinci hissə, 36Vanya yüzbaşı həyəcanla mayor Lisaneviçin iş otağının qapısını açdı və içəri girib salamsız-kəlamsız dedi:– Cənab mayor, sizin xəbəriniz var ki, bu gecə Abbas Mirzənin iki nəfər elçisi Şuşa qalasına gəlib və İbrahim xanla görüşüb?