IV fəsil
Səhifə 3 / 4 · 50%
– Ağagül!... Qurtarmadın oranı, qadası? Çox sucuq eləməginə! – Zübeydə quyunun motorunu söndürdü və sinəsini, qollarını şappıldadıb ağcaqanadları qova-qova:– Gəl day, ora bəsdi, – dedi. – Gəl, gəl, bir balaca o hasarın yanındakı ağacları da sulaginə, bəsdi day... Şlanq ağırdı, qadası, apara bilmirəm ora...
Ağagül heç bir söz demədi, yəni, bərkdən heç bir söz demədi, ürəyində nə deyirdi, özü bilirdi, şlanqı darta-darta hasar boyu Qeysəbdülün əkdiyi küknarların yanına getdi və Zübeydə təzədən motorun düyməsini basıb işə saldı.
Əbdül yaxşı kişiydi, yazıq kifiriydi, amma yaxşı adamıydı, kəndin uşağından tutmuş böyüyünəcən kim desəydi ona ki, ağzındakı dilin lazımdı mənə, çıxarıb
verərdi. Gör bu küknarlar necə böyüyüb, gör necə ildi, Allah, ölüb Əbdül... O öləndə Ağabacının bu oğlu heç anadan olmamışdı yəqin, amma indi vağzal bağında qızla öpüşür, özü də vələdüznanın cövhəridi, görmürsən anasından xəlvət bu qırmızı çil toyuğu necə götürüb gətirib bura?
Əlində şlanq yavaş-yavaş hasar boyu addımlayan Ağagül isə indi onun
hayındaydı ki, görəsən, bu küknar ağaclarının dibini sulayandan sonra nə etməlidi? Şlanqdan axan su iki yüz əllilik elektrik lampasının işığında küknarın dibində
köpükləndikcə, Ağagül fikirləşirdi ki, birdən sabahdan Nisə daha onunla görüşməz, bu ifritə arvadın ucbatından əsgərlikqabağı ürəyi düşər partlamaya və bu dəm
Zübeydə də bu göy şalvarlı, nazik sarı köynəkli, «aerodrom», bukle papaqlı oğlana baxıb, fikirləşirdi ki, Firuzənin, özü də ağıllı Firuzənin göyçək qızı Nisə bu uzundraz, arıq, üzünə hələ əməlli-başlı tük çıxmamış, seyrək bığlı bu axmaqda nə görüb? Oğlan gərək yaraşıqlı olsun, oğlan gərək güclü olsun, oğlan gərək kişi olsun və kişinin də gərək cibi dolu olsun və həmin kişi də gərək qızı elə öpsün ki, bunü heç kim görməsin; amma birdən-birə Zübeydə burasını da fikirləşdi ki, əvvəla, pul əl çirkidi, ikincisi də heç kim heç nə görməz, amma Zübeydə görər.
Kəndin arvadları deyirdi ki, Zübeydə bilməyən şeyə qurd düşər. Yəqin belədi ki, belə deyirlər də... Amma niyə belədi? Bax, bax, bax, bu da birinci dəfəydi ki, Zübeydə kəndin arvadlarının onun haqqında dediyi sözləri top-tüfəngə tutmurdu, təsdiq eləyirdi, lap quzu kimi təsdiq eləyirdi və yanıb-yaxılırdı da ki, axı, niyə belədi?
Qocalıqdandı hamısı, vallah-billah qocalıqdandı. Cavanlığında heç vecinə də almırdı belə söz-söhbətləri, axı, o kimiydi cavanlığında, kəndin bu qarğa-qurğa arvadları kimiydi?
Hanı indi o gözəllik, o mərmər sinə, o incə bel ki, iynə deşiyindən keçərdi, o büllur budlar ki, hər biri bir mitəkkəyə oxşayırdı?
Onda, o zamanlar Zübeydə nə idi, camaatın işinə qarışdı nə idi? Plov yemirdi ki, qönçə dodaqları yağa batar...
Yavaş-yavaş getdi o günlər..
Yavaş-yavaş xırda bazar alverçisinə döndü.
Hərə bir tərəfə dağıldı, təkcə Şirinxanım fərli çıxdı, qırx yaşında instituta girdi, oxuyub həkim oldu.
– Qurtardı?
– Nə deyirsən?
– Deyirəm ki, qurtardı, yoxsa hələm genə lazımam? – Ağagül əlində şlanq axırıncı küknarın dibini sulayıb qurtarmışdı.
Zübeydə:
– Ay çox sağ ol, Ağagül, qadası! – dedi və quyunun motorunu söndürdü.
Ağagül şlanqı yığa-yığa gətirib quyunun yanında yerə atdı və əliylə üz-gözünün, alnının tərini silib birbaşa çıxıb getməyə ürək eləmədi, soruşdu:
– Gedim mən?
– Hə? – Zübeydə o tərəf-bu tərəfə baxdı, həyətin ortasındakı meynə talvarının üstündən sallanmış və ay işığında hamısı eyni rəngdə qaralan üzüm salxımlarını görüb: – Ancaq bu salxımlar qalıb, Ağagül, qadası, sovxa o qədər hündürdü ki, qorxuram yıxılım dərəndə... – Və bu vaxt dünyanın ən qəribə işlərindən biri baş verdi – Zübeydənin qabağında dayanıb üz-gözündən damcı-damcı tər süzülən bu cavan oğlana birdən-birə yazığı gəldi. – Yaxşı, lazım döyül, – dedi, – bala, get, get evinizə, xoş gəldin, yeri get...
Ən qəribəsi isə bu oldu ki, Ağagül hündür talvardan sallanan üzüm salxımlarına baxdı, qabağında dayanıb lırtlaşmış qolunda, qırışmış sinəsində şappıltıyla ağcaqanad öldürən və bütün bu həyətdə, bu ağacların arasında, bu ulduzların altında tamam tək-tənha olan bu arvada onun da birdən-birə yazığı gəldi və Ağagül özü də buna təəccüb elədi, təəccüb elədi ki, Zübeydə kimi bir zalıma, dinsizin-imansızın birinə yazığı gəlir.
– Əybi yox, nərdivanı ver, yığım səninçün...
– A-a-a... – Bu dəfə də Zübeydə təəccübləndi və nədənsə, Ağagülün bu həvəsi onun xoşuna gəlmədi. – Yeri get, atam balası, qorxma, heç kimə heç nə demərəm, xoş gəldün, lazım döyül.
Həmin bürkülü yay gecəsi dayanıb ay işığında bu uzun, arıq oğlana baxan Zübeydə birdən-birə, az qala, mehriban bir məxluqa döndü; Ağagülə elə gəldi ki, əslində dünyada iki Zübeydə var, biri küpəgirən qarıdı, o birisi yazığın biridi; bu yazıqlıq birdən-birə görünür, sonra yox olub gedir, elə bil ki, bir xeyli gözləyirsən, su durulur, dibindəki qumu görürsən, sonra yenə kimsə daş atır, su bulanır, dibi görünmür.
Əlbəttə, Zübeydənin bu dəm belə bir fəlsəfədən xəbəri yox idi və oğlanın da yenə döyüküb qalmasını nigarançılığa, qorxaqlığa yozdu.
– Demərəm də, – dedi. – Heç kimə demərəm. Yeri get. Xoş gəldün.
Ağagül evin yan divarına söykənmiş nərdivanın dalınca getdiyi üçün bu axırıncı sözləri əməlli-başlı eşitmədi, nərdivanı gətirib talvara söykədi və Zübeydə də daha bir söz deməyib artırmadakı böyük emallı ləyəni əlinə aldı və gəlib durdu talvarın altında, nərdivanın yanında.
Ağagül salxımları bir-bir dərib Zübeydənin yuxarı qaldırıb tutduğu ləyənə düzə-düzə:
– Sərçə dimdikləyib salxımları, – dedi.
– Nolar?.. – dedi Zübeydə. – Sərçə də Allahın heyvanıdı də...
Ağagül bu arvaddan sərçələrə qarşı belə bir səxavət və xeyirxahlıq gözləmirdi və talvardan sallanmış salxımlardan toz-torpaq düşmüş gözlərini əli ilə ovuşdura-ovuşdura yuxarıdan-aşağı Zübeydəyə baxdı, Zübeydə ləyəni qaldırıb başının üstündə tutmuşdu və bu dəm onun duruşu, görkəmi Bakının köhnə bağlarındakı çarhovuzların ortalarında dayanan, köhnəlib və əldən düşmüş, pasmandaya dönmüş əcaib heykəllərin duruşuna, görkəminə oxşayırdı. Ağagül fikirləşdi ki, onların kəndindəki bu Zübeydədən bir dənədi.
– Nə vaxt gedirsən əsgərliyə, Ağagül?
– Sentyabrda gedirəm.
– Baladadaş məktub yazır?
– Hə... Salam-duası var...
– Salam göndərən sağ olsun... Allah canını sağ eləsin, sağ-salamat qayıdıb gəlsin. Uzaqdadı yazıq. Sən Bakının özünə düşsən yaxşı olar, gedib-gələrsən kəndə.
– Pribaltikaya gedirəm.
– Yox a-a-a? Əntiqə yerdi oralar! Riqaya düşsən lap əntiqə olar. Oraları gəzəndə, Ağagül, yad eləyərsən məni... Abşeron kimi bir yerdi ora, dəniz qırağında, kurortdu özü də başdan-ayağa...
Ağagül fikirləşdi ki, pah atonnan, bu arvadın tanımadığı, gəzmədiyi yer yoxdu dünyada.
İki il bundan əvvəl qışda, o tərəflərin qışının lap oğlan çağında pansionata
getmişdi Zübeydə, Yurmalanın Mayori deyilən bir yerinə. Şirinxanım düzəltmişdi putyovkanı onunçun. Əvvəlcə başına girmişdi ki, sanatoriyaya getsin, amma heç
harda işləmirdi və Şirinxanım da ha əlləşdi, bir şey çıxarda bilmədi, sanatoriya
düzəlmədi, Şirinxanım «yanan» putyovkalardan birini əldə edib Zübeydəni
pansionata göndərdi. Yurmalanın Mayori deyilən yerinə və kəndin arvadları mat-məəttəl qalmışdı ki, gör hara gedir Zübeydə, paxıllıqdan yanıb-yaxılanlar da var idi (Quyuqazan Həsənqulunun arvadı kürən Anaxanım başını bulaya-bulaya deyinirdi: «Səhərdən axşamacan sovxozda işləyən mən, istirahətə gedən Zübeydə
ciyəriyanmış!»), amma o tərəflərin qışı doğrudan-doğruya çox gözəl idi, pansionat da çox təmiz, səliqəli idi və ən başlıcası da bu idi ki, heç kim onu tanımırdı, bilmirdi, cavanlar üçün «tyotya Zubeyda» idi, yaşlılarla həmsöhbət idi, bir İzabella
Xaymovna vardı orda, mehriban arvadıydı çox, yaşı yetmişi keçmişdi, amma pudraboyasından qalmırdı heç, pansionatdan sonra üç-dörd dəfə məktub yazdı Zübeydəyə, amma Zübeydə cavab göndərmədi, bircə dəfə şəkərburayla paxlava bişirib yolladı onunçun Odessaya, amma İzabella Xaymovna elə indiyə kimi hər bayramda bir
«otkrıtka» göndərirdi.
Zübeydə Mayoridə pansionatda qalanda İzabella Xaymovnaya demişdi ki, bura putyovkanı mənimçün oğlum alıb, yollayıb məni bura ki, bir az işdən-gücdən istirahət edim, nəvələrin səs-küyündən...
– Düş, ay Ağagül, bala, düş aşağı. Day yoruldum mən, gücüm çatmır, saxlaya bilmirəm ləyəni day...
Zübeydə içi üzüm dolu ləyəni yerə qoydu və Ağagül də nərdivandan düşüb əliylə meynənin toz-torpağına bulaşmış sir-sifətinin tərini sildi, nərdivanı aparıb yerinə qoydu, «aerodrom» papağını çıxarıb bir-iki dəfə çırpdı, təzədən başına qoydu və:
– Mən getdim, – dedi.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-toyugun-diri-qalmasi-iv-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ay işığında uzaqdan Şuşa qalasının qaraltısı görünürdü.Və Şuşa qalasına qalxan yolda üç atlı gedirdi.
İkinci hissə, 34Otaqdakı şam işığında dörd nəfər əyləşmişdi: İbrahim xan, Əmiraslan bəy və Şuşa qalasına qalxan o iki atlı.İbrahim xan o iki nəfərə baxa-baxa deyirdi:
İkinci hissə, 35Elə həmin gecə Vanya yüzbaşının pəncərəsi həyəcanla döyüldü.Vanya yüzbaşı yatağında qurcalanıb:
İkinci hissə, 36Vanya yüzbaşı həyəcanla mayor Lisaneviçin iş otağının qapısını açdı və içəri girib salamsız-kəlamsız dedi:– Cənab mayor, sizin xəbəriniz var ki, bu gecə Abbas Mirzənin iki nəfər elçisi Şuşa qalasına gəlib və İbrahim xanla görüşüb?