Birinci hissə, altıncı fəsil
Səhifə 2 / 3 · 33%
Direktorun kabineti açıq idi, Şakir Şakirzadə yerində idi, telefonla kiminləsə danışırdı. Nəzər müəllim içəri girmiş, Şakir əlilə oturmaq işarəsi verəndən sonra sağ tərəfdə, divarın dibində düzülmüş stullardan birində əyləşmişdi, arxayın bir hərəkətlə qara müştüyündəki siqarını alışdırmış, yanıq kibrit çöpünü qutuya qoyub, bükülməyən sol qıçını qarşısındakı mizin altına uzatmışdı. Şakir telefon söhbətini bitirib, ətli üzündə çox xırda görünən qara gözlərini Nəzərin sifətində gəzdirib:
– Hə, eşidirəm, Nəzər müəllim! — demişdi. Nəzər heç nə söyləmədən cibindəki bükülü kağızı ehtiyatla çıxarıb — sanki sadəcə, doğrudan da, nə isə partlayacaqdı,— qatını açmış və Şakirin qabağına qoymuşdu. Kağızı görən kimi Şakirin qəlbindən bir sevinc dalğası keçmişdi və elə o an - Hüsünün dünən dediyi sözləri xatırlamışdı: «Elə hesab elə ki, Nəzər müəllimin ərizəsi sabah stolunun üstundədi... «Pa atonnan, nə bilirmiş ey, -Hüsü» — deyə təəccüblənmişdisə də, özünü sakit və təmkikli aparmışdı. Ancaq Nəzər müəllimin üzündə səhərdön bəri hiss elədiyi gərginliyi, əsəbiliyi azaltmaq üçün guya zarafat eləmək istəmişdi:
– Bu nədi, Nəzər muəllim? Yenə kimdən yazmısan?
Nəzər atmacanın mənasını yaxşı başa düşmüşdü, lakin daha köhnə söz-söhbətin üstünə qayıdıb «köhnə palan içi tökməyin» yeri olmadığını fikirləşib quru bir tərzdə:
– Qorxma, Şakir, — demişdi,—heç kəsdən yazmamışam, bu dəfə özümdən yazmışam.
– Özündən? — Şakir son dərəcə heyrətləndiyini göstərən bir ədayla soruşmuşdu, amma səsi çox suni çıxmışdı. Və bunu hər ikisi aydın duymuşdu.
Nəzərin uzündə kinayəyə bürünmüş bir ifadə gəzmişdi; qəmgin-qəmgin söyləmişdi:
– Şakir, əgər hafizəm aldatmırsa, mən sənə o vaxt artistlik dərsi keçməmişəm. Zənnimcə, Bakıda da sən incəsənət institutunun aktyorluq fakültəsində oxumamısan. Bəs bu artistliyi sən kimdən, hardan öyrənmisən, Şakir?
Söz ağır olmuşdu. Doğru deyiblər ki, əvvəl deyən bilsə sonrakı nə söyləyəcək, heç ağzını da açmaz. Söz Şakirin dilindən çıxmışdı, cavabını da eşitməli idi, udmalı idi. Sifəti qıpqırmızı qızarmışdı. Gözləri oynamışdı yerindəcə. Ancaq özünü birtəhər ələ almışdı, yenə məharətlə artistlik eləyib, bu sözün də altından çıxmışdı, zarafata salıb gülmüşdü:
– Ay səni, Nəzər müəllim! Xasiyyətindən əl çəkmədin ki, çəkmədin də. — Və başını qaldırıb onun üzünə baxmadan, gözucu oxuduğu ərizənin üstünə tələsik dərkənar qoymuşdu. Bu sadə və adi işi elə sürətlə görmüşdü ki, kənardan baxan olsaydı, onun qorxudan belə etdiyini o dəqiqə başa düşərdi; «Tez elə, birdən peşiman olar, geri götürər ərizəsini!»
Nəzər sərraf idi, tutmuşdu bu nöqtəni və mənalı-mənalı qımışmışdı. Ancaq onun fikri ayrı yerdə idi. O partlayış gözləyirdi. Nə partlayış! Bu axmaq şey Nəzərin ağlına hardan gəlmişdi? Heç nə olmamışdı. Şakir kağızı kişinin qabağına itələmişdi. Qırmızı mürəkkəblə yazılmış «Nəzər Nəzərli yoldaşın xahişi yerinə yetirilsin!» sözləri gözləri önündəcə əriyib bir-birinə qarışmışdı.
– Gedin dincəlin, Nəzər müəllim. Siz maarifimiz üçün çox iş görmüsüz, çox əziyyət çəkmisiz... Dövlətimiz də sizin böyük əməyinizi yüksək qiymətləndirib: «Maarif əlaçısı» nişanı, iki dəfə Lenin ordeni...
Şakir stolunun üstündəki qalın, göy şüşəni barmaqları ilə taqqıldada-taqqıldada danışmışdı, lakin Nəzər onun dediklərini eşitməmişdi, daha doğrusu, eşitmişdi, başa düşməmişdi. Fikri-xəyalı səkkiz il bundan qabaqkı unudulmaz bir gündə cövlan eləmişdi...
...Onda Nəzər özü bu məktəbdə direktor idi. Vaxtilə, otuzuncu illərdə ona dərs demiş, indi doğrudan da qocalmış, gözləri tor gətirmiş, əlləri əsən, məktəb yolunu çətinliklə gedib-gələn, otuz ildən çox direktorluq eləyən, ömrünü-gününü bu məktəbə qurban verən, onun adı, sanı, vicdanı sayılan Əli müəllim günlərin birində, bax beləcə, Nəzərin qabağına bir ərizə qoymuşdu. Nəzər onda sarsılmışdı. Çünki heç vaxt ağlına belə gətirməmişdi ki, o bu məktəbsiz bir gün nədi, bircə saat da yaşaya bilməz: o, elə burda, bax, bu işıqlı, yaraşıqlı siniflərin birində elə dərs deyə-deyə ölməlidi, ayaq üstə, danışa-danışa. Ancaq sən demə, həyat ayrı şeymiş, onun öz qanunları, öz hökmləri varmış! Sən demə, vaxtilə dağ cüssəli bir adam olan, indi əriyib balacalaşmış Əli müəllim özü əsə-əsə gəlib deyə bilərmiş ki, mən daha qocalmışam, işləyə bilmirəm, təqaüdə çıxmaq istəyirəm. Ey gidi-dünya, bu kəndin, bu məktəbin, bəlkə bütün rayonun fəxri olan Əli müəllim belə deyə bilərmiş! O zaman hələ bax bu qırmızısifət Şakir müəllim Bakıda oxuyurdu, o zaman onun əmisi Murad maarif şöbəsinin müdiri deyildi, müəllim kollektivi çox gözəl idi, onda müəllimlər dərs saatı üstündə bir-birilə gizli-aşkar «vuruşmurdu». Bax, o zaman bütün məktəb, müəllimlər Əlinin o ərizəsini doğrudan da bir bomba partlayışı kimi qəbul etmişdi, hamının üstünə elə bil su çilənmişdi. hamı elə bil son dərəcə qiymətli bir şey itirəcəkdi indicə. Nəzər də, müəllimlər də onda çox xahiş eləmişdilər: «Getməyin, Əli müəllim, heç nə eləməyin, elə quruca gəlin, gedin, nəfəsiniz bu məktəbdə olsa, bəsimizdi!»—demişdilər. Lakin heç bir cəhd onu saxlamağa qadir olmamışdı, çünki bu hökmü həyat özü vermişdi. Həqiqətən, onu saxlamaq əzab vermək demək idi, incitmək demək idi.
İki gündən sonra bütün uşaqlar, müəllimlər, kəndin eşidib-bilən valideynləri böyük zala yığışmışdı, Nəzər gözləri yaşara-yaşara Əli müəllimin maarif cəbhəsindəki xidmətlərindən, fədakarlığından, insanlığından danışmışdı. O biri müəllimlər də, uşaqlar da, valideynlər də Əli müəllimə minnətdarlıqlarını bildirmişdilər. O qədər gül gətirmişdilər ki, balaca vücudu gül içində itmişdi.
Rəyasət heyətində oturmuş Əli müəllim uşaq kimi göz yaşlarını saxlaya bilməmişdi. Bu böyük məhəbbət, qədrdanlıq onu yamanca mütəəssir eləmiş, bütün ömrü boyu çəkdiyi əziyyətlərin hamısını unutdurmuşdu.
Onu təntənəli gecədən sonra maşınla evlərinə aparmışdılar. Hələ bu, hamısı deyildi. Nəzər əvvəlcə birinci katibin yanına, sonra Bakıda nazirin yanına getmişdi. Moskvaya yazmışdı və nəhayət, rayonun axar-baxarlı, ən böyük kəndi olan Əskərabaddakı bu orta məktəbin Əli Nurlu adı ilə adlandırılmasına icazə ala bilmişdi. Və indi, hər gün yüzlərlə şagirdin, onlarla müəllimin, gələn qonaqların istər-istəməz oxumalı olduğu o qara lövhəni — «Əli Nurlu adına Əskərabad orta məktəbi» lövhəsini — Nəzər özü Əli Nurlunun sağlığında yazdırıb bura vurdurmuşdu. Və hamısından yaxşısı, təsirlisi o olmuşdu ki, bu lövhə vurulan gün keçirilən təntənəli mitinqdə Əli müəllim özü də iştirak etmişdi! Onda sevinc və göz yaşları bir-birinə qarışmışdı.
O gündən sonra Əli müəllim dörd il də yaşamışdı. Onu bu məhəbbət, bu qayğı və qədirbilənlik yaşatmışdı, həkimlər yox, dava-dərman yox!
Və gözəl bahar günlərinin birində, günəş qüruba enən çağı gözlərini əbədi olaraq yuman Əli müəllim ölümdən qorxmamışdı, çünki o, ölməzliyini görüb ölmüşdü!
– Nə fikrə getdin, Nəzər müəllim?—Bu, Şakirin səsiydi.
Nəzər xəyaldan ayılmışdı:
– Heç... elə-belə...
– Bəlkə... başqa bir sözün-zadın var, Nəzər müəllim?
– Var, Şakir!
– Eşidirəm, Nəzər müəllim....
Nəzər təzə siqaret yandırmışdı və havaya üfürdüyü tüstünün arxasından Şakirə baxıb soruşmuşdu:
– Neçə ildir burada işləyirsən, Şakir? Şakir seyrək qaşlarını çatıb ani düşünmüşdü:
– Yeddi ildir, Nazər müəllim. Necə bəyəm?
– Yaddaşın nə təhərdir? Şikayətin yoxdu ki?
– Yox.—Şakirin ürəyi əsmişdi, fikirləşmişdi: «Görəsən, bu qoca yenə nə deyəcək ki, məni yandıracaq?» — Ancaq ağlına heç nə gətirə bilməyib xırda gözlərinin seyrək kirpiklərini tez-tez döyə-döyə Nəzərə baxmışdı.
– Bu yeddi ildə mən sənə heç «Şakir müəllim» demişəm?
– Başa düşmədim...
– Deyirəm, yəni bu yeddi ildə mən sənə heç «Şakir müəllim» deyə müraciət etmişəm?
Şakirdən cavab gəlməmişdi. Nəzər özü davam etmişdi:
– Yox, deməmişəm. Mən sənə həmişə Şakir deyə müraciət etmişəm. Şakir müəllim deməmişəm, heç vaxt, Şakir. Çünki... mən hər ali məktəbi qurtarıb, adını müəllim qoyana... müəllim demirəm, Şakir!
Şakiri elə bil şok vurmuşdu. Nəsə demək üçün söz axtarmışdı, tapanda isə... artıq Nəzər müəllim kabinetdə yox idi.
...Xəbər ildırım sürətilə yayılmışdı. Məktəb bir-birinə dəymişdi. Pıçhapıç gəzirdi; təəssüf, pərişanlıq oxunurdu sifətlərdə. Böyük tənəffüsdə uşaqları zala yığmışdılar. Cərkələr, oturacaqlar doluydu. Səhnədəki uzun stolun üstünə qırmızı örtük salınmışdı; ortalığa qoyulmuş güldanda beş-altı gül vardı. Müəllimlərin hansı üçünsə gətirilmişdi bu güllər. Zakirə xanım xahiş eləyib qoymuşdu bura. Nəzər müəllimi yola salmaq üçün atüstü təşkil edilmiş bu məclisdə heç olmasa bir dastə gül olmalı idi ya yox? Məhərin, Zakirənin üzünə baxmamışdı Şakir. Təntənəni gecikdirmək olmazdı onun fikrincə. Qabaq cərgədə üç-dörd müəllim oturmuşdu. Çırtma vursan qanı daman Şakir, müəllimlərin arasında Nəzəri görməyib, qapı ağzında ayaq üstə dayanmış Zakirədən soruşmuşdu:
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-dunyani-tani-birinci-hisse-altinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nəzər qızıgilin qıfılsız darvazasını qoltuqağaclarının ucu ilə itələyib açanda və həyətə girəndə saat birə işləmişdi. Sakitlik idi. Yuxarı evlərin işığı sönmüşdü, ancaq qapı-baca çıraqban idi. Ortalıqda dayanıb ətrafa göz gəzdirdi, qulaq verib dindi. O tərəfdən, hovuzdan o yana, bağın içindən səs gəlirdi.Eşidib ürəkləndi.
Dördüncü hissə, doqquzuncu fəsilNəzərn həbsxanadan çıxması çox böyük sürətlə rayona yayılmışdı. Eşidən-bilən, dost-tanış axışıb həm başsağlığına, həm də gözaydınlığına gəlirdilər. Əlbəttə, çoxu müəllim idi gələnlərin. Zakirə Nəzəri görəndə uşaq kimi ağlamışdı. Nəzər ona toxtaqlıq verib güclə sakitləşdirmişdi. Nəzər Zakirədən öyrənmişdi ki, Süleymangil tutulandan az sonra Murad Muradzadəni maarifdən, Şakiri məktəb direktorluğundan götürmüşdülər. İndi «Qırmızı məktəbin» direktoru Zakirə idi. Təbii ki, Şakir gəlməmişdi. Zakirənin dediyinə görə utandığından gələ bilmirdi.Bunu eşidəndə Nəzər başqaları da eşitsin deyə ucadan demişdi:
Dördüncü hissə, onuncu fəsilNəzər atasının sümüklərini bir gecə evdə saxladı. Qonum-qonşu, eşidən-bilən axışıb gəldi. Ağlamaqdan gözləri qızarmış Güldanə, camaat dağlışıb seyrələndən sonra çəkinə-çəkinə atasını yanlayıb dedi:– Bəlkə Güllüyə zəng eləyim gəlsin, ata.
Gündəliyimdən səhifələrİşıqlı dünya…Yeni il gecəsidir. Otaqda iki cavan – bir qız, bir oğlan üz-üzə oturmuşdur. Hər ikisi qəmlidir. Onlar istər-istəməz, bəzən özləri də bilmədən soyuq ah çəkirlər. Axı onların – bu iki sevgilinin bu əziz gündə heç nələri yoxdur! Oğlan qızdan utanır, qız da oğlandan…
Başqa şairlərin şeirləri
Uzaq yoldan gələn yarım,Yoluna qurban oluram,
Ay eylər of-ofBağban bar bəsləyib bara yetəndə,Dərəndə meyvəsin eyləməzmi isss...
Anam təlim edən dildəMənə lütf eylə, ey saqi, gətir o cami–sərşariKi, ta rəf eyləyim nəştov qarın bu rənci xümmari.
GəzirBilirsənmi, könlüm, yar səndən ayrı,Necə miskin-miskin, natəvan gəzir.