Səhifə 3 / 3 · 67%

– Nəzər müəllim hanı?

Zakirə xanım fikirli-fikirli cavab vermişdi:

– Bilmirəm. Bayaq sizin yanınızdaydı.

– Tez onu tap gətir. Qəribə adamdı ha. Bu cür təntənəli gündə camaat onun başına yığışıb, o da özünü naza qoyur!

Zakirə getmişdi. Tədris hissə müdiri Məhər səhnəyə — Şakirin yanına qalxmış, qulağına nəsə pıçıldamışdı, ancaq Şakir əlini yelləyib eşitmək istəməmişdi. Stolun arxasına düzülmüş stulları göstərib:

– Sən də burda otur, Məhər, — demişdi.

– Yox, mən oturmayacağam, — Məhər tribunanın yanındakı pillələri enib aşağı düşmüşdü.

Hüsü müəllim əllərini ovxalaya-ovxalaya Şakirin yanına gəlib, salona göz gəzdirərək gülümsünmüşdü:

– Çox adam var...

– Nəzər yoxdu, — Şakir əsəbiliklə söyləmişdi. Elə bu ara Zakirə xanım irəli yerimişdi:

– Yoxdu Nəzər müəllim!

– Bəs hara gedib?!

Zakirə xanım çiyinlərini çəkmişdi:

– Bilmirəm.

– Sən də çıx yuxarı, gəl otur burda.

– Yox, Şakir müəllim, mən də bu məclisdə oturmayacağam.

– Niyə axı?

– Ona görə ki, ona görə ki, mən bu qədər adamın içində ağlamaq istəmirəm.—Doluxsunmuşdu Zakirə xanım.

– Ba. Daha ağlamaq nə üçün? Biz bura ağlaşmağa yığışmamışıq ki? Biz öz müəllim yoldaşımızı pensiyaya yola salırıq, gülə-gülə, sevinə-sevinə.

Zakirə xanımın səsi titrəmişdi:

– Siz gülün də, sevinin də. Mən buna nə gülə bilərəm, nə sevinə bilərəm, — deyərək dikdaban çəkmələrinin üstündə fırlanmışdı və müəllimlər otağına getmişdi.

Dalınca qabaq cərkədə əyləşmiş müəllimlərdən üç nəfəri də salonu tərk eləmişdi.

Şakir çiyinlərini çəkib Hüsü müəllimə nə isə demək üçün yana çevriləndə onu da böyründə görməmişdi, dodaqaltı nə isə mızıldanmışdı.

...Həmin gün — yəni sentyabrın ikisində, Nəzər taxta körpünün üstündən qayıdan gün, həyət-bacaya sığışmadı. Yaman incimişdi, ürəyi göynəyirdi, yox, lap sız-sız sızıldayırdı. Bir yerdə qərar tutub dayana bilmirdi, gah taxtın üstündə oturub kitab oxuyurdu, gah beli götürüb bağçada yer şumlayırdı, gah radioya qulaq asırdı, gah da... heç özü də bilmirdi neyləyirdi. Amma hər nə eləyirdisə, məktəbin zəng səsləri elə hey qulaqlarında səslənirdi; Məktəb burdan uzaq idi, orda çalınan zəngin səsi heç vəchlə bu həyətə gəlib çatmazdı. Ancaq indi, qəribə idi, çatırdı, eşidilirdi, lap aydın eşidilirdi. Özü də hər qırx beş dəqiqədən bir, beş-on dəqiqə fasilə ilə. Və bu çingiltili səs onun qulaqlarında hər dəfə səslənəndə, elə bil ürəyinin telləri əsirdi içəridə. O səsləri çox eşitmişdi, uzun illər eşitmişdi, ancaq indiki kimi ona şirin, mənalı, həzin görünməmişdi o səslər. Musiqi kimi ecazkar idi indi o səslər.

Axşamçağı, ikinci növbə qurtarandan sonra Zakirə, Hüsü, Məhər və bir neçə başqa müəllim hay-küylə, deyə-gülə Nəzər müəllimin darvazasını açıb içəri girdi. Nəzər onları görüb kövrəldi, ancaq özünü ələ aldı. Dedilər, güldülər. İri bir gül dəstəsi, bir gözəl büllur vaza gətirmişdilər.

Hüsü müəllim, dəstənin başçısı, ağsaqqalı kimi, hədiyyəni Nəzərə təqdim eləyib, əlini sıxdı, üzündən öpdü, o birilər də onun kimi elədilər.

– Bağışla ki, belə oldu, Nəzər müəllim, — Hüsü dedi. — Biz səni, öz ağsaqqalımızı gərək bu cür yola salmayaydıq. Ancaq neynəyəsən... Şakirdi də...

– Sizdə günah azdı, bala. Ziyalının taleyini nadana tapşıranda həmişə belə olur. Mən Şakirdən o qədər də incimirəm. Mən sizdən, özümdən inciyirəm, düzü. Biz-biz olsaydıq, yəni kollektiv kollektiv olsaydı, Şakirlər meydan sulaya bilməzdi, ortalıqda at çapa bilməzdi, Bir müdrik yaxşı deyib ki, məzlum olmasa, zalım ola bilməz. Düz deyib, lap gözəl deyib: vallah, gözəl deyib, billah, gözəl deyib. Siz müəllimsiz, mən özümü də sizdən ayırmıram ha, siz öz haqqınızı, hüququnuzu başa düşməyəndə, belə olar. Sovet dövləti isə belə deməyib, bala. O müqəddəs bileti heç bilirsiz cibinizdə niyə gəzdirirsiniz? O bileti ona görə sizə veriblər ki, düzgün olasız, ədalətli olasız, haqqı nahaqqın ayağına verməyəsiz, mübariz olasız, əyriyə əyri, düzə düz deyəsiz.—O, müştüyünə siqaret taxıb yandırmış və davam etmişdi; —Amma siz passivsiz, siz elə bilirsiz vəzifəniz beş-altı saat dərs deməkdən ibarətdi. Vəssalam: Yox, mən dəfələrlə sizə demişəm, ayrı-ayrılıqda hər birinizə demişəm, siz müəllim olmaqdan əvvəl vətandaş olmalısız, sizin ürəyinizdə bu torpağa, bu sadə, işləməkdən başqa bir şey haqda düşünməyə belə vaxtları olmayan bu zəhmət adamlarına məhəbbət olmalıdır. Olmasa, siz hədər yaşayırsız, şikəstsiz; sizin yetirdiyiniz, tərbiyə elədiyiniz uşaqlar da, bu torpağın kələmək vətəndaşları olacaq bu uşaqlar da, sizdən zəif, sizdən aciz olacaqlar, vallah, olacaqlar, billah, olacaqlar. Onda Şakirlər çoxalacaq, onda Şakirlər istədiyini eləyəcəklər, haqsızlıq ayaq tutub yeriyəcək, təmizlik, inam, gözəllik öləcək, həyat bu şirinliyini itirəcək. Demişəm. Ancaq nə olsun? Şakir birinizin dərsini iki saat artıran kimi, dostu olmusuz onun. Birinizə mükafat verən kimi, demisiz Şakir yaxşı adamdı. Ancaq siz fikirləşməmisiz ki, Şakir bununla sizin mənliyinizi, ləyaqətinizi, şərəfinizi satın alır, sizi öz quluna çevirir. Fikirləşməmisiz... Vallah, fikirləşməmisiz.

Zakirə öz evindəymiş kimi çay hazırladı. Hərənin qabağına bir stəkan xoruzquyruğu çay qoydu. Nəzər bunu görüb, sözünə ara verərək:

– Ay sağ ol, qızım. Ömrün uzun olsun, bala, — dedi. — Bikə evdə yoxdu, mənim də heç ağlıma gəlməyib. Bağışlayın, siz allah.

– Bura bizim öz evimizdi, Nəzər müəllim, — Zakirə əyləşdi.

Hüsü daz başını qaşıyıb:

– Düz deyirsən, Nəzər müəllim, — söylədi. — Biz zəiflik göstəririk. Şakir əmisinə arxayın olub nə istəyir, onu da eləyir. Biz isə, çox vaxt göz yumuruq. Belə olmamalıdı, amma.

– Əlbəttə, — Məhər dedi, — kollektivdən çox şey asılıdır.

Nəzər buğlanan çayı qabağına çəkib stəkanı iri ovcunun içinə aldı və çoxlu siqaret çəkməkdən acışan boğazını arıdıb davam etdi:

– Siz bilirsinizmi ki, hər adama vəzifə tapşırmaq olmaz? Bilirsiz, bilmirsiz? Deyəcəksiniz, bilirik. Amma işdə əməl eləmirsiz. Məsələn, Şakir kimi adamlara vəzifə vermək olmaz. Tutaq ki, səhv elədik verdik, beş-on gündən sonra aydın oldu ki, o, bu vəzifəya layiq adam deyil. Biz onda onu dərhal çıxarmalıyıq. Amma yox, deyirik hələ təzə qoymuşuq, çıxarmaq olmaz. Qoy işləsin. Elə bil bir adama vəzifə verəndə orada, yuxarıda, deyək, maarif şöbəsində, ya katiblikdə, lap nazirlikdə boş bir qovluq da qoyurlar. O qovluq şikayət ərizəlari, həyəcan siqnalları ilə, anonim məktublarla dolmayınca, o adamı işdən çıxarmaq mümkün olmur. Ta o vaxta qədər ki, o qovluq ağızbağız dolur, ta güclə bağlamaq olur, onda deyirik hə, ta yetişib, indi çıxarmaq olar.

Amma axı, ay yoldaşlar, o qovluq dolanacan illər keçir, işlər əyilir, korlanır, haqq-ədalət itir, üfunət aləmi ağzına götürür, o qədər maddi-mənəvi ziyanlar vurulur ki, onları sonra düzəltmək çox çətin olur. Nəhayət, filankəsi, işindəki ciddi nöqsanlara körə vəzifədən götürürük. Axı, o nöqsanları bir il, dörd il, bəzən lap beş il bundan qabaq da görürduk. Biz niyə qoyuruq vəziyyət bu əndazəyə gəlib çıxsın? Axı, belə olmaz.

– Nəzər müəllim lap köhnə partiya işçisi kimi danışır,—deyə Zakirə xanım gülümsündü.

– Axı, sən özün yaxşı bilirsən, Nəzər müəllim, bir adamı vəzifəyə qoyanda, məsələn, Şakiri bizə direktor təyin edəndə bizdən soruşmadılar, Mikayılı bu kəndə sədr qoyanda bu camaatdan soruşmadılar. Üçüncü katib gəldi, dedi, belə məsləhət bilirik. Bu camaat yazıq neyləsin?

– Düzdü, soruşmurlar. Ancaq bu, düz deyil. Vallah, düz deyil, billah, düz deyil. Gərək kollektivdən soruşsunlar, gərək camaatdan xəbər alsınlar ki, ay yoldaşlar, siz bu adamla işləmək istəyirsiz, ya yox? Onda hər təsadüfi adam vəzifə başına gələ bilməz. Yaxud tutaq ki, bax, sən, Hüsü müəllim, bir partkom kimi, uzağa getməyək, elə burada oturan yoldaşlara xasiyətnamə yazırsan. Sənin yazdığın xasiyyətnamələr əkiz bacılar kimi bir-birinə oxşayır, standartdı, şablondu. Bu adamların hamısı sənin xasiyyətnaməndə yaxşı adamlardı, ictimaiyyətçidi, fəaldı və s. Amma bunlar heç bir-birinə oxşamır, hardasa fərqlənirlər axı? Mənə elə gəlir ki, sənin xasiyyətnamələrində bir maddə də olmalıdı.

– Nə maddə, Nəzər müəllim? — Hüsü soruşdu.

– O maddə ki, bax, sənin xasiyyətnamə yazdığın adam vicdanlıdırmı? Belə bir məsələ mütləq olmalıdı, bala. Onda sən bu suala cavab verəndə fikirləşərdin. Məsələn, fikirləşərdin ki, Şakir Şakirzadənin vicdanı varmı? Ya Mikayıla xasiyyətnamə yazan fikirləşərdi ki, onun vicdanı varmı, oğru deyil ki, tamahkar deyil ki, rüşvətxor deyil ki? Bax, o sual olsaydı, indi «Sülh» kolxozunun zəhmətkeşlərinin bir milyondan çox pulu yeyilməzdi, indi Mikayıl da ağzıbirdə yatmazdı! Yaxud, anketlər doldururuq. Hər şey soruşulur anketlərdə. Xaricdə adamımızın olub-olmamasına qədər. Mükafatımız varmı? Nə olar, o anketdə soruşulsun, vicdanımız da varmı? Onda bu suala cavab verəndə, mən, sən, o, fərqi yoxdu kim, fikirləşərik ki, doğrudan da vicdanımız var, ya yox?

Məhər müəllim güldü:

– Nəzər müəllim elə şey deyir ki... Kim o anketdə öz əlilə yazar ki, mənim vicdanım yoxdur?

– Heç kəs yazmaz,—Hüsü qımışdı.—Heç kəs yazmaz, Nəzər müəllim.

– Yazmaz? Yazmazsa, sabah işi əyəndə, cinayət eləyəndə, oğurluq eləyəndə yaxasından yapışarsan ki, bəs, ay filan-filan şüdə, burada yazmısan ki, vicdanım var. Bəs hanı sənin vicdanın? Bəs sən camaatı, dövləti, partiyanı niyə aldatmısan, ay vicdansız? Bax, belə. Bunun heç olmasa, burada xeyri olar ki, — o, üzünü Hüsü müəllimə tutdu, — sən Şakir kimilərə xasiyyətnamə yazanda qorxudan yaza bilməzsən ki, o vicdanlıdır. Sən bilsən ki, bu xasiyyətnamə üçün sabah, o adam bir pis iş görəndə sənin də yaxandan yapışacaqlar, vallah, qorxudan qol çəkməzsən, billah, qol çəkməzsən. Bax, belə.

Söhbət şər qarışanacan davam etdi. Nəzər müəllim onlara öz minnətdarlığını bildirib, qapının ağzınacan ötürdü. Darvazanın önündə Zakirə ona dedi:

– Nəzər müəllim, ayağınızı məktəbdən birdəfəlik kəsməyin, siz allah. Gəlin, gedin. Öz məktəbinizdi. Darıxacağıq sizin üçün, Nəzər müəllim.

Nəzər ah çəkdi:

– Sağ ol, qızım. Amma yox, gəlməyəcəyəm. Nə qədər ki, Şakir orda direktordur, mənim ayağım ora çətin ki, dəysin. — Onun bu sözlərinin üstündən heç kəs heç nə demədi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü hissə, səkkizinci fəsil

Nəzər qızıgilin qıfılsız darvazasını qoltuqağaclarının ucu ilə itələyib açanda və həyətə girəndə saat birə işləmişdi. Sakitlik idi. Yuxarı evlərin işığı sönmüşdü, ancaq qapı-baca çıraqban idi. Ortalıqda dayanıb ətrafa göz gəzdirdi, qulaq verib dindi. O tərəfdən, hovuzdan o yana, bağın içindən səs gəlirdi.Eşidib ürəkləndi.

25 dəq
Dördüncü hissə, doqquzuncu fəsil

Nəzərn həbsxanadan çıxması çox böyük sürətlə rayona yayılmışdı. Eşidən-bilən, dost-tanış axışıb həm başsağlığına, həm də gözaydınlığına gəlirdilər. Əlbəttə, çoxu müəllim idi gələnlərin. Zakirə Nəzəri görəndə uşaq kimi ağlamışdı. Nəzər ona toxtaqlıq verib güclə sakitləşdirmişdi. Nəzər Zakirədən öyrənmişdi ki, Süleymangil tutulandan az sonra Murad Muradzadəni maarifdən, Şakiri məktəb direktorluğundan götürmüşdülər. İndi «Qırmızı məktəbin» direktoru Zakirə idi. Təbii ki, Şakir gəlməmişdi. Zakirənin dediyinə görə utandığından gələ bilmirdi.Bunu eşidəndə Nəzər başqaları da eşitsin deyə ucadan demişdi:

7 dəq
Dördüncü hissə, onuncu fəsil

Nəzər atasının sümüklərini bir gecə evdə saxladı. Qonum-qonşu, eşidən-bilən axışıb gəldi. Ağlamaqdan gözləri qızarmış Güldanə, camaat dağlışıb seyrələndən sonra çəkinə-çəkinə atasını yanlayıb dedi:– Bəlkə Güllüyə zəng eləyim gəlsin, ata.

7 dəq
Gündəliyimdən səhifələr

İşıqlı dünya…Yeni il gecəsidir. Otaqda iki cavan – bir qız, bir oğlan üz-üzə oturmuşdur. Hər ikisi qəmlidir. Onlar istər-istəməz, bəzən özləri də bilmədən soyuq ah çəkirlər. Axı onların – bu iki sevgilinin bu əziz gündə heç nələri yoxdur! Oğlan qızdan utanır, qız da oğlandan…

30 dəq

Başqa şairlərin şeirləri