İkinci hissə, üçüncü fəsil
Səhifə 2 / 2 · 50%
Nəzəri fikri İmrandan danışmaqda qalmışdı və təəccüb eləyirdi ki, niyə Süleyman sözü dəyişdi?.. «Hə, bəlkə də ağırdı onun üçün!.. Bəlkə də unutmaq istəyir dərdini?.. Niyə olub-keçənləri yadına salıb qəlbini qanadım?.. Yox, lazım deyil, Nəzər!»
Özünü ələ alıb qəmli-qəmli onun sözünə cavab verdi:
⎯ Yox, ay Süleyman. Qocalmışam. Bilirəm, təsəlli üçün deyirsən. Sağ ol. Amma qocalmışam.
⎯ Bizim o «Qırmızı məktəb» yenə dururmu?
⎯ Durur. Ancaq Nəzər müəllimin kimi o da qocalıb, Süleyman!.. «Altı aydan çoxdu burdasan, hələ ayağın da dəyməyib. Amma Qasım ⎯ Moskva Şərqşünaslıq İnstitutunun direktoru ⎯ o da elə o gedən getmişdi, keçən il gələndə birinci oxuduğu «Qırmızı məktəb»ə baş çəkdi, gəldi biznən görüşdü, onuncuda oxuduğu sinfə girdi, o vaxt oturduğu partanı axtarıb tapdı, təzədən şagird olub oturdu, özü də kövrəldi, bizi də kövrəltdi… Amma sən… bir şagird kimi gəlmədin… heç olmasa bir katib kimi gələydin, Süleyman!»
⎯ Uçulur?
⎯ Uçulmur. Ancaq köhnəlib ta. Əl vermir. Kənd böyüyüb, uşaq çoxalıb. Darlıq edir. Neçə ildi yazırıq, deyirik, hələ ki, söz verirlər, iş görən isə yoxdu.
⎯ Mən tapşıraram. Çayınızı soyutmayın, Nəzər müəllim.
⎯ Hm. ⎯ O stəkanı götürdü, qurtum-qurtum içməyə başladı. Süleyman da içə-içə:
⎯ Eşitdim sizi də Şakir Şakirzadədi, nədi, təqaüdə çıxarıb, hə? ⎯ söylədi və ağzını marçıldatdı.
Nəzər başını tərpətməklə təsdiq elədi.
⎯ Necə adamdı o?
⎯ Kim? Şakir?
⎯ Hə.
⎯ Adamdı da…
⎯ Adam olmağını bilirəm. Bir az ətraflı danışın… çünki mənim qulağım ondan bəzi para şeylər çalıb. Bir var ara sözü, bir də var…
Nəzər xeyli fikrə getdi. Əlini cibinə atdı, siqaret axtardı, yadına düşdü ki, siqareti qurtarıb. «Çəkməyəcəyəm, görüm dözə bilirəm. Eh, qırx ildi deyirəm çəkməyəcəyəm. Yenə çəkirəm. Deyəsən Süleyman də çəkmir».
⎯ Nə yaman dərin düşüncələrə daldınız, Nəzər müəllim?
⎯ Hə? ⎯ o xəyaldan ayrıldı. ⎯ Yox, Süleyman. Mən nə deyim. Pis deyəcəyəm, deyəcəksiz, bunu təqaüdə çıxartdığı üçün belə deyir. Onu bil ki, bu, mənim təbiətimə ziddi. Mən qərəzdən uzaq olmuşam həmişə.
⎯ Bilirəm, Nəzər müəllim. Yenə olsun…
⎯ Sənə nə deyiblər, bilmirəm. Məncə, düz olar sənə deyilənlər. Mənim isə fikrim belədi ki, Şakir ziyalı deyil, Süleyman. Mən o məktəbdən getmişəm, iki dünya bir ola, bir də geri qayıdan deyiləm. Ancaq mənim o məktəbə, o uşaqlara, lap bir az da dərinə getsək, o müəllimlərə yazığım gəlir. Heyifdi o məktəb, heyifdi o uşaqlar, Süleyman!
⎯ Ziyalı deyilsə, heç… hm… Yaxşı bəs «Qırmızı məktəb»də varmı elə bir kadr ki, onun yerinə qoya bilək?
⎯ Var. Əlbəttə, var. Özü də bir deyil, ikisi-üçü var!
⎯ Kimdi?
⎯ Öz məzunumuzdu, öz uşağımızdı Zakirə. Qabiliyyətli, mehriban, savadlı… Bilirsən, Süleyman, direktor məktəbi gərək öz evi, şagirdləri gərək öz uşaqları hesab eləsin. Şakirdə bu yoxdu. Amma Zakirə məhz belə adamdı…
⎯ Mən Muradzadə ilə danışaram… ⎯ Süleyman Nəzər müəllim üçün də, özü üçün də çay süzdü.
Nəzər istədi desin ki, bu işlərin əsas mayası elə Muradzadədi, Şakir də onun dost-doğma qardaşı oğludu. «Pis çıxar!» ⎯ deyə şəxsiyyətinə sığışdırmadı.
⎯ Sağ ol, ⎯ dedi Nəzər və söhbəti dəyişdi: ⎯ Düzü sənin bura katib gəldiyini eşidəndə bəlkə də hamıdan çox mən sevindim, Süleyman. İlk vaxtlar istədim gələm yanına, səni təbrik eləyəm. Sonra nə isə fikrimi dəyişdim. Rayon yeridi, dedim, hərə bir cür baxar buna. Sonra da düzü, umdum ki, heç Süleymanın yadına düşmür ki, onun müəllimi var burda. Bir baş çəkim, görüm ölüb, qalıb. Heç olmasa çağırtdıraydın... Nə isə, bunları sənə deməyə də bilərəm. Ancaq...
⎯ Yox, yox, mən başa düşürəm, Nəzər müəllim. Di gəl ki, hələ təzəyəm, hələ aparatı öyrənirəm; planımda var, çıxam kəndlərə, obalara, camaatın içinə.
⎯ Yaxşı eləyərsən, Süleyman. Gəz, tanış ol, sev camaatımızı. El hiss eləsə ki, sənin ürəyində ona məhəbbət var, yaxşılığını istəyirsən, xoş gününü görmək üçün çalışırsan, səmimisən, qayğıkeşsən, haqqı nahaqqa vermirsən, onda ürəyini çıxardıb verər sənə. Sabah sən çıxıb getsən də, unutmaz səni. Necə ki, Ənvəri unutmur.
⎯ Ənvər kimdi?
⎯ Sənin yadına gəlmir? Hardan gələr, onda sən balaca olardın. Katib idi Ənvər. Canlara dəyən adam idi. Bax, o parkımız var ha, onu o saldırıb. Camaat indi də o parka «Ənvər bağı» deyir. O gün oturmuşam orda və çox düşünmüşəm. Yadigardı. Yaxşı yadigardı. Hər katib bir elə yadigar qoyub getsəydi…
⎯ O park «Qələbə» parkı deyil bəs?
⎯ Hə, rəsmi adı elədi. Ancaq el arasında «Ənvər bağı» kimi tanınır.
⎯ Hm… ⎯ Süleyman fikrə getdi… Nəzər müəllimin sözlərinin altındakı mənaları başa düşürdü və ürəyində götür-qoy eləyirdi. «Əsl müəllimdi. Gör necə deyir sözünü mənə! Yox, yaxşı düşünmüşəm Nəzər müəllimin nəzarətə gəlməsi məsələsini. Böyük kömək olacaq işimizə».
Düşüncələrinin mabədini dilinə gətirdi Süleyman:
⎯ Gərək əl-ələ verək, işləyək, Nəzər müəllim. Gərək siz də, necə deyərlər, qolunuzu çırmayıb bizə köməklik göstərəsiniz. Düzdü bir az cəbhəniz dəyişir. Nəzarət bir qədər ayrı xarakter daşıyır. Amma hardasa, mənə elə gəlir ki, bu özü də bir növ müəllimlikdi. Orda, kənddə bir məktəbə dərs deyirdiz, burda bir rayona dərs deyəcəksiz, Nəzər müəllim.
Nəzər güldü:
⎯ Sən lap nəqd eləmisən, ay Süleyman!
⎯ Əlbəttə, Nəzər müəllim. Bu, nağd söhbətdi. Respublika Xalq Nəzarəti komitəsində yoldaşlarla məsələni dağ eləyib gəlmişəm. Siz, mənim əziz müəllimim, bu gün burada təsdiq olunacaqsınız. Həm büro üzvü seçəcəyik sizi, həm də Nəzarət komitəsinin sədri…
⎯ Bəlkə heç yoldaşlar razı olmayacaqlar ay Süleyman?
Süleyman seyrək qaşlarını çatdı:
⎯ Yoldaşlar kimdi?
⎯ Yoldaşlar da… Büro üzvləri…
Süleyman belini düzəldib:
⎯ Mən deyəndən sonra yoldaşların ağzı nədi razı olmasın, ay Nəzər müəllim? ⎯ dedi.
Nəzər gözlərini qıyıb Süleymanın sifətindəki məmnun ifadəni oxumağa çalışdı və oxuyub güldü:
⎯ Nəyə gülürsüz, Nəzər müəllim?
⎯ Heç… Bir ərəb kəlamı yadıma düşdü.
⎯ Nə kəlam?
⎯ Ərəb müdriki haçansa yaxşı deyib: «Padşahların sözü, sözlərin padşahıdı…»
⎯ …
Süleyman birdən-birə Nəzərin çəkdiyi məsəlin məğzini tuta bilmədi. Sual dolu baxışlarını üzünə zilləyib ani fikirləşəndən sonra müəlliminin nə demək istədiyini başa düşdü, tutuldu. Ayağa qalxıb köşkün içində ⎯ o kiçik meydançada, əllərini cibinə qoyub bir o başa getdi, bir bu başa gəldi. Nəzərin qarşısında dayanıb:
⎯ Düz deyib ərəb müdriki, Nəzər müəllim! ⎯ söylədi və müsahibinin təəccübləndiyini və nə isə etiraz eləmək istədiyini duyaraq sözlərini tələsik əsaslandırmağa çalışdı: ⎯ bəli, düz deyib, özü də yaxşı deyib! «Padşahların sözü, sözlərin padşahıdı!» Mən başa düşürəm siz bu məsəli niyə görə çəkdiniz, Nəzər müəllim. Elə də olmalıdı. Düzdü, mən padşah deyiləm. Mən katibəm. Mənim sözüm əsas olmalıdı, mənim sözüm keçməlidi, mənim sözüm bıçaq pendiri kəsən kimi kəsərli və iti olmalıdı, Nəzər müəllim. Yoxsa hərcmərclik olar, anarxiya olar, belədə isə iş getməz.
Nəzər müəllim də, qalxdı, kötük stolun o tərəfində, katiblə üzbəüz dayanaraq:
⎯ Sənin sözün pendiri bıçaq kəsən kimi kəsməlidi, Süleyman! Ancaq burda bir incə mətləb də var, bala! ⎯ dedi.
⎯ Nədi o mətləb?
⎯ O mətləb budur ki, sənin sözün tək pendiri kəsmir, elə olanda, sənin sözün fikirləri, dilləri, düşüncələri də kəsir, oğul. Əgər tək sənin sözünlə iş həll olunmalıdırsa, onda o büro üzvlərin var ha, ondu-on birdi, dəqiq bilmirəm, bax onda bəs onlar nə üçündü, niyə seçib yığıbsız ora? Hə? Formaldı? Gözdən pərdə asmaq üçündü? Elə olanda sənin o büro üzvlərin get-gedə kütləşirlər, müstəqil düşünmək, fikir söyləmək qabiliyyətlərini itirirlər. «Bizə nə? Katib deyir, deməli, düzdü». Amma axı sən də insansan, sən də bizim hər birimiz kimi səhv eləyə bilərsən, yanlış hökm çıxara bilərsən, Necə ki, səndən əvvəlki katib səhv elədi, məsələn, Mikayılı ⎯ oğrunun, julikin birini, deyilənlərə qulaq asmadan, az qala geroy eləmişdi. «Şərəf nişanı» verdirmişdi, prezidiumlarda yanında oturdurdu, hamıya nümunə göstərirdi, televizor ekranlarından Mikayıl az qala kənd zəhmətkeşlərinə əxlaq dərsi deməyə başlamışdı. Elə sən də, təzə gəldiyin ilk vaxtlarda, Mikayılın ətrafında yaranmış mifə inanıb onu yanında gəzdirirdin. Nə oldu axırı?! Bizə, şəxsən mənə gün kimi aydın idi ki, o nə yuvanın quşudu. Yaxşı oldu, tezliklə sən də başa düşdün ki, bu torpağı sevməyən, bu əli qabarlı camaatın haqqını yeyib quduran şərəfsizin birinə «Şərəf nişanı» vermişik. Bax, bu sənin dediyin həmin «pendir-bıçaq» fəlsəfəsinin fəna nəticələrindən biridir, Süleyman. Bir baş ağıllıdı, iki, üç, beş, on baş daha çox ağıllıdı, bunu sən özün bilirsən. Odur ki, demə: «kimin ağzı nədi mən deyəndən sonra etiraz eləsin». Qoy eləsinlər, qoy danışsınlar, onlar məni, məsəlçün deyirəm, səndən yaxşı tanıyırlar. Sənin müəllimin olsam da, onlar ⎯ bu rayonun ziyalı, vəzifəli adamları məni sənə nisbətən daha yaxşı tanıyırlar. Bəlkə mən doğrudan da o vəzifəyə layiq deyiləm, bacarmaram. Olmazmı? Olar! Tamamilə mümkün olan şeydi, Süleyman. Məni bağışla ha, bəlkə sən heç belə eləmirsən, mənim xəbərim yoxdu. Mən bunu elə-belə, öz müşahidələrim, öz fikirlərim kimi sənə deyirəm.
⎯ Prinsip etibarilə haqlısan, Nəzər müəllim. Qanunlarımız da belə deyir. Mən də belə eləmək tərəfdarıyam. Mənə isə… iş lazımdı, Nəzər müəllim! Ayrı cür… iş getməz!
⎯ Sənə işdən də əfzəl bilirsən nə lazımdı?
⎯ Nə?
⎯ Sənə işdən də əfzəl insan gərəkdi, Süleyman! Təmiz, vicdanlı insanlar gərəkdi. Onda işlərin də yaxşı gedəcək, bala!
Süleyman dayandı, müəlliminin dilindən çıxan «bala» sözündə qəribə, isti bir məhəbbət duydu, bütün vücudundakı gərginlik əriyib yox oldu, hardansa mərhum atasının səsi gəldi qulaqlarına ⎯ rəhmətlik bu sözü deməyi çox xoşlardı, ya «Süleyman bala» deyərdi, ya da eləcə, adını çəkmədən «bala» deyə müraciət eləyərdi. Elə bil Nəzərin dilindən eşitdiyi o bircə kəlmə ilıq söz onu uşağa döndərdi, hökmünü, vəzifəsindən doğan zabitəni silib harasa apardı; Süleyman Nəzər müəllimə eynən məktəb çağlarında olan kimi, altdan yuxarı, hörmət və ehtiramla baxıb qeyri-iradi gülümsündü:
⎯ Elə ona görə sizi yanıma gətirirəm, Nəzər müəllim. Bayaqdan sizi dinləyirəm, heyran qalıram. Sərrast düşünürsüz, çox sərrast düşünürsüz. Düzünü etiraf edim ki, siz məndən də yaxşı katib olardız bu rayonda. Amma… hayıf, hayıf!..
Nəzərin gözləri parladı, Süleymanın nəyə hayıfsılandığını yaxşı başa düşə bilmədi, qocaldığınamı hayıfsılanırdı, ya nəyə?
Soruşmadı, Süleyman da xırdalamadı.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-dunyani-tani-ikinci-hisse-ucuncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Neçə gün idi ki, Gülmirənin ürəyi gizildəyirdi: bu müddət ərzində bütün olub-keçənlər, tələsik fırlanan lent yazısı kimi gözlərinin önündən keçir, anlar, dəqiqələr ötdükcə son nöqtənin — hər şeyə xitam verən nöqtənin yaxınlaşdığını duyur və dəli olmaq dərəcəsinə gəlir, inləyirdi. Təəssüf ki, onu heç kəs eşitmirdi, hətta divarın o tayında yaşayan Maşa xala da, bir küçə o yanda olan Xatın arvad da onun ürəyindən xəbərsiz idi. Gülmirə həmişə Əqdəmin təyyarəsində uçmuşdu. İndi isə o həmin yüksəklikdən böyük sürətlə başıaşağı gəlirdi. Onu Əqdəm öz yanından, öz təyyarəsinin kabinəsindən itələmiş, rəhmsizcəsinə itələmişdi və nəhayət, onun məhvinə qərar vermişdi. Niyə? O, vəfasız idi! Əqdəmin təmiz, uçduğu göylər kimi saf olan məhəbbətinə özgə nəfəsinin toxunmasına icazə vermişdi. Əqdəmin o böhranlı dəqiqələrdə yazdığı sözlər Gülmirənin qətlinə fərman kimi səslənirdi. «Hər şey bitdi», deyə gecələr səhərəcən yerində çalıxıbçapalayan, fikir-düşüncə əlində əsir-yesir olan Gülmirə bu dəqiqə qələm-kağızdan, elmi işdən elə qorxurdu ki, bir də miz arxasında oturacağını, zəif də olsa, bir şey qaralayacağını ağlına belə gətirə bilmirdi. Yox, daha bəsdi, daha kifayətdi! Özünü də aldatdı, başqalarını da! Hələ Cəfərii halalca kəşfini vicdan ağrısı çəkmədən öz adına çap etdirdiyini yadına saldıqca tükləri ürpəşirdi: «Salman Qurbanzadə, görəsən, niyə belə etdi?»Həmin məşum günün səhəri Gülmirə özünü əzgin hesab etdiyi üçün işə getmədi, katibəyə zəng vurub, xəstə olduğunu xəbər verdi. İndi dördüncü gün idi ki, işə çıxmırdı. Xatın arvad yamanca əl-ayağa düşmüşdü. Qızının ürəyindən, başına gələnlərdən xəbəri olmasa da, özünü oda-közə vurub ona gah dərman verir, gah da dəsmalı isladıb alnına qoyurdu. Təbib çağırmağa qızı icazə vermirdi: «heç bir şey yoxdur,— deyirdi,— yorğunam».
Üçüncü hissə, beşinci fəsilMakinaçılar otağının qapısı açıldı, Gülalı arıq, uzun gövdəsilə makinaçının qarşısında zahir olub dişlərini ağartdı:—Əssəlamün-ələyküm, Elvira xanım — deyə o, sağ çiynini aşağı dartan iri qovluğunu boş stolun üstünə qoyub əllərini övkələdi.— Hə, necəsən?
Üçüncü hissə, altıncı fəsil«15 dekabr 196...-cı il.Güllər, həqiqətən, qəşəng güllərdi. Gözəlliyinə, cazibədarlığına söz ola bilməzdi. Pəncərənin ağzındakı xırda dibçəklərdəki bu güllər küçədən keçənlərin, evimizə gəlib-gedənlərin diqqətini cəlb eləyirdi. Təbiəti az-çox sevən, onun azad və ətirli qoynunda böyümüş hər kəs qeyri-ixtiyari olaraq dibçəklərə yaxın gəlmək, qəddini əyib o güllərin qan daman ləçəklərini qoxulamaq, onların göz oxşayan gözəlliklərindən məst olmaq istəyirdi.
Üçüncü hissə, yeddinci fəsilÖz iş otağına çəkilib Orxanın əlyazmalarını vərəqləyən, ona məlum çap olunmuş əsərlərini və işıq üzü görməmiş məqalələrini açıb bir yana yığan Salman o arıq, çəlimsiz vücudda nə qədər böyük qüvvə, qüdrət, tükənməz həvəs və şövq olduğunu sanki bu günlər başa düşür, möcüzə qarşısında dayanmış adam təki heyrətlənirdi. Elə bil, Orxan illərlə onun tələbəsi olmamışdı, illərlə onun şöbəsində gözünün qabağında işləməmişdi. Sanki Salman Orxanı təzədən — sağlığında yox, öləndən sonra tanımağa başlayırdı. Sağlığında o nə qədər sakit, az deyib, az danışan bir adam idi. Başqalarından nə gülüşü, nə danışığı, nə yerişi ilə seçilən, kölgə kimi gəzib dolanan Orxanın, sən demə, ürəyində od-alov varmış. Elə ona görə də ürəyindən ölmədimi?!Salman səliqə və səbirlə yazılıb nömrələnmiş, ayrı-ayrı qovluqlara yığılmış məqalələri, əsərləri heç bir çətinlik çəkmədən sahmana salırdı. Düşünə-düşünə, öz-özünə danışa-danışa. Salman etiraf eləyirdi ki, cavan olsa da, Orxanda öyrənməli şeylər çoxdu: hər gün işləmək, əlyazmasına məsuliyyət hissi ilə yanaşmaq, onu dönə-dönə köçürmək, tamam «bişiriləndən» sonra oxucunun hüzuruna çıxarmaq! Bunlar elə keyfiyyətlərdi ki, təkcə indi elm aləmində çalışan cavanların çoxunda deyil, hətta yaşlı, təcrübəli elm adamlarının da çoxunda yox idi.
Başqa şairlərin şeirləri
Yanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım
Şamu səhər, ey dil, vəchi-dildarəŞamu səhər, ey dil, vəchi-dildarə,Sərf eylədin nəzər kim oldun mail.
Tapun kim, canların cananəsidürTapun kim, canların cananəsidür,Bu aşiq can anun cana nəsidür?
Genə dildar səri-kuyi bu gun yadə düşübGenə dildar səri-kuyi bu gun yadə düşüb,Dili-uftad olub uftadəvu uftadə düşüb.