Birinci hissə, birinci fəsil
Səhifə 1 / 7
Qara «Volqa»nın yanında dayanmışdı, sol əlini böyründəki uzun gövdəli ağaca söykəmişdi, sağ əlinin dırnaqları saralmış barmaqları arasındakı siqareti tez-tez sümürür, nigarançılıq içində çırpına-çırpına küçənin gah aşağı, gah yuxarı tərəfinə boylanırdı: kimisə gözlədiyi o dəqiqə nəzərə çarpırdı. Ağ, kraxmallı köynəyinin yaxasının üst düymələrini açmış, ortasına qızıl sancaq taxılmış qara qalstukunun yaraşıqlı düyününü boşaltmışdı. Bir yerdə dayanmışdı, qaçmırdı, qovan yox idi, amma buna baxmayaraq tövşüyürdü, ürəyi sinəsində tora düşmüş balıq kimi çabalayırdı. Qarışıq, dumanlı, çalpaşıq fikirlərdən, neçə aydan bəri bütün varlığın qurb kimi gəmirib didən və cavabsız qaldığından dəli olmaq dərəcəsinə gətirən suallar azmış kimi, dünən səhər, saat doqquza qalmış, işə gedərkən kənarda, uzaqda yox, elə maşının içində tamamilə təsadüfən gördüyü və hələ də düz-ağıllı dərk eləyə bilmədiyi qəribə bir müəmmadan şişib keyləşmiş başı elə bil ağır, pudluq daşa dönüb çiyinlərindən aşağı basır, şax qədd-qamətini əyir, öz gözünün qabağında onu açıq-aşkar balacalaşdırırdı.
Suallar, suallar… Ən dəhşətlisi bu idi ki, cavabsız suallardı bunlar və onu yandıran da o idi ki, özünü dünyanın ağıllıbic, çoxbilmiş adamlarından sayan o, bunların heç birinə yerli-yataqlı, ürəyini soyudub sərnidən bir cavab tapa bilmirdi ki, bilmirdi. «Məni niyə ordan ⎯ yuxarıdan ⎯ Mərkəzi Komitədən çıxartdılar? Səbəbkarı kim idi? BİRİNCİ ⎯ təzə gələn? O, məni şəxsən tanımırdı, münaqişəmiz olmamışdı. Ola bilməzdi ki, elə durduğu yerdə, gecə yatıb yuxusunu görsün və səhər məni səbəbsiz-filansız ordan uzaqlaşdırmaq fikrinə düşsün. Yox, burada şeytan barmağı var idi: amma kimin idi o barmaq, kimin? ⎯ Bir cavabsız sual idi bu. «Bu cəhənnəm. Yüksək vəzifədən çıxarılan nə birinci adamam bu dünyada, nə də axırıncı.
Buna birtəhər dözmək olar. Amma buna necə dözüm ki, yer üzündə hamıdan, hətta özümdən də çox istədiyim, gecə-gündüz pərvanə kimi başına dolandığım, neçə illər canbir qəlbdə yaşadığımız o gözəl, o ağıllı Tanrıgül məndən son vaxtlar yaman soyuyub. Pismi baxmışam? Biganəlikmi göstərmişəm? Xəyanətmi eləmişəm? Yox. Bunların heç biri olmayıb. Bəs onda niyə, niyə, ilahi? Bəlkə kimsə bilir, başa düşür ki, divin canı şüşədə olan kimi, mənim də canım ondadı ⎯ məni öldürmək, məhv etmək üçün onu mənim əlimdən almaq, uzaqlaşdırmaq istəyir? Bəlkə təzə dost tapıb? Axı o elə qadın deyil. Varadövlətə, sərvətə aldanan deyil axı o? Bəlkə sevib, özü sevib, hə? Yox, arada kimsə var ki, o elə dəyişib. Elə bil yoxam onun üçün. Görmür məni elə bil daha. Əvvəlki o isti, o mehriban Tanrıgüldən çox az şey qalıb, çox az şey. Bu isə məni öldürür, göynədir: elə göynədir ki, üstünə duz basılmış yara belə göynətməz. Varsa, kim ola bilər o əclaf?» ⎯ Dünənəcən sualların ən dəhşətlisi, ən dözülməzi bu idi ⎯ Nə kimsəyə açıb ağarda bilirdi, nə də Tanrıgülün özündən soruşmağa cürəti çatırdı: çünki o elə zabitəli və eyni zamanda sevər yeri çox incə olan, yəni sözdən söz çəkib elə tez inciyən bir qadın idi ki, o, ömründə beləsinə rast gəlməmişdi. Ona görə yox ki, rastına çıxmamışdı, sadəcə ona görə ki, dünyada Tanrıgülə bənzər ikinci bir qadın yox idi ⎯ düşünürdü o. Yox idi və bir olan Allah özü də bilir ki, yoxdu və ola da bilməzdi. Ürəyi qadın qəbristanlığıydı: indi o tüklü sinəsinin altında narahat-narahat çırpınan, yatmağa, dincəlməyə, düşünməyə qoymayan o qəbristanlıq ⎯ ürəkdə neçə-neçə bir-birindən cavan, bir-birindən gözəl qızın, gəlinin, öz qəddarlığı, rəhmsizliyi, insafsızlığı ilə yandırıb külə döndərdiyi arzularının öləziyib sönmüş ocaq yerləri qalmışdı, adları belə unudulmuşdu. Korun-korun tüstülənən ocaqların, hərəsi nalə, inilti dolu bir nəğmə pıçıldayan, xatirələr danışan o adların üstünə Tanrıgül ⎯ doğrudan da ulu Tanrının xoş saatında xəlq elədiyi bu ilahi qadın öz qəfil, təkrarsız gəlişiylə elə bir su çiləmişdi ki, bütün o qəribə qəbristanlıq öz zavallı, atılmış, təhqir olunmuş, gözüyaşlı sakinləri ilə vidalaşmışdı və elə orada, o köhnə qəbristanlıqda o ⎯ Tanrıgül, bunu istəməsə də, özünə əzəmətli, əlçatmaz, gözəl bir heykəl tökmüşdü, kollar, tikanlar bitmiş, dünənəcən, yəni o buraya qədəm basanacan elə hey bir ucdan öz ayaqları ilə deyə-gülə gəlib burda «ölən» və burda da «basdırılan» o qurbanlıqların məzarıstanını gözəlliyi, məhəbbəti andıran bir gülüstana döndərmişdi. Elə bil, sehrli bir möcüzə baş vermişdi, yatsaydı, yuxusunda da görə bilməyəcəyi bir möcüzə… Ona hamını, hər kəsi, hər şeyi unutdurmuşdu. Hətta özünü də. Daha özü üçün yaşamırdı o. Ancaq və ancaq Tanrıgül üçün yaşayırdı. Daha dünyada kimsə yox idi, daha dünyada Leylası yox idi, daha dünyada qadın da qalmamışdı, sanki Tanrısı yer üzünün bütün qadınlarının bütün gözəlliklərini bir yerə cəmləyib Tanrıgülə bağışlamışdı və onu da bir qəşəng gül dəstəsi kimi gətirib onun ürəyinin içinə qoymuşdu. Niyə? Nə üçün? Hansı yaxşı əməlinə görə? Bilmirdi, başa düşmürdü. Tanrı, bəlkə tutduğu o əyri yollardan, o insafsızlıqlardan onu qaytarmaq, döndərmək üçün belə bir xoşbəxtlik əta etmişdi ona? Bunu da bilmirdi. Elə bir qadın idi… Sən hər şeyi bilənsən deyirlər, ilahi. Yalvarıram sənə, məni başa sal: o mərhəmətin nə idi, bu zülmün nədi, ey gözə görünməz?»
Cavab yox idi, yox idi…
«Mən yazıq hərəsi bir dağdan ağır olan bu suallara cavab axtarırkən, bu yandan da dünən bu canına od düşmüş Leylanın müəmmalı şəkildə sağ qulağına əl aparması və barmağını havada fırlaması… Sükan arxasında oturmuş o köpək oğlunun alın güzgüsündə ona ⎯ Leylaya baxıb qımışması… Bütün bunlar nə deməkdi? Yox. Deyəsən torbada pişik var. Deyəsən sənin başına papaq qoyurlar. Qoyurlar, ya qoyublar artıq, hə? Nə danışırsan, ciyərin çıxardaram, vallah. Yox, Leyla elə qələt eləməyə cürət edə bilməz. Qorxur məndən it kimi. Bəlkə… Nə bəlkə?» Yox, burda nə isə müəmmalı bir oyun var. Amma nədi bu oyun, ilahi?» ⎯ Bu sual onun içini bərk üşüdürdü, ancaq qəribə idi ki, Leyladan şübhələndiyi bu iki gün ərzində çəkdikləri Tanrıgülün xəyanətini düşünərkən, ağlına gətirərkən çəkdiyi o dəhşətli əzabların yanında çox az, çox cüzi idi, halbuki Leyla onun kəbinli arvadıydı, Tanrıgül isə onunla rəsmi heç bir şey bağlamırdı: əri vardı və namusunu, qeyrətini çəkmək lazım idisə, o çəkməliydi, o xəyanətkarı axtarmalı, tapmalı, cəzalandırılmalıydı. Lakin bir məsələ vardı ki, o bədbəxtin Tanrıgülün onunla gizli məhəbbət macəralarından, görüşlərindən xəbəri olmadığı kimi, yəqin bu təzə sədasından (Allah eləməmiş, əgər varsa) da xəbəri ola bilməzdi. Bir də o, Tanrıgülü gözünün bəbəyi sayırdı, ürəyinin canı hesab eləyirdi, çox, lap çox sevirdi onu, Leyla Tanrıgülün yanında onun üçün heç idi, rəsmi arvadı olsa da, yad idi, biganə idi və görünür, məhz buna görə Tanrı-gülün ona xəyanət eləyə biləcəyi fikri, Leylanın xəyanət edəcəyi fikrindən daha qorxulu, daha göynədici idi ki, onu belə yandırırdı.
Hava bozarmışdı, payızın ilk çiskini başlamışdı, yarpaqları yavaş-yavaş, hiss olunmadan, gündə bir az saralan ağacın budaqları başının üstündə nəhəng bir çətir kimi dayandığından, şeh zərrələri boyda xırda və zərif damcılar onun saçlarına, sir-sifətinə düşməyib, səkinin qırağında, azca aralıda saxlanmış, gündüzdən tər-təmiz yuyulub silinmiş qara maşının şüşəsinə, damına qanad çala-çala gəlib qonsa da, bütün günü idarədə böyük və ümumi otaqda od içindəymiş kimi yanan bədəninə qəribə bir sərinlik yayılır, canını dincəldirdi. Ancaq bu çox az idi, içinin, ürəyinin istisini, hərarətini soyuda bilmirdi, bilməzdi də.
Gecəni çox pis yatmışdı, əslində, demək olar ki, heç çimir də eləməmişdi. Elə bil, o yumşaq, pərqu kimi rahat yorğan-döşəyinin içinə qor doldurmuşdular, yatağına ilan-çayan buraxmışdılar, bu qatma-qarışıq suallar, fikirlər sübhün gözü açılanacan onu dara çəkmişdi. Uzun-uzun istədiyini eləyən, tutduğu vəzifələrə görə özünü qədir-qüdrətli sayan və həyatda heç nəyin qarşısında aciz qalmayan o boyda kişi indi dəqiq olaraq kimin-kimsəninsə qabağında yox, özünün, öz ürəyinin, düşüncələrinin qarşısında, əlində acizin acizi kimi az qalmışdı ağlasın. Cırtqoz adam deyildi, bir iş görməmiş yüz ölçüb biçməyi xoşlardı, cikini-bikini öyrənməmiş, həqiqi olduğuna inanmamış heç kəsə, xüsusən də Leyla xanıma bir söz deməzdi.
Onda ki, xəyanət kimi mühüm, qan iyi gələn bir iş ola «Bu arvad tayfasını mən yaxşı tanıyıram: dabbaqda gönünə bələdəm, dünyanın bütün fitnə fəsadlarının mənbəyi olan bu kafir uşağının. Elə-belə, quruca sözlə, boş və yalın əllə bunlara heç nə sübut eləmək olmaz. Hətta bu zalım uşağının eləsi var ki, sənin öz gözünlə gördüyünü də danmağa, inkar eləməyə qadirdir və vicdansızcasına deyə bilər ki, yox, ağa, sən səhv görmüsən, sənin gözlərin yaxşı görmür, get, gözlərini həkimə yoxlatdır. Bəli, bunlar belədi» ⎯ Tərs kimi, Leyla srağagündən dərzisinə bahalı Çin ipəyindən tikdirdiyi, par-par yanan donunu geyinirdi, çox xoşuna gəldiyindən ancaq yatanda əynindən çıxardırdı və kişi onu libasda görərkən nə isə qızıl ilan yadına düşürdü və heç nə demədən, sadəcə gözucu baxırdı, hərəkətlərinə diqqət yetirirdi, xəyalında onu kiminsə, kiminsə yox, öz sürücüsünün ⎯ o cavan, yaraşıqdı, ilk baxışda çox dilsiz-ağızsız, fağır təsiri bağışlayan «gedənin» də ağuşunda təsəvvür eləyəndə beyninə qan vurduğunu duyurdu, ürəyində isə, arada heç nə olmamış kimi deyib-gülən, həmişəki qaydada mərifət və mədəniyyətlə ərinə qulluq göstərən Leylanın necə ustalıqla oynadığını və onu aldatdığını görür, için-için yanıb-yaxılırdı. Yaxşı ki, ərinin əhvalının nə isə yerində olmadığını duyan Leyla, o biri otaqda yatmışdı: ümumiyyətlə, gecələr başını yastığa qoyan kimi daş yuxusuna gedən, necə deyərlər, yanında top atsalar da çətin oynayan Leyla xanımın, ərinin qonşu otaqda əqrəb sancmış adam təki çalıxıb-çabalamasından, tez-tez siqaret yandıraraq dənizə baxan aynabəndə çıxıb-girməsindən xəbəri olmamışdı. «Bəlkə mən səhv başa düşmüşəm? Bəlkə Leyla doğrudan qulağını qaşımaq istəyirmiş? Qulaqdı də, qaşındı, qaşındı də. Amma axı o, əlini qulağına heç toxundurmadı deyəsən, elə havada baş barmağını bir-iki dəfə fırladı: yəni «zəng elə». O alçaq da ⎯ o çörəyimi yeyən vicdansız da çox incə-incə gülümsündü. Hə, hə, gülümsündü ⎯ bunu mən aynada lap aydın gördüm. Yox, bala, mənə gələ bilməzsiz, mən bu yolları çoxdan keçmişəm. Siz duza indi gedirsiniz, mən isə duzdan qayıdıram».
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-mocuze-birinci-hisse-birinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Doğma kənd üçün, Ədnan üçün bu qədər bərk darıxdığını indiyəcən Elməddin belə dərindən hiss eləməmişdi. Əslində orda onun heç nəyi qalmamışdı. Boş, kimsəsiz evlərindən başqa heç nəyi... Bir də uşaqlığı, dərdsiz-qayğısız günləri qalmışdı orada, ilk eşqə düşdüyü o əzablı-şirinli günlər qalmışdı orada. Hərdən o kənd üçün, onun güllü-çiçəkli torpağı üçün burnunun ucu göynəyir, varlığını bir həsrət yandırırdı, ancaq işinin çoxluğu, vaxtının azlığı tezcə bu göynərtini, bu həsrəti yuyub aparır, unutdururdu.Ancaq bu gün, şəhərə, qardaşı Mümtazgilə gəzməyə gəlmiş, Ətiqullanın səyi nəticəsində tapışıb qabaq-qənşər oturmuş qəryədar Qulamla söhbət eləyəndə Elməddin bir daha dərk elədi ki, doğulub böyüdüyü, ömrünün iyirmi üç ilindən çoxunu qoynunda keçirtdiyi o Ədnandan ötrü nə qədər də möhkəm darıxıbmış! Qəryədar Qulamla görüşü az qala onun üçün toy-bayrama çevrilmişdi, üzü də, gözləri də gülürdü. Elə bil, ən doğma adamını tapmışdı bu yad şəhərdə, sevincək olmuşdu; bu iki ildə qəryədar Qulam elə bil heç dəyişməmişdi, ağ qaşları altında parıldayan xırda, qonur gözləri elə əvvəlki kimi sakit-sakit, nüfuzedici baxışlarla Elməddinə, evinin əşyalarına tamaşa eləyirdi. Təkcə o vaxt dəngil-düngül qara tükləri olan saqqalı dümağ ağarmışdı. Yerişi, hərəkətləri gümrah idi. Yenə məntiqlə, sərrast danışır, ağ sədəf təsbehini aramla çevirirdi. Elməddin neçə il əlinin altında işlədiyi, xasiyyətinə, rəftarına yaxşıca bələd olduğu qəryədar Qulama baxıb elə hey gülümsünür, kənddə ondan sonra baş vermiş hər şeyi mümkün qədər öyrənmək ümidilə gözünü onun ağzına dikib dururdu. Qəryədar Qulam isə, təbiətən azdanışan, daha çox ürəyində həsb-hal etməyi xoşlayan adam olduğundan, öz aləmində ən mühüm hesab elədiyi məsələləri Elməddinə çatdırırdı:
Birinci hissə, doqquzuncu fəsil«Baği-bala» restoranında, irilaylı pəncərənin qabağında qoyulmuş stol arxasında iki nəfər oturmuşdu — Ətiqulla ilə Elməddin. Qəryədar Qulama — əmisinə nə qədər demişdisə də, kişi boyun qaçırmış, «namazımın vaxtı keçir!» — deyə bəhanə edərək Ətiqulladan, Elməddindən aralanmışdı.Ətiqulla hündürlükdə, dağın ətəyində yerləşən, ətrafı yaşıllıqlar içində itib-batan, göz-könül oxşayan «Baği-bala» restoranına tez-tez gəlməyi xoşlayırdı. Bura səliqəli idi. Xidmətçilər abırlı-başlı idi. Yeməkləri də dadlı, ləzzətli olurdu. Üstünlüklərindən biri də bu idi ki, yaxşı xarici içkiləri, pivələri vardı. Xaricilər də gəlib-gedirdi bura, ona görə növbənöv şərab tapmaq olardı burda. Kababın xoş iyi adamın burnunu qıcıqlandırırdı. Tikə, döymə kababı xüsusən gözəl bişirirdilər.
Birinci hissə, onuncu fəsilDünya xanım az bir müddət içində təzə həyata, ev-eşiyə isinişmişdi, uyğunlaşmışdı. Elə sərbəst gəzib-dolanırdı ki, deyirdin bəs on ildi bu evdə, bu adamların arasında yaşayır. Deyib-gülən, dərd-qəm çəkməkdən uzaq, «bu gün varsan, gününü xoş keçir, sabah nə olacaq, olacaq» — deyə düşünən bir qadın təsiri bağışlayan Dünya xanım Nəcməddinin cah-calalını görüb az qala ağlını itirmişdi. Yatıb yuxuda da görə bilməyəcəyi, təsəvvürünə belə gətirə bilməyəcəyi bir səadət, bəxtiyarlıq onun cavan könlünü sehrli-sirli duyğularla doldurmuş, əvvəllər dörd divar arasında təklikdən, qüssədən solğunlaşmış sifəti indi çıraq kimi yanmağa başlamış, qara gözlərinə sanki nur seli axıb tökülmüşdü. Bəxtəvərlik onsuz da gözəl olan Dünyanı daha da gözəlləşdirmiş, sonalaşdırmışdı. O, nağıllardan, əfsanələrdən uça-uça gəlib bu həyət-bacaya, Nəcməddinin çiyninə qonmuş bir mələk kimi öz qoca ərinin ömrünü də nağıllaşdırmış, əfsanələşdirmişdi. Nəcməddin təzə eşqə düşən bir cavan oğlan təki xəyalpərvər olmuş, nikbinləşmiş, geyim-keciminə, yeməyinə xüsusi fikir verməyə başlamış, hərəkətlərində, yerişində-duruşunda çeviklik əmələ kəlmişdi. Taleyindən, yaradanından isə elə razı idi ki... «Yaradan var, vallah, var!—deyirdi öz-özünə. — Məni unutmadı o, səadət verdi mənə, ömrümü-könlümü işıqla-sevinclə doldurdu mənim. Səni tanımayana lənət, ya rəbbi!» Nəcməddin Dünyanın böyür-başında yenicə ailə qurmuş cavan ər kimi hərlənir, xəlvətə düşən kimi gəlini sonsuz bir həvəs və eşqlə bağrına basıb öpür, qucağına götürüb körpə uşaq sayağı fırladır, çarpayının üstünə atıb başını sinəsinin üstünə qoyub sevincindənmi, həyəcanındanmı titrəyə-titrəyə onu əzizləyir, nəvazişlər içində itirib-batırır, sonra ipək təki yumşaq saçlarından tutmuş ayaqlarına qədər duz kimi yalayırdı; yorulub qalxanda isə Dünya xanım kişinin gözlərindən axan yaşı görüb təəccüblənirdi. Bütün bu müddət ərzində sonsuz nəvaziş içində, əzizlənmələr içində əriyib yumşalmış, uşaqlaşmış, gülməkdən, qıdıqlanmaqdan uğunmaq dərəcəsinə gəlmiş Dünya xanım dünyada heç qadının heç bir kəs tərəfindən belə dəlicəsinə sevilə bilməyəcəyi hissindən sonsuz dərəcə biixtiyar olaraq Nəcməddnnin yaşarmış gözlərindən öpə-öpə, onun mirvari göz yaşlarını, demək olar ki, dili ilə qurudaquruda deyirdi:– Daha niyə ağlayırsan, ay dəli?
Birinci hissə, on birinci fəsilGecə saat onu keçmişdi. Divar saatının yeknəsəq çıqqıltısından başqa otaqda heç bir səs-səmir eşidilmirdi. Bəbir barmaqlarının yazmaqdan keyidiyini hiss eləyirdi, ancaq fikirlərini kağıza köçürmək, «Nə etmək lazımdır?» adlı nəzəri-siyasi məqaləsini qurtarmaq istəyirdi. Dörd sutka idi ki, yazırdı, həvəslə, şövqlə yazırdı, Söz üçün axtarmırdı, çünki hər şeyi ölçüb-biçmiş, demək olar ki, əvvəl beynində yazmışdı. Məmləkətin iqtisadi-ictimai vəziyyəti ona beş barmağı kimi bəlli olduğundan heç bir çətinlik çəkmir, faktları kəskin dillə qələmə alır və yazdığı çap olunandan sonra qopacaq hay-küyü, tufanı göz önünə gətirir, ürəyi həm fərəh, həm də kədər hissilə dolurdu. Ona görə sevinirdi ki, onu oxuyan nə qədər adamın gözü açılacaq, tərəfdarları, dostları çoxalacaqdı. Kədərlənirdi, ona görə ki, düşmənləri də çoxalacaqdı; özü də bunlar adi düşmənlər olmayacaqdı; pullu, vəzifəli adamlar olacaqdı, hökumət olacaqdı; şübhəsiz, şahənşahın da qəzəbinə səbəb olacaqdı bu məqalə. Amma çəkinmək lazım deyil, hücumu bir an da zəiflətmək olmaz, geri çəkilmək olmaz — Bəbir belə düşünürdü və yazırdı. Nəhayət, son cümləni yazıb nöqtəni qoydu. Sonsuz sevinc içində şirin-şirin gərnəşib keyimiş barmaqlarını açıb yumdu, qaraya baxmaqdan, yuxusuzluqdan şişib qızarmış gözlərini ovuclarının içi ilə ovxaladı...Yazılmış vərəqləri dəcləyib bir-birinin üstünə yığaraq fərəhlə baxıb gülümsündü... Xəyala getdi... Qəzet səhifələri... Sonra əl-əl gəzən qəzetləri... gördü...
Başqa şairlərin şeirləri
Çıxa-çıxa çıxdım dağlar başına,Duman dağlara nə gözəl uymiş.
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,
Çay dəstgahıÇün nəsimi-səhəri-sübh, dili-heyrani,Et nəzər, gör necə təhrik qılıb dəryani,
Qəzəl: Aləmin məmurəsin hər gündə bir sultan tuturAləmin məmurəsin hər gündə bir sultan tutur,Nikbəxt ol kəs ki, ol məmurəni viran tutur