Birinci hissə, birinci fəsil
Səhifə 3 / 7 · 29%
Qənşərində dayandı: indi o, qadına diqqətlə baxa bilirdi; iri, qonur, qığılcım saçan gözləri vardı, qəşəng biçimli, qəlibdən çıxmış kimi yaraşıqlı sifəti ənliksiz-kirşansız nazik, çatma qaşları qaranquş qanadları kimi çox şairanə olan gözlərinin üstünə gərilmişdi. Ani olaraq tanıdığı, bildiyi, gördüyü, yanına, qəbuluna gəlib gedən az qala bütün qadınları fikrən xatırlamağa çalışdı, ancaq tanıya, xatırlaya bilmədi. Yaddaşından heç vaxt şikayət eləməmişdi: bircə dəfə görmüş olsaydı, hökmən xatırlardı. O, fikrini cəmləşdirməyə imkan tapmamış, qadın onu lap yaxından tanıyırmış kimi, çox ərkyana, çəkinib eləmədən, uşaq təbəssümüylə gülümsünərək:
⎯ Aslan bəy, xahiş edirəm mənə bir dənə siqaret verin. ⎯ söyləyəndə Aslanın pırpız qaşları dartılıb az qala alnının ortasına qalxdı. Azca əvvəlki hərəkətlərinin – qayibdən gələn o əmrin, qadının gözlərindən axıb üstünə tökülən o qırmızı-mavi işıq selinin, canının isinməsinin və sonra soyumasının ⎯ bütün bunların üstünə bir heyrət də əlavə olundu. Adını hardan bilirdi və bir də belə cavan, lap kəndli qızına oxşayan bu qadın eynən kişi kimi (heç hər kişi də cəsarət eləyib küçənin ortasında Aslandan siqaret istəyə bilməzdi) ondan papiros xahiş edirdi. Bu çaşqınlıqdan çıxmamış, qadın təzədən çaşdırdı onu:
⎯ Niyə qaşlarınızı çatırsız, məgər siz Aslan bəy deyilsiz?
Aslan nə edəcəyini bilmədiyindən, karıxmış halda kəkələyə-kəkələyə soruşdu:
⎯ Sən… sən mənim adımı hardan bilirsən, qız?
⎯ Cibinizdən, ⎯ deyə o, nazik qaşlarını yuxarı qaldırmaqla Aslanın sol cibinə işarə elədi və kişinin özünü tamam-kamal itirdiyini görərək mehriban bir ədayla gülümsündü. Aslan başını aşağı əyib ürəyinin üstünə baxaraq:
⎯ Necə yəni cibimdən? ⎯ dedi.
⎯ Cibinizdəki vəsiqənizdən. Orada adınız da, atanızın adı da, familiniz də ap-aydın yazılıb, bəy. Aslan Fərhad oğlu Qədirli, istəyirsiz pasportunuzdakı ünvanınızı da deyim?
⎯ Yox, yox. Lazım deyil! ⎯ Aslan elə tələsik buna etiraz elədi ki, guya ünvanını tanımadığı bu qadının dilindən eşitmək nə isə böyük bir fəlakət gətirə bilərdi. Və ürəyində öz-özünə pıçıldadı: «Kağızı dalından oxuyan eşitmişdim, amma cibdən oxuyan görməmişdim».
Qadının əsmər üzü təbəssümdən işıqlandı:
⎯ Kağızı dalından oxuyan eşitmişdiz, ancaq cibdən oxuyan görməmişdiz, eləmi? ⎯ deyə o, bircə saniyə əvvəl Aslanın ürəyindən keçirdiyi sözləri olduğu kimi təkrar eləyəndə Aslan lap donub qaldı və nə isə demək istədi, lakin ağzında dili hərlənmədi. Qadın isə özünün bu ürək oxumaq qabiliyyətindən qürrələnib eləmədən, sakit bir ədayla əlavə etdi: ⎯ Görməmişdiz, görərsiz, bəy, hələlik isə heyrətinizi qoyun bir yana, lütfən mənə bir dənə siqaret verin. Bilirəm, qutuda siqaret az qalıb ⎯ beş gilə siqaretiniz qalıb cəmi, amma eybi yoxdu, evinizdə çoxdu, ağzı hələ açılmamış iki blok «Malbora»nız var evdə.
Aslanın ayağı yerə yapışmışdı, elə bil tamam ayrı bir dünyaya düşmüşdü. Sanki yuxu görürdü. Heyrətdən, təəccübdən dili tutulmuşdu elə bil. Beyni, düşüncələri gözəgörünməz bir əlin hökmü ilə qatılıb-qarışdırılmışdı. Heç nə fikirləşmək, heç nə söyləmək iqtidarında olmayan Aslan qeyri-iradi əlini cibinə salıb qutunu çıxartdı, qapağını aralayıb içinə nəzər saldı: doğrudan da beş gilə siqaret qalmışdı. Onlardan birini götürüb qadına uzatdı və həyəcanından aşkarca əsən əlindəki alışqanla onun siqaretini yandıranda bir də simasına tamaşa elədi: adi, sakit, hiylədən, məkrdən uzaq bir adam təsiri bağışlayırdı, sarımaq, ələ salmaq, lağa qoymaq niyyətlərindən uzaq adama oxşayırdı. Aslan onun üzünün cizgilərini öyrənə-öyrənə, yaddaşına həkk etməyə çalışaraq öz siqaretini də alışdırdı. Qadın siqaretə bir qüllab vurub öskürdü. «Çəkən deyil», ⎯ deyə Aslan düşünəndə qadın, yenə gözləmədiyi halda:
⎯ Düz deyirsiz, çəkən deyiləm, ⎯ söylədi və Aslan növbəti heyrətini büruzə verməyə özündə daha taqət tapa bilməyib, sehrlənmiş kimi susub matdım-matdım qadına baxıb gülümsün-dü. Evdə həqiqətən iki blok «Malbora» var idi. Dördünü almışdı, ikisini çəkmişdi, indi cibində olan, içində də bu xanımın dediyi kimi, cəmisi beş gilə siqaret qalmış qutu ikinci blokun sonuncu qutusuydu. Güləş, ya boks meydanında güclü rəqibindən dalbadal ağır zərbə almış oyunçu vəziyyətinə düşmüş Aslan fikrində bu möcüzələri götür-qoy edərkən qadın həlim və qayğıkeş bir səslə dilləndi:
⎯ Siz çox kədərlisiz, Aslan bəy. Bu gecə də heç yatmamısız, indi də burda dayanıb sürücünüzü gözləyirsiz. O isə indi yox, siz dediyiniz vaxt, yəni saat altıda gələcək. İndi o, yəni Mehman, o biri küçədə bir dostunun kabinetindən sizin evlə danışır.
⎯ Necə yəni bizim evlə? ⎯ Çılğın bir səslə soruşdu Aslan: elə bil ki, Mehmanın bu dəqiqə onun evinə zəng eləməsində günahkar qarşısındakı qadın idi. ⎯ Mən ona elə şey tapşırmamışam.
⎯ Siz tapşırmamısız, düzdü, bəy, ⎯ Qadın bir an susdu, nə isə fikirləşib ⎯ hiss olunurdu ki, demək istəmir, amma deməlidi ⎯ çətinliklə söylədi: ⎯ Siz deməmisiz, ancaq sizin möhtərəm xanımınız Siranuş tapşırmışdı, bəy.
Aslanı elə bil qəfildən güclü bir ildırım vurdu, bütün bədəni gərildi və o, başının gicəlləndiyini, indicə küçənin ortasında, elə bu ağacın dibində, gəlib-keçənlərin gözünün qabağında yıxılacağını duyub kürəyini ağacın gövdəsinə söykədi. Nəfəsi bir anlığa getdi, gəlmədi, sinəsində gizləndi, dodaqları kilidləndi, tez-tez dəbərişən xırda, qonur gözlərini eynən boğulan ya havası çatmayan adam təki geniş açaraq qarşısında çox soyuqqanlıqla durub yalandan siqaretinə qüllab vuran, ancaq tüstüsünü ciyərinə çəkməyən qadına baxdı. O, sakitcə dayanmışdı, elə bil Aslanın dalbadal aldığı bu sarsıdıcı, dözülməz zərbələrdən necə qıvrıla-qıvrıla, əzabla can verməyinə tamaşa edib ləzzət alırdı. Çox qəddar adam imiş o! Bu xəbərlərin elə yalnız bircəciyi bəs idi ki, Aslanın ürəyi o andaca partlasın. İlahi, bu kimdi? İnsandımı, cin-şəyatindimi? Göydənmi gəlib, yerdənmi çıxıb? O, Siranuşu hardan tanıyır axı?! Bu boyda Bakıda Leylanın əsil adının Siranuş olduğunu göydə allahdan, yerdə Aslandan və bir də Siranuşun özündən başqa bilən ikinci bir adamın varlığını qətiyyən ağlına belə gətirə bilməzdi. Bu sirri bilən bircə Siranuşun qoca əmisi Haykaz idi ki, o da iyirmi il bundan qabaq ölüb getmişdi. Başqa heç kəs, heç kəs… Mehmanı hardan tanıyır? Onun Siranuşa zəng etdiyini ya etməli olacağını hardan bilir axı bu, ilahi? Göydənmi düşmüş, yerin təkindənmi çıxmış bu qadın necə məxluqdu, aman allah?
Birdən beynindən qıjıltı ilə bir fikir keçdi: kürəyini ağacdan ayırıb üstünə cümsün, yaşına, vəzifəsinə baxmadan şapalaqlasın, ayağının altına alıb çıqnasın. Çünki onun ən məhrəm, ən gizli sirrlərinin üstünü açmağa qadir idi, bilirdi. Mehmanla Leylanın münasibətindən xəbərdar idi, halbuki, o özü bundan cəmisi iki gün qabaq şübhələnmişdi ⎯ hələ şübhələnmişdi, o isə bu əhvalatdan fakt kimi danışırdı. Leylanın Siranuş olmasından xəbərdar idi. Aslan bu sirrin üstünün açılacağından, ölümdən qorxduğundan çox qorxurdu. İndi, şeytan hiyləsiylə-mi, kənardan uzadılan «ingilis» barmağının fitnəsiyləmi, ağılsızlıq ucbatındanmı dingildədilib ortalığa salınmış namərd, qədirbilməz qonşularımızın başladığı bu qanlı savaşa cəlb olunan və bu qədər qanlar tökülməsinə səbəb olan elan olunmamış müharibənin bu çağında o dəhşətli ⎯ əlbəttə, Aslan üçün ⎯ sirrin üstü açılsa, o gərək papağını götürüb bu torpaqdan çıxıb getsin, çünki yəqin bir belə həngamədən sonra sümüyünü it sümüyünə calamış belə «qeyrətzadə»lərin bu torpaq üstündə yaşamasına heç kəs imkan verməyəcək; başqa cür də ola bilməz, çünki ermənilər, kim də yaxşı bilməsə, Aslan yaxşı bilirdi ki, orada, tarixən bizim ata-baba torpaqlarımız olan o səfalı yerlərdə heç olmasa öldürüb nümunə kimi muzeylərində gələcək namərd nəsillərinə göstərməyə saxlamaq üçün də bir türk qoymayıblar qala. Hətta öz halalca arvadlarına çevirdikləri və neçə illər bir yastığa baş qoyduqları ağılsız və heysiyyətsiz bəzi türk qadınlarını da min-bir bəhanə ilə ev-eşiyindən, uşaqlarından didərgin saldıqları bir zamanda, Aslan kimi yalnız adı azərbaycanlı olan «kişiciyəzlər»in öz erməni xanımlarını saxlamağı əsla mümkün olmayacaqdı. Bu hələ gələcəyin işi ⎯ qayğısı idi, indinin dərdini çəkmək lazım idi: bu dərd isə ondan ibarət idi ki, əgər onun arvadının erməni olduğunun üstü açılsaydı, bu dəqiqə əsəbləri sim kimi gərilmiş, ürəyində nifrət və qəzəb dalğaları əsib coşan camaat Aslanın özünü daş-qalaq eləyər, damını başına uçurdar. Odla-su arasında bu da ağlına gəldi: «Məgər erməni qızı alan tək mənəm? Mərkəzi Komitədə, Nazirlər Sovetində işləyən neçəsini tanıyıram ki, arvadları da ermənidi, hələ «lyubovnitsalar»ı da. Ancaq bir iş var ki, onlar bunu gizləməyiblər. Mən isə ağıllılıq eləyib bu it qızının adını da dəyişmişəm. Ala qarğa çox bilmişliyindən ilişdiyi kimi, mən də çoxbilmişliyimdən ilişmişəm bu dəfə». Ürəyində maşının yanına gec gəlib çıxan Mehmanı ⎯ əgər o, burda olsaydı, tez minib getsəydi, bu sehrkar qadına yəqin ki, rast gəlməzdi və bu qan qaraldan söz-söhbət də olmazdı ⎯ söyməyə başladı və iki daşın arasında bunu da hiss elədi ki, Mehmanı nə qədər çox və yağlı söyürdüsə, bir o qədər canından çox tikan çıxırdı.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-mocuze-birinci-hisse-birinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Doğma kənd üçün, Ədnan üçün bu qədər bərk darıxdığını indiyəcən Elməddin belə dərindən hiss eləməmişdi. Əslində orda onun heç nəyi qalmamışdı. Boş, kimsəsiz evlərindən başqa heç nəyi... Bir də uşaqlığı, dərdsiz-qayğısız günləri qalmışdı orada, ilk eşqə düşdüyü o əzablı-şirinli günlər qalmışdı orada. Hərdən o kənd üçün, onun güllü-çiçəkli torpağı üçün burnunun ucu göynəyir, varlığını bir həsrət yandırırdı, ancaq işinin çoxluğu, vaxtının azlığı tezcə bu göynərtini, bu həsrəti yuyub aparır, unutdururdu.Ancaq bu gün, şəhərə, qardaşı Mümtazgilə gəzməyə gəlmiş, Ətiqullanın səyi nəticəsində tapışıb qabaq-qənşər oturmuş qəryədar Qulamla söhbət eləyəndə Elməddin bir daha dərk elədi ki, doğulub böyüdüyü, ömrünün iyirmi üç ilindən çoxunu qoynunda keçirtdiyi o Ədnandan ötrü nə qədər də möhkəm darıxıbmış! Qəryədar Qulamla görüşü az qala onun üçün toy-bayrama çevrilmişdi, üzü də, gözləri də gülürdü. Elə bil, ən doğma adamını tapmışdı bu yad şəhərdə, sevincək olmuşdu; bu iki ildə qəryədar Qulam elə bil heç dəyişməmişdi, ağ qaşları altında parıldayan xırda, qonur gözləri elə əvvəlki kimi sakit-sakit, nüfuzedici baxışlarla Elməddinə, evinin əşyalarına tamaşa eləyirdi. Təkcə o vaxt dəngil-düngül qara tükləri olan saqqalı dümağ ağarmışdı. Yerişi, hərəkətləri gümrah idi. Yenə məntiqlə, sərrast danışır, ağ sədəf təsbehini aramla çevirirdi. Elməddin neçə il əlinin altında işlədiyi, xasiyyətinə, rəftarına yaxşıca bələd olduğu qəryədar Qulama baxıb elə hey gülümsünür, kənddə ondan sonra baş vermiş hər şeyi mümkün qədər öyrənmək ümidilə gözünü onun ağzına dikib dururdu. Qəryədar Qulam isə, təbiətən azdanışan, daha çox ürəyində həsb-hal etməyi xoşlayan adam olduğundan, öz aləmində ən mühüm hesab elədiyi məsələləri Elməddinə çatdırırdı:
Birinci hissə, doqquzuncu fəsil«Baği-bala» restoranında, irilaylı pəncərənin qabağında qoyulmuş stol arxasında iki nəfər oturmuşdu — Ətiqulla ilə Elməddin. Qəryədar Qulama — əmisinə nə qədər demişdisə də, kişi boyun qaçırmış, «namazımın vaxtı keçir!» — deyə bəhanə edərək Ətiqulladan, Elməddindən aralanmışdı.Ətiqulla hündürlükdə, dağın ətəyində yerləşən, ətrafı yaşıllıqlar içində itib-batan, göz-könül oxşayan «Baği-bala» restoranına tez-tez gəlməyi xoşlayırdı. Bura səliqəli idi. Xidmətçilər abırlı-başlı idi. Yeməkləri də dadlı, ləzzətli olurdu. Üstünlüklərindən biri də bu idi ki, yaxşı xarici içkiləri, pivələri vardı. Xaricilər də gəlib-gedirdi bura, ona görə növbənöv şərab tapmaq olardı burda. Kababın xoş iyi adamın burnunu qıcıqlandırırdı. Tikə, döymə kababı xüsusən gözəl bişirirdilər.
Birinci hissə, onuncu fəsilDünya xanım az bir müddət içində təzə həyata, ev-eşiyə isinişmişdi, uyğunlaşmışdı. Elə sərbəst gəzib-dolanırdı ki, deyirdin bəs on ildi bu evdə, bu adamların arasında yaşayır. Deyib-gülən, dərd-qəm çəkməkdən uzaq, «bu gün varsan, gününü xoş keçir, sabah nə olacaq, olacaq» — deyə düşünən bir qadın təsiri bağışlayan Dünya xanım Nəcməddinin cah-calalını görüb az qala ağlını itirmişdi. Yatıb yuxuda da görə bilməyəcəyi, təsəvvürünə belə gətirə bilməyəcəyi bir səadət, bəxtiyarlıq onun cavan könlünü sehrli-sirli duyğularla doldurmuş, əvvəllər dörd divar arasında təklikdən, qüssədən solğunlaşmış sifəti indi çıraq kimi yanmağa başlamış, qara gözlərinə sanki nur seli axıb tökülmüşdü. Bəxtəvərlik onsuz da gözəl olan Dünyanı daha da gözəlləşdirmiş, sonalaşdırmışdı. O, nağıllardan, əfsanələrdən uça-uça gəlib bu həyət-bacaya, Nəcməddinin çiyninə qonmuş bir mələk kimi öz qoca ərinin ömrünü də nağıllaşdırmış, əfsanələşdirmişdi. Nəcməddin təzə eşqə düşən bir cavan oğlan təki xəyalpərvər olmuş, nikbinləşmiş, geyim-keciminə, yeməyinə xüsusi fikir verməyə başlamış, hərəkətlərində, yerişində-duruşunda çeviklik əmələ kəlmişdi. Taleyindən, yaradanından isə elə razı idi ki... «Yaradan var, vallah, var!—deyirdi öz-özünə. — Məni unutmadı o, səadət verdi mənə, ömrümü-könlümü işıqla-sevinclə doldurdu mənim. Səni tanımayana lənət, ya rəbbi!» Nəcməddin Dünyanın böyür-başında yenicə ailə qurmuş cavan ər kimi hərlənir, xəlvətə düşən kimi gəlini sonsuz bir həvəs və eşqlə bağrına basıb öpür, qucağına götürüb körpə uşaq sayağı fırladır, çarpayının üstünə atıb başını sinəsinin üstünə qoyub sevincindənmi, həyəcanındanmı titrəyə-titrəyə onu əzizləyir, nəvazişlər içində itirib-batırır, sonra ipək təki yumşaq saçlarından tutmuş ayaqlarına qədər duz kimi yalayırdı; yorulub qalxanda isə Dünya xanım kişinin gözlərindən axan yaşı görüb təəccüblənirdi. Bütün bu müddət ərzində sonsuz nəvaziş içində, əzizlənmələr içində əriyib yumşalmış, uşaqlaşmış, gülməkdən, qıdıqlanmaqdan uğunmaq dərəcəsinə gəlmiş Dünya xanım dünyada heç qadının heç bir kəs tərəfindən belə dəlicəsinə sevilə bilməyəcəyi hissindən sonsuz dərəcə biixtiyar olaraq Nəcməddnnin yaşarmış gözlərindən öpə-öpə, onun mirvari göz yaşlarını, demək olar ki, dili ilə qurudaquruda deyirdi:– Daha niyə ağlayırsan, ay dəli?
Birinci hissə, on birinci fəsilGecə saat onu keçmişdi. Divar saatının yeknəsəq çıqqıltısından başqa otaqda heç bir səs-səmir eşidilmirdi. Bəbir barmaqlarının yazmaqdan keyidiyini hiss eləyirdi, ancaq fikirlərini kağıza köçürmək, «Nə etmək lazımdır?» adlı nəzəri-siyasi məqaləsini qurtarmaq istəyirdi. Dörd sutka idi ki, yazırdı, həvəslə, şövqlə yazırdı, Söz üçün axtarmırdı, çünki hər şeyi ölçüb-biçmiş, demək olar ki, əvvəl beynində yazmışdı. Məmləkətin iqtisadi-ictimai vəziyyəti ona beş barmağı kimi bəlli olduğundan heç bir çətinlik çəkmir, faktları kəskin dillə qələmə alır və yazdığı çap olunandan sonra qopacaq hay-küyü, tufanı göz önünə gətirir, ürəyi həm fərəh, həm də kədər hissilə dolurdu. Ona görə sevinirdi ki, onu oxuyan nə qədər adamın gözü açılacaq, tərəfdarları, dostları çoxalacaqdı. Kədərlənirdi, ona görə ki, düşmənləri də çoxalacaqdı; özü də bunlar adi düşmənlər olmayacaqdı; pullu, vəzifəli adamlar olacaqdı, hökumət olacaqdı; şübhəsiz, şahənşahın da qəzəbinə səbəb olacaqdı bu məqalə. Amma çəkinmək lazım deyil, hücumu bir an da zəiflətmək olmaz, geri çəkilmək olmaz — Bəbir belə düşünürdü və yazırdı. Nəhayət, son cümləni yazıb nöqtəni qoydu. Sonsuz sevinc içində şirin-şirin gərnəşib keyimiş barmaqlarını açıb yumdu, qaraya baxmaqdan, yuxusuzluqdan şişib qızarmış gözlərini ovuclarının içi ilə ovxaladı...Yazılmış vərəqləri dəcləyib bir-birinin üstünə yığaraq fərəhlə baxıb gülümsündü... Xəyala getdi... Qəzet səhifələri... Sonra əl-əl gəzən qəzetləri... gördü...
Başqa şairlərin şeirləri
Çıxa-çıxa çıxdım dağlar başına,Duman dağlara nə gözəl uymiş.
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,
Çay dəstgahıÇün nəsimi-səhəri-sübh, dili-heyrani,Et nəzər, gör necə təhrik qılıb dəryani,
Qəzəl: Aləmin məmurəsin hər gündə bir sultan tuturAləmin məmurəsin hər gündə bir sultan tutur,Nikbəxt ol kəs ki, ol məmurəni viran tutur