Səhifə 2 / 3 · 33%

– Belədir məsələ, yoldaşlar. Kim bu tələblərə cavab verirsə, qalıb işləyəcək. Cavab verə bilmirsə, yaxşı olar ki, ərizə verib getsin, nə özünü aldatsın, nə bizi... Mənim demək istədiklərim bunlardır. Kimin nə sözü, varsa buyura bilər! — deyərək tribunanın qabağından çəkildi, uzun stolun arxasında gəzinə-gəzinə salona nəzər saldı. Zaldan yüz əlli cüt göz ona zillənmişdi. Sükut intizar anları içində ərimək bilmirdi.

– Hə, danışmaq istəyən yoxdursa... — dedi akademik Nurəddin Osmanzadə və son dəfə cərgələrə göz gəzdirdi. Bu zaman Sarışının yanında oturub iri, arıq əllərini stolun üstünə qoymuş Dombagöz ayağa qalxdı. Üzündə qəribə bir təbəssüm vardı. Baxışlarını direktordan çəkməyərək, gülümsünə-gülümsünə:

– Mənə söz verin, — söylədi və onun cavabını gözləmədən irəli çıxdı, tribunanın arxasına keçib adəti üzrə boğazını arıtdı, saçlarına sığal çəkərək sözə başladı: — Yoldaşlar, mən hörmətli Nurəddin müəllimin çıxışına çox diqqətlə qulaq asdım. Problem məsələlərə toxundu; deməliyəm ki, bu qlobal məsələlər hamımızı çoxdan düşündürürdü. Biz sevinirik ki, nəhayət, institutda haçandı hökm sürən durğunluğu, ətaləti səksəndirib dağıtmağa qadir olan görkəmli bir alimi, bizim idarəyə direktor təyin ediblər. Hamımız bilirik ki, onun necə böyük nüfuzu var, bir elm cəngavəri kimi o, hamı tərəfindən sevilir. Nurəddin müəllim qayğıkeş, humanist bir insan, dərin düşünən bir elm xadimidir. Onun bir kommunist kimi tutduğu prinsipial mövqe bir şair kimi mənim çox xoşuma gəlir, yoldaşlar. O, əgər obrazlı desək, bizim elmimizin uzaqvuran topudur. Hörmətli Nurəddin müəllimin elə təkcə xalqımızın igid oğlu, görkəmli sərkərdəsi, şanlı Ağvan hökmdarı Cavanşir haqqında yazdığı sanballı, mən deyərdim ki, ölməz monoqrafiyası bizim ölkəmizin tarixində tamamilə yeni mərhələ hesab oluna bilər. Cavanşir bir tarixi şəxsiyyət kimi ölməzdir, onun haqqında uzun illər, gecəni gündüzə qatıb əsər yazmış Nurəddin müəllim də ölməzlik vəsiqəsi, alıbdır, məncə. Nə qədər ki xalqımız yaşayır, nə qədər ki, Cavanşirin adı yaşayır, bizim hörmətli akademikimizin də adı əbədi yaşayacaqdır. Nurəddin müəllimin bu sahədəki misilsiz fəaliyyəti və bir bədii əsər təsiri bağışlayan o kitabı məni o qədər ruhlandırmışdır ki, mən gələcəkdə xalqımızın bu iki qəhrəman oğlu haqqında (Bu kitabı yazmaq özü də bir qəhrəmanlıqdır, yoldaşlar.) bir lirik poema yazmağı planlaşdırmı-şam. Və əgər qismət olsa, o poemanı yaza bilsəm, onu böyük məmnuniyyət hissi ilə hörmətli akademikimiz Nurəddin Osmanzadə yoldaşa ithaf edəcəyəm. Hörmətli Nurəddin müəllim, — deyə İltifat şana barmaqları ilə saçlarına daraq çəkib domba gözlərini ona sarı çevirdi — sizə, respublikamızın böyük aliminə bu çətin, məsuliyyətli vəzifənizdə uğurlar diləyirəm. Mən elə bilirəm ki, bu, bizim bütün kollektivin ürək sözüdür.

İltifat sözünü qurtarıb yerinə keçdi. Zalda pıçhapıç başladı, baxışlarda bir istehza gəzib dolaşdı. Ancaq bunu o görə bilmədi, çünki yanında oturmuş Sarışın başını qatmışdı. Astaca deyirdi:

– Yaxşı danışdın, İltifat. Lap əsl şair kimi danışdın. Doğrudan gözəl mövzudur, onu mütləq yaz.

– Yazacağam. Yaman tutub məni. Nurəddin böyük şəxsiyyətdi.

Təzə direktor İltifata razılıq hissilə baxdı.

İltifat qımışdı, əlini çənəsinə söykəyib Nurəddin Osmanzadəyə nəzər saldı. Ancaq akademik daha ona baxmırdı. Gözü ilə digər söz deyən axtarırdı. Arada — Dombagöz bunu görmədi — Nadirə xanım Salmanın qulağına nə isə pıçıldadı, Salman dönüb Dombagözü tərs-tərs süzdü.

– Hə, daha kim danışmaq istəyir? — Akademik əlini belindən çəkmədən salona müraciət etdikdə müdir müavini İntiqam ayağa qalxdı:

– Mənim bir-iki kəlmə sözüm var, yoldaş Osmanzadə.

– Hə, buyur, vəzire-muxtar, — deyə Aslanzadənin sözünü təkrar elədi: Aslanzadə həmişə İntiqama zarafatla «vəzire-muxtar» yaxud «mənim vəzirim» — deyərdi. İntiqam tribunaya qalxmadı, tribunanın qabağında dayanıb əllərini arxasında daraqlayıb sözə başladı:

– Yoddaşlar, Nurəddin müəllimin çıxışını mən də dinlədim. Düzü, təəccübləndim. Hörmətli direktorumuzun danışığından elə məlum oldu ki, son on ildə institut heç nə eləməyib. Bizim nə elmimiz, inkişaf eləyib, nə kadrlarımız var və s. Yaxşı ki, burada kənar adam yoxdur. Yoxsa belə bir təəssürat yarana bilərdi ki, həqiqətən biz əlimizi əlimizin üstünə qoyub işləməmişik, yatmışıq, dövlətin pullarını havayı alıb xərcləmişik. Məncə, Nurəddin müəllim də, siz də yaxşı bilirsiniz ki, bu belə deyil.

– Bəs nə cürdür, yoldaş vəzire-muxtar? — Nurəddin acıqla onun sözünü kəsib soruşdu. Alt dodağı bir az da sallanmışdı. Hirsləndiyi aşkar bilinirdi. — Bəs nə təhərdir deyirsən?

– Hər halda, yoldaş Osmanzadə, sizin təqdim etdiyiniz şəkildə deyil. Siz bu kollektivə kənardan gəlməmisiniz, neçə illərdi ki, burada işləyirsiniz. Mən başa düşmürəm necə ola bilər ki, siz öz kollektiviniz haqqında belə danışırsınız. Elə sizin dediyiniz son on ildə institut alimlərinin əlli yeddi kitabı çıxıb.

– Nə olsun çıxıb? Nə kitablardı onlar? Onlar, yenə deyirəm, Xırdalandan o yana gedən kitablar deyil.

– Deyəsən, sizin üçün Xırdalan sərhədimizin son nöqtəsidir! Var Xırdalandan o yana gedən əsərlərimiz. Bizim alimlərimizin əsərləri Moskvadan tutmuş xarici ölkələrəcən, İstambula, Tehrana, Kabilə, Bağdada qədər gedib çıxıblar. Bunların üstündən siz necə xətt çəkmək istəyirsiniz? Mən bir direktor müavini kimi, bunları sizin nəzərinizə çatdırmağı öz vəzifə borcum hesab eləyirəm. Ola bilər sizin başınız qarışıq olub, institutun müvəffəqiyyətlərindən xəbəriniz olmayıb.

Nurəddin sağ əlini havada yelləyib:

– Xəbərim var, hamısı zəif əsərlərdir, — dedi, — elmin bugünkü səviyyəsindən çox-çox aşağıda duran əsərlərdir. Elə götürək sənin özünü. — O, ani olaraq susub zala nəzər saldı, adamların üzündəki ifadəni oxumaq, anlamaq istədi, lakin hamını donuq, susqun vəziyyətdə görüb İntiqama sarı çevrildi. — Bax sənin özün. Neçə illərdir müdir müavinisən, həm də şöbə müdirisən. Elm üçün neyləmisən? Hansı kəşfləri eləmisən? Heç nə eləməmisən, heç nəyin yoxdur. On beş ildi elə kandidatsan, doktor ola bilmirsən! Sənin fikrin və mövqeyin mənə məlumdur, keç otur, keç, keç! — bu sözləri demək olar ki, qışqıra-qışqıra söylədi.

– Su bir yerdə çox qalanda iylənir — deyib atalar. Sən də bir yerdə çox qalıbsan.

İntiqam ona çəpəki baxdı, ağır cavab qaytarmaq istədi, ancaq direktorun əsəbiləşdiyini görüb dinməməyi daha üstün tutaraq narazı halda başını bulayaraq keçib yerində əyləşdi. Oturanların demək olar ki, hamısının beynində bir fikir gəzib dolaşdı: «İntiqamın işi bitdi. Hökmən çıxardacaq!»

– Daha kimin sözü var? — deyə direktor əlini belindən çəkmədən salona diqqət yetirdi. Ancaq heç kəsdən səs çıxmadı. Ürəyində sözü olanlar vardısa da İntiqamla kobud rəftarının şahidi olduqlarına görə danışmamağı əfzəl saydılar. Bir neçə an davam edən bu ölü sükutu Nadirə xanımın titrək və həyəcanlı səsi pozdu:

– Mən danışmaq istəyirəm.

Nurəddin səs gələn səmtə döndükdə artıq ayağa qalxmış Nadirə xanımı görüb:

– Hə, buyur, yoldaş Nadirə, — dedi. Nadirənin böyründə əyləşmiş Salman kürkünə birə düşmüş kimi qurcalandı. Salman qəti istəməzdi ki, bu iclasda Nadirə danışsın. Ürəyində arvadına qəzəbləndi də. «Buradan bura mənimlə məsləhətləşmir ha. Görürsən arvadın zatıqırıq yığını? Nəyinə lazımdı, bu dəliyə baş qoşursan axı?» — Ancaq gec idi, Nadirə tribunanın qabağındaydı və danışırdı:

– Mən Nurəddin müəllimin çıxışına qulaq asdım və doğrusunu deyim ki, çox təəccüb elədim. İntiqam yoldaş yaxşı dedi ki, illər boyu institut alimlərinin çəkdiyi zəhməti heçə endirmək meyli mənə çox qəribə göründü. Xüsusilə filoloqlar haqqında söylədikləriniz, Nurəddin müəllim, — Nadirə xanım təzə direktora müraciət elədi, — heç bir məntiqə uyuşmur. Acığınıza gəlməsin, bu sözləri oxumamış, elmdən başı çıxmayan bir adamın dilindən eşitsəydim, təəccüblənməzdim. Ancaq akademik deyəndə bu sözləri... Mən sizi başa düşmürəm... yoldaş Osmanzadə. Necə yəni ədəbiyyat boş şeydi, ədəbiyyatşünaslıq elm deyil? Ədəbiyyat sənin xalqının dünənini bu gününü, onun düşüncəsini, təfəkkürünü öz sinəsinə həkk edib gələcək nəsillərə çatdıran bir sənət növüdür, xalqın, dünyanın gələcəyindən xəbər verən bir antenadır. Ədəbiyyat olmasaydı...

– Nadirə xanım! — Nurəddnn onun sözünü kəsdi. — Siz burda bizə yoxsa ədəbiyyatdan dərs demək fikrindəsiniz? Burda oturanlar uşaq deyil və heç kəsin sizin vəzzariyyatınıza ehtiyacı yoxdur.

– Belə görünür, var, yoldaş Osmanzadə. Belə görünür bəzi yoldaşların, — hamı bildi ki, Nadirə onun özünü nəzərdə tutur, — belə vəzzariyyatlara çox ehtiyacı var. — Nadirə əsirdi. — Filologiyasız heç bir elm yoxdur. Bütün elmlərə gedən yol ədəbiyyatdan başlayır. O filosof filosof deyil, o tarixçi tarixçi deyil ki, heç olmasa yarım filoloq olmasın. Mən..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, on yeddinci fəsil

Kitabı çantasına qoyan Ceyhun asılqanın qabağında dayanıb atasının kabinetinə, anasının iş otağının qapısına baxdı. Səs-səmir yoxdu: ikisi də bayaqdan işləyirdi. Ceyhunun əli atasının mil-mil pencəyinin cibinə uzandı. Soyuq, ilan gözü kimi xırda həlqəli zəncir əlinə toxunanda o sevindiyindən nə edəcəyini bilmədi. Maşının açarını tapmışdı. Çıxartdı, yavaşca şalvar cibinə qoydu. Ürəyi şiddətlə döyünürdü. Əgər atası bir dəqiqə otaqdan çıxsa, ya anası gəlsə, o heç yerə gedə bilməzdi və niyyəti alt-üst olardı. Arakəsmənin qapısını ehmalca örtdü.Ağ dəstəkli telefona yanaşıb səs salmamağa çalışaraq əzbər bildiyi nömrəni yığdı və demək olar ki, pıçıltı ilə danışmağa başladı:

3 dəq
İkinci hissə, on səkkizinci fəsil

Elə bu zaman professor otağından çıxdı. Böyük evdə heç kəs yox idi. Ümumiyyətlə, son vaxtlar onların evi çox sakit və demək olar ki, cansıxıcı olmuşdu. Küsülü kimi gəzib dolanırdılar. Adətən, ən əziz və doğma bir adamı dəfn edəndən sonra evdə belə qərib səssizlik hökm sürür. Yaxşı ki, kitablar varmış, yaxşı ki, yazı-pozu varmış!..Professor da, Nadirə də elə hey işləyir, yazıb-pozurdular və sanki bununla evdəki boşluğu doldurmaq, ürəklərindəki qüssəni qovmaq, yüngülləşdirmək istəyirdilər. Ancaq onları bu da bezdirirdi, bu da usandırırdı.

6 dəq
İkinci hissə, on doqquzuncu fəsil

Söz verdiyi vaxt çoxdan tamam olmuşdu, ancaq Əqdəm hələ də gəlib çıxmamışdı. Gülmirə nigarançılıq içində çırpınırdı, hər gün işdən gələndə onu evdə görəcəyini, yenə dindirməyəcəyini düşünürdü: «Qoy lap yalvarsın, qoy lap ağlasın!» — deyirdi. Daha səbri tükənmişdi. Əqdəmin yoxluğu fikri onun beyninə, ürəyinə hakim kəsilməyə başlayırdı. Əqdəm hərdən çox gec-gec gəlib tez də çıxıb gedən qonağa bənzəyirdi, halbuki o bu evin kişisi, bu ailənin başçısı idi.Son vaxtlar Gülmirə işinə möhkəm girişmişdi. Öz təkliyini, qüssəsini ancaq işləməklə, yazıb-pozmaqla, mütaliə etməklə unutmağa çalışırdı. Çalışırdı, ancaq bu ona çox baha başa gəlirdi. Əsəbləri gərilir, fikri çətinliklə bir yerdə qərar tuta bilirdi. Getdiyi yer idarə, anasıgil idi. Anası da axır vaxtlar bir az həlimləşmiş, onu danlayıbdansamaqdan əl çəkmişdi. Çünki arvad hiss eləyirdi ki, indi onun səhv elədiyini təkrar-təkrar üzünə çəkmək nəinki bir fayda vermir, hətta qızı əsəbiləşdirir. O, göz yaşı axıda-axıda ağlayırdı. Buna isə anası tablaya bilmirdi. Qızı onlara gələndə könlünü açır, darıxmağa qoymurdu.

5 dəq
İkinci hissə, iyirminci fəsil

Orxan ev-eşiyə sığışmırdı. Gah çarpayıya uzanır, gah durub oturur, gah da eyvana çıxıb dənizə tamaşa eləmək istəyir, ancaq bacarmırdı. Papirosu papirosun oduna yandırır, öz-özünə danışır, əsəblərinin möhkəm gərildiyini hiss eləyib, özünü toxtatmaq istəyirdi.Bu gün qəribə gün idi. O, günün çoxunu sevimli Gülmirə ilə bir yerdə olmuş, Sabunçuya getmişdi, kinoya baxmışdılar. Orxan ondan xoş və şirin arzularla ayrılmışdı. Kaş o, gün əyiləndən sonra dəniz qırağına getməyəydi. Kaş Biləndərə rast gəlməyəydi.

5 dəq

Başqa şairlərin şeirləri