Səhifə 3 / 3 · 67%

– Nadirə xanım, biz bura dərs dinləməyə gəlməmişik. Biz burada çox ciddi məsələlər müzakirə etməyə toplaşmışıq. Siz, yaxşı olardı ki, öz şöbənizin işindən danışın. Heç olmasa, — Nurəddin baxışları ilə Salmanı axtarıb tapdı— şöbənizin əməkdaşı Salman Qurbanzadənin qəhrəmanlığından danışın. Deyin görək nə təhər olub ki, o, başqasının əsərini götürüb öz adına çap etdirib. Belə məsələlərdən danışın...

Nadirə susdu, özünü itirdi, nə deyəcəyini kəsdirə bilmədi Nurəddindən çox, Salmana qəlbində dərin nifrət duydu və ərinə qəzəb hissilə baxdı. Bu zaman Salman ayağa qalxıb elə yerindən:

– O məsələnin yeri deyil, yoldaş direktor! — söylədi.

– Niyə yeri deyil? Lap yaxşı yeridir.

—Bu məsələyə mən lazımi yerində cavab verəcəyəm, burada yox.

– Yoxsa camaatdan utanırsan, Salman? Əməllərinə görə utanırsan yoxsa? Alim — oğru!.. Dəhşət!

– Mən xahiş edirəm danışığınızın həddini bilin! Məni təhqir etməyə sizin haqqınız yoxdur. Siz eşidibsiniz, ancaq işin mahiyyətindən əsla xəbəriniz yoxdur. Ona görə də hökm verməyə hələ tələsməyin. Əsər Aslanzadənin seyfindədir. O kişi gələr, komissiya təşkil edərsiniz, açarsınız, baxarsınız, sonra danışarıq.

Direktor sağ əlini havada yellətdi, «otur yerində» söylədi işarə ilə və baxışları ilə axtarıb Gülmirəni tapdı:

– Ay qız, bu məsələni eşitdiyimə görə, sən qaldırmısan, dur ayağa görüm. — Nurəddinin səsi qətiyyətli idi, əmr kimi səslənən bu sözlərinin təsiri altında Gülmirə nə vaxt ayağa qalxdığını özü də bilmədi. Çaşmışdı, nə deyəcəyini bilmirdi. Bircə bunu dərk elədi ki, bu sözü o deyib, hara getsə də, nə şəraitdə olsa da, sözünün üstündə durmalıdı. İlk addım atılıb, daha geriyə yol yoxdu. Salmanı məhv eləsələr də, dediyini deməlidi. Özünə nəyin bahasına başa gəlsə də, susmamalıdı.

– Gözlərini niyə döyürsən? Deyirəm sən qaldırmısan bu məsələni, ya yox — deyə Nurəddinin hökmlü səsi yenidən eşidiləndə Gülmirə həyəcandan dili topuq çala-çala:

– Bəli... Mən... qaldırmışam. — söylədi.

– O əsər doğrudan Mirzə Yanarın əsəridir?

– Bəli...

– Buna sözün yoxdur ki, Salman? — deyə gözlərində qəzəb və kin qığılcımı parlayan akademik davamlı baxışlarla Salmanı təpədən-dırnağa süzdü. Salmana bayaq o, «otur» işarəsi verəndə əyləşməmişdi, ancaq indi oturmağa məcbur oldu. Lakin yerindən gülümsünə-gülümsünə cavabını da qaytardı:

– Yalandır!

– Yalandır?

– Bəli, ağ yalandır!

Nurəddin bir an duruxdu, gah Gülmirəyə, gah da Salmana nəzər saldı və yenə təntənəli bir kinayə ilə:

– Əgər doğru olsa səni məhkəməyə verdirəcəyəm, Salman, sənin doktorluğunu əlindən aldıracağam... — dedi. Salman elə yerindən arxayın bir tərzdə:

– Doğru olsa nə istəsən, elətdirərsən! — deyə cavab verdi. Nurəddin pəncərənin önünə gəlib bayıra baxdı, sonra üzünü zala tutub:

– İclas qurtardı, yoldaşlar! — dedi və hamı yerində donubotursa da, o, qapıya doğru getdi. O, çıxandan sonra zalda bir neçə anlığa ölü bir sükut yarandı. Ancaq bu sükut çox çəkmədi. Adamlar ayağa qalxdı, söz-sözə, səs-səsə qarışdı, ağız deyəni qulaq eşitmədi.

İntiqam Nadirəyə yavaşcadan pıçıldadı:

– Aslanzadənin qədrini indi bilər camaat. Nadirə söylədi.

– Aslanzadə alim idi, insan idi. Mən yüz faiz əminəm ki, bunu bura direktor təyin edən yoldaşlar böyük səhv eləyiblər — ondan direktor ola bilməz. Özünün də başı ağrıyacaq, bizim də.

Salman Nadirənin qolundan ehmalca tutub:

– Yaxşı dedimmi? — deyə xəbər alanda Nadirə nigarançılıqla ərinin üzünə baxdı:

– Yaxşı dedin, ancaq sənin işindən yaman nigaranam, Salman.

– Qətiyyən nigaran olma,—deyib onun dalınca dəhlizə çıxdı.

Dombagöz Sarışına baxıb qımışdı:

– Nəhayət bu instituta yaxşı bir direktor gəldi. Əsl qəhrəmandı. Heç kəsdən qorxmur. Gördün Salmanı necə yıxıb-sürüdü?

– Səsini alçaltdı bu sözləri deyəndə.— Doğrudur, məni o gətirib bura, ancaq bir şəxsiyyət kimi Salmandan çox güclüdür Nurəddin müəllim.

– Əşi, aləm imiş bu kişi! — deyən Sarışın da ağzındakı konfeti oynada-oynada onun sözünə qüvvət verdi. — Salmanın atasını yandıracaq, baxarsan. Yekə kişidi, gör bir neyləyib? Malades Gülmirə!

– O, Gülmirə çox cəsarətli qızdı. Mən səndən qabaq tanıyıram onu. Özü də gözəldi ölmüş!!

– Bax, burda səhv eləyirsən, şair. Mən elə bilirdim sən çox incə zövqə maliksən. Ancaq gördüm yox. Nəyi gözəldir onun? Heç yapışığı yoxdu.

Dombagöz Sarışının yanında səhv elədiyini anladı və sözünü düzəltməyə çalışdı:

– Bilirsən, estetika elmində, bizim poetik aləmdə gözəllik məfhumu nisbi xarakter daşıyır. Məsələn, dovşan kirpiyə nisbətən gözəldi, Gülmirə Şərqiyyəyə nisbətən yaxşıdı, sən Gülmirəyə nisbətən gözəlsən.

Sarışın bu sözlərdən məmnun halda gülümsündü.

Dombagözün ürəyi sevinclə doldu bu təbəssümdən. «Demək, bu nağdı bizimdi. Heç yana qaça bilməz. Boş damarını tapmışam. Ancaq sən hələ ehtiyatda qal, əzizim. Gülmirə insafən desək, səndən qəşəngdi». — Sarışınla danışa-danışa irəlidə fikirli-fikirli addımlayan Gülmirənin arxasınca baxdı — onun telləri çiyninə tökülmüşdü. Qəhvəyi rəngli jaketinin üstünə dağılmış qara saçları yerişinin ahənginə uyğun olaraq sağa-sola yırğalanırdı.

Zaldan hamı çıxmışdı.Təkcə qoca Cəfər yerindən tərpənmirdi. Həyatını kəşməkəşlərdə keçirmiş, ağ saçlarının tükü sanı adamlar, müdirlər yola salmış, bəzən çirkab içindən də tərtəmiz çıxmış bu müdrik qoca Nurəddin Osmanzadənin bugünkü söz-söhbətindən yaman pərt olmuşdu. O, Nurəddini dünənəcən sakit, başıaşağı, haqq-ədalət tərəfdarı olan bir alim kimi tanıyırdı. Ancaq bu çıxışı onu Cəfərin gözündən xeyli salmışdı, yəni doğrudanmı stolda, vəzifədə bu hökm-qüdrət var? — Özü heç vaxt vəzifə sahibi olmamışdı, stolun, vəzifənin gücünü-qüvvətini yaxından, ürəyi ilə hiss eləməmişdi və bu barədə çoxlu yazılar oxusa, rəvayətlər eşitsə də, o qədər də inanmamışdı. Və uzun ömründə çoxlu adamlar da görmüşdü ki, vəzifəyə, məqama çatanda daha da sadə olmuş, təvazökar olmuş, qayğıkeş olmuşdu. Demək məsələ stolda deyilmiş, vəzifədə deyilmiş, əsildə-nəcabətdə, daxili mədəniyyətdə imiş. Bu institut təşkil edilən gündən burda işləyən Cəfər dörd-beş direktor görmüş, yola salmışdı. Onlar kollektivlə əl-ələ verib işləmiş, ata kimi, yoldaş kimi, müdir kimi hamıyla mehriban dolanmış, səbirlə, təmkinlə ağıl və müdrikliklə hamını işlətmişdilər. Ən tənbəl, ipə-sapa yatmayan adam belə bu qayğıkeşlikdən, mehribanlıqdan utanıb nəticə çıxartmış, çalışmış, əsər yazmış, müdafiə etmiş və indi də yeri düşəndə minnətdarlıq hissilə: «Sağ olsun filankəs, mən onun çörəyini yeyirəm!» — deyirdi. Elə Nurəddin Osmanzadə də akademik Aslanzadənin əməyi, köməyi və qayğısı sahəsində gəlib bu mərtəbəyə, məqama çıxmamışdımı? Cəfərin ən çox qəzəblənməsinə səbəb olan bu idi ki, təzə müdir, dünənəcən çiyin-çiyinə işlədiyi öz alim yoldaşlarının uzun illər çəkdiyi zəhməti heçə endirir, əsərlərini «zəif», «sönük» adlandırırdı. Niyə? Bax, qoca Cəfər bu suala cavab tapa bilmirdi. Kişini fikir alarmışdı. Sakit Aranlının nə vaxt zala qayıdıb gəldiyini görməmişdi. Səsinə ayıldı:

– Hə, Cəfər müəllim, nə fikir dəryasına qərq olmusan? Cəfər stolun üstəki kağız-qələmini yığışdıra-yığışdıra:

– Heç, — dedi, — elə belə, düşünürəm ki, bu işlərin axırı nə olacaq.

– Axırı-yaxşı olacaq, kişi, darıxma! — dedi Sakit Aranlı.

Cəfər onun xətrini çox istəyirdi, kiçik qardaş hesab eləyirdi özünə. Tanışlıqlarının ömrü uzun olmasa da, aralarında elə yaxın bir ünsiyyət yaranmışdı ki, iki can bir qəlbdə olmuşdular. Cəfər işləyən, vaxtını boş şeylərə sərf eləməyən, ədəb-ərkan gözləyən adamları həmişə sevmişdi. Sakit də onun nəzərində belə adam idi. Onun kitabları çıxanda qoca uşaq kimi sevinirdi, elə bilirdi öz kitabı çıxıb. Aralarında gizli sirr yox idi. Dərdlərini, qayğılarını, sevinclərini bölüşürdülər. Sakit dünyagörmüş bu insanın dərin, mənalı söhbətlərindən hədsiz ləzzət alırdı. Öyrənirdi. Sinəsi el məsəlləri, rəvayətləri, dastanları, hikmətli sözləri ilə doluydu onun, hər söhbətindən heç olmasa bir hikmət, bir tutarlı söz qalırdı Sakitin yadında və o da qızıl tapmış bir adam kimi sevinirdi.

– Mən yaman məyus oldum, Sakit — deyə Cəfər nəhayət dilləndi — mən bunu belə tanımırdım.

– Həyat elə buna görə maraqlıdı, Cəfər kişi, —deyə o, Cəfərin kimin barəsində söz açdığını dərhal duyub cavab verdi — elə buna görə maraqlıdı həyat, kişi. Yoxsa yaşamaq çox maraqsız olardı.

– Yəni stol, vəzifə doğrudan belə qüdrətə malikdir ki, adamı bir günün içində belə dəyişir?

– Ağıllı və müdrik adamları nə stol, nə vəzifə dəyişə bilmir, kişi. Bu sözümü yadında saxla: bizim təzə müdir bu vəzifədə qazandığından çox itirəcək — hörmətini, şərəfini itirəcək ki, bunların heç birini nə pulla, nə qızılla almaq mümkün deyil.

– Düz deyirsən. Ataların yaxşı bir kəlamı var: köpək leş başında tanınar, kişi iş başında.

– Əla. Əla sözdü. Köpək leş başında, kişi iş başında tanınar! Bunu yazdıq can dəftərimizə Cəfər kişi.

Sakit bu hikməti yadında saxlamaq üçün gözlərini bir anlığa yumub fikrə getdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, on yeddinci fəsil

Kitabı çantasına qoyan Ceyhun asılqanın qabağında dayanıb atasının kabinetinə, anasının iş otağının qapısına baxdı. Səs-səmir yoxdu: ikisi də bayaqdan işləyirdi. Ceyhunun əli atasının mil-mil pencəyinin cibinə uzandı. Soyuq, ilan gözü kimi xırda həlqəli zəncir əlinə toxunanda o sevindiyindən nə edəcəyini bilmədi. Maşının açarını tapmışdı. Çıxartdı, yavaşca şalvar cibinə qoydu. Ürəyi şiddətlə döyünürdü. Əgər atası bir dəqiqə otaqdan çıxsa, ya anası gəlsə, o heç yerə gedə bilməzdi və niyyəti alt-üst olardı. Arakəsmənin qapısını ehmalca örtdü.Ağ dəstəkli telefona yanaşıb səs salmamağa çalışaraq əzbər bildiyi nömrəni yığdı və demək olar ki, pıçıltı ilə danışmağa başladı:

3 dəq
İkinci hissə, on səkkizinci fəsil

Elə bu zaman professor otağından çıxdı. Böyük evdə heç kəs yox idi. Ümumiyyətlə, son vaxtlar onların evi çox sakit və demək olar ki, cansıxıcı olmuşdu. Küsülü kimi gəzib dolanırdılar. Adətən, ən əziz və doğma bir adamı dəfn edəndən sonra evdə belə qərib səssizlik hökm sürür. Yaxşı ki, kitablar varmış, yaxşı ki, yazı-pozu varmış!..Professor da, Nadirə də elə hey işləyir, yazıb-pozurdular və sanki bununla evdəki boşluğu doldurmaq, ürəklərindəki qüssəni qovmaq, yüngülləşdirmək istəyirdilər. Ancaq onları bu da bezdirirdi, bu da usandırırdı.

6 dəq
İkinci hissə, on doqquzuncu fəsil

Söz verdiyi vaxt çoxdan tamam olmuşdu, ancaq Əqdəm hələ də gəlib çıxmamışdı. Gülmirə nigarançılıq içində çırpınırdı, hər gün işdən gələndə onu evdə görəcəyini, yenə dindirməyəcəyini düşünürdü: «Qoy lap yalvarsın, qoy lap ağlasın!» — deyirdi. Daha səbri tükənmişdi. Əqdəmin yoxluğu fikri onun beyninə, ürəyinə hakim kəsilməyə başlayırdı. Əqdəm hərdən çox gec-gec gəlib tez də çıxıb gedən qonağa bənzəyirdi, halbuki o bu evin kişisi, bu ailənin başçısı idi.Son vaxtlar Gülmirə işinə möhkəm girişmişdi. Öz təkliyini, qüssəsini ancaq işləməklə, yazıb-pozmaqla, mütaliə etməklə unutmağa çalışırdı. Çalışırdı, ancaq bu ona çox baha başa gəlirdi. Əsəbləri gərilir, fikri çətinliklə bir yerdə qərar tuta bilirdi. Getdiyi yer idarə, anasıgil idi. Anası da axır vaxtlar bir az həlimləşmiş, onu danlayıbdansamaqdan əl çəkmişdi. Çünki arvad hiss eləyirdi ki, indi onun səhv elədiyini təkrar-təkrar üzünə çəkmək nəinki bir fayda vermir, hətta qızı əsəbiləşdirir. O, göz yaşı axıda-axıda ağlayırdı. Buna isə anası tablaya bilmirdi. Qızı onlara gələndə könlünü açır, darıxmağa qoymurdu.

5 dəq
İkinci hissə, iyirminci fəsil

Orxan ev-eşiyə sığışmırdı. Gah çarpayıya uzanır, gah durub oturur, gah da eyvana çıxıb dənizə tamaşa eləmək istəyir, ancaq bacarmırdı. Papirosu papirosun oduna yandırır, öz-özünə danışır, əsəblərinin möhkəm gərildiyini hiss eləyib, özünü toxtatmaq istəyirdi.Bu gün qəribə gün idi. O, günün çoxunu sevimli Gülmirə ilə bir yerdə olmuş, Sabunçuya getmişdi, kinoya baxmışdılar. Orxan ondan xoş və şirin arzularla ayrılmışdı. Kaş o, gün əyiləndən sonra dəniz qırağına getməyəydi. Kaş Biləndərə rast gəlməyəydi.

5 dəq

Başqa şairlərin şeirləri