Mətlə ül-etiqad
Məzmun
- Birinci rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- İkinci rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- Beşinci bab
- Üçüncü rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- Beşinci bab
- Altıncı bab
- Yeddinci bab
- Səkkizinci bab
- Doqquzuncu bab
- Dördüncü rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- Beşinci bab
- Altıncı bab
- Yeddinci bab
- BİLİYƏ AİDDİR
- Səkkizinci bab
Səhifə 14 / 17 · 76%
Üçüncü bab
Bizim peyğəmbərin peyğəmbərliyi haqqındadır
Bizim Peyğəmbərin peyğəmbərliyi həm onun olduğu (yaşadığı), həm də olmadığı zamanda (ölümündən sonra) isbat edilmişdir.
Onun olduğu (yaşadığı) zamandakı peyğəmbərliyi iki hadisə ilə sübut edilir.
Birincisi, ağızdan-ağıza bizə qədər gəlib çatmış olan parlaq möcüzələri və aydın kəramətləri vasitəsilə. Bunlar rəvayət etməyə ehtiyacı olmayan saysız-hesabsız möcüzələrdir.
İkincisi, yəhudilər və xaçpərəstlərin təsdiqindən ibarətdir ki, bunlar, ədavətlərinə baxmayaraq, keçmişdən onun haqqında xəbər vermişlər. Müddəaya aid müxalifətçinin ən kiçik sözü (etirafı) iddia edənin əlindəki sənədlərin ən güclüsü kimi hesab edilə bilər.
Onun olmadığı (ölümündən sonrakı) zamanda (peyğəmbərliyi) iki hadisə ilə (isbat edilir).
Birincisi, onun əmr və yaxud qadağan etdiyi düzəlişlər. Belə ki, bizə əmr etdiyi işlər, bizim ürəyimizə yatmasa belə, yerinə yetirildikdə, onların məsləhət olmasını və həmin əmrin doğruluğunu göstərir. Həmçinin bizə qadağan etdiyi işlər, bizə dözülməz görünsə belə, yerinə yetirildikdə, onların yaramazlığını və həmin qadağanın doğruluğunu göstərir.
İkincisi, onun dediyi – “məndən sonra peyğəmbər olmayacaqdır” sözünün doğruluğu. Belə ki, bizim zəmanəmizə qədər hər hansı bir möcüzə ilə öz peyğəmbərliyini sübut edən bir şəxs çıxmamışdır.
Dördüncü bab
Onun (məhəmmədin) başqa peyğəmbərlərdən üstünlüyü haqqındadır
Bu (məsələ) bir neçə dəlil əsasında isbat edilir.
Birincisi bundan ibarətdir ki, peyğəmbərlik məsələsi davamiyyət tələb edir (peyğəmbərsiz bir dövr olmaz); çünki peyğəmbərlik dünya işlərini nizama salır, bütün pozğunluqları düzəldir, Tanrı ilə insanlar arasında əlaqə yaratmaq vasitəsidir və buna görə də peyğəmbər bütün zamanlar üçün zəruridir. Lakin hər bir peyğəmbərin müəyyən zamanı və ehkamı olmuş, onların zamanı və ehkamı aradan gedərək, bizim peyğəmbərin zamanı gəlib çatmışdır və həmin zaman onun ehkamı ilə zinətlənmişdir. Belə ki, həmin ehkam (başqa peyğəmbərə) köçürülmədən qiyamət gününə qədər qalacaqdır. Deməli, hər bir baqi (qalan şey) fani (şeydən) üstün olduğuna görə, ehkamı ləğv edilməyən şəxs də ehkamı ləğv edilən şəxslərdən üstündür.
İkincisi. Bəşəriyyətin imkanında olan elmlər və fənlər aləmin başlanğıcından bizim zamanımıza qədər peyğəmbərlər, filosoflar və alimlər vasitəsilə tədricən həqiqətə çevrilmişdir. Ata-babalardan qalmış olan bütün keçmiş üstün cəhətlər (biliklər) bizim peyğəmbərin başqa ümmətlərdən (din tərəfdarlarından) üstün olan ümməti (tərəfdarları, müsəlmanlar) vasitəsilə Peyğəmbərimizin şərəfli ehkamının üstünlüyü sayəsində təkmilləşmiş (və hazırkı şəklə düşmüşdür). Deməli, bizim peyğəmbər hamısından üstündür.
Üçüncü budur ki, bütün peyğəmbərlərin peyğəmbərliyinin sübutu müəyyən möcüzələrdən ibarət olmuşdur. Lakin o peyğəmbərlərdən sonra həmin möcüzələrdən heç bir əsər qalmamışdır. Halbuki bizim peyğəmbərin möcüzələrindən birisi olan Quran peyğəmbərdən sonra olduğu kimi qalmış və bütün zamanlar üçün qiyamət gününə qədər olan peyğəmbərliyinin şahidi olaraq qalacaqdır. Beləliklə, möcüzəsi daha artıq yaşayan və daha sabit olan (peyğəmbər) hamısından üstündür.
Dördüncüsü, keçmiş peyğəmbərlərin şəriətlərindəki ehkam öz təsirini bağışlamaq üçün, möcüzəyə möhtac olmuşdur. Halbuki bizim peyğəmbərin ehkamı, yəni Quran öz-özlüyündə möcüzədir. Bu isə bizim peyğəmbərin üstünlüyünü göstərən ən güclü sübutdur.
Beşincisi, merac məsələsindən ibarətdir ki, (bizim peyğəmbər) bu barədə yeganədir. Deyirlər ki, Peyğəmbər merac gecəsində ərşə doğru qalxdığı zaman göylərin hər birisində peyğəmbəri aparan mələklər ondan geri qalmışdılar (onun getdiyi yerlərə mələklərin daxilolma ixtiyarı yox idi). Sonra, (meracın keyfiyyəti haqqında) soruşduqda, (peyğəmbər) demişdir ki, bu ancaq bəşəriyyətin seçmə fərdinə müyəssər ola bilər və (Tanrı) öz əmrini sizin bilmədiyinizdə zahir etmişdir.
Bəziləri peyğəmbərliyi bir neçə dəlil əsasında inkar etmişlər.
Birincisi, Tanrı bizə ağıl və sərbəstlik nemətləri bağışlamış və bizi, məqul şeyləri dərk etdiyimizə görə özünün yaratdığı başqa şeylərdən üstün tutmuşdur ki, Tanrının zatını və sifətlərini öyrənək və öz işlərimizi ağlımız vasitəsilə sərbəstcəsinə idarə edək. Əgər biz işimizi öz tayımıza tapşırsaq, belə ki, o, bizi heyvanlar və yaxud cansız varlıqlar kimi kefinə uyğun olaraq dolandırsın, ağlımızın nifrət etdiyi işləri görməyə bizi məcbur etsin və təbiətimizə uyğun olan işlərdən bizi çəkindirsin, onda, bizimlə heyvanlar arasında nə kimi fərq olar və bizmi ağlımızın faydası nədir?
Əgər yaradılmış qeyri-bərabərdirsə, bu, ədalətə ziddir və əgər bərabərdirsə, bizim ağıllarımız bizə kifayətdir.
İkincisi, Tanrı təkamülün tələbinə uyğun olaraq, bizi xilqətcə kamil yaratmışdır ki, onun (Tanrını) dəlillər (istidlal) əsasında dərk edək, taysız və oxşarsız bilək. Necə ola bilər ki, Tanrı bizim öz taylarımızı bizə peyğəmbər göndərsin. Onları tanımağı və onlara itaət etməyi, Tanrını tanıdığımız və ona itaət etdiyimiz kimi, bizə vacib etsin, onlara dua etməyi öz ibadətləri sırasına keçirsin və onları bizə hökmran edib, bizdən üstün tutsun?
Üçüncüsü, onlar (peyğəmbərlər) insanların ürəyini sehr ilə məftun edən sahirlərdir ki, insanları (bu yolla) öz əmr və nəhylərinə tabe etmişlər. Buna görə də onların (peyğəmbərlərin) hər birisinin müəyyən dövrü olmuşdur ki, həmin dövr başa çatdıqda (sehrləri də) ləğv (batil) edilmişdir.
Dördüncüsü, peyğəmbərlik iddiası rəyasət iddiasıdır. Rəyasət də ulduzların uğurlu görünüşündən asılıdır. İnsanlardan hər kim uğurlu vaxtda anadan olarsa, heç də ləyaqəti olmadan rəyasətə və yüksək rütbəyə çatar.
Birinci (iddiaya) iki dəlil ilə cavab vermişlər.
Birincisi, feyz qəbul etmək istedadı nöqteyi-nəzərindən insanların bir-birindən fərqlənməsi aydındır. Bu fərqlənmə zəruri olaraq insanların bəzisinin digərindən üstün olmasını tələb edir. Deməli, nöqsanlı (adamların) mükəmməl adamlara tabe olması və ümumi məsələlərdə onlardan tərbiyə öyrənməsi vacibdir.
İkincisi, əgər ağıllar ümumiyyətcə müvəffəqiyyətli olsaydı, təqlid edilən adamın ağlı istifadə edən şəxsin inamını özünə cəlb etməzdi; çünki təqlidi qəbul etmək ancaq onun ağlı vasitəsilə olur. Beləliklə, etiraz müəyyən bir əqidənin inkarından ibarətdir və müxalifətçinin əqidəsinin inkar edilməsi müxalifətçini öyrənmək deməkdir. Deməli, sabit olur ki, ağıllar qeyri-bərabər olduğuna görə, müəllim lazımdır.
İkinci (iddiaya) belə cavab vermişlər ki, ünsürlərdən əmələ gəlmiş varlıqlar dərəcə etibarilə bir-birindən fərqlənir. Belə ki, bitkilər göyərib artdığına görə, cansız varlıqlardan üstündür. Heyvanlar, iradi hərəkətə malik olduğuna görə bitkilərdən üstündür. İnsan, ağıl və ixtiyara malik olduğuna görə heyvanlardan üstündür. Peyğəmbərlər isə, peyğəmbərlik feyzinə malik olduğuna görə başqa insanlardan üstündürlər.
Bu o deməkdir ki, peyğəmbərlik feyzi ancaq xasdır; çünki bu feyz ümumi olub, bütün insanlara aid ola bilər. Fərq burasındadır ki, feyzin peyğəmbərdə təzahür etməsi peyğəmbərə xasdır; çünki əgər feyzin təzahür etməsi hamıya aid olsaydı, intizama səbəb olan fərq aradan gedərdi. Buna görə, filosoflar demişlər ki, əgər bütün insanlar bərabər olsaydılar, onların hamısı həlak olardılar. Deməli, bəşər cəmiyyəti öz məsləhətləri xeyrinə peyğəmbərlərə təzim etməlidir.
Üçüncü iddiaya (belə cavab vermişlər ki, Tanrının) hikməti hər hansı bir şeydə müəyyən əsər və xasiyyət qoymuşdur. Belə ki, insanların bəzisi təcrübələr əsasında müəyyən hissələri tərkib etməyə və ya sözləri birləşdirməyə nail olur və nəticə etibarilə, müəyyən və məxsus şeylərdə ya məsləhət olan təsirlər əmələ gətirir ki, kəramətlər, duaların təsiri və tibb elminin götürdüyü ölçülərdən ibarətdir; yaxud da məsləhət olmayan təsirlər əmələ gətirir ki, bu da hoqqabazlıq və ya sehrdən ibarətdir. Mürəkkəb şeylərdə əmələ gətirilən bu təsirlərin bütün (nəticələri) müxalifətçinin iddiası qarşısında dəlillər kimi istifadə edilir. Lakin peyğəmbərliyə sehrbazlıq nisbəti vermək sehrbazlığın özündən də yaramaz işdir; çünki peyğəmbərlik Tanrının mərhəmətindən nəşət edir və həmişə müəyyən məsləhətlərə uyğundur.
Dördüncü iddiaya (belə cavab vermişlər ki,) ulduzların təsiri həmin təsirlərin yerindən asılı olaraq ölçülür; çünki bu təsirlər qabiliyyətsizliyə xas olmayıb, qabiliyyətlərə də aiddir.
Əgər deyilərsə ki, tutalım, insanın peyğəmbərə ehtiyacı olması doğrudur, bəs, peyğəmbərin başqa adamlardan fərqlənməsi üsulu necə ola bilər? Çünki məsələnin ümumi şəkildə qoyuluşundan peyğəmbərin üstünlüyü nəticəsi çıxmır (hamının peyğəmbər ola bilməsi nəticəsi çıxır) və məsələnin xüsusi şəkildə qoyuluşundan (ancaq müəyyən şəxsin peyğəmbər ola bilməsindən) də belə nəticə çıxır ki, fərqləndirənin biliyi fərqlənənin (peyğəmbərin) özünü əhatə etməlidir (başqasını peyğəmbər bilən şəxs peyğəmbərin özündən də artıq biliyə malik olmalıdır). Bu isə qeyri- mümkündür.
Bu iddiaya cavab olaraq (yuxarıda) demişdim ki, peyğəmbərliyin nişanələri çoxdur.
Onların sırasında möcüzələri qeyd etmək olar. Möcüzə xariqə işlərdən birisini yerinə yetirməkdən ibarətdir ki, peyğəmbərliyin doğruluğunu isbat edən şahiddir.
Deyilmişdir ki, ünsürlərdən ibarət olan təbiətlərin müqəddəs ruhlara itaəti bədənin digər ruhlara olan itaəti kimidir. Bu isə müqəddəs cənaba (Tanrıya) doğru təvəccöhün (üz çevirməyin) nəticəsidir. Hər kim sədaqətlə Tanrıya itaət edərsə, Tanrıdan başqa digər şeylərin hamısı ona itaət edər. Hər kim təbiəti öz ruhunun ixtiyarına verərsə, hər kim həvəsdən imtina edərsə, təbiətləri öz ixtiyarına keçirməyə qadir ola bilər. Hər kim yaradıcıya itaət edərsə, yaranmışlar da ona itaət edər.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-metle-ul-etiqad
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Tiri-təhəmmül sərgəştələrinin və tiği-təvəkkül küştələrinin biri Həzrəti-Kəlimullahdür ki, qilləti-ə’vanü ənsarlə cəfayi-ali-Fir’on mütəhəmmil olub və
Fəsli-ibtilayi-Nuh əleyhissəlamBadiyeyi-möhnət bəlakeşlərinin və badeyi-məhəbbət sərxoşlarının biri dəxi həzrəti-Nuh Nəbidir ki, doqquz yüz il hədəfi-sihamisiyasəti- süfəhayi-qövm olduvə səngdillər cəfasın çəküb səbr qıldı və də’vət etməkdən təqsir etmədi və dəqayiqi-təbliği-əhkami-İlahidə andan təkahül və təkasül zühurə yetmədi. Təzəllümdə məsturdur ki, ol vaze’i-qanuni-şəriət və ol gülzari-rəyahini-kəramətə hər gün səhabisitəmdən jaləvar ol miqdar səngi-siyasət yetərdi ki, cismi-lətifi lə’liabdar kibi daşlar içində itərdi. Əmma yenə Cəbrail hazır olub, ol gülibağirisaləti laləvar cameyi-pürxun və ə’zayi parə-parə ilə daşlar içindən çıxarub, pərü balın ə’zasına sürüb, səhhət verüb üzərindən gedərdi və ol Həzrət yenə əncümənarayi-qövm olub kəlimeyi-"Qulu la ilahə illəllah" ibarətilə anlara ağazidə’vət edərdi. Müddətiömründə bu təriqi məsluk edüb, üç qərnün qövmi ilə
Fəsli-ibtilayi-Zəkəriyya və YəhyaCəfayi-fələk azürdələrinün və möhnəti-zəmanə əfsürdələrinün biriZəkəriyyayi-məzlum və biri Yəhyayi-mə’sumdur. Rəvayətdir ki, bir gün
Beşinci bab. Həzrəti Murtəza Əli vəfatın bəyan edərHəzrəti-mühəymini-mütə’al və məliki-biintiqal əmmət ətiyyatihi və tabətbəliyyatihi kəlami-mö’ciz nizamda buyurmuş ki: "Və latəhsəbən- nə’lləzinə
Başqa şairlərin şeirləri
Yer yox ikən, gög yox ikən, ta əzəldən var idim.Gövhərin yekdanəsindən iləri pərgar idim.
Bu qızınBir xəlvətdə fürsət bulub tutasanTər xınalı nazik əlin bu qızın
ŞəltükQutarmışdıq hər əngəldən, gənə bir əngəlim çıxdı,Cənabın bəxş edən şəltük içindən çox bəlim çıxdı.
Əcəm qızıAhu gözlü, şux baxışlı, qəddi dal əcəm qızı,Ləbi qönçə, yanağı gül, siyah tel əcəm qızı,