Yüksək dilək, ay dilək,
Aydın dilək “ay” dilək,
Yolçuyuz, yol üstünə, –
İşığını yay, dilək.


Parlaq dilək, ay dilək,
Gözlərdən də bay dilək.
Sansız işıqlarından
Millət alır pay, dilək.


Səninlə gözlər gülər,
Alınlar, üzlər gülər.
Hansı dodağa qonsan,
Ağızda sözlər gülər.


Bir külfətin içində,
Sənsən işıqlı xəndə.
Adın “təbəssüm” olmuş,
Xoşbəxt olan dəhəndə.


Xəstələrə səhhətsən,
Gücsüzlərə qüvvətsən.
Dünya cəhənnəm olsa,
Sən özün də cənnətsən.


Dirilik zəhmətlidir,
Çox da mərarətlidir.
Həqiqət aləmində
Xəyalın ləzzətlidir.


Bu ağır yük çəkilməz,
Şu acılar içilməz.
Sənsiz, a parlaq dilək,
Qaranlıqlar keçilməz.


Yol göstərən ay dilək,
Nicatın özü sənsən.
Yaşamağı sevdirən –
Sözümün düzü sənsən.


Dirilik qararanda,
Onun gündüzü sənsən.
Biz ağlardıq həmişə,
Güldürən bizi sənsən.


Qaranlıqların iştə –
İşıq ulduzu sənsən.
Yerdə səadət varsa,
Şəksiz ki, izi sənsən.


Mə'yus olma, amandır,
Mə'yus olmaq yamandır.
Qorxaq diləksiz yaşar,
Millətim qəhrəmandır.

Qorodinka, 14 iyul

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri