Mən ölmərəm
Təbrizdə şayiə yaymışlar ki, mən ölmüşəm
Çaylar kimi bulanma sən,Atəşlərə qalanma sən,Yad sözünə inanma sən,Mən ölmərəm sizdən ayrı,Anamız Təbrizdən ayrı.
Ürək vurğun vətəninə,Sınanmışam dönə-dönə,İnanmışam böyük günə.Gedən karvan qayıdacaq,Dərdi-qəmi uyudacaq.
Diləklidir dilim mənim,Yol gözləyir elim mənim,Yetər sizə əlim mənim,Yurdu viran qoyan ölsün,Yaman xəbər yayan ölsün.
Yollarımda tufan olsa,Çəkinmərəm boran olsa,Ömrüm bir gün yalan olsa,Başı duman alar dağlar,“Göy kişnəyər, bulud ağlar”.
Bir məsləkə sarınmışam,Arzularla barınmışam,Ölümdən də qorunmuşam,Gəlib görəm Zəncanımı,Elə verəm mən canımı.
Dayağımdır Tehran, Təbriz,O möhnəti, dərdi ləbriz.Niyə belə yad olduq biz?Ömür gedər izi qalar,Şair gedər sözü qalar.
Araz kimi çağlar könül,Bir saz kimi ağlar könül,Sizə ümid bağlar könül,Vüsala yol açasınız,Qardaş boynu qucasınız.
İran indi İran olmuş,Qurd yuvası viran olmuş,Dünya sizə heyran olmuş,Mübarəkdir hünəriniz,Sizin böyük zəfəriniz.
Sona yetsə ömür bir gün,Bahar gələr gözü dolğun.Yarpaqları, rəngi solğun,Yaş axıdar büllur bulaq.Qəribsəyər bizim ocaq.
Mən ölsəm də sözüm qalar,Adım qalar, izim qalar,Qaralmayan gözüm qalar,Yurdumuzun ocağında,Hər səfalı bucağında.
Gözü yolda qalıb Zəncan,Mən ölümə vermərəm can.Bir ürəkdir Azərbaycan.Mən körpülər salam gərək,Elin könlün alam gərək.
Mən ki, bir dan ulduzuyam,Vətən qızı, el qızıyam,Hamınıza tamarzıyam.
Qardaş, bacı yada düşər,Şair qəlbi oda düşər.
Başa yetər bu yoxuşlar,Yaza dönər qara qışlar,Savalandan uçan quşlar,Savalana dönər bir gün.Orda yanıb-sönər bir gün.
Qardaş, mən də gələcəyəm,Siznən deyib güləcəyəm.Yanınızda öləcəyəm.Məzarımı qazasınız,Başdaşıma yazasınız:
Billuridir burda yatan,Şərbətinə ağı qatan,Qəbri qızılgülə batan,Son nəfəsdə kama çatanBir azadlıq qurbanıdır,Ölməz sənət tərlanıdır.
Noyabr-Yanvar, 1980
Kitabxana.az · https://kitabxana.az/works/hekime-billuri-men-olmerem
← → düymələri ilə keçid, R — təsadüfi şeir