Üzgüçütək dənizdə ay bu gecə üzür hey,
Dalğalara işıqdan boyunbağı düzür hey.


Hava ilıq, səma saf, çöl otları yamyaşıl,
Belə gözəl mənzərə düzənlərə yaraşır.


Ulduzlar daş-qaş kimi, ay göylərin fanarı,
Uzaqlarda ağarır sonsuz gecə yolları.


Sən ey gecə yolçusu, xoşbəxtsən necə bir bax,
Çöllər, dağlar, meşələr,
Ay, ulduzlar karvanı,
Təbiətdə nə varsa, bu gün sənin olacaq.


Günəş çıxdı sulardan, saçlarını daradı,
Onun uzun saçları,
Ox kimi kirpikləri,
Qaynar gözləri vardı.


Çöllərin, düzənlərin pasibanıdır dağlar,
Onun qəlbi dolanda “göy kişnər, bulud ağlar”.


Sənin təbəssümün bahara bənzər,
Baharın özütək zərif və kövrək.
Sən təbəssüm göstər hər axşam, səhər,
Sinəmdə dil açıb danışsın ürək.

Məhəbbət dünyası kövrək, pərişan,
Orda gözəl olur bütün duyğular.
Sevəndə ucalır, yüksəlir insan,
Məhəbbət, bahara çox oxşarın var.
Baharsan, baharsan, həmişə bahar.

Ağlatdı taleyim məni hər zaman,
Ağlatdı üzümə o, gülə-gülə.
Qısaltdı ömrümü, günümü hicran,
Bilməyə-bilməyə, həm bilə-bilə.


Gecə yalqız gəldi, yalqız dayandı,
Ürəyim tənhalıq oduna yandı.
Qohumlar ögeytək məni də dandı,
Bu gecə yanımda qalan olmadı,
Heç məni yadına salan olmadı.
Alçalma, yalvarma kimsəyə bir an,
Ömrünü tufanlar dağıtsa belə.
Məğrur doğulmusan, ey ulu insan,
İnsan adı hara, alçalmaq hara?
Yalvarma, ömrünü çəksələr dara,
Yalvarma, ömrünü versələr yelə,
Çalış yaxşı dolan, yaxşılıq elə.

Bu axşam qapıya dikildi gözüm,
Yanımda bir gəlib qalan olmadı.
Şair ürəyimi, şair könlümü
Bircə təbəssümlə alan olmadı.

Yoruldum, intizar yamanmış, yaman,
Başım nələr çəkmiş bu intizardan.
Gözlədim bəlkə də yalanmış, yalan,
Ağır intizarım yalan olmadı.


Ey ömür baharım, bahar gəldi, gəl,
Sevgisiz baharda şən ola bilməz.
Demə ki, sənsiz də gülər gözlərim,
Qəlbimə bir kimsə sən ola bilməz.

Namərd körpüsündən keçmə amandır,
Aparsın, aparsın qoy sellər səni.
Nə gözəl söyləmiş bunu atalar:
Namərdə yatağı qoy olsun məzar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar