Ulduzlar göylərdə qatar-qatardır,Qəlbimdə dil açan xoş arzulardır.Dünyanın min rəngi, min hüsnü vardır,Həyatın qədrini bilək, sevgilim.

Gözləri oxşayır hər yaşıl ağac,Göylərin başında lacivərdi tac.Qəlblərə ruh verir hər zümrüd yamac,Yaşamaq bir sonsuz dilək, sevgilim.

Həyatın mənası dərindir, dərin,Min bir bəzəyi var torpağın, yerin.Yaşamaq dünyada hər şeydən şirin,Həyatın üzünə gülək, sevgilim.

Göylərə nəzər sal, hər səhər çağıGünəş oyadanda daşı, torpağı,Hər səhər seyrə dal dərəni, dağı,Coşacaq qəlbində istək, sevgilim.

Dünyanın bəzəyi, zinəti insan!Həyata üz çevir qəmlənən zaman.Məşələr yolunu gözləyir hər an,Təbiət gözəldir, göyçək, sevgilim.

Bəzən qanadlarım qırılar, düşər,Kədərim yanımdan yeltək ötüşər.Könlüm vüsalınla yenə görüşər,Həyata bağlıdır ürək, sevgilim.

Qəlbimi oxşayır hər yaşıl çəmən,Kömək diləmirəm hələ kimsədən.Göz görür, qəlb duyur, bəxtiyaram mən,Dünyanı gəl qoşa gəzək, sevgilim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri