Bir suyun başında məskən salaraq,Bir yurdda min ocaq çatdı babalar.Sellər kükrəyəndə, məğrur səsiniÇayların səsinə qatdı babalar.

Bir olub həyatda könül həmdəmi,Bir bölüb sevinci, bir bölüb qəmi.Dosta dost dedilər ölənə kimi,Yadlara əbədi yaddı babalar!

Enişi-yoxuşu, düzü bir olub,Məramı, məqsədi, üzü bir olub.Bərkdə də, boşda da sözü bir olub,Şərəfli, şöhrətli, adlı babalar.

Alışdı istiyə, dözdü sazağa,Bağladı meylini suya, torpağa.Düşmən hay salanda qalxdı ayağa,Qılınclı, qalxanlı, atlı babalar.

Güləşdə buğanın boynunu burub,Havada kəkliyi gözündən vurub.Ürkək əlikləri piyada yorub,Ceyranlar dalından çatdı babalar.

Zirvədə alnını oxşadı külək,Dərədə üstünə ələndi çisək.Arabir qayada dirsəklənərək,Qartalla baş-başa yatdı babalar.

Buludla dərdini bölən dağlara,Şəfəqlə şadlanıb, gülən dağlara,Yəhərli, yüyənli köhlən dağlara,Cığır kəməndini atdı babalar.

Səngərdə doğulub, keşikdə durub,Bir kəmər qaşına on naxış vurub.Vaxtında yaradıb, vaxtında qurub,Vaxtında yığışıb getdi babalar.

Qurbanı, Abbası, Əmrahı anıb,Kərəmlə alışıb, Dilqəmlə yanıb.Tütəklə uyuyub, sazla oyanıb,Kamanla dil açıb ötdü babalar!

Xəyalın, kamalın qüdrətinə bax:Əngin üfüqlərdən gətirir soraq.Gün kimi aləmə şölə saçaraq,Ay kimi gizlənib, batdı babalar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri