Sən də sus
Asta tərpət ayağını, əlini,Yaxşı susur, yaman susur, sən də sus.Vaxtlı-vaxtsız işə salma dilini,Qanmaz susur, qanan susur, sən də sus.
Palıd qopur bircə anın içində,Gözdən itir dağ-dumanın içində.Yar-yoldaşın, el-obanın içində,Enən susur, qalxan susur, sən də sus.
Bilirsənmi kim izləyir, kim güdür,Kor yapalaq qızıl quşu ürküdür.Güman etmə bu tülkü o tülküdür,Pələng susur, aslan susur, sən də sus.
Xeyri nədir, yeri, göyü soraqla,O kitabı, bu kitabı varaqla.Öz-özünə ha gurulda, ha çağla,Dərya susur, ümman susur, sən də sus.
Dar məqamda nə ordular basılıb,Qancırğadan qanlı başlar asılıb.O yerdə ki, bir-birinə qısılıb,Qartal susur, tərlan susur, sən də sus.
Nə kamala, nə vicdana güvənmə,Saf ürəyə, sağlam cana güvənmə.Bu dəvaya, o dərmana güvənmə,Görürsən ki, loğman susur, sən də sus.
Qəm ürəyə, fəğan dilə yazıldı,Sevinc bəmə, möhnət zilə yazıldı.Hüseyn Arif, yazı belə yazıldı,Zaman susur, dövran susur, sən də sus.
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-sen-de-sus
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Kəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,
Mənim Yəqubsifət könlüm qəm munisi olalıYusif kimi yerim olub tənha, qaranlıq zindan.
GördümNəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm
SəniBurax təbiətlə zarafatını,Yandırıb şam kimi əridər səni.