Tüstü məni elə boğdu şəhərdə,Dağın, daşın dumanına min şükür.Külək qopdu, toz torpağa qarışdı,Çölün, düzün tufanına min şükür.

Ağrı canı yandıranda, yaxanda,Başım üstdə dəli şimşək çaxanda.Dərman içdim, bu dərmana baxanda,Nənələrin dərmanına min şükür.

Nədən belə dəyişibdi təbiət,Nə meyvədə o şirinlik, o ləzzət,Bir məclisdə şərbət gəldi, nə şərbət,Tərəkəmə ayranına min şükür.

Ürəyimdə nə bir nisgil, nə bir ah,Sahil boyu gəzişirdim bir səhər.Adam çıxdı qabağıma, ay Allah,Qabandağın qabanına min şükür.

Hüseyn Arif, nə deyəsən bu anda,– Yandım! – deyir yanmayan da, yanan da.Alim gördüm, bu alimin yanında,Ceyrançölün çobanına min şükür.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət