Axtarmaq eşqilə alovlanan kəs,Kənddə qərar tutub, şəhərə sığmaz.Gətirməz fikrinə vaxtı-vədəni,Gecəyə, gündüzə, səhərə sığmaz.

Dincələr kölgədə, günəqarşıda,Enişlər, yoxuşlar durar qarşıda.Vətən torpağının bir qarışı da,Beşgünlük, ongünlük səfərə çıxmaz.

Çəməndə nə qədər bənövşə, nərgiz,Otlar bir-birindən ətirli, təmiz.Göydən ulduzları səsləməyək biz, –Yer göyə sığmayıb, göy yerə sığmaz.

Qış bir yana çəkər, bahar bir yana,Ömrü başa vurar od yana-yana.Sahilsiz zülmətin dərya qoynunaGünəşdən ayrılan bir zərrə sığmaz.

Tapılan bir inci itməz həyatda,Doğma səs qulaqdan getməz həyatda,Sənin də dastanın bitməz həyatda,Bir xalqın söhbəti bir ömrə sığmaz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar