Elə ki, son bahar verir hökmünü,Sonalar ayrılır göldən xəbərsiz.Çiçəklər sarılıb, güllər sovuşur,Çəməndən xəbərsiz, çöldən xəbərsiz.

Şimşək göydə çaxıb zülməti yarır,Pələngin canını üşütmə sarır.Daşlar dilə gəlib haray qoparırTufandan xəbərsiz, seldən xəbərsiz.

Sular buz bağlayıb donur sazaqdan,Tüstü qıvrım-qıvrım qalxır uzaqdan.Yarpaqlar üzülüb enir budaqdanKüləkdən xəbərsiz, yeldən xəbərsiz.

Alışdım min dəfə, yandım min kərəÖzüm də bilmirəm nə deyim ömrə?!Yar-yoldaş yanında göz görə-görəSaçlara dən düşür ildən xəbərsiz.

Əzəldən vurulub ana torpağaÇevirdim üzümü arana, dağa.Günlər Hüseyni də çəkir sınağaObadan xəbərsiz, eldən xəbərsiz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar