İkinci pərdə
Səhifə 5 / 8 · 50%
Savalan
Mən səninlə bərabər öz ürəyimi kəşf etmişəm. Bayaq o sarı simi sən dilləndirdin. Mən qulaq asdım, indi də mən dilləndirim, sən qulaq as! (Qənimətə) İndi mənə aydın oldu ki, nə üçün bu qızı görməyəndə darıxıram. Niyə saatlarca bunun haqqında düşünürəm.
Anjel (eyni zarafatla)
Demək, bizim sarı simlərimiz tamam başqa-başqa əhvalatlar hekayə edirmişlər.
Savalan (sanki birdən-birə taqətdən düşərək)
Qənimət bəy! Bizimki sevgidə gətirmədi! (Coşğunluqla) Ancaq biz and içmişik ki, heç bir dərdə təslim olmayaq. Vuraq, dostlar!
Şampan butulkasını götürür, bu dəmdə qapının zəngi vurulur. Qənimət qapını açır. Fəridə otağa daxil olur. Hamı bir an heyrət içində dayanıb ona baxır.
Fəridə (gülümsəyir)
Gözləmirdiniz, eləmi?
Qənimət
Fəridə! Mənim ürəyimə dammışdı ki, sən gələcəksən. Sübut? Baxa bilərsən! (Qənimət bu sözlərlə yemək stoluna işarə edir. Süfrəyə dörd dəst qab-qacaq, dörd qədəh qoyulmuşdur)
Savalan
Heç bayaqdan mənim ağlıma gəlməyib ki, niyə Qənimət stolun üstünə dörd adamlıq qab-qaşıq qoyub...
Anjel
Mənim ağlıma gəlirdi. Ancaq fikirləşirdim ki, yəqin, başqa bir qız da gələcək. (Fəridəyə) Nə əcəb həyat yoldaşın (son sözləri xüsusi vurğu ilə deyir) səni tək buraxıb?
Fəridə (zarafatyana, lakin səmimi)
Əvvəla, həyat yoldaşım Moskvaya uçdu. İkincisi də, nə üçün tək buraxmasın? (Eyni zarafatla) Biz bir-birimizə inanırıq.
Anjel
Allah eləsin!
Fəridə
Anjel! Yoxsa, sən buna şübhə edirsən?
Anjel
Sənə? Sənə yox. Sənin kimi mələyə kim şübhə eləyə bilər?
Fəridə
Bəs, Ədalətə?
Anjel (gizli kin qarışıq bir zarafatla)
“Ədalət” sözünün mənası çox dərin olduğu üçün o barədə heç nə deyə bilməyəcəyəm.
Fəridə (zarafatla və səmimiyyətlə)
Eybi yoxdur, vaxt gələr, deyərsən.
Anjel (qətiyyətlə)
Yəqin ki...
Savalan (qızlara)
İnsafınız olsun, səbəbkar burada darıxır.
Fəridə
A... doğrudan da... Qənimət! (Onun əlindən tutaraq) Mənim əzizim, bizim hamımızın əzizi! Səni təbrik edirəm! Bunu da qalstukuna taxarsan. (Onun üzündən öpərək, əlindəki balaca şeyi verir)
Qənimət
Bu ki, sənin...
Fəridə (sözünü kəsərək)
Hə... O mənim qız vaxtı gəzdirdiyim üzüyün qaşıdır.
Qənimət (həyəcanla)
Sən o üzüyünü yaman çox istəyirdin.
Fəridə (gülümsəyərək başı ilə təsdiq edir)
Ona görə də, qoy onun qaşı sənin sinəndə yadigar qalsın.
Qənimət (həyəcanla)
Elə şey olmaz.
Savalan (amiranə)
Olar! (Sancağı alıb Qənimətin qalstukuna taxır) Aydındır?!
Qənimət (dərindən nəfəs alaraq)
Aydındır.
Savalan
Elə isə başladıq. (Şampan şüşəsini partladaraq qədəhləri doldurur. Qənimətə) Sağ ol, qardaşım! Qoy bu yaqut həmişə sinəndə parlasın. Ömrün uzun olsun!
Fəridə
Sağ ol, Qənimət! (Qədəhini vurur)
Anjel
Sağ ol, Qənimət. Bugünkü bayram üçün gərək mən səni öpüm.
İçirlər. Savalan patefonu qurur. Müasir rəqs havası otağı bürüyür. Dördü də bir-birinin təklifini gözləmədən ayağa qalxıb oynayırlar.
Qənimət
Uşaqlar! Bu il bir az tez, bir az gec, dördümüzün də iyirmi iki yaşı tamam olur. Planetimizdə olan bütün yaşıdlarımızın sağlığına! (İçirlər)
Anjel (birdən-birə fikrə gedən Savalanı zarafatyana sancır)
İyirminci əsrdə şairanə xəyallara dalmaq çox gülməli görünür.
Savalan
Nahaq yerə, nə qədər dünya var, gözəllik var, şairanəlik də olacaq. Adam fikirləşir ki, Fəridənin bura gəlişi...
Anjel
Leonardo da Vinçi fırçasına layiqdir. Cakonda!
Savalan
Fəridə, sənin bu gecə bizi yaddan çıxarmayaraq bura gəlməyin ürəyimi o qədər kövrəldi ki, ağlamaq istəyirəm.
Fəridə (zarafatyana)
Sizin kimi oğlanları kim unudar?
Savalan (ciddi kədərlə)
Yox, Fəridə, bizim kimi oğlanları unudanlar, bizdən heç xəbəri də olmayanlar çoxdur. (Birdən coşğunluqla) Amma vaxt gələr, bizi tanımağa, bizimlə hesablaşmağa məcbur olarlar! O zaman Amerikadakı hindular da bilərlər ki, Anjel kimdir.
Anjel (sərt)
Nə üçün təkcə Anjel?
Savalan (son dərəcə mehriban)
Ona görə ki, sən çox nəcib bir qızsan. (Qənimətə) Sənə nə olub? Qəm dəryasına qərq olmusan?
Qənimət
Qətiyyən! Mən fikirləşirəm...
Savalan
Nə fikirləşirsən?
Qənimət
Fikirləşirəm ki, Fəridə yaxşı eləyib Ədalətə ərə gedib.
Anjel
Necə?
Qənimət
Evlənmək, ailə qurmaq üçün bizə ev-eşik lazım idi. Toy eləmək üçün pul lazım idi. Gəlinin geyinib adam içinə çıxması üçün yay-qış paltarı lazım idi... Qoluna qızıl saat, barmağına brilyant üzük lazım idi...
Fəridə
Qızılsız-filansız da keçinmək olardı.
Qənimət
Bütün bunları düzəltmək üçün Qənimət beş il işləyib pul yığmalı, Bakı Sovetində ev növbəsinə durmalı idi.
Fəridə
Sən zarafat elə. Ancaq təəssüf ki, bunlar hamısı bir həqiqətdir. Ailə həyatı qurmaq üçün bizim imkanımız yox idi.
Qənimət
Düzdür, yox idi... Aylıq təqaüdümü 30 yerə böləndə günümə bir manat iyirmi qəpik düşürdü. Həmişə kinoya, teatra biletimizi sən alırdın. Suya, dondurmaya sən qonaq eləyirdin.
Fəridə
Yaxşı, məni kövrəltmə...
Qənimət
Sən haqlısan, Fəridə. Ömür dayanıb bizi gözləmir. Mən səndən incimirəm.
Anjel
Xahiş edirəm, bu nitqləriniz üçün başqa dinləyicilər tapasınız... Rəqs! Rəqs!
Anjel, Qənimət, Savalan coşğun rəqs edirlər. Fəridə də onlara qoşulur. Lakin oynaya bilmir. Çünki qəlbində, nə isə, bir ağırlıq var. Yoldaşlarının başı oyuna qarışanda Fəridə hiss olunmadan gedir. Bir azdan yoldaşları onun getdiyini bilirlər. Üçü də pərişan halda dayanır. Qısa pauza. Maşın qapısının açılıb-örtüldüyü eşidilir. Savalan pəncərəyə yaxınlaşır. Maşın səslənib uzaqlaşır.
Savalan
Getdi... Maşınla getdi... Gözəl maşındır... (Qısa pauza)
Qənimət bakalını doldurub bir nəfəsə içir.
Savalan (Qənimətə)
Nə olub? Deyəsən, eşqin təzədən geri qayıtdı?
Qənimət (sərt)
Zarafatı burax!
Savalan
Bağışla. (Qısa pauza)
Qənimət (son dərəcə mütəəssir)
Sizdən nə gizlədim, uşaqlar. O maşının səslənib getməsi ilə ürəyimdə elə bir dərin boşluq açıldı ki, elə bil, hamı çıxıb ayrı bir dünyaya getdi. Biz isə, bu Yer planetində yalqız qaldıq. (Qısa pauza) Mənə elə gəlir ki, onun ürəyində bizə, nə isə, bir sözü var idi.
Pauza.
Anjel (oxuyur)
Mən ona deyirdim
Ömrümün baharı.
O pozdu ilqarı, ilqarı.
Aldatdı ruhumu
O şirin nəfəsi,
O şirin busəsi, busəsi.
Qar kimi yağaram, yağaram,
Yel kimi əsərəm, əsərəm,
Ardınca gəzərəm, gəzərəm, gəzərəm.
Eşqimin xətrinə, xətrinə hər
Möhnətə dözərəm, dözərəm, Möhnətə dözərəm, dözərəm, dözərəm.
Od salıb qəlbimə,
O, getdi, gəlmədi.
Dərdimi bilmədi, bilmədi.
Ay keçir, gün keçir,
Sinəmdə bu həsrət,
Bir də ki, məhəbbət, məhəbbət...
Qar kimi yağaram, yağaram,
Yel kimi əsərəm, əsərəm,
Ardınca gəzərəm, gəzərəm, gəzərəm.
Eşqimin xətrinə, xətrinə hər
Möhnətə dözərəm, dözərəm,
Möhnətə dözərəm, dözərəm, dözərəm.
İşıq azalır. İşıq güclənəndə Fəridənin otağı. Savalan siqaret yandırır.
Fəridə (mütəəssir)
İncimə, Savalan. Bu portret mənim də arzum idi. Lakin... (Səsini yavaşıdaraq) Bu mümkün deyil.
Savalan (həyəcanla)
Axı, nə üçün? Bəlkə axşam Qənimətin ad günündə bizdən incimisən?
Fəridə
Qətiyyən. Mən sizdən necə inciyə bilərəm.
Savalan
Bəs, onda nə olub? Nə üçün istəmirsən?
Fəridə (bir növ taqətsiz)
Lazım deyil, Savalan.
Savalan
Bəlkə mənim talantıma inanmırsan?
Fəridə
Sənin talantına hamı, bütün adamlar inanırlar. Özün bilirsən ki, mən sənin talantındakı dərinliyə heyranam. Sən ucuz şöhrət üçün işləmirsən, həqiqi sənət yaradırsan. Lakin, bununla belə, mənim portretimi çəkməyin lazım deyil.
Savalan (dərindən nəfəsini alaraq)
Səbəbini deməsən, getməyəcəyəm. (Birdən həyəcanla) Biz üç yoldaşın heç zaman bir-birimizdən gizli sirrimiz olmamışdır. İndi nə üçün sən bu qədər qapalı olmusan? (Ağır pauza) Nə üçün dinmirsən?
Fəridə (güclə eşidiləcək səslə)
Ədalət razı deyil.
Savalan (bərkdən gülərək)
Demək, qısqanır...
Fəridə (birdən canlanaraq)
Yox, qısqanmır.
Savalan
Bəs, nə üçün razı deyil?
Fəridə
Deyir, xaladan ayıbdır. Söz-zad çıxararlar.
Savalan (Hamletsayağı)
Yerlər! Göylər! Yoxsa, cəhənnəmin özünüdəmi çağırım... Sənin hörmətli ərin xalqdan iki əsr geridə qalmışdır. Xalq həmişə mərdliyi namərdlikdən ayırmağı, ağı qaradan seçməyi bacarır. Rica edirəm, bunu ona deyəsən. İndisə, əlvida! (Siqaretini külqabıya basır) Mən getdim.
Kitabxana.az · https://kitabxana.az/works/ilyas-efendiyev-mehv-olmus-gundelikler-ikinci-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən Səriyyənin gətirdiyi tor köynəklərdən birini geyərkən özümdə qeyri-adi bir fərəh hiss elədim. Səriyyə bizim iş yoldaşımızdır. Bizim briqadanın üzvüdür. O, ayağımı kəsilməyə qoymayaraq, məni götürüb Bakıya qaçdığı kimi, burada mənə lazım olan şeyləri də alıb gətirə bilərdi. Burada təəccüblü heç nə yox idi. Bununla bərabər, tor köynəyi geyərkən mən özümdə qeyri-adi bir fərəh hiss elədim. Elə bil ki, mənə fövqəladə səadət üz vermişdi. Elə bil ki, mən daha xoşbəxt bir dünyaya qədəm qoymuşdum. Tor köynəyin təması məndə tamam yeni bir duyğunun yaranmasına səbəb olurdu.Mən xəstə yoldaşlarımla gülür, zarafat edir, tez-tez yaralı ayağıma toxunaraq, ağrıyıb-ağrımamasını bilmək istəyirdim.
Sən həmişə mənimləsən, yaxud "Boy çiçəyi"İştirak edirlərHəsənzadə – zavod direktoru*
Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılıÜçüncü yay gecəsi idi ki, şəhərin sakitliyi içində Xan qızı Gülsənubər tarda çalınan o muğamı eşidirdi. Və üçüncü yay gecəsi idi ki, Xan qızı Gülsənubərin yuxusu göyə çəkilmişdi. O tarçalan oğlanın gözlərindəki qəribə ifadə ilə çaldığı muğamın söylədiyi hekayət arasında ayrılmaz bir bənzərlik var idi. O hekayətin nədən ibarət olduğunu qız dərk eləyə bilmirdi. Lakin hiss edirdi ki, bu, nə isə, uzaqlarda və uzaq zamanlarda olub getmiş bir hekayət idi. Bəs, onda nə üçün o əhvalatı indi tarında hekayə edərkən oğlanın baxışları bu qədər pərişan, bu qədər əlacsız olurdu? Qız onu da hiss edirdi ki, muğamın danışdığı o əhvalatda nəhayətsiz bir kədər, bəlkə də, dünyada heç kəsin duya bilmədiyi bir nisgil var. Və indi bu cavan tarzən o pərişan, o nisgilli əhvalatı çaldığı muğamın gücü ilə hamıya nəql etmək istəyirdi. O qəmli əhvalatın sirri, yəqin ki, bu oğlana aydın idi. Yoxsa böyük Allahın onun gözlərinə bəxş etdiyi işıq muğamı çalmağa başladığı zaman birdən-birə bu qədər gözəl, bu qədər cazibədar, bu qədər dərin görünə bilməzdi.Güllərin, çiçəklərin ətriylə dolu bu aylı gecənin nəhayətsizliyi harada, hansı yalçın qayalıqda isə qurtarırdı. Lakin cavan tarzənin gözlərindəki o işıqlı, anlaşılmaz dünya, muğamı çaldıqca, həm dərinləşir, həm də əsrarəngiz və qavranılmaz olurdu... Və qız, bütün bu düşündüklərinin, hiss etdiklərinin boş bir xəyal olduğuna özünü nə qədər inandırmaq istəyirdisə, ürəyini o aləmdən qoparıb, o cavan tarzəni özündən uzaqlaşdıra bilmirdi...
Atayevlər ailəsiİştirak edirlərXosrov Atayev*
Başqa şairlərin şeirləri
İki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
Təbrizin qarətiGənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu
Gəraylı: Məgər bir can nolur, bilməmMəgər bir can nolur, bilməm,Bu qədri dərd-ü-qəm çəksin,