Səhifə 5 / 13 · 31%

Həsənzadə

Ona «Boy çiçəyi» deyirlər. Yuxarı dağlarda bitir.

Nargilə

Nə qəribə çiçəkdir... qupquru quruyub, amma elə gözəl ətri var ki, elə bil indicə dərilib.

Həsənzadə (dərindən nəfəs alaraq)

«Boy çiçəyi» elədir... Quruyub xəzan olsa da, ətri həmişəkitək qalır. Hələlik.

Gedir. Nargilə yenə çiçəyi kitabın arasına qoyur. Şeylərin tozunu alır. Çaydanı doldurub qazın üstünə qoyur.

Nargilə (oxuyur)

Onun saçları gümüş kimi ağdır...
Onun gözlərində daima bir kədər vardır...
Mən onun nəcib əllərinə baxaraq soruşdum:
Əzizim, nə üçün həmişə pərişansan...
O gülümsəyib cavab verdi:
«Məgər ürəkdə hər nə ki var...
Açıb deməkmi olar...»

Qapının zəngi çalınır. Nargilə qapını açır. Nəzakət daxil olur. Gərgin pauza.

Nəzakət (acıqlı)

Burada nə edirsən?

Nargilə

Elə-belə gəlmişəm.

Nəzakət

Qız uşağının subay kişinin evində nə işi var?

Nargilə (sakit halda)

O məni işə düzəldir.

Nəzakət

Nə münasibətlə? O səni hardan tanıyır?

Nargilə

Mən özüm onunla tanış olmuşam.

Nəzakət

Qələt eləmisən. Onun sən boyda oğlu var.

Nargilə (sakit halda)

Səhv edirsən, onun oğlu məndən üç yaş böyükdür.

Nəzakət (qorxu içində)

Sən onunla çoxdan tanışsan?

Nargilə

Yox... bir saat bundan qabaq.

Nəzakət (təkrar qəzəblənir)

Bu dəqiqə buradan çıx, cəhənnəm ol!

Nargilə (gülümsəyir)

Cəhənnəmdə çox olmuşam, indi də cənnətə köçmək istəyirəm.

Nəzakət

Demək, sən öz doğma ananı ələ salırsan?

Nargilə (sakit halda)

Yox, ələ salmıram.

Nəzakət (mülayim tərzdə)

Heç fikirləşmirsən ki, camaat nə deyər? Yoxsa səni Həsənzadə qulluqçu tutub?

Nargilə

Qulluqçuluğun daşını daha atmışam. Onun evini yığıb-yığışdırmağımı mən özüm xahiş etdim.

Nəzakət

Sənin dəli olduğunu deyirdilər, inanmırdım.

Nargilə

Eh... inanmamağının nəticəsi nə oldu ki...

Nəzakət

Əgər sən bu saat burdan çıxıb getməsən, mən milis idarəsinə zəng edəcəyəm!

Nargilə (bərkdən gülür)

Mən on yeddi yaşımdan başlayaraq, düz doqquz il atamın təqaüdü ilə dolanıb, Fərəc Sərdarova qulluqçuluq elədim. Axırda da məni öz atamın evindən qovdu, bəs niyə onda milisə zəng eləmədin?

Nəzakət

Sənin kimi cavan qızın, təkcə yad kişinin evinə getməyi əxlaqsızlıqdır.

Nargilə

Bəs əzab... işgəncə... ədalətsizlik necə?!

Nəzakət (kövrəlir)

Niyə heylə deyirsən... Məgər səni döyüb-söyürdülər?!

Nargilə

Elə zülm var ki, döymək onun yanında muştuluqdur. Bir cüt ağarmış göz buz kimi soyuq, iyrənc baxışları ilə məni gündə yüz dəfə təhqir edirdi. Mən, on üç-on dörd yaşında qız, onun kirli tuman-köynəyini yuyurdum. Uşaqlarına dayəlik edirdim... Səhərdən axşamacan ilan kimi qabıqdan çıxırdım. Bütün bunların müqabilində isə, qulağım nələr eşitmirdi! Eh... nahaq gəlmisən, ana...

Nəzakət (ağlayır)

Nar... qızım... ağlını başına yığ. Məni ikinci dəfə bədbəxt eləmə.

Nargilə

Mən səni bağışlayıram, ana, sən də məni yaddan çıxar. Üç uşağın var... Onlar sənə bəsdir.

Nəzakət

Nargilə, qızım!..

Nargilə

Get, ana.

Nəzakət

Söz ver ki, sənin ayağın bir də bu evə dəyməyəcək.

Nargilə

O barədə fikirləşərəm.

Nəzakət (təhdidlə)

Söz ver!

Nargilə

Dedim ki, fikirləşərəm.

Nəzakət

Onu bil ki, ana üzünə ağ olanın qəbirdə də sümüyü od tutub yanar.

Nəzakət çıxır. Pauza. Həsənzadə gəlir.

Həsənzadə

Siz hələ burdaymışsınız. Nə olub? Niyə belə qəmginsiniz?

Nargilə

Görəsən, elə bir vaxt olacaqmı ki, köləlik deyilən şey Yer üzündən silinəcək? Yoxsa bu, həyatın qanunlarından biridir?

Həsənzadə (zarafatyana)

Nə danışırsınız... Biz ki, köləliyi çoxdan ləğv etmişik...

Nargilə

Mən ürək, xarakter köləliyini deyirəm. Lənətə gəlmiş qorxu hissini deyirəm.

Həsənzadə (ciddi)

Əlbəttə, min illərdən bəri insanların qanına, iliyinə işləmiş pisliklərin hamısını birdən çıxarıb atmaq mümkün deyil... Lakin...

Nargilə (həyəcanla onun sözünü kəsərək)

Ah... Bircə bilsəydiniz ki, mən birinin o birindən qorxmağına, ona yaltaqlanmasına nə qədər nifrət edirəm...

Həsənzadə

Başa düşürəm... Lakin təkcə nifrət etməkdən nə çıxar... (Kəskin şəkildə). Adamları qorxaqlığa, yaltaqlığa öyrədən səbəbləri tapıb məhv etmək lazımdır! (İlhamla). Siz bizim zavodda kimsədən qorxmayan, kimsəyə yaltaqlanmayan, öz namuslu zəhmətləri ilə hər şeyə qalib gələn oğlanlar, qızlar görəcəksiniz və o zaman inanacaqsınız ki, qorxaqlıq heç də həyatın qanunlarından biri deyil!

Nargilə

Çünki onların rəisi sizsiniz!..

Həsənzadə

Bunun əhəmiyyəti yoxdur, ya mən, yaxud da...

Nargilə (onun sözünü kəsir)

Əhəmiyyəti çoxdur. Mən oradan, o pəncərədən sizə, sizin iri və gözəl əllərinizə tamaşa elədikcə, öz-özümə deyirdim; görəsən, bu adam həyatında bir kəsdən, bir çətinlikdən qorxmuşdurmu? Sizin bu əlləriniz mənə əsil kişiliyin, cəsarətin, mərdliyin, iradənin, alicənablığın canlı bir timsalı kimi göründü.

Qısa pauza.

Həsənzadə (sözü dəyişir)

Buraları nə yaxşı yığışdırmısınız?

Nargilə (fərəhlə)

Xoşunuza gəlirmi?

Həsənzadə

Əlbəttə... belə səliqə kimin xoşuna gəlməz...

Nargilə

Divanın yerini dəyişdirdim. Etiraz eləmirsiniz ki?

Həsənzadə

Əksinə... onun əsil yeri buraymış (zarafatyana), uzan, söyüd budaqları arasından səmaya tamaşa elə.

Nargilə

Aha! Xüsusən aydınlıq gecələrdə.

Həsənzadə

Siz nə şairanə qız imişsiniz...

Nargilə (tutularaq)

Doğru deyirsiniz... yoxsa...

Həsənzadə

Doğru deyirəm...

Nargilə

Sağ olun, mən indiyəcən kimsədən özüm haqqında belə yaxşı söz eşitməmişəm.

Həsənzadə (zarafatyana)

Bəs kavalerinizdən necə?

Nargilə

Kavalerim nə gəzir?!

Həsənzadə

Necə nə gəzir? Belə gözəl qız...

Nargilə

Biri var idi, dalından dəydim, getdi...

Həsənzadə

Niyə?

Nargilə

Sifəti qız üzünə oxşayırdı. Özü də elə şit gülümsəyirdi ki, elə bil, bu saat axıb töküləcək...

Həsənzadə (gülümsəyir)

Ağlı-zadı necəydi?

Nargilə

Ağlı... (Ovcunun içini üfürür). Saman tozu! Özünü də müasir Don Juan hesab eləyirdi.

Həsənzadə

Bəs necə olmuşdu ki, siz əvvəllər onu xoşlamışdınız?

Nargilə

Gördüm ki, bəzi qızların xoşuna gəlir, mən də maraqlandım. İndiki ağlım olsaydı, heç onun üzünə də tü... («tüpürməzdim» demək istəyir, lakin sözünü dəyişir) belə baxmazdım. Siz bura köçəndən qabaqkı əhvalatdır... Onda mənim on altı yaşım var idi.

Həsənzadə

Bəs rəfiqənizin sürprizi?

Nargilə

Boşlayın. Mən sizə dedim ki, getmədim... Nə üçün bir də soruşursunuz? Yoxsa mənə inanmırsınız?

Həsənzadə

İnanıram. Tamamilə inanıram.

Nargilə (qürurla)

Mən sizə heç bir zaman yalan söyləmərəm. Ümumiyyətlə, mənim yalandan acığım gəlir. O da qorxaqlıq kimi bir şeydir. Elə deyilmi?

Həsənzadə

Elədir.

Nargilə

Mən sizin üçün çay dəmləmişəm.

Həsənzadə

Nə danışırsınız!.. Siz hardan bildiniz ki, mənim ürəyim bu saat yaman çay istəyir?

Nargilə (sevinclə)

Gətirim?

Həsənzadə

Gətirin.

Nargilə mətbəxdən bir stəkan çay, qənd, peçenye və başqa şeylər gətirir.

Nargilə

Yaxşı dəm alıb?

Həsənzadə

Əla. Bəs özünüzə niyə gətirmirsiniz?

Nargilə (tutularaq)

Özüm sizin yanınızda çay içəcəyəm?

Həsənzadə

İçəndə nə olar? (Nargilə tərəddüd içində susur). Xahiş edirəm, özünüz üçün də gətirin.

Nargilə gedib özünə çay gətirir və stul çəkib Həsənzadə ilə qabaq-qabağa oturur. Gah gülümsəyir, gah ciddi görkəm alır. Həsənzadə bunu hiss edir. Özünü nə cür aparmağını bilmir.

Nargilə

Siz atalığımla anamın mənim başıma açdıqları oyuna baxmayın, ümumiyyətlə, mənimki həyatda gətirir.

Həsənzadə

Doğrudanmı?

Nargilə

Doğrudan. (Qısa pauza. Cəsarətlə). Məsələn, bu eyvanda, bu söyüd ağacı altında sizinlə belə qabaq-qabağa oturmaq, sizə qulaq asmaq, sizin üçün bir iş görmək mənim ən böyük arzum idi. (Göz qapaqlarını endirərək, yavaş səslə). Bu iki ildə elə bir gecə olmayıb ki, mən sizdən qabaq yatım.

Həsənzadə

Sizin kimi ağıllı bir qızdan belə sözlər eşitmək mənim üçün xoşdur. (Qısa pauza). Bilirsinizmi, biz insanlar qəribəyik. Nə qədər böyük iradə sahibi olursan-ol, həyatın hansı əziz xatirələrlə bağlı olursa-olsun, yenə də kiminsə sənin haqqında düşünməsini, az da olsa, sənin taleyinlə maraqlanmasını istəyirsən.

Nargilə

Bəs necə... İnsanlarla əhatə olunduğun halda, Robinzon Kruzo kimi yaşamaq olmaz ki...

Həsənzadə (papiros yandırır)

Doğrudur.

Nargilə

Təklik dəhşətdir. Anamgildə olanda da mən həmişə özümü yalqız hiss edirdim...

Həsənzadə

Başa düşürəm...

Telefon zəngi. Nargilə sıçrayıb dəstəyi götürür.

Nargilə

Kimi istəyirsiniz? Həsənzadəni? Bu saat.

Həsənzadə qalxıb aparata yaxınlaşır. Nargilə dəstəyi elə bir sevinclə ona uzadır ki, elə bil, bu, qız üçün tam bir səadətdir.

Həsənzadə (telefona)

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri