Sən həmişə mənimləsən, yaxud "Boy çiçəyi"
Səhifə 6 / 13 · 38%
Yaxşı, qoyun boşaltsınlar, mən də yarım saata gəlirəm. (Dəstəyi asır).
Nargilə
İşdəndir?
Həsənzadə
Bəli. Təzə maşınlar gəlib, təhvil almaq lazımdır.
Nargilə (tərəddüdlə)
Onda... mən gedim...
Həsənzadə
Demək, sabahdan işə başlayırsınız... Əlbəttə, sement zavodunda işləmək o qədər də asan deyil.
Nargilə
Nə olsun çətindir... Siz ki, orda işləyirsiniz.
Həsənzadə (gülümsəyir)
Mən ayrı... bizim ciyərlərimiz sementin tozuna öyrəşib.
Nargilə (jaketini geyərək)
Hərdən bura gəlməyimə icazə verərsiniz?
Həsənzadə
Əlbəttə...
Nargilə
Hərdən yox, tez-tez! Hər gün!
Həsənzadə
Gəlin.
Nargilə
Mənim haqqımda pis düşünməyin ha!..
Həsənzadə
Bəyəm, siz pis qızsınız?
Nargilə (qəti şəkildə)
Yox, pis qız deyiləm!
Həsənzadə
Onda nə üçün mən sizin haqqınızda elə düşünməliyəm?
Nargilə (öz-özünə danışırmış kimi)
Doğrudan da... (Qısa pauza). Siz mənim indiyə qədər bir yad kişi ilə tək otaqda qalmadığıma inanırsınızmı?
Həsənzadə
İnanıram. Bir də ki, qalanda nə olar?.. Kişilər adamyeyən deyillər ki?
Nargilə
Yox... Bu, qeyri-səmimi söz oldu.
Həsənzadə
Nə üçün?
Nargilə (acıqlı)
Çünki adamyeyənləri var!
Həsənzadə
Biz həmişə yaxşını əsas götürməliyik... Pisin ömrü az olur.
Nargilə
Əksinə, pislərin ömrü acı bağırsaq kimi hey uzanır... (Qısa pauza). Deyirlər, mənim atam ağılda, yaraşıqda, qanacaqda iki oğlanın biriymiş. Amma müharibədən qayıtmadı. Fərəc isə qayıtdı. Özünün də hələ yüz il bundan sonra ölmək fikri yoxdur.
Həsənzadə
Məsələ tez və ya gec ölməkdə deyil. Ömür, onsuz da nisbi şeydir. Ancaq... Boy çiçəyini yadınıza salın. Özü neçə vaxtdır ki, xəzan olub gedib, amma ətri indi də bizi heyran edir... Yaxşı insanlar da belədir... Özləri məhv olsalar da, xatirələri həmişə bizim ləyaqətlə yaşamağımıza kömək edir. Bizim üçün təsəlli olur.
Nargilə (pıçıltı ilə)
Doğrudur... Əgər atamın əziz xatirəsi olmasaydı... (Ağlayır). Allaha şükür ki, mən hələ indiyə qədər onun adına layiq olmayan bir iş tutmamışam. Heç bir fırıldaqçı oğlanın hop-gopuna aldanmamışam. Buna birinci səbəb yad yerlərdə həlak olmuş cavan atamın adıdırsa, ikinci səbəb bilirsinizmi kimdir? (Həsənzadə sual ifadəsilə ona baxır). Siz! (Qısa pauza). Mən oradan sizə tamaşa elədikcə, həyatımda tez-tez təsadüf elədiyim pisliklər mənə o qədər kiçik görünürdü ki, bir az qabaq onların məni incidə bildiklərinə təəccüb edirdim. Elə bil ki, mən onların hamısına – bütün o Fərəclərə, Dodiklərə ulduzların yanından baxırdım! Elə bil ki, mənim bu balaca sinəmə dünya sığmırdı. Mən zavodda, qəsəbədə sizin haqqınızda eyzən yaxşı sözlər eşidirdim. Və bunlar məni xoşbəxt edirdi. Mən sizin bizə qonşu olduğunuzu hamıya iftixarla söyləyirdim...
Telefon zəngi. Dəstəyi Həsənzadə götürür.
Həsənzadə
Eşidirəm. Gəlirəm, gəlirəm. (Dəstəyi yerinə qoyur).
Nargilə
Oy... mən sizi ləngitdim. Bağışlayın...
Həsənzadə
Eybi yoxdur.
Nargilə (riqqətlə)
Sağ olun. Çox sağ olun...
Həsənzadə
Siz də sağ olun.
Nargilə
Hələlik.
Həsənzadə
Hələlik.
Nargilə gedir. Həsənzadə onun ardınca uzun bir nəzər salır. Səhnə qaranlıqlaşır və bu qaranlıqda Nargilənin acıqlı səsi eşidilir.
Nargilənin səsi
Mən elə bilirdim Fərəc bizim evdədir...
İşıq Nargilə və onun qarşısında dayanmış Fərəcovun üzərinə düşür.
Nargilə
Məni direktor Həsənzadə göndərib, başa düşürsünüzmü?
Fərəcov
Ba...ba... başa düşürəm... A... ancaq gecikmisiniz, siz dünən gəlməli idiniz... gö... gözlədim, gəlmədiniz.
Nargilə (onu yamsılayır)
D...de...dedim ki, xəstələnmişdim.
Fərəcov
O öz işinizdir.
Nargilə
Xəstələnmək öz işimdir?
Fərəcov
Ə...əlbəttə. Sizi mən xəstələndirməmişəm ki.
Nargilə
Siz xəstələndirmişsiniz! Mənim əsəblərimi siz Fərəclər çeynəyib əldən salmısınız. Mən sizlərlə vuruşmaqdan (boğazını göstərir) bura gəlmişəm.
Fərəcov
Mə...mə...mənim adım Fərəc deyil, Bədəldir.
Nargilə
Xeyr! Sən Fərəcsən!..
Nargilə yaxındakı telefonun dəstəyini götürür. Fərəcov mane olmaq istəyir.
Fərəcov
Telefona to...toxunmayın, gedin ayrı yerdən zəng eləyin.
Nargilə
Əlinizi çəkin! Bura sizin eviniz deyil. Mən direktora zəng eləyirəm!
Fərəcov əlini çəkir. Nargilə zəng edir.
Nargilə
Bağışlayın... narahat edirəm... Burda da bir Fərəc var... Məni işə götürmür, deyir yer tutulub...
Nargilə dəstəyi verir Fərəcova.
Fərəcov
E...e...eşidirəm yoldaş di...rektor. Siz bunun dünən gələcəyini söyləmişdiniz... Ö...ö...özü də bi... birtəhər qızdır... Bi... bir az dəlisoydur.
Nargilə (özündən çıxır)
Dəli, gic, nenormalnı hamısı sizsiniz! (Fərəcov dəstəyi dərhal onun ağzına tərəf tutur ki, sözlərini Həsənzadə eşitsin). Siz Fərəclər adamyeyənsiniz!
Fərəcov
Bacı, mənim adım Bədəldir.
Nargilə
Xeyr, sizin hamınızın bir adınız var!
Fərəcov (telefonda)
Yo...yoldaş direktor, eşidirsiniz? Necə? Ə...əmrini verim? Ba...baş üstə...
Dəstəyi qulağından aralayır, lakin hələ asmır.
Nargilə
Hə... Necədir? Siz Fərəclərlə hələ mənim işim çoxdur.
Fərəcov (özündən çıxaraq)
Lənət sənə şeytan...de... dedim ki, mənim adım Bədəldir.
Nargilə
Keçməz! Fərəcsiniz!
Fərəcov əsəbi halda dəstəyi yerinə çırpır. İşıq sönür. İşıq yananda Həsənzadənin otağı görünür. Birinci şəkildəki musiqi davam edir. Həsənzadə əlində papiros, pəncərə qarşısında dayanıb uzaqlara baxır. Sonra dərindən nəfəs alaraq geri çevrilir.
Xurşid gəlir.
Həsənzadə
Aydın gedəndən ancaq bir teleqram vurub ki, sağ-salamat gəlib çıxdım. İndi on səkkiz gündür ondan heç bir xəbər yoxdur.
Xurşid
Darıxma. Yəqin hələ yerini-yurdunu əməlli müəyyən eləməyib.
Həsənzadə
Darıxmaya bilmirəm, adamın başına yüz cür fikir gəlir. (Qısa pauza). Bəlkə də bu ondandır ki, sən bizi çox tez tərk eləyib getdin. Sən sağ olsaydın, yəqin ki, mən ona bu qədər bağlanmazdım.
Xurşid
Sən öz borcunu yerinə yetirmisən... İndi Aydın sənin haqqında düşünməlidir.
Həsənzadə
Yox... Mən heç kəsin mənim haqqımda narahat olmasını arzu etmirəm. Mən bunları elə-belə ürəyimdə düşünürəm. Kimsənin eşitməsini də istəmirəm.
Xurşid
Mən sənin bu tək vaxtında sağ olmağımı hər zamankından çox istərdim.
Həsənzadə
Sən məni zəiflikdə təqsirləndirmə. Doğrudur, mən tək deyiləm. İşləyirəm, özü də pis işləmirəm. Zavodda məni istəyirlər. Xalq, hökumət mənim əməyimi qiymətləndirib. Lakin mən... bunların hamısını sənin, mənə ən yaxın bir adam olan sənin görüb eşitməyini istərdim...
Xurşid
Mən səni elə belə də tanımışdım.
Birinci şəkildəki musiqi davam edir. Həsənzadə yorğun halda divanda oturur.
Həsənzadə
Bu gün zavoddakı şənlik məni yaman yorub. (Gülümsəyir). Axı biz bu il keçən ilkindən xeyli artıq sement istehsal eləmişik...
Xurşid
Sənin zavoddakı hər qələbən mənim üçün bir bayrama çevrilərdi. Belə vaxtlarda sənin üzündə elə xoşbəxt, elə mehriban ifadə olurdu ki...
Həsənzadə
O zamanlar mənim iki qanadım var idi... biri sən, biri də işim. (Qısa pauza). Lakin sonralar da mən ruhdan düşmədim. Mənə elə gəlirdi ki, sən mənim hər bir müvəffəqiyyətimi görüb sevinirsən... (Yavaş-yavaş mürgüləyir. Musiqi davam edir). Yadındadırmı... sən bəzən bu mahnını oxuyardın...
*İşıq azalır və azaldıqca musiqi cavan Xurşidin oxuduğu mahnıya çevrilir. Və sanki bu mahnı uzaqlardan, tamam başqa aləmdən gəlir. İşıq gücləndikcə biz Həsənzadəni divanda yatmış görürük. Onun üzündə xoşbəxt bir ifadə var. Xurşid yoxdur. Eyvanın qapısı açılır. Nargilə əlində bükülü bir kağız daxil olur. Dayanıb uzun müddət Həsənzadəyə baxır, sonra böyük ehtiyatla ona yaxınlaşaraq, əyilib dodaqları ilə onun üzünə toxunmaq istəyir. Həsənzadə yuxuda tərpənir. Qız sıçrayıb kənarda dayanır... Həsənzadə hələ də yatır. Nargilə içəridən adyal gətirib üsulluca onun üstünə salır. Sonra stolun üstündə çayı yarımçıq qalmış stəkanı aparıb mətbəxə qoyur. Süfrəni götürüb çırpır və yenidən salır. Sonra ehtiyatla gəlib divanda Həsənzadənin yanında oturur. Bayaqkı bükülü kağızı jaketinin cibindən çıxarıb baxır. Sonra səliqə ilə qatlayıb əlində saxlayır. Nəzərləri təkrar Həsənzadənin üzərində dayanır. O biri əli ilə onun saçlarına toxunur. Birinci şəkildəki musiqi davam edir. İşıq təkrar azalır. Sanki hava qaralır. Bayırda tez-tez şimşək çaxdığı görünür. Nəhayət, tamam qaranlıq olur və birdən gur işıq, qucağında bələkli bir uşaq içəri otaqdan çıxan Nargilənin üzərinə düşür. Həsənzadə qaranlıqdan çıxaraq, əyilib körpəyə baxır və gülümsəyərək barmağı ilə ona toxunmaq istəyir. Lakin Nargilə uşağı geri çəkir. Barmağı ilə Həsənzadəni hədələyir, yəni ki, «olmaz!» Sonra əlini üzünə qoyub, körpənin yatdığını başa salır və onu beşiyə qoyur... Sonra başını qaldırıb təkrar Həsənzadəyə baxır. Gözlərini yumaraq, üzünü onun üzünə yaxınlaşdırır. Şiddətli göy gurultusu eşidilir. İşıq qaralır, güclənəndə Nargilə sıçrayıb divandan qalxır. Həsənzadə diksinib gözlərini açır. Ayaq üstündə dayanmış Nargiləni görəndə əvvəl sanki heç nə başa düşmür... Sonra özünə gələrək, təkrar Nargiləyə baxıb gülümsəyir. Adyalı kənar edərək, qalxıb oturur.
Kitabxana.az · https://kitabxana.az/works/ilyas-efendiyev-sen-hemise-menimlesen-yaxud-boy-ciceyi
Müəllifin digər əsərləri
Sisyanovun qərargahı. General Sisyanov Şəki hakimi Səlimxan və üç nəfər əyanın müşayiətilə gələn İbrahim xanı təntənə və hörmətlə qarşılayır.*Sisyanov**
İyirmi birinci şəkilSisyanov böyük ipək çadırda tək var-gəl edir. Mayor Lisaneviç daxil olur.*Sisyanov**
İyirmi ikinci şəkilBöyük ipək çadır. İbrahim xan və Ağabəyim ağa.*İbrahim xan**
İyirmi üçüncü şəkilVanyanın evi. Vanya güzgü qabağında özünü keşiş qiyafəsinə salır. Haykanuş gəlir.*Haykanuş**
Başqa şairlərin şeirləri
Edər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
ÇayŞiveyi-əhli-zamanə bəzmi-qəndü çaydırKimsədə əndazə yox, hər kimsənə xudraydır
Yar məniBir söz ilə mən duzağa tutuldum,Bu qərib ellərdə yaxdı yar məni,