Sən həmişə mənimləsən, yaxud "Boy çiçəyi"
Səhifə 9 / 13 · 62%
Həsənzadə (həyəcanla)
Dayanın, nə tələsirsiniz... Gedirsiniz...
Nargilə
Özümü çox yorğun hiss edirəm. Gedim bir az dincəlim. Sağ olun. (Çıxır).
İşıq, gah dayanıb həyəcanla baxan Həsənzadənin, gah da sürətlə səhnəni dolanıb evinə tələsən Nargilənin üzərinə düşür və bütün bu müddətdə Rəşidin oxuduğu mahnı yenidən eşidilir. Adama elə gəlir ki, bu mahnı qızı hər yerdə addım-addım təqib edir. Qız gözdən itib, mahnı uzaqlaşdıqca, işıq da azalır və nəhayət, sönür. Yananda isə biz Həsənzadəni eyni həyəcanlı vəziyyətdə dayanıb pəncərədən baxan görürük. Bu zaman dalbadal şimşək çaxır. Göy guruldayır. Və birdən bu göy gurultusu telefon zəngi ilə əvəz olunur. Həsənzadə hövlnak gedib dəstəyi götürür. Sanki o bu telefon zəngindən, nə isə xoş bir şey gözləyirdi. Lakin işıq telefon xəttinin o biri ucunda əsəbi görünüşlə dəstəyi qulağına tutmuş Nəzakət xanımı və onun yanında dayanmış Fərəci işıqlandırır.
Həsənzadə
Eşidirəm.
Nəzakət
Özünüzü yığışdırın!
Həsənzadə
Necə?
Nəzakət
Mən sizdən xahiş etmirəm, mən sizə əmr edirəm: özünüzü yığışdırın!
Həsənzadə
Danışan kimdir?
Nəzakət
Danışan Nargilənin anasıdır.
Həsənzadə
Ah, anası...
Nəzakət
Sizin ondan böyük oğlunuz var. Mən sizi biabır edərəm.
Həsənzadə
Nə üçün xanım, mən neyləmişəm?
Nəzakət
Neylədiyinizi yaxşı bilirsiniz! (Fərəc başı ilə təsdiq edir). O uşaqdır, ağlı kəsmir, sizə nə düşüb? Nə üçün öz mövqeyinizdən, vəzifənizdən istifadə eləyib cavan qızı yoldan çıxarırsınız? (Fərəc başı ilə təsdiq edir). Utanın! Əgər vicdanınız yoxdursa, qorxun. Mən şikayət edərəm! Sizi küçənin ortasında daşa basaram!
Həsənzadə
Sizin belə danışmağınız mənasızdır. O, çox ağıllı qızdır. Mən də heç bir zaman onun haqqında pis fikirdə olmamışam.
Nəzakət
O sizə uyduğu üçün bütün elçiləri geri qaytarır.
Həsənzadə
Ürəyi istəyən adam olanda geri qaytarmayacaq.
Nəzakət
Nə üçün siz onu evə dəvət edirsiniz? (Qısa pauza). Görürsünüzmü, cavab verə bilmirsiniz!
Həsənzadə (sakit)
Siz bu barədə qızın özü ilə söhbət eləmisiniz?
Nəzakət
Siz onu elə yoldan çıxarmamısınız ki, mənə bir söz danışa...
Həsənzadə
Əgər siz yaxşı ana olsaydınız, o, sizdən heç bir şey gizlətməzdi...
Nəzakət
Mənim yaxşı-pis ana olmağımın sizə dəxli yoxdur.
Fərəc başı ilə təsdiq edir.
Həsənzadə
Yox, dəxli var. Çünki mən onun taleyi ilə maraqlanıram.
Nəzakət
Axı siz kimsiniz, onun taleyi ilə maraqlanırsınız?
Həsənzadə (özünü saxlaya bilməyərək)
Bəs siz kimsiniz?
Nəzakət
Mən onun anasıyam! Eşidirsinizmi! Anası!
Həsənzadə
Yalnız ona görəmi ki, onu siz doğmusunuz? Əgər belə düşünürsünüzsə, səhv edirsiniz... Uşağı doğmaq hələ işin lap başlanğıcıdır. Əsil məsələ onu böyütmək, insan arasına, həyata çıxarmaqdır. Siz isə onu, həyatının köməyə, insan ünsiyyətinə möhtac olduğu ən vacib dövründə, ərinizlə dilbir olub, atasının evindən bayıra salmısınız!
Nəzakət
Bunu sizə o özü deyib?
Həsənzadə
Kimin deməsinin əhəmiyyəti yoxdur... Əgər Nargilənin atası birdən dirilib gəlsəydi, siz ona nə cavab verərdiniz? Onun üzünə necə baxardınız? Əlbəttə, siz cavan idiniz... Bütün ömrünüz boyu dul oturmayacaqdınız... Heç kəs, hətta onun özü də bunu sizdən tələb eləyə bilməzdi. Ancaq ərə getmək analıq hüququnu, analıq məsuliyyətini tapdalamaq, atasız, köməksiz bir qız uşağını illərlə dindirməmək, axırda da əsəblərini korlayıb qapılara salmaq demək deyildi? Əgər əriniz yanınızdadırsa, qoyun özü də eşitsin. Siz də, o da ədalət qarşısında cavabdehsiniz!.. (Əsəbi halda). Bir az açıq desəm, cinayətkarsınız... Öz uşağını öldürmək istəyənlərlə sizin heç bir fərqiniz yoxdur. Bəziləri bunu birdən-birə edirlərsə, siz tədricən eləmisiniz! Aydındırmı? Siz onda özünə inam hissini məhv eləmisiniz!
Nəzakət telefon dəstəyini yerinə çırparaq, hönkürüb ağlayır, bərkdən, yana-yana ağlayır. Fərəc arvadına qəzəbli bir nəzər salır və o biri otağa keçir. Nəzakət xanımın üzərinə düşən işıq sönür, Həsənzadənin üstünə düşən işıq güclənir. Bayırda şiddətli göy gurultusu eşidilir. Şiravan yağış tökür. Tez-tez şimşək çaxaraq gah Həsənzadəni, gah da öz balaca evinin pəncərəsinin qabağında dayanmış Nargiləni işıqlandırır. Və birdən sanki qız nədən isə vahiməyə gəlir. Pəncərə qabağından çəkilərək öz otağına qorxmuş, ürkək bir nəzər salır. Sonra cəld irəliləyib radionu açır, otağa gurultulu bir musiqi dolur, qız cihazı eyni sürətlə də bağlayaraq, bir an sükut içində dayanıb qulaq asır. Tufan eyni şiddətlə davam edir. Qız telefon aparatına yaxınlaşaraq dəstəyi götürüb nömrəni yığır. Həmin anda işıq hələ də bayıra tamaşa eləyən Həsənzadəni işıqlandırır. Həyəcanlı telefon zəngi. Həsənzadə çevrilib dəstəyi götürür.
Həsənzadə
Eşidirəm. (Qız dəstəyi qulağına tutmuş halda susur. Lakin onun üzündəki vahimə getdikcə mülayim bir ifadəyə çevrilir). Eşidirəm. (Qız susur).
Həsənzadə eyni səbirlə telefon dəstəyini asır və onun üzərinə düşən işıq sönür. Nargilə, istər-istəməz, dəstəyi yerinə qoyur və onun çöhrəsi birdən-birə ümidsiz, pərişan bir ifadə alır. Göy bir də guruldayır, lakin Nargilə daha qorxmur... Artıq dünya dağılsa da, dağılmasa da, onun üçün birdir. O, ağır-ağır irəliləyib divanda oturur. Pauza. Bayırda tufan eyni şiddətlə davam edir. Telefon zəngi. Nargilə diksinərək qalxıb dəstəyi götürür. İşıq eyni zamanda telefon xəttinin o biri ucunda dəstəyi əlində tutmuş sarısaç qızı və onun olduğu otağı işıqlandırır. Patefonda son dəbli bir oyun havası çalınır. Sarısaç qızın bizə tanış oğlan dostlarının hərəsi bir qızla, iki başqa oğlan isə bir-biri ilə rəqs edir. Stolun üzərində şərab şüşələri və başqa şeylər görünür. Sarısaç qız telefon dəstəyini elə tutmuşdu ki, Nargilə musiqini eşitsin. Nargilə qulaq asır.
Sarısaç qız
Nana, hello...
Nargilə
Salam.
Sarısaç qız
Eşidirsən?
Nargilə
Eşidirəm.
Sarısaç qız
Sənin sevdiyin tansdır.
Nargilə
Bilirəm.
Sarısaç qız
Çapıq Dodikgildə yığışmışıq.
Nargilə
Nuş olsun.
Sarısaç qız
Sən də gəl!
Nargilə
Mən də?
Sarısaç qız
Ahaaaa...
Nargilə (zəif müqavimətlə)
Yox...
Sarısaç qız
Vallah, sənin dərdin az qalıb məni dəli eləsin...
Nargilə
Mənim nə dərdim var?..
Sarısaç qız
Hələ bir soruşursan da. (Mütəəssir halda). Nanacan. Nə üçün belə edirsən? Nə üçün qızıl vaxtını o cür keçirirsən? Biz nə qədər cavan olacağıq?.. (Gözləri yaşarmış). Vicdansız! Bilirsən sənə nə qədər ürəyim yanır?! İndi də ha istədim zəng eləməyim, bacarmadım... Sənsiz heç nə canıma yatmır... Başa düş...
Nargilə (eyni zəif səslə)
Sağ ol, Surik.
Sarısaç qız
«Sağ ol»u qoy bir kənara, özün dur gəl bura.
Nargilə (tərəddüdlə)
Bayırdan xəbərin var?
Sarısaç qız
Mənim bu saat heç nədən xəbərim yoxdur, olmasını da istəmirəm... Sənə dedim, dur gəl! (Qısa pauza). Nə oldu?..
Nargilə (yavaş səslə)
Yaxşı...
Sarısaç qız
Gəlirsən?
Nargilə (qəti şəkildə)
Gəlirəm.
Sarısaç qız
Öpürəm səni, Nanacan! (Dəstəyi asır, sevinclə yoldaşlarına xəbər verir). Nana gəlir!
Oğlanlar (bir yerdə)
Gəlir?!
Onların üzərinə düşən işıq sönür, indi yalnız Nargilə görünür. O, dəstəyi yerinə qoyur və geyinməyə başlayır. Üzünə pudra, dodaqlarına pomada sürtür. Redikülünü götürüb otaqdan çıxmaq istərkən, telefon təkrar zəng çalır. Qız qayıdıb dəstəyi götürür. Telefon xəttinin o biri ucunda Həsənzadə görünür.
Həsənzadə
Nargilə...
Nargilə (həyəcanını boğmağa çalışaraq)
Buyurun.
Həsənzadə
Təksiniz?
Nargilə
Bəli. (Acıqlı halda). Başqa kim olacaqdı ki?
Həsənzadə (olduqca mehriban)
Dedim, bəlkə yoldaşlarınızdan-zaddan...
Nargilə (nəfəsini dərərək)
Heç kəs yoxdur.
Həsənzadə
Qorxmursunuz?
Nargilə
Nədən?
Həsənzadə
Axı deyirdiniz ki, uşaqlıqda həmişə göy gurultusundan qorxarmışsınız.
Nargilə
İndi ki uşaq deyiləm.
Həsənzadə
Elədir... (Pauza. Bayırda tufan davam edir). Deyəsən, hələ də acığınız soyumayıb?
Nargilə
Soyumayanda nə olar ki...
Həsənzadə
Mən sizdən təkrar üzr istəyirəm. (Pauza). Nə üçün dinmirsiniz?
Nargilə
Siz məni incitməmək üçün üzr istəyirsiniz?
Həsənzadə
Yox. Mən kobud bir səhv elədiyim üçün üzr istəyirəm.
Nargilə
Yaxşı... Daha bu barədə danışmayaq.
Həsənzadə
Deməli, bağışlayırsınız.
Nargilə (mülayim tərzdə)
Siz də təksiniz?
Həsənzadə (zarafatyana)
Mən elə anadangəlmə təkəm.
Nargilə (mehribancasına)
Darıxmırsınız?
Həsənzadə
İnsan hər şeyə öyrəşir.
Nargilə (mütəəssir halda)
Yenə də sentiment...
Həsənzadə
«Sentiment» nə üçün... Demək istəyirəm ki, darıxmamağa öyrəşmişəm.
Nargilə (daha da mütəəssir)
Bilirəm... Sizin belə sözləriniz mənə çox pis təsir edir... Mən sizin özünüzü tək hiss etmənizə dözə bilmirəm.
Kitabxana.az · https://kitabxana.az/works/ilyas-efendiyev-sen-hemise-menimlesen-yaxud-boy-ciceyi
Müəllifin digər əsərləri
Sisyanovun qərargahı. General Sisyanov Şəki hakimi Səlimxan və üç nəfər əyanın müşayiətilə gələn İbrahim xanı təntənə və hörmətlə qarşılayır.*Sisyanov**
İyirmi birinci şəkilSisyanov böyük ipək çadırda tək var-gəl edir. Mayor Lisaneviç daxil olur.*Sisyanov**
İyirmi ikinci şəkilBöyük ipək çadır. İbrahim xan və Ağabəyim ağa.*İbrahim xan**
İyirmi üçüncü şəkilVanyanın evi. Vanya güzgü qabağında özünü keşiş qiyafəsinə salır. Haykanuş gəlir.*Haykanuş**
Başqa şairlərin şeirləri
Edər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
ÇayŞiveyi-əhli-zamanə bəzmi-qəndü çaydırKimsədə əndazə yox, hər kimsənə xudraydır
Yar məniBir söz ilə mən duzağa tutuldum,Bu qərib ellərdə yaxdı yar məni,