Xəzinə üstündə yatan ilan 7
Səhifə 3 / 7 · 29%
Tamojnada bu məktub axtarılandan sonra Yağır Məmmədəli bir dəstə “çarvadar” kliçkalı başkəsənlərnən gedib o taya. Məhərrəm deyir: “Pişəvərinin arxivində “Zindan xatirələri” adında, ürək ağrısıynan dolu dəftərləri qalıb. O “xatirələr”in bir yerində “kəsilmiş qanlı başları satan satqınlar”dan danışır. Əmbə nə o satqınların adlarını çəkir, nə də kəsilən başların alıcısının adını çəkir. Çünki alıcı “qara bulud”un kamandirinin²⁵ müavini – kamissarı Mirqəzəbiymiş, satıcılar da kamandirin dörd dövrəsində mələk donuna bürünübmüş. Sən bilirsən hansı xarabanın millətlərindəndilər o “mələk”lər, o “seyid”lər, ulu babaları neçənci əsrlərdə tutublar bizim bu viranə vətənimizi! Sən özün də o ilanların nəslindənsən, a bədbəxt, xəbərin yoxdu. Qrek Cuqaşvili – “Alıcı” – kamandir də o toxumdandı. Yeyirsiniz içərimizi. Tək bir nəfəriniz otuzuncu ilin qışında Qəsri-Qacardan Şeyx Ağ Əmirnən Şeyx Boz Əmirin başlarını çarvadar xurcununda gətirib Persə göstərəndən sonra öz “çarvadarları”nın əliynən otuz birinci ilin yazında öldürülüb quyuya atılıb!” Məhərrəmin sözləridi bu. Gümüş kəməri meyidin belində saxlayıbmışlar ki, tacir Yağırın oğlu atasının cəsədini “tanısın”, “çarvadar”lar generalı Persə ömürlük qul olsun!
Sübut?!
Sən hələ sübut da istəyirsən məndən, qatil oğlu qatil?!
Sübut Persin verdiyi ifadədi!
Sübut o “iyili quyu”dan çıxan cəsəddədi!
Dedim, bir də deyirəm: Səməd deyil kor, sənsən kor! Əgər o sümüklər tapılan günü gözün azdan-çoxdan bir şey seçibsə, yadına sal, de görüm general Pers birinci dəfə nə vaxt gəlmişdi bu rayona?
Haman gün, ya yox?
Boçqaqarın qohumun – Xaş nəçənnik axşamdan cöngə kəsdirmişdi Xəlvətin qapısında, xaş qoydurmuşdu. Gecə yarıyacan qovurmadan tıxaşdırdı, araqdan vurdu. Sonra da guya quyu suyu düşdü könlünə. Bax, bu sən Çax-çux vedrəni götürdün, daranqhadaranq yüyürdün Cəfərin quyusundan doldurdun apardın, o da təpiyiynən vurdu aşırdı vedrəni, guya kefli-kefli bağırdı ki, “Mənim qudamı partiyaya layiq görmüyən adamın quyusundan su içmərəm! Qudamın öz quyusundan su istəyirəm!” Düzdü?.. Qudası yalvardı-yapışdı ki, bəs, “Bu saat adam sallıyaram, çıxartıraram quyunun içini, əmbə suyu durulmaz belə tezliknən...” Kefliniz guya qanmadı. Getdi oturdu xaş qazanının yanında, başladı ki, “Mənim qudamı partiyaya layiq görmüyən kənddən su içmiyəcəm. Xaşın üstündən generalıma da öz qudamın quyusundan su verəcəm!..” Tərpət beynini, maşennik, özün fikir elə, o boçqaqarın maşennikinizin beyninə hardan düşmüşdü “qudasının quyusunun suyu?!” Doğrudan da kefliydisə, gecənin yarısında, işıq adına o ocaqdan savayı kənddə işartı da olmuyan bir vaxtda necə gördü, necə bildi ki, Lüt Cəfərin qapısına yüyürdün, ordan gətirdin suyu?! Necə yəni “xaşın üstündən generalıma da öz qudamın quyusundan su verəcəm?!” Günü o həyətdə keçə-keçə bilmirdimi ki, “iyili quyu” deyilir qudasının quyusuna?! İlin üç yüz altmış beş günü xaş tıxışdıran Xaş nəçənnik yaddan çıxartmışdımı ki, Xaşın üstündən su içmək olmaz? Generalını panos eləmək istəyirdi?!
²⁵ “Qara bulud”un komandiri Serqo Orcenikidzenin fəaliyyətinin “Günəş”ə məlum olduğunu biləndə Stalin “Serqo”nu öldürtdürüb, komandirliyi Mirqəzəbə tapşırmışdı, buna görə də Pişəvəri formal tabeliyində olduğu “alıcı”nın adını çəkə bilməyib. Yoxsa, generalının tapşırığıynan, ayıqca-sayıqca başnan, qudasını vadar eləmək istəyirdi ki, gedib Kərpickəsənlər məhləsində Möhsün kişini oyadasınız, “Gəl, a kankan. Yaman dara düşmüşük. Gəl bizi dardan qurtar” deyə-deyə gətirib, çatını belinə bağlayıb, yel fanarını bir əlinə, külüngü, lapatkanı o biri əlinə verib quyuya sallıyasınız, o da daş-qum çıxartmaq əvəzinə, “Bissimillah, bissimillah” deyə-deyə özü çıxıb xəbər verə ki, quyuda cəsəd var, belində də Yağırın kəməri!
Xaşa yox, silistə gəldi Pers!
Boçqaqarın nökəri alatorandan gedib daklad eləyibmiş ki, hər şey hazırdı, gəlib işinizi görə bilərsiniz, yoldaş general.
O da gəldi!..
Əynində boz köynək varıydı. Ayağında boz brezent çəkmə. Sifəti də boz! Qum kərtənkələsi kimi dingildiyə-dingildiyə, guya gah Sultana, Mədədə, gah da mənə, Cəfərə göz qoya-qoya mələfənin qırağını qaldırıb sümüklərə baxandan sonra günortayacan gəzindi, dingildədi həyətdə, öz “çarvadarları”nın əliynən quyuya quylatdırdığı Yağırın ələngəsinin üstündə “ciddi siyasi məsələ” qaldırdı: “Bəli, Sultan Mamedoviç! Çox ciddi siyasi məsələdi! Özün düşün, gör nə qədər ədalətsizlik olub! Sizin alma bağınızdan bazara alma, qax daşıyan hambala, sonrakı tacirə möhtəkir və casus damğası vurulub, bu bir! Malı, qoyunu, mülkü müsadirə edilib, bu iki! Aradan yeddi il keçsə də, tamamilə aydındır ki, bu mərhum ədalətsizliyə dözməyib, özünü quyuya atıb. Siz isə adını “qaçaq” qoymusunuz bu bədbəxtin. Qardaşı Rəhim Qudalının qabağına Çin səddi çəkib, partiyaya keçməyinə, bir vətəndaş kimi öz hüquqlarından istifadə etməyinə imkan verməmisiniz, bu üç! Oğlu Xalıqı hətta təhsil hüququndan məhrum etmisiniz, bu dörd!”
Bax onda kor oldun sən, Çax-çux Xalıq! Pers, Yağırın cəsədinin üstündə nitq deyəndə kor oldun!.. Ağsaqqalın, bir tərəfində boçqaqarın qudası, o biri tərəfində kərtənkələ general himayədarı, bir əlini Sultannan Mədədə doğru uzatdı, o biri əlini Cəfərnən mənə uzatdı: “Düşmənimsiniz! Qan düşmənimsiniz!” – dedi. Sən də rəzil-rəzil əyildin, atayın qatilinin əlini öpdün: “Bu gündən sənsən mənim atam, yoldaş general! Yalvarıram, apar məni burdan! Nökərinəm, qulunam! Ömrümün axırınacan qulluğunda duracam, yoldaş general!..”
Persə də elə buymuş lazım olan! Cəsədnənciyəz verbovat elədi səni, apardı. Gülənovun kabinetində kağız, qələm qoydu qabağına: “Yaz! Çarvadar atam Məmmədəli Qudalıdan dəfələrnən eşitmişəm ki, raykom katibi Sultan Əmirliynən kolxoz sədri Mədəd Əmirli Muğ nəslindəndilər, Şeyx Məhəmməd Əmirin oğludular, Təbrizdə Əmir bazarının sahibləri Şeyx Ağ Əmirnən Şeyx Boz Əmirin dos-doğmaca qardaşlarıdı. Şəcərələrini gizlədiblər”.
Şeyx qardaşları belə düşdülər Bezobraziye qazanına!
Yenə mindin Persin “Emadin”inə, getdin ki, atanı quyuya quylatdıran cəlladın rəhbərliyi altında “vətənə xidmət eliyəsən!”
Gözün niyə ölü qoyun gözünə döndü?! Təzəmi bildin kimə xidmət eləyirsən?!
“Müəllim” axtarış xəbəri gətirəndə dalınca salıblar səni. Mirqəzəbə nə Sultan Əmirliynən Mədəd Əmirlinin “sinfi mənsubiyyəti” lazımıymiş onda, nə də “antisovetliyi”. Tutqudan sonra Pişəvəri şəhərlərdə, vilayətlərdə firqə özəklərinin yerlərini dəyişdiribmiş, təlimat mərkəzini xaricə keçiribmiş. Azadlıqda qalan “Hümmət”çi, Nərimanovçular barəsində heç nə bilmirmiş Mirqəzəb. Onçun də arxivnən kitabxananı Sultandan almaq istəyirmiş ki, bəlkə ordan bir şey öyrənsin. Tula kimi düşübsən izimizə, arxivin, kitabxananın yerini tapıb, aparıb qoyubsan Persin ovcuna. Məlum olub ki, Etibarlı yer – “Şeyx Xorasan” məqbərəsi Nərimanovun vaxtından qalma təlimat mərkəzidi. Sonralar Nəcəfoğluynan Pişəvərinin şərikli hazırladıqları elmi təlimatın hamısı “Etibarlı yer”dən aparılırmış. Baxtın belə gətirib, ubiysa! Mirqəzəb bağrına basıb Səni o mərkəz məlum olan günü. Seyfindən bir cüt mayor petlisəsi çıxardıb, deyib: “Bu petlisələr Məmmədəlinindi. Vaxtı çatanda bu petlisələri sən gəzdirəcəksən, mərhum atan kimi, sən də çalışacaqsan ki, Cənubi Azərbaycanda Şura cümhuriyyəti qurulanda o cümhuriyyətdə Əmirlilər kimi sinfi düşmənlər fəaliyyət göstərməsinlər”. Belə “rabotnik” cləyib səni o cəllad!
Otuz doqquzuncu, qırxıncı illərdə gözüyün biri burda – Sultan Əmirlinin ağzında dişini sanayıb, o birisi Mərdəkanda dərs oxuyub, əski əlifba keçib, şifrə öyrənib!
“Müəllim” öz dərsindən “pis” yazırmış sənə. Pers bağırırmış Məhərrəmin üstünə ki, “Kişi indidən zvanya verib Xalıqa!” Məhərrəm yenə “pis” yazırmış. Düzdümü, beyinsiz köpəyoğlu?
Məhərrəm deyir: “O məktəbdə həftədə bircə qoşa saat dərsim varıydı. Əmbə bütün həftə o bir saatı məşq eləyirdim. Mərdəkana gedəndə elə bilirdim səcdəgaha gedirəm. Çünki vətənə layiq çekistlər yetirməliydim. Yağır Məmmədəlinin oğlunu sinifdə görəndə elə bildim səcdəgaha it bağlanıb. Çalışdım iti qovum. Nəticəsi bu oldu ki, iti əvvəlcə mənim öz evimə saldılar, sonra da aparıb müqəddəs məqbərədə kitabxananın üstünə bağladılar”.
Məhərrəmnən yox, Pers sənnən işləyirmiş orda, şpion oğlu şpion! Qırx birinci ilin yayında Pişəvəri azadlığa çıxanda Məhərrəm çatdırıb ona ki, “Etibarlı yer” Persin nəzarəti altındadı, padpolyalara gedən təlimatların üzü çıxardılıb Mirqəzəbə göndərilir, kitablar da guya “rütubət çəkdiyinə görə xarab olur”.²⁶
Pişəvəri təcili müşavirə çağırıb. Mərkəzi Komitənin üzvləri deyiblər: “Firqə özəkləri “Qara buludu” tanısalar, “Şimala²⁷ etimadı itirərlər. Təlimat mərkəzi yerində qalsın”.
Beş sandıqda yeddi yüz əlli kitabı Məhərrəm yox, sən yoxlayıbsan zərrəbinnən “bircə-bircə, səhifə-səhifə”. Əvvəl baş açmayıbsan Pişəvərinin şifrəsindən. Xızr Abını aparıbsan, dilindən iltizam alıbsan, xirtdəyinə naqan dirəyibsən, sirri açmayıb. Qollarını qanırıb qozbel eləyibsən! Tfu sənə! Sonra bədbəxt Çürüyü aparıb yüz yaşında sənətkarı təpiyin altına salıbsan, canağrısına dözməyib Çürük, məcbur olub açsın ki, kitabların səhifələrindəki rəqəmlər köhnə “əbcəd” şifrəsidi, gah sağdan sola, gah soldan sağa, gah da yuxarıdan aşağı yazıblar ki, oxunmasın. Qırx birinci ildən qırx beşinci ilə qədər, beşcə il şifrə açıbsan təlimat mərkəzində! Bir əlin burda çax-çux eləyib, o biri əlin şifrə açıb, “Mətbuatın azadlıq cəbhəsi” təşkilatının, firqə özəklərinin işləri barədə məlumat yazıb Persə verib, Persə də aparıb Mirqəzəbə verib, Mirqəzəb də Cənubda işlərin hamısını öz adına çıxıb, Bakıda respublikanın hörmətli adamlarının qabağında özünü “Cənub kommunistlərinin təlimatçısı” kimi göstərib!
Kitabxana.az · https://kitabxana.az/works/isa-huseynov-xezine-ustunde-yatan-ilan-7
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!
Süleyman padşahın xəzinəsi 5Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.
Süleyman padşahın xəzinəsi 6Bircə balanın kəndə getdiyini, orada Əlləzoğlunun başını yarıb şəhərə qayıtdığını eşidəndə Sultan bu xəbəri zahirən sakit qarşıladı. Səhərin alatoranında, papaq əvəzinə başında bir topa çit bozara-bozara özünü yataq otağına salıb, göyünü-kürəkənini dümsüyləyib oyadıb: – Qardaşoğlun dəli-divanədi! Çarə, dərdin alım! – deyəndən sonra Əlləzoğlu pırpız qaşların altında durğun gözlərə baxa-baxa qalıb, bu sakitlikdən heç nə anlamadı.Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı danışsınlar. Əmma Sultan nə orada-çarpayıda bir söz dedi, nə də yuyunub tut ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə dillənmirdi? Nə fikirləşirdi?
Süleyman padşahın xəzinəsi 7Nə Sultanla Səməd, nə Xızr Abı ilə Çürük Aşıq, nə Məhərrəm, nə də “mühacirlər” və bütün “Pünhan”lar – hələ heç kəs bilmirdi ki, “çesuyçalılar” adlananlardan, əvvəllər olduğu kimi, hər beş nəfərdən biri yox, indi hər iki nəfərdən biri birbaşa Moskva KeQeBesinin işçisi idi. Hətta Azərbaycan KP MK-dan və respublika KQB-sinin özündən də gizlində, hər cür dünya nemətləri ilə təmin olunan, xalqdan tamam ayrılıb, bu xalqın keçmişi, gələcəyi ilə məşğul olan Muğannaları nəinki addım-addım izləyirdilər, hətta, imkan olanda – şərait yarananda öz şəxsi təşəbbüsləri ilə öldürürdülər. Bu təhlükəni tək bir nəfər, bütün Dövlət Təhlükəsizliyi işçilərinin sadəcə “Saşa” adlandırdıqları bir nəfər polkovnik bilirdi. Bu bəstəboy, son dərəcə məlahətli oğlanı Muğannalardan demək olar ki, hamısı oğul, qardaş, yaxın-əziz qohum kimi sevirdi. “Saşanın üzündə şeytan tükü var” – deyəndə məhəbbətlə gülümsəyirdilər. Bu məhəbbətin, əlbəttə, ciddi səbəbi də vardı: Gürcüstanın ən ucqar guşələrində yaşayan “Muğ” – Bağlardan başlamış, Şimali Azərbaycanın ən ucqar rayonlarından Lerikə qədər, Muğannalardan kim həbs olunurdusa, Saşa, yalnız özünə məlum möcüzə ilə xəbər tutub, cinayət işi-filan yazmamış, istintaq başlanmamış, təkbaşına, türməyə – həbsxanaya gedib, lazım gələndə hətta əlini yarımavtomat naqanın üstünə qoyub, qısaca “Azad edin” və ya “mənim şəxsi işçimdir” deyib buraxdırırdı. Sultan nə qədər kədərli, sarsıntılı olsa da, hətta gecələrin birində o qalın bağın dərinliyindən bəriyə güllə açılacağına heç bir şübhəsi olmasa da, əmin idi ki, Saşanın kor görünməz əli həmişə haralardasa – ətraflarda dolana-dolana onun özünü və Bircə balanı qoruyurdu və sədr Mədədin ölümündən sonra bu iki nəfərin – əmi ilə qardaşoğlunun sağ qalmağının səbəbi də məhz o “əl” idi. Çox təhlükəli hallarda isə o “əl” Saşanın özü idi. Başında Əlləzoğlunun “motal” papağı, çiynində Əlləzoğlunun əlli ildən qalma əprimiş arxalığı, zalın qapısında bir an görünüb, əlindəki uzun kabab şişini dişinə çəkə-çəkə geri qanrılıb yox olan o oğlanı nə aşağıda – həyətdə olan Sultan gördü, nə də Səməd: polkovnik Saşa məlahətlə qımışıb, dabanı üstə dönüb yoxa çıxdı. Səməd onu Sultanın həyət-bacasında qulluq eləyən Seyid kişi kimi adamlardan biri sayıb, heç diqqət də yetirmədi...Hələ heç kəs, o cümlədən Saşa özü də bilmirdi ki, bu ağ daş evin yaxınlığında, bağın çalkeçid budaqları altında daha bir nəfər naməlum adam, kababın ətrini dəf etmək üçün cibindəki balıq konservini bıçaqla açıb, yeyə-yeyə Saşanı daimi “pod kolpakom”⁴⁷ saxlayırdı ki, lap tezliklə qanını axıtsın və beləliklə, qorunduğuna əmin olan Sultanla birlikdə Səmədin həyatını da tükdən asılı qoysun. Hər gecə Moskva vaxtı ilə səhər saat dörddə bağın dal hasarının dibindən o yana keçən, sement döşəməli, dərin, susuz arxdan sürünüb keçib, orada vaxtı ilə Rəhim Qudalının işlədiyi “Rayon yun idarəsi, Alınma, satılma məntəqəsinin künc otağında “priyomnik”in “nauşniklərini” başına keçirəndə o adamın eşitdiyi ilk sözlə “Ya Saşa! Ya Saşa...” olurdu. Yəni, Moskvadan danışan adamın “kliçkası” da “Saşa” idi... Bu gecə o Moskvalı səs, vaxtından xeyli əvvəl, yəni Sultanla Səmədin evə qalxdıqları dəqiqələrdə əmr etdi: “Ya Saşa... Ya Saşa... pora vzyat moyeqo tyozku... pora vzyat moyu tyozku”⁴⁸ çox keçmədi ki, arxadan içəriyə daha iki qaraltı girdi. Saşanın başının dövrəsində, qaranlıqda üç lülə ağzı ağardı...
Başqa şairlərin şeirləri
Könlün istəsə qəm dərdiğə dəva, qədəh iç,Özüni etmə qəmü dərdə mübtəla, qədəh iç.
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,
Türk gözəliMərməreni seyr elədik ada-ada,Gözəllikdən gözəlliyə çata-çata,
SevdiyimEy ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,