Səhifə 12 / 15 · 73%

Bu əminlik Nurcabbarın xəyalını qaldırıb apardı göyün yeddinci qatına. Nurcabbar öz ölümündən sonra onun nağıllarını oxuyub heyrətlənən, ağlayan, vaysınan adamları təsəvvürünə gətirdi. O adamlar çox uzaq gələcəyin adamları idilər və bugünkü adamlara qətiyyən oxşamırdılar. Nurcabbar belə bir gələcəyin şirin xəyaliylə qidalana-qidalana baxıb gördü ki, heç kimlə söhbəti tutmur, onun sözlərini başa düşmürlər, dediklərini anlamırlar və Nurcabbar başladı adamlardan gen gəzməyə...

Nə yemək-içməyinə fikir verdi, nə geyim-geciminə, Nurcabbarın aləmincə, ali hisslərlə yaşayan adam məişət qayğılarının fövqündə durmalı idi, ehtiyacların, məhrumiyyətlərin əlində qul olmamalı idi. Nurcabbar var-dövlətə də, varlanmaq ehtirası ilə özünü oda-közə vuranlara da ikrahla baxırdı. Yaxşı yaşamaqdan söhbət düşəndə müdrik görkəm alıb deyirdi: “Dünyanın malı dünyada qalacaq. Yaşamaq üçün insana bir dəst yorğan-döşək, bir dəst əyin-baş və gündə bir parça çörək lazımdı. İnsanın ləyaqəti onun geyimində, qarnında deyil”. Görüşüb-danışdığı adamların əqidəsiylə, Nurcabbarın əqidəsi arasında elə uçurum yarandı ki, Nurcabbar daha onların əhatəsində qalmaq istəmədi, güc-bəla ilə meşədə işə düzəldi. Nurcabbar anasındanqalma sandıqçanı götürüb Kürün qırağındakı meşəyə gələndə onun əlli doqquz yaşı vardı, saç-saqqalı ağarmışdı, ağzında vur-tut onca diş qalmışdı.

Nurcabbarın meşədə gözətçi işlədiyi üç il idi, bu üç ildə Bağırnan bircə dəfə də cani-dildən söhbətləşməmişdi. Nurcabbar Bağırı özünə iş yoldaşı, süfrə yoldaşı hesab eləyirdi, fikir, əqidə yoldaşı hesab eləmirdi. İndi düşündü ki, deyəsən, bu Bağırın başı pis işləmir, deyəsən, ürəyi var bunun – nağılına qulaq asmaq istəyir.

Nurcabbar üstdəki dəftəri götürüb, sandıqçanın qapağını ehmalca endirdi...

Bağır çırağı qoydu ortalığa. Nurcabbar çarpayıda yerini rahatlayıb dəftərin bir neçə səhifəsini çevirdi.

– O dəfə harda qaldıq? – dedi.

Bağır çırağa baxa-baxa bir gözünü qıyıb:

– O dəfə zadda qaldıq, – dedi. – Nədi... orda... hə, Dədə palıdın balası ağlaya-ağlaya Kürün qırağında dayanıb.

Nurcabbar dəftəri çırağa yaxın tutdu, başını əyib, səsini uzada-uzada oxudu:

– “Bala palıd göz yaşları tökə-tökə çıxıb getdi. Bilmədi hara yollansın, dərdini kimə desin, Dədə palıdın mərəzinə harda əncam axtarsın. Dədə palıd uzaqdan gördü ki, bala palıdın gözlərindən yaş sel təkin axır. Dədə palıd silkələndi, qol-budağını tərpətdi. Dedi, bu nə haldı, niyə göz yaşlarına qəltan olmusan? Bala palıd bir az da kövrəldi. Dedi, ay babam, ulu babam, hələ dizlərim bərkiməyib, hələ qollarıma güc gəlməyib, acizəm, gücsüzəm – sənin dərdinə əlac tapa bilmirəm, bağışla məni. Dədə palıd gülümsədi, qəm yemə, dedi, mən günümü görüb, dövranımı sürmüşəm, mənə yas saxlama. Bala palıd nə illah elədi, hıçqırtısını saxlaya bilmədi. Dedi, gözlərim görə-görə öləcəksən, babam mənim. Yaşıl gözlərinin yumulduğunu görəcəyəmsə, gözlərimə mil girsin, qollarının sınmağını görəyəcəyəmsə, qollarım qırılıb yanıma düşsün, ürəyinin dayandığını görəcəyəmsə, ürəyim oxlansın. Niyə bizi başsız qoyub gedirsən, ağıllı babam, camallı babam, sənsiz bizim halımız necə olacaq? Bilmirsənmi küləklər saçımızı yolacaq, yağışlar donumuzu əynimizdən çıxaracaq, tufanlar qəddimizi əyəcək. Bilmirsənmi pənahımız sən idin, həyanımız sən idin? Dədə palıd yaşıl yarpaqlayırla bala palıdın yaşıl gözlərinin yaşını sildi. Dedi: mən öz ölümümdən qorxmuram, körpə, bu ölümə sevinirəm, çünki mənim ölümüm sizin diriliyinizdir. Biləcəklər ki, mən susuzluğun ucbatından getdim, sizə su verəcəklər. Su verəcəklər ki, sizin aqibətiniz mənim aqibətimə oxşamasın. Kür böyrünüzdədi, qorxmayın, körpə, Kür heydən düşüb, amma ölməyib, Kür əlini sizə çatdıracaq”. Yaxınlıqda canavar uladı. Bu uzun, tükürpədən ulartıdan Nurcabbarın bədəni gizildədi. Qaş-qabağını sallayıb dəftəri örtdü.

– İlin bu vaxtında canavar niyə belə ulayır? – dedi. Bağır nağıla elə aludə olmuşdu ki, bu səsi, deyəsən heç eşitməmişdi.

– Əşi, cəhənnəmə ulasın, – dedi. – Dalını oxu görək.

Nurcabbar başını buladı:

– Yox, – dedi. – Canavar acgöz heyvandı. Acgözlərdən zəhləm gedir.

Bağır məəttəl qaldı,

– Nağılı canavara oxumursan ha, – dedi. – Maa oxuyursan.

Nurcabbar yola gəlmədi,

– Üz vurma. Canavarın adı gələndə ovqatım pozulur, – dedi və başını mütəkkəyə qoyub gözlərini yumdu.

Bağır anladı ki, ilan dili çıxartsa da, Nurcabbar nağılın ardını oxumayacaq, amma yenə marağını gizlədə bilmədi.

– Bunun dalı nə təhər qurtaracaq? – dedi.

Nurcabbar mütəkkənin üstündə başını buladı.

– Bilmirəm, – dedi.

Bağır, Nurcabbarın “bilmirəm” deməyinə inanmadı.

– Amma öz aramızda, Nurcabbar, qiyamət yazmısan, – dedi.

Nurcabbar bu tərifdən elə xoşhallandı ki, durub mütəkkəyə dirsəkləndi.

– Bax, sənin xoşuna gəlib. – dedi. – Gör dünyada sənin təkin nə qədər adam var? Nağıllarımı ortalığa çıxartsam, əldən-ələ gəzər.

– Bəs niyə çıxartmırsan ortalığa?

– Hələ vaxtı döyül, – deyib, Nurcabbar təzədən başını mütəkkəyə qoydu. – Birinci kərədi ağacdan yazıram. Rayonumuzun adamlarını nağıla çox salmışam. Müharibədən də çox yazmışam. Dava indi də gözlərimin qabağındadı. Hərdən yuxuma da girir. Topçuydum mən... Bəs sən davada nə iş görmüsən?

Bağır elə bil utana-utana:

– Mən konnı armiyaydaydım, – dedi. – Atlara qulluq eləyirdim.

– Sən kefə baxmısan.

Birdən Bağırın ağlına bir sual gəldi. Bu sual onun özünə mənasız göründü, amma yenə dilini saxlaya bilmədi.

– Nurcabbar, mən ölüm, yadına arvad düşür? – dedi və fikirləşdi ki, nədənsə özünün yadına arvad düşmür.

Nurcabbar çırağa baxa-baxa:

– Yox, – dedi. – Cavanlığımda bəlkə on qıza vurulmuşam, amma onların biri də bu dünyada olmayıb, xəyalımda özüm yaradırdım onları. Yaradırdım, sevirdim, vurulurdum, ancaq istəmirdim ki, mənim olsunlar.

Bağır çiynini çəkib maraqla soruşdu:

– Niyə axı?

– Axı onların biri mənim olsaydı, day o birilərini yarada bilməzdim. Hər şey qurtarardı mənimçün. Onların əzabını çəkməkdən xoşum gəlirdi. Əlim yetmirdi, məhəbbətim nakam qalırdı, mən də ləzzətnən dərd çəkirdim. Dünyada ondan şirin dərd yoxdur.

Nurcabbarın sözlərindən Bağır heç nə başa düşmədi.

Yenə həmişəki tanış, ağrısız, göynərtisiz qüssə Nurcabbarın ürəyinə yol tapdı. Nurcabbar hövsələsiz-hövsələsiz:

– Çırağı keçirt, – dedi. – Cücü-mücü yedi bizi – Və özü üfürüb, çırağı söndürdü. Üzüqoylu düşüb, mütəkkəni qucaqladı.

Bağır qolunu başının altına qoyub, çarpayının ayaq tərəfində uzandı. Nurcabbarın ürəyindəki qüssədən xəbəri yox idi. Dedi:

– Bir söz soruşacam, amma xətrinə dəyməsin: hər səhər Kürün qırağında dayanıb, öz-özünə nə danışırsan?

Nurcabbar ağzını mütəkkədən aralayıb:

– Kürnən dərdləşirəm, – dedi və bildi ki, Bağır mütləq soruşacaq: “Niyə?” Bağıra macal vermədi. – Tutalım ki, dərdimi sənə danışdım, – dedi, – nə xeyri? Sən hər gün mənə qulaq asa bilməzsən, təngə gələrsən. – Nurcabbar köks ötürüb ağzını təzədən mütəkkəyə dirədi.

Bağır da köks ötürdü, arxası üstə çevrilib göyə baxdı. Ay lap alçaqda dayanmışdı, ulduzlar isə uzaqda idilər, saysız-hesabsız, xırda köz kimi qızarırdılar. Gecenin səssizliyindən qulaq tutulurdu – quşlar, cücülər də susmuşdular – elə bil Kürün qırağındakı meşəni özü boyda dərin bir quyunun dibinə atmışdılar. Bu səssiz gecədə Bağır birdən-birə evi üçün qəribsədi. Nazlı ərindən ayrılıb gələndən bəri Bağır birinci dəfə fikirləşdi ki, qızının bəxti-taleyi yaxşı gətirməyib, yoxsa saçına indidən ağ zolaq düşməzdi... “Kaş Nazlı çoxdan qayıdaydı rayona. O vaxt mənim sözümə baxsaydı, belə olmazdı. Onda yaxşıca məsləhət vermişdim ona”.

Amma Bağır onda qızına məsləhət verməkçün getməmişdi Bakıya. Nazlı ərə gedəndən üç-dörd ay sonra Bağırın hirsi soyudu, incikliyi, pərtliyi sovuşub getdi. Dedi, Nazlıya baş çəkmək lazımdı, qoy elə bilməsinlər ki, kimsəsizdi, həm də görüm kürəkənim necə adamdı, nə şəkildədi, nə cilddədi, görüm nə təhər dolanırlar... Bağır günlərin bir günü paydan-püşdən götürüb, Bakıya yola düşdü.

Nazlıgil İçərişəhərdə bir otaq kirayələmişdilər. Bağır otağı görəndə inana bilmədi ki, Nazlı üç-dörd aydı burda yaşayır.

– Elə siftədən burda olursuz? – dedi.

– Hə, ay dədə, bəs harda qalaq? – Nazlı atasının təəccübünü, pərtliyini dağıtmaq üçün gülümsədi. – Buna da min şükür, – dedi, – indi mənzil kirələmək çətindi.

Otağın eni, uzunu üç-dörd addım güclə olardı. Qapısı elə alçaq idi ki, gərək başını əyib keçəydin. Bircə pəncərəsi vardı, o da dar küçəyə açılırdı. Otağın içinə heç vaxt gün işığı düşmürdü, divarlar nəm idi, divarlardan rütubət yağırdı. Otaqda bircə dəmir çarpayı vardı, bir tumboçka, iki dənə də kətil. Bura bundan artıq şey qoymaq mümkün deyildi. Xörək bişirmək üçün gərək ara qapıdan ev sahibinin mətbəxinə keçəydin. Girəcəyində su kranı olan bu darısqal həyətdə Nazlıgildən başqa üç-dörd ailə yaşayardı və Bağır heç cür başa düşə bilmirdi ki, bu adamlar bura necə yerləşirlər... Bağır istədi desin ki, “ay qızım, gərək elə bu zülmnən ərə gedəydin?” amma ayrı söz dedi:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Duz

Seymur paltosunu geyinib qapının ağzında dayandı. Anası balaca qara çamadanı və içi dolu həsir zənbili gətirib onun qarşısına qoydu. Oğlan şeylərə tərəf baxmadı. Gözlərini anasının yanına sallanmış damarlı, quru əllərinə zillədi. Sonra onu umacaqlı baxışla süzdü. Firuzə oğlunun fikrini anlayıb gülümsədi. Əlini dirsəkdən ilməsi qaçmış sarımtıl, nimdaş jaketinin cibinə saldı.– Al, hələlik bunu xərclə...

19685 dəq
Talisman

Ağarəhim Borçalıda cəmi-cümlətani bircə gecə qaldı. Bu da işdir sən allah, dünən gəl, bu gün qayıt. Gərək, heç olmasa, üç-dörd gün gəzəydi burda, üç-dörd gün Bakının basabasından səs-küyündən uzaq olaydı. Borcalının “qaymaq” havasından udaydı, “bal” suyundan içəydi. Ağarəhim könülsüz-könülsüz “Jiquli”yə oturanda qayınanası yalvardı ki, “qal, getmə”. Ağarəhimin əvəzinə arvadı Pərvanə cavab verdi: “Getməlidi, – dedi, gərək ponidelnik işdə olsun”. Ağarəhim ürəyində: “Tüpürüm ponidelnikə”, – deyib maşını tərpətdi, amma başa düşdü ki, “ponidelnikə” tüpürə bilməz, çünki “ponidelnik” institutda olmalıdı, axşam şöbəsinin tələbələrindən imtahan götürməlidi...Sağ-solunda yastı, bomboz təpələr görəndə Ağarəhim anladı ki, maşında tək-tənha uzaq yol getmək müsibətdir. Gələndə arvad-uşağı yanında idi və onda elə bil buralar belə bozumtul, belə qərib deyildi, yol belə əyri-üyrü, dolanbac deyildi, asfalt adamın gözünün toyşunu aparmırdı. Gələndə təkərlərin səsi eşidilmirdi, amma indi şırıltıya qulaq as; elə bil şəlalə şırıltısıdı, adama layla çalır, mürgü gətirir. Ağarəhim fikirləşəndə ki, hələ qabaqda dörd yüz kilometrdən çox yol var, başladı darıxmağa, təntiməyə və o dəqiqə də başa düşdü ki, bu qədər yolu darıxa-darıxa getmək olmaz – adamın bağrı partlayar, vallah. Özünə ürək-dirək verdi, toxtaq olmağa çalışdı. Cəhənnəm olsun yolun ağlığı da, uzaqlığı da. Təptəzə “Jiquli”nin əlində dörd yüz kilometr yol nədir ki? Qaldı təklik məsələsi – onun da çarəsi var. Radioqəbuledicini aç, səsi gəlsin, ya da maqnitofonu işə sal, kefin nə qədər istəyir, oxusun səninçün. Bəs maqnitofonu nədən ötrü almısan, atam-qardaşım, Yapon maqnitofonu üçün alverçiyə min manatı niyə vermisən?

198032 dəq
Qatarda

Dostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.

198023 dəq
Şehli çəmənlərin işığı

Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?

198526 dəq

Başqa şairlərin şeirləri