Dədə palıd
Səhifə 13 / 15 · 80%
– Allah özü sizə kömək olsun, bala.
Kürəkəninin təhər-töhürü Bağırın xoşuna gəldi. Qarabəniz, arıq, uzun oğlan idi, deyəsən, arıq olduğu üçün də, gözləri çox iri görünürdü. Xasiyyəti də, Nazlı necə yazmışdı, elə idi: qanacaqlı, başıaşağı. Dindirməsən, dinmirdi, danışanda da adamın üzünə baxmağa utanırdı. Bağırın fikrincə, Müzəffərin bircə pis adəti vardı: tez-tez qabaq tərəfdən qıvrım saçının bir cəngə tükünü şəhadət barmağına dolayıb bururdu.
Bağır Bakıya gəlmişdi ki, qızının yanında beş-altı gün qalsın, amma bircə gün qaldı. Gecə Bağıra çarpayıda yer saldılar. Kətilləri tumboçkanın üstünə qoydular ki, Müzəffər döşəmədə yata bilsin. Bağır, qayınatayla kürəkənin bir otaqda yatmağını ayıb, qəbahət hesab eləsə də, əlacsız qalıb, ədəb-ərkan gözləməkdən vaz keçdi. Nazlı yerləri salandan sonra harasa yoxa çıxdı, deyəsən, ev sahibinin otağında yatacaqdı. O gecə Bağır çimir eləyə bilmədi. Otaq dörd tərəfdən sıxırdı onu. Bağırın havası çatmırdı, başına tavandan rütubət yağırdı. Bağır elə bilirdi qəbirdə uzanıb və bu qəbir qorxusu səhərəcən onun gözlərini açıq qoydu. Obaşdan dar küçəyə açılan pəncərənin lap qabağında cingiltili, avazlı bir səs Bağırın qulaqlarını dəldi.
– Matsoon! Matsoon!.. Yumurta var, yumurta!
Bağır dikəlib yerinin içində oturdu.
– Adam burda dəli olar, ə – dedi və alaqaranlıq otaqda döşəməyə tərəf zəndlə baxıb gördü ki, Müzəffərin də gözləri açıqdı...
Kürəkəni işə gedəndən sonra Bağır Nazlını yanladı:
– Gəl qayıt yerimizə-yurdumuza, – dedi.
Nazlı utancaq-utancaq gülümsədi:
– Bəs Müzəffər necə olsun, dədə?
– Demirəm ha, Müzəffər burda qalsın. Müzəffər də gəlsin sənnən. O boyda evimiz var, içində at min, çap. Niyə gəlib bu deşiyə dürtülmüsünüz?
– Yox, ay dədə, şəhər yaxşıdı, nə var rayonda?
– Axı bu nə güzərandı, nə dolanışacaqdı belə?
– Müvəqqəti çətinlikdi, dədə, həmişə belə qalmayacaq ha.
– Mən bu axşam yola düşürəm, bala. Sən də otur, mənim sözlərimi yaxşı-yaxşı götür-qoy elə... məsləhətimə qulaq asın, yığışın gəlin rayona, ziyan çəkməzsiniz...
Heyf ki, Nazlı onda atasının məsləhətinə qulaq asmadı. Yoxsa indi saçlarına ağ zolaq düşməzdi. Ərindən ayrılmazdı. Heyf! Qələm sağ olsaydı, yəqin ki, Nazlının dərdini salardı ürəyinə, bircə ayın içində çərləyərdi. Görəsən, Nazlı anasını xatırlayırmı? Görəsən, rayona gələndən bəri Qələmin qəbrinin üstünə gedibmi, adını daşıyıb üzünü görmədiyi bacısının qəbrini ziyarət eləyibmi?
Bağır istədi dikəlib Dədə palıdın altına baxsın, görsün bir cüt qəbir gözlərinə dəyəcəkmi orda – qalxmağa tənbəllik elədi. Qəbirlərin burda olmağına Bağır əvvəllər o qədər inanmışdı ki, hər səhər komadan çıxanda qəbirləri görmək ümidiylə Dədə palıdın altına nəzər salırdı. Kaş burda olaydı o iki qəbir. Dədə palıd o qəbirlərin üstünə yayın qızmarında sərinliyini səpərdi, qışın şaxtasında hərarətini...
Nurcabbar ahəstə-ahəstə xoruldayırdı. Bağır bir müddət onun xorultusuna qulaq asdı və Bağırın göz qapaqları yavaş-yavaş ağırlaşdı. Bağır huşa gethagetdə meşənin ayağında canavar ulartısı eşitdi. Canavar bir də uzun-uzadı ulayanda Nurcabbarın xorultusu kəsildi. Nurcabbar sinəsinin altındakı mütəkkəni bərk-bərk qucaqlayıb qışqırdı.
Bağır diksinib, əlini Nurcabbarın çiyninə atdı.
– Nurcabbar! Nurcabbar! Oyan görək, əşi! Noolub sənə?
Nurcabbar hövlnak dikəlib oturdu. Harda olduğunu əvvəlcə kəsdirə bilmədi. Haqsızlıqdan boğulurmuş kimi tövşüyə-tövşüyə yan-yörəsinə baxdı, sonra qarşısında kölgə təkin görünən Bağıra baxdı. Başını silkələyib:
– Ürəyim partlamışdı, – dedi.
– Noolub? Pis yuxu görürdün?
– Görürdüm davadayıq, özü də canavarlarnan vuruşuruq.
Nurcabbar hələ özünə gəlməmişdi, hələ təngnəfəs olmuş kimi tövşüyə-tövşüyə yan-yörəsinə baxdı, sonra göyə baxa-baxa çarpayıdan düşüb, üz tutdu Kürə tərəf. Bağır arxadan çağırdı onu:
– Nurcabbar! Gecə vaxtı hara gedirsən, ə?
Kür sanki donmuşdu, sanki Nurcabbarın gündüzlər gördüyü bozbulanıq su deyildi bu. Elə bil Kürə gümüş əridib tökmüşdülər və gümüşün şəfəqindən çayın hər iki sahili bəyaz rəngə boyanmışdı. Göyün sinəsindən asılmış dəpdəyirmi ay Kürün üstünə ağappaq halə atmışdı. Nurcabbar gözlərini bu haləyə zilləyib təngiyə-təngiyə pıçıldadı:
– Mən gedəriyəm, sən əbədi. Mən acizəm, sən güclü. Qoru bu dünyanı acgözlərdən. Onların gətirdikləri bəladan, yamanlıqdan hifz elə bizi. Qorxuram acgözlərdən, Kürüm, qorxuram. – Nurcabbarın səsi də titrədi, dodaqları da. – Yadında saxla ki, yer üzünə mənim kimi qorxaqlar hələ çox gələcək. Qurban olum sənə, Kür, yadında saxla. Xırda-xırda damcılar Nurcabbarın yanaqlarından süzülüb, çənəsinə axırdı və bu xırda damcılar aydın gümüşü işığında mirvari dənələrinə oxşayırdı.
Bağır aynabəndə girəndə gözünə birinci dəyən Müzəffər oldu. Kişi qapının ağzında quruyub qaldı – bilmədi irəli getsin. Yoxsa geri qayıtsın.
Müzəffər qabağa gəlib, utana-utana Bağıra əl uzatdı.
– Salam ata, – dedi.
Bağır da key-key:
– Salam, – dedi. Gözlərini dolandırıb Nazlıya baxdı, görəndə ki, Nazlı razılıqla gülümsəyir, kürəkəninin əlini ürəkli-ürəkli sıxdı. – Xoş gəlmisən, – dedi.
Bağır gətirdiyi azuqəni aynabəndin bir küncünə qoydu. Keçib stolun arxasında kürəkəniylə üzbəüz oturdu. İstədi hal-əhval tutsun, bir söz deyə bilmədi. Çünki nagüman idi. “Nəyə gəlib görəsən?”
Kürəkən də susurdu – susmaq onun xasiyyəti idi. Müzəffərin təhər-töhürü dəyişmişdi – elə bil üz-gözü tülmüşdü, dərisi yanmışdı, başını vaxtilə par-par parıldayan qıvrım, qara tükləri qarsılmış kimi görünürdü, saçı alın tərəfdən seyrəlmişdi, amma Müzəffər adətini tərgitməmişdi. İndi də birçəyini şəhadət barmağına dolayıb bururdu. Onun bu adətindən Bağırın o qədər zəhləsi gedirdi ki, az qalırdı qışqırsın: “Farağat dur, ə!”.
Müzəffərin iri gözlərindən, qaramtıl çöhrəsindən arxayınçılıq yağırdı, işıldayan nazik dodaqlarında mənasını Bağırın anlaya bilmədiyi bir təbəssüm dolanırdı. Bağır çaş-baş qaldı: “Bunlar ayrılana oxşamırlar heç. Əgər kəbin-talaqlarını doğrudan da, geri oxutdurublarsa, onda bu Müzəffərin burda nə iti azıb? Müzəffər gərək birdəfəlik əl çəksin Nazlıdan. Bir kişi ki, arvad-uşağına gün-güzəran düzəldə bilməyə, onun nəyi kişidir? Hünəri var, ağzını açıb giley-güzar eləsin. Vallah, dişimin dibindən çıxanı deyəcəm ona. Mən qızımı çöldən tapmamışam ha”.
Müzəffərin dillənməyini Bağır nahaq gözləyirdi.
Müzəffər əvvəlcə, elə bildi ki, Bağır kiməsə, qıvrım tüklərini yavaş-yavaş vururdu. Bu dəm Bağır qızıgilin İçərişəhərdə kirayələdiyi darısqal, alaqaranlıq, rütubətli otağı xatırladı və Bağırın birdən-birə Müzəffərə yazığı gəldi.
– Şəhərdə nə var, nə yox? – dedi. Elə-belə, danışmaq xətrinə dedi.
Müzəffər əvvəlcə elə bildi ki, Bağır kiməsə, başqa adama müraciət eləyir. Qulaqlarına inanmış kimi, çaş-çaş kişinin üzünə baxdı. Bağırın ondan cavab gözlədiyini görəndə tələsə-tələsə:
– Salamatlıqdır, – dedi. – Salamatlıqdır. Salamatlıqdır.
Sanki Nazlı bu kiçik sual-cavaba bənd imiş. Nazlı hərəkətə gəldi, başladı stolun üstünü yığışdırmağa.
– Dədə, çay içirsənmi? – dedi.
Susuzluqdan Bağırın ciyəri yansa da:
– İçmirəm, – dedi və belə deməyinə də tez peşman oldu.
Yaxşı ki, Nazlı əl götürmədi ondan:
– Samovarı indicə dəmləmişəm, dədə. Yol gəlib yorulmusan. – Samovarın lüləyini burub çapma stəkana çay süzə-süzə: – Xeyir ola, ay dədə, – dedi, – bu istidə özünə niyə əziyyət vermisən?
Bağır aynabəndin künc-bucağına göz gəzdirdi.
– Dedim, yəqin ayın-oyununuz qurtarıb.
Nazlı stəkanı atasının qabağına qoydu.
– Müzəffər bu səhər bazarlıq eləyib – dedi. – Hər şeyimiz var. – Atasının təəccüblə baxdığını görüb, əlavə elədi: – keçən gecə gəlib Müzəffər.
Öz qızından baş aça bilmirdi Bağır: Nazlı Müzəffərin adını elə şirin-şirin çəkirdi ki, guya “həmişəlik ayrılmışıq” deyən bu deyildi. Bir an Bağıra elə gəldi ki, qızı da, kürəkəni də onu ələ salırlar, onunla nəsə qəribə bir oyun oynayırlar.
Nazlı atasının qolundan yapışdı.
– Dur, dədə, get, əl-üzünü yu, tozun-tərin içindəsən.
Bağır aynabənddən çıxanda Namazgilin həyətinə nəzər saldı. Tünzalə ordaydı, Namazın kiçik qızıyla oynayırdı. Bağır Tünzaləyə baxa-baxa bu qərara gəldi ki, “ayrılmaq” məsələsini Müzəffərin üzünə vurmasın, ona güldən ağır söz deməsin. “Özləri bilərlər – küsərlər, barışarlar – öz işləridir. Hansı evdə dava-dalaş olmur?”.
Nazlı əlüzyuyanı sürtüb ağartmışdı. Əlüzyuyanın yanına bir qəlib ətirli sabun qoymuşdu. Sütuna vurduğu mıxdan tiftikli, təmiz məhrəba asmışdı.
İlıq sudan xoşhallandı Bağır. Yadına düşdü ki, çoxdandı çimmir, çoxdandı alt paltarını dəyişdirmir. Özünə söz verdi ki, bu həftə, heç olmasa, Kürdə çimsin – Kür böyründədi... Nimdaş kepkasını çıxardıb yaş əlini başının dazına çəkəndə Bağırın canına bir sərinlik yayıldı. Bağır təpəsindən dırnağınacan yayılmış sərinlikdən həzz ala-ala fikirləşdi ki, bəlkə Müzəffər həmişəlik gəlib? Bəlkə arvad-uşağının ayrılığına, həsrətinə dözə bilməyib, tüpürüb şəhərə də, şəhərdəki işinə də, güzəranına da. Təki elə olsun, təki Tünzalə atasız böyüməsin – atasız uşağın ürəyində yağ olmaz.
Kitabxana.az · https://kitabxana.az/works/isi-melikzade-dede-palid
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Seymur paltosunu geyinib qapının ağzında dayandı. Anası balaca qara çamadanı və içi dolu həsir zənbili gətirib onun qarşısına qoydu. Oğlan şeylərə tərəf baxmadı. Gözlərini anasının yanına sallanmış damarlı, quru əllərinə zillədi. Sonra onu umacaqlı baxışla süzdü. Firuzə oğlunun fikrini anlayıb gülümsədi. Əlini dirsəkdən ilməsi qaçmış sarımtıl, nimdaş jaketinin cibinə saldı.– Al, hələlik bunu xərclə...
TalismanAğarəhim Borçalıda cəmi-cümlətani bircə gecə qaldı. Bu da işdir sən allah, dünən gəl, bu gün qayıt. Gərək, heç olmasa, üç-dörd gün gəzəydi burda, üç-dörd gün Bakının basabasından səs-küyündən uzaq olaydı. Borcalının “qaymaq” havasından udaydı, “bal” suyundan içəydi. Ağarəhim könülsüz-könülsüz “Jiquli”yə oturanda qayınanası yalvardı ki, “qal, getmə”. Ağarəhimin əvəzinə arvadı Pərvanə cavab verdi: “Getməlidi, – dedi, gərək ponidelnik işdə olsun”. Ağarəhim ürəyində: “Tüpürüm ponidelnikə”, – deyib maşını tərpətdi, amma başa düşdü ki, “ponidelnikə” tüpürə bilməz, çünki “ponidelnik” institutda olmalıdı, axşam şöbəsinin tələbələrindən imtahan götürməlidi...Sağ-solunda yastı, bomboz təpələr görəndə Ağarəhim anladı ki, maşında tək-tənha uzaq yol getmək müsibətdir. Gələndə arvad-uşağı yanında idi və onda elə bil buralar belə bozumtul, belə qərib deyildi, yol belə əyri-üyrü, dolanbac deyildi, asfalt adamın gözünün toyşunu aparmırdı. Gələndə təkərlərin səsi eşidilmirdi, amma indi şırıltıya qulaq as; elə bil şəlalə şırıltısıdı, adama layla çalır, mürgü gətirir. Ağarəhim fikirləşəndə ki, hələ qabaqda dörd yüz kilometrdən çox yol var, başladı darıxmağa, təntiməyə və o dəqiqə də başa düşdü ki, bu qədər yolu darıxa-darıxa getmək olmaz – adamın bağrı partlayar, vallah. Özünə ürək-dirək verdi, toxtaq olmağa çalışdı. Cəhənnəm olsun yolun ağlığı da, uzaqlığı da. Təptəzə “Jiquli”nin əlində dörd yüz kilometr yol nədir ki? Qaldı təklik məsələsi – onun da çarəsi var. Radioqəbuledicini aç, səsi gəlsin, ya da maqnitofonu işə sal, kefin nə qədər istəyir, oxusun səninçün. Bəs maqnitofonu nədən ötrü almısan, atam-qardaşım, Yapon maqnitofonu üçün alverçiyə min manatı niyə vermisən?
QatardaDostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.
Şehli çəmənlərin işığıAltmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?
Başqa şairlərin şeirləri
Görkəmli filosof, professor Camal Mustafayev kübar qadın Sara xanıma universitetdən aldığı maaşdan yardım əli uzatmış, bunun üstündə təqib edilmişdir.*Müəllif*
Nə qəmim var cahan icrə bənim, yar bənimNə qəmim var cahan icrə bənim, yar bənim,Nəyim əksikdi bənim, yar bənim, var bənim.
OynamasınGeyinib-kecinib toya gedənlər,Amanat, amanat qız oynamasın.
SonaNə yandırdın eşq əhlinin canını,Sənsən bu dünyanın maralı, Sona.