Səhifə 2 / 15 · 7%

aradan keçən ensizcə barıya baxırdı və qorxurdu ki, günlərin bir günündə Namaz bu barını sinəsiylə itələyib uçurda bilər, çünki Namazın özündən kiçik, evlənməli qardaşı vardı, bu qardaşa həyət-baca lazım idi, ev-eşik lazım idi. Yaxşı qardaşı Namaz özündən niyə uzağa buraxsın? Yaxşı qardaş dar gündə adama dayaqdı, həyandı, arxadı. Kiçik qardaş, Namazın kababxanasında işləyirdi, gəlir-çıxarları bir idi, bəs dərd-sərləri niyə bir olmasın? Onun həniri, kölgəsi buna lazım idi, bunun həniri, kölgəsi ona. Bağır bu “hənir-kölgənin” ona yetirəcəyi sədəmədən qorxurdu, günlərin bir günündə Namazın barını sinəsiylə uçurda biləcəyindən qorxurdu, ən çox da Namazın bic-bic gülümsəyən gözlərindəki ovsundan qorxurdu.

Komanın qabağındakı iri, deyirmi kötüyün üstündə oturan kimi Bağırın yadından Piti Namaz da çıxdı, Piti Namazın qardaşı da. Cəhənnəm olsun hamısı! Dədə palıdın ürəyinə xal düşüb, Dədə palıd göz görə-görə quruyur burda – dərd budu, müsibət budu. Bağır bu meşədə ağacların qurumağını çox görmüşdü, nə qədər quru ağac kəsmişdi, doğramışdı, ancaq Dədə palıdın nə vaxtsa quruyacağını indiyəcən ağlına da gətirməmişdi. Bağır Dədə palıdı bu meşənin ulu əcdadı hesab eləyirdi, fikirləşirdi ki, bu meşənin bütün ağacları Dədə palıdın törəmələridi – balaları, nəvələri, nəticələri, kötükcələridi. İndi bu törəmələr lal-dinməz dayanıb Dədə palıdın qurumağına arın-arxayın necə baxırlar? Niyə saçlarını yolmurlar, niyə haray-həşir qopartmırlar? Bəs Nurcabbar niyə dayanıb Kürün qırağında? Dədə palıdın dərdindən niyə xəbərsizdi? Bu palıda “Dədə” adını o qoyub axı? Onda Nurcabbarın sözləri də, hərəkəti də Bağıra qəribə gəlmişdi, gülməli gəlmişdi. Nurcabbar meşəyə qədəm basdığı gün qoca palıdın dibində çöküb, üzünü onun gövdəsinə sürtəndə Bağır elə bilmişdi ki, kişi havalanıb, ancaq havalı adam belə eləyə bilərdi, havalı adam belə sözlər deyə bilərdi: “Ululardan ulusan, dədə! Bəlkə də dünyayla yaşıdsan. Bu obadakı ağacların başı sənin əllərinin altındadı. Böyüksən, ağsaqqalsan, səxavətlisən! Həm zəhmli, həm mehribansan! Mən, Nurcabbar bu gündən sənin adını “Dədə” qoyuram. Yaşa, Dədə palıd, yaşa! Kölgəni üstümüzdən əskik eləmə!” Görəsən, Nurcabbar bilirmi ki, yarım ildən, bir ildən sonra Dədə palıdın kölgəsi olmayacaq?

Palıdın təpəsindəki sapsarı yarpaqlara baxa-baxa Bağır özünü inandırmağa çalışdı ki, nahaq yerə qorxuya düşüb, Dədə palıd ölməyəcək. Bir budaq qurumaqla ağac da ölərmi? Bir budağı, beş budağı, lap yarısı olmasa da yaşayar Dədə palıd. Dədə palıdın canı onun gövdəsindədi, kökündədi... Bağır gözlərini Dədə palıdın cadar-cadar gövdəsinə zilləyib rahat nəfəs aldı. “Yaşa, Dədə palıd, yaşa! Kölgəni üstümüzdən əskik eləmə!”

Dədə palıd ölsə, bütün meşə yetim qalacaq, ağaclar bu dərdə, bu xiffətə dözməyəcəklər. Bağır belə fikirləşdi və özü də başa düşdü ki, bu fikri gülməli fikirdi. Bağırın ömrü bu meşədə keçib, amma Bağır bir-birinin “dərdindən” ölən ağac görməyib. Ağacların öldürüldüyünü görüb, çox görüb. Bu meşədə nə qədər ağac vardı, fələk? Bu meşə nə boydaydı? Ağaclar o qədər sıx idi ki, bura gün işığı düşmürdü. Burda palıd da vardı, qovaq da vardı, qarağac da vardı, çəkil də...

Bağır lap cavanlıqdan bu meşəyə bələd idi. Bura ova gələrdi. Meşənin ayağındakı taladan qırqovul vurardı, turaç vurardı. Onda Bağır pambıq məntəqəsində fəhlə işləyirdi. Bir gün hiss elədi ki, pambıq tayasının üstündə darıxır, hiss elədi ki, meşənin sərinliyi, sakitliyi üçün burnunun ucu göynəyir. Bağır yaba götürüb pambıq tayalayırdı, ancaq fikri bu ağ tayadan çox uzaqda idi, gözlərinin qabağında Kürün yaxasına sinmiş yamyaşıl meşə dayanırdı, qulaqlarına quşların səsi, yarpaqların xışıltısı gəlirdi. Həmin gecə Bağır meşəni yuxuda gördü. Gördü ki, Kür ahəstə-ahəstə şırıldayıb meşəyə layla çalır, quşlar lal-dinməz dayanıb Kürün zümzüməsinə qulaq asır, özü də Bağırdan qətiyyən hürkmürlər, qaçmırlar. Bağır kürəyini çətirli bir palıdın yoğun gövdəsinə söykəyib durmuşdu, tüfəngi də uzatmışdı qıçlarının arasına. Bağır gördü ki, zümrüd quyruğu yerlə sürünən kəkilli bir qırqovul dayanıb onun yanında. Qırqovul əvvəlcə tüfəngin qundağını dimdiklədi, sonra alabəzək sinəsini Bağırın qıçına sürtdü, sonra da başını Bağırın dizinə qoyub, yarpaqların xışıltısına qulaq asa-asa yuxuya getdi. Bağır qırqovulun ipək qanadlarını tumarlaya-tumarlaya: “yat, bala”, – dedi, üzünü yuxarı – palıdın çətirinə tutdu, o dəqiqə də burnuna qızılgül iyi dəydi. Bağır gözlərini yumub, dərin-dərin nəfəs aldı, qızılgül ətirli yumşaq, sərin mehi ciyərlərinə çəkdi. Sonra dizinin üstündə yuxulayan zümrüd quyruqlu qırqovula nəzər saldı, gördü ki, qırqovul deyil bu, özünün dünyadan köçmüş ilk övladı – beşyaşlı Nazlıdı, di gəl, Nazlının nəfəsi yoxdu, Nazlı ölüb. Bağırın dodaqları titrədi, ancaq Bağır ağlaya bilmədi, çünki bir vaxtlar Nazlının dalınca o ki var ağlamışdı, indi Bağırın gözlərində bir damcı da yaş qalmamışdı... Bağır çətirli palıdın altında balaca bir qəbir qazdı. Qəbri qazanda da qızılgül ətri Bağırın burnundan getmədi, Kürün zümzüməsi, yarpaqların xışıltısı qulaqlarında bitməz-tükənməz uğultuya döndü. Çətirli palıdın altında bapbalaca qəbir dikəldi. Bağır ilk övladını ikinci dəfə yuxuda basdırdı. Sonra gördü ki, burda iri bir qəbir də var, bu iri qəbir arvadı Qələmin qəbridi. Bağır qəbirlərin arasında oturub fikrə getdi və Bağırın kədərinə qızılgül ətri qarışdı, Kürün, meşənin həzin nəğməsi qarışdı.

Səhərisi gün pambıq tayasının üstündə də qızılgül ətri Bağırın burnundan getmədi. Bağır başa düşdü ki, daha pambıq məntəqəsində dözüş gətirə bilməyəcək...

Bağır meşə gözətçisi oldu. Səhərdən axşamacan meşəni dolaşıb, evə yorğun-arğın dönürdü. Bir aydan sonra Bağır hər gün evə qayıtmaqdan bezikdi. Fikirləşdi ki, meşənin nəyi pisdir evdən? Burda da yaşamaq olar. Evə həftədə, ayda bir dəfə baş çəksə, bəsdi. Nə var axı, kənddə-kəsəkdə?.. Və Bağır kənddən-kəsəkdən ayağını kəsdi. Qollu-budaqlı palıdın qənşərində bir koma tikdi. Bu həmin palıd idi ki, Bağır onu yuxuda görmüşdü, yuxuda arvadının da, qızının da qəbrini bu palıdın dibinə köçürmüşdü. Bu, həmin palıd idi ki, sonralar Nurcabbar ona ad qoymuşdu: “Dədə”.

Bağır bu meşənin bəxtəvər günlərini görmüşdü. Burda adam itiyini də tapa bilməzdi. Burda ağaclar vardı, arxasında beş enlikürək oğlan gizlənərdi. Burda quşlar vardı, hərəsi bir meşənin yaraşığı. İndi hanı o ağaclar, hanı o quşlar?

Bağır bir vaxt gözlərini açıb gördü ki, Kürün sahilində ensiz bir meşə zolağı qalıb, gördü ki, meşənin səsi azalıb, daha burda quşlar oxumur, təkəm seyrək ağaclar daha əvvəlki kimi pıçıldaşmır. Meşə nəfəsini udmuşdu, daha meşədən qızılgül ətri gəlmirdi. İndi Kür də səngimişdi, daha dalğalı diliylə sahili yalamırdı. Kür susmuşdu. Kür küsmüşdü. Kür bu yerlərdən asta-asta, oğrun-oğrun keçirdi, çünki Kürün hənirini səsə göndərən, avaza döndərən ağaclar yox idi.

Sonra rayondan azacıq aralıda təzə meşə zolağı saldılar. Körpə-körpə ağaclar əkdilər orda. Bağır iki ayağını bir başmağa dirəyib yerindən tərpənmədi, təzə meşəyə köçmədi. “Qoyun burda qalım – qoyun burda ölüm”, – dedi...

Bağır fikrini dədə palıddan yayındıra bilmədi. Bağırın nəzərləri ilişib qaldı sapsarı yarpaqlarda. Bağır baxdı, baxdı və birdən Dədə palıd ona təpədən-dırnağa sapsarı göründü. Bu sarılıqdan Bağırın gözləri qamaşdı. Bağır gözlərini yumub:

– Lənət şeytana, – dedi.

O dəqiqə də xırıltılı bir səs eşitdi:

– Şeytanda nə günah var, əşi?

Bağır bu səsdən diksinib gözlərini açdı. Nurcabbarın özündən əvvəl uzun, nazik kölgəsini gördü. Kölgə tərpəndi, soluxmuş otların üstü ilə süründü, sonra yaxınlıqdakı ağacın gövdəsinə dirəndi.

Nurcabbar Bağırla üzbəüz quru yerdəcə oturub, paya kimi dikələn dizlərini qucaqladı. Uzun-uzadı sorğu-suala başlayacaqmış təkin yerini rahatladı, balaca başını irəli uzatdı, xırda gözlərini Bağırın üzünə zillədi:

– Şeytana niyə lənət oxuyursan? – dedi.

Sarı pərdə Bağırın gözlərindən hələ tamam çəkilməmişdi, ona elə gəlirdi ki, içini də, çölünü də sarılıq bürüyüb və onun sapsarı saraldığını yəqin ki, Nurcabbar görür. Bağır gözlərini tez-tez qırpdı və bu dəfə meşəni də, Nurcabbarı da öz rəngində gördü. Yenə Nurcabbarın xırıltılı səsini eşitdi:

– Şeytanda nə günah var? Şeytan sənə neyləyib?

Bağır başını bulaya-bulaya:

– Heç, – dedi, – Dədə palıd quruyur.

Bağır gözləyirdi ki, Nurcabbar bu xəbərdən diksinəcək, heyrətlənəcək, amma Nurcabbarın tükü də tərpənmədi. Nurcabbar Dədə palıda gözünün ucuyla da baxmadı. Nurcabbarın tükü də tərpənmədi, Nurcabbarın biganəliyindən Bağır baş aça bilmədi, onun uzun, kösöv boynuna, almacıq sümükləri dikəlmiş tunc üzünə baxdı. Bağırın ürəyinin dərinliyində sarı bir sim incik-incik titrədi: “Qəribə adamdı Nurcabbar. Qanadıqırıq sərçə görəndə ağlamsınır, amma Dədə palıdın şikəstliyi vecinə döyül. Bəs Dədə Palıdın qabağında diz çökən bu döyüldümü? “Uludan ulusan” – deyən bu döyüldümü? Nooldu bəs? Özü də adını yazan qoyub. Bir sandığı cızma-qaraynan doldurub. Yoox, bunun yazdıqları bir qara qəpiyə dəyməz. Yazan adamın ürəyi köyrək olmalıdı”. Bağıra elə gəldi ki, bayaq dediklərini Nurcabbar eşitməyib. Səsini bir az qaldırdı:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Duz

Seymur paltosunu geyinib qapının ağzında dayandı. Anası balaca qara çamadanı və içi dolu həsir zənbili gətirib onun qarşısına qoydu. Oğlan şeylərə tərəf baxmadı. Gözlərini anasının yanına sallanmış damarlı, quru əllərinə zillədi. Sonra onu umacaqlı baxışla süzdü. Firuzə oğlunun fikrini anlayıb gülümsədi. Əlini dirsəkdən ilməsi qaçmış sarımtıl, nimdaş jaketinin cibinə saldı.– Al, hələlik bunu xərclə...

19685 dəq
Talisman

Ağarəhim Borçalıda cəmi-cümlətani bircə gecə qaldı. Bu da işdir sən allah, dünən gəl, bu gün qayıt. Gərək, heç olmasa, üç-dörd gün gəzəydi burda, üç-dörd gün Bakının basabasından səs-küyündən uzaq olaydı. Borcalının “qaymaq” havasından udaydı, “bal” suyundan içəydi. Ağarəhim könülsüz-könülsüz “Jiquli”yə oturanda qayınanası yalvardı ki, “qal, getmə”. Ağarəhimin əvəzinə arvadı Pərvanə cavab verdi: “Getməlidi, – dedi, gərək ponidelnik işdə olsun”. Ağarəhim ürəyində: “Tüpürüm ponidelnikə”, – deyib maşını tərpətdi, amma başa düşdü ki, “ponidelnikə” tüpürə bilməz, çünki “ponidelnik” institutda olmalıdı, axşam şöbəsinin tələbələrindən imtahan götürməlidi...Sağ-solunda yastı, bomboz təpələr görəndə Ağarəhim anladı ki, maşında tək-tənha uzaq yol getmək müsibətdir. Gələndə arvad-uşağı yanında idi və onda elə bil buralar belə bozumtul, belə qərib deyildi, yol belə əyri-üyrü, dolanbac deyildi, asfalt adamın gözünün toyşunu aparmırdı. Gələndə təkərlərin səsi eşidilmirdi, amma indi şırıltıya qulaq as; elə bil şəlalə şırıltısıdı, adama layla çalır, mürgü gətirir. Ağarəhim fikirləşəndə ki, hələ qabaqda dörd yüz kilometrdən çox yol var, başladı darıxmağa, təntiməyə və o dəqiqə də başa düşdü ki, bu qədər yolu darıxa-darıxa getmək olmaz – adamın bağrı partlayar, vallah. Özünə ürək-dirək verdi, toxtaq olmağa çalışdı. Cəhənnəm olsun yolun ağlığı da, uzaqlığı da. Təptəzə “Jiquli”nin əlində dörd yüz kilometr yol nədir ki? Qaldı təklik məsələsi – onun da çarəsi var. Radioqəbuledicini aç, səsi gəlsin, ya da maqnitofonu işə sal, kefin nə qədər istəyir, oxusun səninçün. Bəs maqnitofonu nədən ötrü almısan, atam-qardaşım, Yapon maqnitofonu üçün alverçiyə min manatı niyə vermisən?

198032 dəq
Qatarda

Dostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.

198023 dəq
Şehli çəmənlərin işığı

Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?

198526 dəq

Başqa şairlərin şeirləri