Səhifə 3 / 15 · 13%

– Dədə palıd quruyur, – dedi.

Nurcabbar uzun qollarıyla paya qıçlarını qucaqlayıb bədənini yırğaladırdı. Dinmirdi, danışmırdı, elə bil Bağırı intizar içində üzmək istəyirdi. Bağır incik-incik soruşdu:

– Karsan?

Nurcabbar bədənini yırğalaya-yırğalaya başını qaldırıb göyə baxdı, seyrək tüklü, sivri çənəsini tərpətdi, dodaqlarının arasında nəsə pıçıldadı, sonra xırda gözlərini Bağırın üzünə zilləyib gülümsədi, bədənini yırğalaya-yırğalaya:

– Özün şeytan ola-ola, şeytana lənət oxuyursan? – dedi.

Bağırın qalın, qıvırcıq qaşları dartıldı, alnındakı dərin qırışlar tərpəşdi, Bağır matı-qutu qurumuş halda:

– Şeytan niyə oluram? – dedi və ağzı açıla qaldı, sanki dili pörşələnmişdi, dilini havaya verirdi.

Nurcabbar qıçlarını uzadıb dirsəkləndi, köynəyinin altında çiyninin sümüyü dombalıb yumruq kimi dayandı. Qulağının dibindən boynunun kökünəcən göyümtül bir damar buğum-buğum qabardı. Bağıra elə gəldi ki, Nurcabbar beşcə dəqiqə bu vəziyyətdə dirsəklənib qalsa, boynunun göyümtül damarı partlayacaq. Fikirləşdi ki, Nurcabbarın canında bircə qram da ət yoxdu, zalımın balası başdan-ayağa sümükdü, damardı. Qıçları paya, qolları quru ağac, sinəsi taxta, boynu dəvə boynu... Belə də adam olar, belə də can-cəsəd olar? Pərvərdigara bunu nə deyib yaradıb? Qurban olduğum ətini-qanını niyə əsirgəyib bundan? Barmaqlarına bax bunun, qarğıya oxşayır.

Bağırın heç ağlına da gəlməzdi ki, bu dəqiqə Nurcabbar da onun yan-yöndəminə fikir verir. Nurcabbar fikirləşirdi ki, görəsən qolları niyə gödəkdi bunun. Bir belə işləməyin qabağında gərək Bağırın qolları uzanıb dizlərinə çataydı. Bu adam səhərdən axşamacan dinclik bilmir, yanını yerə qoymur. Dirriyə də bu baxır, inək-camışa da, qoyunlara da, pətəklərə də. Özü də arıya oxşayır – bal arısına. Bəlkə işləməkdən bu kökə düşüb Bağır? Qıçları bedahat əyridi fağırın – elə bil iki orağı üz-üzə qoyublar. Qıçlarını birləşdirəndə arasından dovşan keçə bilər, lap tülkü də keçə bilər. Amma canı buz baltasıdır elə bil. Azar-bezar tanımır. Buna bax, yanaqlarından qan damır zalımın. Qarnıfilanı da möhkəmdi. Bir oturuma dörd adamın payını yeyir. Mədəsinə çınqıl da atsan, əridər. Nurcabbar Bağırın açıla qalmış ağzına baxa-baxa belə fikirləşirdi. Bağır da Nurcabbarın yuxa qulağının dibindən boynunun kökünəcən uzanan buğum-buğum damara baxa-baxa fikirləşirdi ki, görəsən Nurcabbar məni niyə şeytana oxşadır.

İndi Bağırın ürəyini nigarançılıqdan çox, adamı təntidən bir maraq bürümüşdü.

– Deyirsən, şeytanam da mən?

Nurcabbar üzünü göyə tutub, kəlmələri çeynəyə-çeynəyə:

– Şeytan olmasan da, şeytan kimi bir şeysən, – dedi.

Bağır tələsik soruşdu:

– Niyə axı?

Nurcabbar dirsəkləndiyi yerdən dikəldi, elə qəfil, elə tələsik dikəldi ki, bədəninin harasındasa sümük zərbə düşüb şaqqıldadı və bu şaqqıltının dalıycan Nurcabbarın acıqlı-gileyli səsi eşidildi.

– Sən burda dirrik əkməsəydin, Namaz qoduq bu meşəyə dadanmazdı. Namazın ayağı dəyən yer qurumalıdı, küllü-küf olmalıdı... Dirriyin qırağındakı “Moskviç”ə başıyla işarə elədi. – Səfasın o görür, cəfasın sən çəkirsən.

Nurcabbarın bu tənbehindən Bağır çaş-baş qaldı. Məgər Nurcabbar bilmir ki, Bağır bu dirriyi öz xoşuyla salmayıb? Bu qədər pomidor, xiyar, göy-göyərti Bağırın nəyinə lazımdı? Məgər Nurcabbar bilmir ki, bu meşənin böyüyü var, bu dirriyin yiyəsi var? Bağır nəçidi, nəkarədi ki, onun sözündən çıxsın? Bağırın borcu İdrisovun dediyinə əməl eləməkdi, çünki bu meşənin pisinə də, yaxşısına da cavabdeh İdrisovdur. İdrisov istəsə burda bostan əkdirər, istəsə ağac kəsdirər, istəsə Kürün ağzını bura döndərər, istəsə Bağırı da, Nurcabbarı da bir günün içində işdən çıxardar. Yəni Nurcabbar bilmir bunu? Lap yaxşı bilir. Bilir ki, bu meşədə səhərdən axşamacan kövşək vuran on səkkiz qoyunun dördü Bağırındı, on dördü İdrisovun. Üç inəyin biri Bağırındı, ikisi İdrisovun. Bu meşədə bircə camış var, o da İdrisovundu, Bağırın camışı yoxdu. On iki bal yeşiyinin ikisi Bağırındı, onu İdrisovun. Dirrik də onundu a kişilər. Nurcabbar bunu bilə-bilə günahı niyə Bağırın boynuna qoyur? Elə bu dirrik söhbəti Nurcabbarın öz gözünün qabağında olmalıdımı? Nurcabbarın qulağı eşidə-eşidə İdrisov dedi ki, bu talada dirrik əkin, hökumətdən icazə almışam. Dedi, əkin, siz də yeyin, mən də yeyim, dirriyin bizə nə ziyanı var. Bir kilo pomidordan ötrü bazara niyə gedək, – dedi. Toxumu da, şitilləri də İdrisov özü gətirdi. Pis adam döyül bu İdrisov, əşi, vallah pis adam döyül. Meşəyə də can yandırır, bizə də. Üzüyumşaq müdirdi, adam onun üzünün yumşaqlığından keçə bilmir, “öl” desə, məcbursan yıxılıb qabağında öləsən. Day biz hardan biləydik ki, Piti Namaz bu meşəyə ayaq açacaq, hər səhər dirriyin xırını seçib-seçməliyib aparacaq öz kababxanasına. İdrisov bu dirriyin xiyar-pomidorunu Piti Namaza satır, satsın də. Bizə nə var, öz payını satır. Bəs İdrisov neynəsin? Axı, atalar deyib ki, “bal tutan barmağını yalayar”.

Yadına Barmaq düşəndə Bağır Nurcabbara hiss elətdirmədən, nədənsə öz barmaqlarına baxdı. Barmaqları gödək idi, çat-çat idi, barmaqları düz dayanmırdı, yumulmağa bənd idi. Əllərinin içində ağçəhrayı düyünlər vardı, əllərinin içi aşılanmış gönə oxşayırdı. Birdənbirə bu düyünlər geyişdi, göynədi və Bağır başladı sağ ovcunu qaşımağa, ancaq dırnaqları elə bil daşı cırmaqlayırdı, ağacı cırmaqlayırdı, – elə bil bu ovuc Bağırın özününkü deyildi, onun bədənindən, əzalarından ayrı bir şey idi. Bağıra elə gəldi ki, bu dəqiqə yekə bir közü götürüb ovcuna qoysa, ovcu yanmaz, ağrımaz. Bağır indicə anladı ki, talada dirrik salana qədər əlləri belə deyildi. Gör nə qədər torpağı Bağır təkbaşına təpdi? Belin sürüşkən sapı əllərinin içini yandırırdı, zoqquldadırdı. Ləkləri hazırlayıb qurtaranda, Bağırın əllərinin içi suluq atmışdı, amma bu ağrıya, bu göynərtiyə məhəl qoymamışdı Bağır. Bağır indi əlləri zoqquldaya-zoqqulaya fikirləşirdi ki, bu Nurcabbar nə təhər adamdı, nə təhər yoldaşdı? O vaxt bircə dəfə də köməyə gəlmədi, bir belin ağzı qədər torpaq çevirmədi, yerə bircə şitil də basdırmadı. Səhərdən axşamacan Dədə palıdın kölgəsində oturub kağız-kuğuz qaraladı. A kişilər, bunun yazdıqları kimə lazımdı, kimdən ötrü yazır bu? Vallah, billah, bundan şair olmaz, alim olmaz. Şairin meşədə nə iti azıb? Avaranın biridi bu Nurcabbar. İdrisov olmasaydı, kim bilir, indi harda veyllənirdi. Qurban olsun İdrisova, bunu meşəyə gözətçi qoyub, bağladı mənim qıçıma. Gərək Nurcabbar başa düşsün ki, meşə də İdrisovundu, meşənin içindəkilər də. Onun sözünün qabağına çöp salmağa bizim haqqımız yoxdu.

– Dirriyi İdrisov əkdirib, – dedi.

Nurcabbar elə bilirdi ki, “dirrik” söhbətinə son qoyulub, elə bilirdi tənbehi Bağırın ağlına batdığı üçün Bağır susur. Nurcabbar da bayaqkı sözlərini unudub sakitləşmişdi, ancaq Bağırın handan-hana cavab verməyi Nurcabbarı təzədən qızışdırırdı.

– Bura bax, ə, – dedi. – İdrisov əmr eləsə ki, özünü Kürə at, atarsan?

– Əgər lazımdırsa, niyə atmıram? – dedi və gördü ki, Nurcabbar yenə hirsli-hirsli nəsə demək istəyir, Nurcabbara ağzını açmağa macal vermədi. – Bəs bu dirriyin xiyar-pomidorundan özün niyə yeyirsən? – dedi. – Heylə ki, xoşuna gəlmir, yemə də.

– Sənin payından yeyirəm, – dedi. – Sənin kimi ayının qazandığını yemək halaldı.

Bağır başını bulayıb gülümsədi.

– Bilmirəm büyün saa nolub? – dedi. – Adımı gah şeytan qoyursan, gah ayı qoyursan. Axı səndən iki yaş böyüyəm, ay şair.

Bağır ömründə birinci dəfəydiki, Nurcabbara “şair” deyirdi və güman eləyirdi ki, bu söz Nurcabbarın ürəyinə sarı yağ kimi yayılmalıdı, ancaq, deyəsən, “şair” sözü Nurcabbarın xoşuna gəlmədi. Nurcabbar üz-gözünü turşutdu.

– Mən şair döyüləm, – dedi. – Şeir yazana şair deyəllər.

– Bəs sən nə yazırsan?

– Dastan yazıram, nağıl yazıram.

Bağır köks ötürdü.

– Nə bilim, əşi, hansınıza nə deyillər.

Nurcabbar da köks ötürdü.

– Hardan biləsən, – dedi. – Ömründə bircə kitab varaqlamamısan.

– Nə təhər varaqlayım? Adımı gücnən yazıram. Bir də, ay pir olmuş, bu meşədə yazıb-oxumaq mənim nəyimə gərəkdi? Meşəyə ki, girdin, oldun bax, – yaxınlıqdakı palıdı göstərdi, – bu ağacın tayı.

Nurcabbar təzədən ayaqlarını uzadıb dirsəkləndi.

– Qoçaq adamsan, Bağır, buna sözüm yoxdu, – dedi. – Amma sənə yazığım gəlir.

– ...İndi də yazıq oldum?

Nurcabbar, deyəsən, Bağırın sualını eşitmədi. Nurcabbar üzünü göyə tutub, gözlərini yummuşdu, elə bil uzaqdan gələn və Bağırın eşidə bilməyəcəyi bir səsi dinləyirdi. Elə bil üzünü, boynunu sarımtıl rəngə boyayan günəşin zərrələrini canına hopdurmaq, süd kimi əmmək istəyirdi. Dəpdəyirmi günəş komanın üstündə asılıb qalmışdı, özü də Nurcabbarla üz-üzə dayanmışdı, sanki Nurcabbarın sümüklərini qızdırmaqdan, onu narıncı şəfəqində çimizdirməkdən həzz alıb, bəxtəvər-bəxtəvər gülümsəyirdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Duz

Seymur paltosunu geyinib qapının ağzında dayandı. Anası balaca qara çamadanı və içi dolu həsir zənbili gətirib onun qarşısına qoydu. Oğlan şeylərə tərəf baxmadı. Gözlərini anasının yanına sallanmış damarlı, quru əllərinə zillədi. Sonra onu umacaqlı baxışla süzdü. Firuzə oğlunun fikrini anlayıb gülümsədi. Əlini dirsəkdən ilməsi qaçmış sarımtıl, nimdaş jaketinin cibinə saldı.– Al, hələlik bunu xərclə...

19685 dəq
Talisman

Ağarəhim Borçalıda cəmi-cümlətani bircə gecə qaldı. Bu da işdir sən allah, dünən gəl, bu gün qayıt. Gərək, heç olmasa, üç-dörd gün gəzəydi burda, üç-dörd gün Bakının basabasından səs-küyündən uzaq olaydı. Borcalının “qaymaq” havasından udaydı, “bal” suyundan içəydi. Ağarəhim könülsüz-könülsüz “Jiquli”yə oturanda qayınanası yalvardı ki, “qal, getmə”. Ağarəhimin əvəzinə arvadı Pərvanə cavab verdi: “Getməlidi, – dedi, gərək ponidelnik işdə olsun”. Ağarəhim ürəyində: “Tüpürüm ponidelnikə”, – deyib maşını tərpətdi, amma başa düşdü ki, “ponidelnikə” tüpürə bilməz, çünki “ponidelnik” institutda olmalıdı, axşam şöbəsinin tələbələrindən imtahan götürməlidi...Sağ-solunda yastı, bomboz təpələr görəndə Ağarəhim anladı ki, maşında tək-tənha uzaq yol getmək müsibətdir. Gələndə arvad-uşağı yanında idi və onda elə bil buralar belə bozumtul, belə qərib deyildi, yol belə əyri-üyrü, dolanbac deyildi, asfalt adamın gözünün toyşunu aparmırdı. Gələndə təkərlərin səsi eşidilmirdi, amma indi şırıltıya qulaq as; elə bil şəlalə şırıltısıdı, adama layla çalır, mürgü gətirir. Ağarəhim fikirləşəndə ki, hələ qabaqda dörd yüz kilometrdən çox yol var, başladı darıxmağa, təntiməyə və o dəqiqə də başa düşdü ki, bu qədər yolu darıxa-darıxa getmək olmaz – adamın bağrı partlayar, vallah. Özünə ürək-dirək verdi, toxtaq olmağa çalışdı. Cəhənnəm olsun yolun ağlığı da, uzaqlığı da. Təptəzə “Jiquli”nin əlində dörd yüz kilometr yol nədir ki? Qaldı təklik məsələsi – onun da çarəsi var. Radioqəbuledicini aç, səsi gəlsin, ya da maqnitofonu işə sal, kefin nə qədər istəyir, oxusun səninçün. Bəs maqnitofonu nədən ötrü almısan, atam-qardaşım, Yapon maqnitofonu üçün alverçiyə min manatı niyə vermisən?

198032 dəq
Qatarda

Dostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.

198023 dəq
Şehli çəmənlərin işığı

Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?

198526 dəq

Başqa şairlərin şeirləri