Dədə palıd
Səhifə 5 / 15 · 27%
– Quruyur ha, – dedi. – Nə kömürü çıxar bunun. Düz bir il bəs eləyər mənə.
Elə bil Bağırın ürəyi qopub ayaqlarının altına düşdü. Nitqi qurudu, ha fikirləşdi, Piti Namaza deməyə tutarlı bir söz tapa bilmədi.
Namaz, Nurcabbara gözünün ucuyla da baxmırdı, elə bil burada “Nurcabbar” adlı adam yox idi. Yenə nəzərlərini iynə kimi sancmışdı Bağırın üzünə, yenə bic-bic gülümsəyirdi. Namaz motorun səsini üstələmək istəyirmiş kimi bərkdən qışqırdı.
– Bağır dayı, muştuluğumu ver, qızın gəlib!
Bayaq Bağırın özü boyda qulağa dönmüş vücudu gərilib açıldı. Bağır dirənə-dirənə, ürəyi döyünə-döyünə:
– Nə təhər gəlib, ə? – dedi. – Tək?
– Yox uşaqnan!.. Gedirsən, aparım!
Bağır başını buladı.
“Moskviç” nərildəyib tərpəndi. Yükün ağırlığından maşının arxası az qalırdı yerə dəysin. Maşın qabağına gələn ot-ələfi yastılaya-yastılaya, ütüləyə-ütüləyə çıxıb getdi.
Bağır bir xeyli lal-dinməz oturub, “Moskviç”in getdiyi səmtə key-key baxdı. Sonra həmin key nəzərlərlə Nurcabbara baxdı. Nurcabbar göy dəftəri əlində bürmələyib, gözlərini zilləmişdi Dədə palıdın gövdəsinə.
Bağır asta-asta qalxdı.
– Gec gəlsəm, heyvanları rahatlayarsan, – dedi və meşənin ayağına – ürgə atı cidarladığı yerə tərəf getdi.
Həmişə rayonun girəcəyində Bağır atın yüyənini bir balaca dartardı, at yerişini yavaşıdardı, Bağır da aylarla görmədiyi yerlərə gözləri dolusu tamaşa eləyərdi. İndi atın cilovu çəkilmədi, köpüklü, qaramtıl cəhəngi ağrımadı, yəqin at elə bildi ki, üstündəki adam yatıb, adətkərdə at yerişini özü səngitdi.
Bağır şose yolun sağındakı çörək zavodunun hündür, yoğun borusuna axdı, təzə tikilmiş yağ-pendir zavodunun uca daş barısına baxdı. Sonra şose yolun solunda göz qaralanacan uzanıb gedən cavan meşəyə baxdı. Aralıdan qalın kolluğa bənzəyən meşənin girəcəyində qolluşaxəli yeddi-səkkiz ağac vardı ki, onların da kölgəsində Piti Namazın isti-yapalaq kababxanası qaralırdı. Bu kababxanadan səhər-axşam dumana oxşayan tüstü qalxırdı və Bağır hər dəfə burdan ötəndə ona elə gəlirdi ki, təzə meşədəki ağacları böyüməyə qoymayan bu ağımtıl tüstüdür. Bir meşə ki, bütün günü kabab iyi, araq iyi uda, kefli müştərilərin dedi-qodusunu, söyüşünü, çığırtısını eşidə, o meşəni ha sula, ha bəslə – xeyri yoxdu – yenə qınında yanacaq...
Qəbiristanlığı ötəndən sonra Bağırın yadına düşdü ki, qəbiristanlığa tərəf baxmayıb. Həmişə burdan keçəndə yəhərdə dikəlib, yola yaxın, torpağı qaralmış, başağacları çürüyüb tərg olmuş iki yan-yana qəbrə – arvadının və ilk övladının qəbrinə baxardı, dodaqlarının altında pıçıldayardı: “Allah sizə rəhmət eləsin”. İndi demədi. İndi ölülərə rəhmət oxumaq yadından çıxmışdı, çünki qızının qəfil gəlişi Bağırı çaşdırmışdı. Bağır ağıllı-başlı sevinə bilmirdi, sevinci hardasa qırılırdı, yarımçıq qalırdı. Bağırın ürəyinə dammışdı ki, qızının gəlişi xeyirliyə deyil. Nazlı bu rayona hələm-hələm gəlməzdi, iki-üç ildə bir dəfə gələrdi, özü də əriylə. Gəlməmişdən xəbər göndərərdi: filan ayın filan günündə yanındayıq, dədə. Bəs indi niyə xəbərsiz gəlib, niyə Müzəffərsiz gəlib?
Bağır yüyəndən yapışıb atı darvazadan keçirəndə aynabəndə nəzər saldı, aynabəndin pəncərələri taybatay açıq idi, ancaq orda kimsə gözə dəymirdi, səs-səmir eşidilmirdi. Əvvəllər Nazlının gəlişi belə olmurdu axı. Qırmızı kərpicdən tikilmiş kürsülü evə Nazlı özüylə hərarət gətirirdi, səs-küy gətirirdi. Bu gen-bol həyətə təkcə Nazlının qəhqəhəsi bəs eləyirdi. Həyət də gülürdü, ağaclar da gülürdü, qırmızı binanın kərpicləri də gülürdü. Nazlı aynabənddə dolaşanda aynabəndin işığı artırdı, aynabəndin işığı göz qamaşdırırdı, adamlar bu işığı yeddi ağaclıqdan görürdülər və bilirdilər ki, Bağırın qızı Nazlı Bakıdan gəlib. Bəs hanı o işıq, hanı o hərarət? Bura elə Bağırın qoyub getdiyi kimidi – tutqun, incik, soyuq...
Bağır kimisə hürküdəcəyindən qorxurmuş təkin pilləkəni ehmal-ehmal qalxdı və qapının ağzında ayaq saxladı. Nazlı donunun ətəyini çırmalayıb yaş əski ilə döşəməni silirdi. Elə bil arxada atasının nəfəsini duyub qanrıldı. Əllərini yerə verib qalxdı. Atasına baxa-baxa suyu süzülən əskini yanındakı vedrəyə tulladı.
– Ay dədə, – deyib gülümsədi və gülümsəyəndə üzünə nazik qırışlar düşdü.
Nazlı əvvəlki Nazlı deyildi. Nazlı yaman arıqlamışdı, sifəti lap yumruq boyda olmuşdu.
Nazlı atasının tüklü üzündən dönə-dönə öpdü, soyuq, yaş əllərini kişinin boyun-boğazında gəzdirdi.
– Sənə qurban olum, ay dədə, – dedi. – Hardan bildin gəldiyimizi?
Qızının solğun bənizinə baxmaqdan utanırmış kimi Bağır üzünü yana tutub:
– Namaz xəbər gətirmişdi, – dedi və ürəyinə damdı ki, Piti Namaz Nazlının qəfil gəlişinin səbəbini bilir, yoxsa elə müəmmalı gülümsəməzdi. Bu dünyada Namazın bilmədiyi, baş açmadığı sirr yoxdu. Zalımın balası adamın ürəyindən keçənləri də görür, keçməyənləri də. Namaz yeri iyləyir, havanı iyləyir və allahla bəndənin arasında “sirr” deyilən şeyi burnuyla öyrənir, burnuyla duyur.
Nazlı donunun ətəyini saldı.
– Haçar elə həmənki yerindəydi, – dedi, – pilləkənin altında. Bəs demirsən ev-eşiyi soyub aparərlar?
Bağır başını buladı. Nazlının ağlı şəhərə gedib: beş-on dəqiqəliyə evdən çıxanda qapını hər yerdən qıfıllayırlar.
Nazlı üst-başını çırpa-çırpa çirkli suyla dolu vedrəyə baxdı.
– Buralar nə kökdəydi, – dedi. – Döşəmədə əl qalınlıqda toz vardı.
Bağır təəccüb içində dayanıb qızına baxırdı, ancaq onu təəccübləndirən Nazlının sözləri deyildi, ev-eşiyin tozlu olmağına Bağır çoxdan öyrənmişdi. Bağırı təəccübləndirən Nazlının gətirdiyi çamadanlar, yeşiklər idi, – Nazlı aynabəndin küncünə bir xaraba yükü şey düzmüşdü. Bağırı təəccübləndirən Nazlının səsindəki titrəklik, kövrəklik idi – elə bil Nazlı ağlamaq istəyirdi, elə bil qəhərini güclə boğurdu. Əvvəllər də Nazlı rayona gələndə ev-eşiyi bu kökdə görərdi, onda kövrəlməzdi, atasının boynunu qucaqlayıb zarafatla deyərdi: “evlən, ay dədə, hələ cavansan”.
Nazlının iri gözlərinə diqqətlə baxanda Bağır başa düşdü ki, məsələ ev-eşikdə deyil, Nazlını kövrəldən, ağrıdan başqa şeydi, başqa sirdi. Nazlının gözlərində bir kədər kölgəsi dolanırdı və bu kölgənin rişəsi, deyəsən, çox dərində idi.
Nazlı baxışlarını atasından gizlətməkçün yaş əskini götürüb, təzədən döşəməni silməyə başladı.
Bağır qapının ağzında dayanıb, qızının tərpəndikcə sümükləri dikələn çiyninə, şəhərli əllərinə oxşamayan çat-çat, qırmızımtıl əllərinə baxa-baxa soruşdu:
– Bəs balaca hanı?
Nazlı başını qaldırmadan, döşəməni silə-silə:
– İçəridə yatıb, – dedi. – Gecə vaqonda yuxusu qaçmışdı yazığın.
– Yəqin acsan.
Nazlı əskini vedrəyə tulladı, yaş əlini saçına çəkib gülümsədi və gülümsəyəndə yumruq boyda üzünə yenə nazik qırışlar düşdü.
– Dişimizin altına qoymağa evdə heç nə tapmadıq, – dedi. – Tünzalə də ac yatıb.
Bağır dönüb pilləkəni enə-enə:
– Tünüdə nə can var, – dedi. – Tünü aclığa necə tab gətirsin?
İşlənməkdən sürtülüb didilmiş qırmızımtıl xurcunu atın belindən götürəndə Bağırın yadına düşdü ki, kürəkənindən hal-əhval tutmayıb. Müzəffər barədə heç Nazlı özü də bir söz demədi. “Müzəffərin başında bir iş olsaydı, Nazlı açıb deyərdi. Bəlkə dalaşıblar, bəlkə küsüşüblər?..”
Bağır xurcunu çiyninə atdı, pilləkəni qalxa-qalxa bu qərara gəldi ki, Nazlıdan Müzəffərin əhvalını soruşsun və nədənsə, onu da fikirləşdi ki, Müzəffərin adını çəkən kimi Nazlı hönkürüb ağlayacaq.
Bağır xurcunu aynabəndin girəcəyinə qoyub, üzünü Nazlıya tutdu, ağzını doldurdu ki, Müzəffəri soruşsun, amma soruşa bilmədi, çünki qızının şabalıdı saçında bir çəngə ağ tük gördü və bu ağ tük kişinin dilini qıfılladı. Bir barmaq enində ağ zolaq idi. Nazlının alnından başlayıb cığası boyu gedirdi. “Bunun qocalan vaxtıdımı, fələk? Nazlının vur-tut iyirmi beş yaşı var. On ildən sonra bunun halı necə olacaq?” Bağır xurcunun yanında çöməldi, özü də bilmədi niyə çöməldi. Səsinin tutulacağından, xırıldayacağından ehtiyat elədiyi üçün yumruğunu ağzına dirəyib öskürdü.
– Burda pendir də var, çörək də var – dedi.
Nazlı atasıyla üzbəüz çöməlib xurcunun ağzını tələm-tələsik açdı. Böyük mis kasa çıxartdı ordan.
– Pendiri özün tutmusan? – dedi.
Bağır yenə öskürdü.
– Özüm tutmuşam.
Nazlı xurcundan beş-altı yumşaq yuxa çıxartdı.
– Ay dədə, qurban olum sənə, bundan ötrü ölürəm. Gör neçə ildi yuxa yemirəm.
Bağır altdan-altdan qızının saçındakı ağ zolağa baxdı.
– Sacda özüm salmışam, – dedi.
Nazlı xurcundan ağzı bağlı bir banka da çıxartdı.
– Bal da gətirmisən ki, dədə.
– Bu da öz yeşiyimdəndi... Keçən ay bunnan sizə də göndərmişdim.
– Hamısını Tünzaləyə yedizdirdik.
Bağır otağın örtülü qapısına baxıb soruşdu:
– Tünü əmələ gəlibmi?
Nazlı xurcunu eşələyə-eşələyə başını buladı, köks ötürdü.
– Tünü elə boya verir, – dedi. – Bir əlimiz ağzındadı, genə əti-qanı yoxdu.
Bu dəqiqə nəvəsini görmək, onu yuxudan oyatmaq həvəsi Bağırı ayağa qaldırdı. Pəncələri üstə otağa tərəf gedə-gedə:
Kitabxana.az · https://kitabxana.az/works/isi-melikzade-dede-palid
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Seymur paltosunu geyinib qapının ağzında dayandı. Anası balaca qara çamadanı və içi dolu həsir zənbili gətirib onun qarşısına qoydu. Oğlan şeylərə tərəf baxmadı. Gözlərini anasının yanına sallanmış damarlı, quru əllərinə zillədi. Sonra onu umacaqlı baxışla süzdü. Firuzə oğlunun fikrini anlayıb gülümsədi. Əlini dirsəkdən ilməsi qaçmış sarımtıl, nimdaş jaketinin cibinə saldı.– Al, hələlik bunu xərclə...
TalismanAğarəhim Borçalıda cəmi-cümlətani bircə gecə qaldı. Bu da işdir sən allah, dünən gəl, bu gün qayıt. Gərək, heç olmasa, üç-dörd gün gəzəydi burda, üç-dörd gün Bakının basabasından səs-küyündən uzaq olaydı. Borcalının “qaymaq” havasından udaydı, “bal” suyundan içəydi. Ağarəhim könülsüz-könülsüz “Jiquli”yə oturanda qayınanası yalvardı ki, “qal, getmə”. Ağarəhimin əvəzinə arvadı Pərvanə cavab verdi: “Getməlidi, – dedi, gərək ponidelnik işdə olsun”. Ağarəhim ürəyində: “Tüpürüm ponidelnikə”, – deyib maşını tərpətdi, amma başa düşdü ki, “ponidelnikə” tüpürə bilməz, çünki “ponidelnik” institutda olmalıdı, axşam şöbəsinin tələbələrindən imtahan götürməlidi...Sağ-solunda yastı, bomboz təpələr görəndə Ağarəhim anladı ki, maşında tək-tənha uzaq yol getmək müsibətdir. Gələndə arvad-uşağı yanında idi və onda elə bil buralar belə bozumtul, belə qərib deyildi, yol belə əyri-üyrü, dolanbac deyildi, asfalt adamın gözünün toyşunu aparmırdı. Gələndə təkərlərin səsi eşidilmirdi, amma indi şırıltıya qulaq as; elə bil şəlalə şırıltısıdı, adama layla çalır, mürgü gətirir. Ağarəhim fikirləşəndə ki, hələ qabaqda dörd yüz kilometrdən çox yol var, başladı darıxmağa, təntiməyə və o dəqiqə də başa düşdü ki, bu qədər yolu darıxa-darıxa getmək olmaz – adamın bağrı partlayar, vallah. Özünə ürək-dirək verdi, toxtaq olmağa çalışdı. Cəhənnəm olsun yolun ağlığı da, uzaqlığı da. Təptəzə “Jiquli”nin əlində dörd yüz kilometr yol nədir ki? Qaldı təklik məsələsi – onun da çarəsi var. Radioqəbuledicini aç, səsi gəlsin, ya da maqnitofonu işə sal, kefin nə qədər istəyir, oxusun səninçün. Bəs maqnitofonu nədən ötrü almısan, atam-qardaşım, Yapon maqnitofonu üçün alverçiyə min manatı niyə vermisən?
QatardaDostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.
Şehli çəmənlərin işığıAltmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?
Başqa şairlərin şeirləri
Görkəmli filosof, professor Camal Mustafayev kübar qadın Sara xanıma universitetdən aldığı maaşdan yardım əli uzatmış, bunun üstündə təqib edilmişdir.*Müəllif*
Nə qəmim var cahan icrə bənim, yar bənimNə qəmim var cahan icrə bənim, yar bənim,Nəyim əksikdi bənim, yar bənim, var bənim.
OynamasınGeyinib-kecinib toya gedənlər,Amanat, amanat qız oynamasın.
SonaNə yandırdın eşq əhlinin canını,Sənsən bu dünyanın maralı, Sona.