Dördüncü hissə, 10
Səhifə 2 / 2 · 50%
– Cənab direktor, mən əlahəzrət imperatorumuza xidmət edirəm.
– Danosbazlıqla?
– Cənab Semyonov...
– Otağı tərk edin.
– Siz mənimlə belə danışmayın, mən sizin üçün tatar uşağı deyiləm.
– Mən də sizin üçün amalsız bir xəfiyyə deyiləm.
– Siz məni təhqir edirsiniz.
– Siz isə böyük bir milləti ləkələyirsiniz.
– Çox baş aparırsınız, cənab Semyonov, bir sıra məsələlər indi mənə aydınlaşır...
– Mənə də aydınlaşır. Gedin, sizinlə çox danışmağı özümə həqarət sanıram.
Əşrəfin kəmərini açdılar, şapkasındakı nişanı sökdülər və elə həmin gecə qaranlıq, rütubət zirzəmiyə saldılar. O, bir xeyli susdu. Ayağının altındakı saman xışıltısından başqa heç nə eşitmədi. İrəli yerimək istədikdə başı divara deydi, əli nəm daşlara toxundu. Əşrəf tərpənmədi. Gözü qaranlığa alışana qədər gözlədi. Hər yer sakit idi. Hardasa su damcılayır, arabir siçan civildəyirdi. Onun əti çimçəşdi, bu rütubətli zirzəmidə qalmağı şəninə sığışdırmadı, ayağa durub qapını sındırmaq və birbaş yataqxanaya yollanmaq istədi. Bayırda səs eşidib susdu. Nə danışıldığını öyrənməyə çalışdı. Növbətçi müəllim Petrov keşikçi tələbəyə göstəriş verirdi. "Bu tərəfə bir adam hərlənsə, ona bir parça çörək verilsə, səni bu çəliklə ölüncəyə qədər əzişdirəcəm, özünü də məktəbdən qovduracam, eşitdinmi? Qapıya qıfıl vur, özüm bir azdan gəlib hər şeyi yoxlayacam".
Əşrəfin dişi bağırsaqlarını doğrasa da dinmədi. Petrovun çəkmələrinin cırıltısı kəsənəcən susdu.
Onun keşiyini çəkən İvan adlı bir tələbə idi. Xristian şöbəsində oxuyan bu uşaqla Əşrəf bir-iki dəfə Kipianinin dərnəyində rastlaşmışdı. Araları açıq deyildi. Ona görə də bir söz deməkdən çəkinirdi. Bir də ona deyiləsi sözü də yox idi. Direktorun əmri ilə onu cəzalandırmışdılar. Bir həftə bu qaranlıq zirzəmidə siçanlarla birlikdə yatacaq sonra isə uşaqların yanına qayıdacaqdı.
Əşrəfin gözü qaranlığa alışdı. O gördü ki, bura darısqal bir yerdir. Döşəməyə küləş tökülmüşdür. Küləşin ortası yapıxmışdır. Görünür ondan qabaq burada cəzasını çəkən uşaqlar yerlərini rahatlamaq üçün hardansa bu küləşi tapıb gətirmişlər.
Əşraf yeni mənzilini nəzərdən keçirdikdən sonra yerini rahatlamaq istədi. Pencəyinin yaxasını qaldırdı, küləşin üstünə uzanıb gözlərini yumdu. O, hər şeyi unutmaq, qarışıq fikirlərdən yaxasını qurtarmaq üçün yatmağa çalışdı. Siçanlar onun tərpənmədiyini görüb cəsarətləndilər. Əvvəlcə onun ətrafinda fırlandılar. Bığlarını oynada-oynada Əşrəfin əllərini, sifətini qoxuladılar. Hətta onun üstündə gəzişdilər. Siçanlardan biri Əşrəfin qulağına yaxınlaşdı. Bu təmasdan oğlan dik atıldı. Siçanlar civilti ilə ətrafa səpələndilər. Əşrəf bir xeyli gözünü qaranlığa zilləyib dayandı. Artıq bayırda səs-səmir kəsilmişdi. Uşaqlar axşam məşğələlərini qurtarıb yataqxanaya getmişdilər. "Yəqin məni heç yada salan da yoxdur. Bu saat şirin-şirin yatırlar. Görəsən, gecədən çoxmu keçib?"
Qapı astadan döyüldü.
– Kimsən?
– Mənəm.
– Sən kimsən?
– Səs salma, qapıya yaxın gəl. Əlini taxtanın arasından bəri sal, götür, uşaqlar göndərib. Yəqin lap acmısan. Bunları ye, sənə süd də gətirəcəklər.
– Vanya, bəs qorxmursan?
– İşində ol, səhərdən başımdan əkə bilmirdim, indicə getdi.
– Kim?
– Cənab növbətçi müəllim.
Əşrəf çörəyi aldı. Soyumuş olsa da, kotleti iştahla yedi.
– Əşrəf!
– Nədi?
– Mən səni belə bilmirdim, qoçaq oğlansanmış, Petrovu yerində yaxşı oturtdun. Bizim hamımız sənə aşiq olmuşuq. Heç nədən qorxma.
Səni məktəbdən qova bilməzlər. Hamımız sənin dalında durmuşuq. Öldü var, döndü yoxdur. Çörəyi yedinmi? Deyəsən səs gəlir, geri çəkil.
Əşrəf zirzəminin küncünə qısıldı. Ürəyi döyünə-döyünə bayırı dinlədi. Vanya kiminləsə xısın-xısın danışdı və aradan on dəqiqə keçəndən sonra yenidən Əşrəfi səslədi:
– Ala, bu südü də iç. Firidunla Luka göndəriblər. Sən Lukanı tanıyırsanmı? Bizim şairimiz. Özləri gələ bilməyiblər. Petrov indi də yataqxanada fırlanır. Süpürgəçi ilə göndəriblər.
– Çox sağ olsunlar.
Əşrəf südü başına çəkdi.
– Vanya!
– Nədi?
– Axı yata bilmirəm.
– Niyə?
– Siçanlar qoymur, özü də yaman nəmişlikdir.
– Bilirsən nə var, Əşrəf, zirzəminin aşağısında balaca bir taxta var, başa düşdünmü? Oranı axtar... Tapdınmı? Onu qaldır, qabağına nazik bir pilləkən çıxacaq. Orada balaca otaq kimi yer var. Səhərəcən uzan yat, sonra yenə düşərsən aşağı. Bax, gecikmə ha, sonra sirrimizi açarsan.
– Sən bunları haradan bilirsən, Vanya?
– İki-üç dəfə özüm orda yatmışam.
– Nəyin üstündə?
– Elə bilirsən qoçaq tək sənsən? Di get, gecən xeyrə qalsın.
Əşrəf əlləri ilə qaranlığı yoxlaya-yoxlaya pilləkəni tapdı. Taxtapuşdakı balaca otağa qalxdı. Kiçik pəncərədən təmiz hava onun üzünə vurdu. Əşrəf sinəsi dolusu nəfəs alıb yanağını şüşəyə söykədi. Göyün üzü tərtəmiz idi. Ulduzlar civə kimi titrəşirdi. Kür astadan qyıldayır, mürgüləyən şəhərin ətrafına dolanırdı.
Kitabxana.az · https://kitabxana.az/works/ismayil-sixli-deli-kur-dorduncu-hisse-10
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qar ara vermişdi. Göyün üzündə gün işıldayırdı. Amma hava sazaq idi. Dünəndən kişilərinə çörək gətirən arvadlar evlərinə getməmişdilər. Onlar qonşu həyətlərdə, damların böyründə, çəpərlərin dibində büzüşüb oturmuşdular. Ümid edirdilər ki, böyüklərin ürəyinə insaf gələcək və kişilərin yemək üçün evlərdən gətirilən şeyləri qəbul edəcəklər. Damların üstü, çəpərlərin dibi, kənd yolları, evlər qarın altında qalmışdı. Başqa vaxt olsaydı, kənd adamları damların üstünü, həyət-bacaları qardan təmizləyər, mal-qaranı həyətə çıxardar, sonra da kürəyi götürüb yollarda cığır açardılar. Bacalarından tüstü qalxan evlərin belindəki qarı təmizləməyin ayrı ləzzəti var idi. Uşaqlar da, elə böyüklər də bundan ayrı zövq alardılar. Amma indi həyətlərdə nə malqara görünür, nə də qar təmizləyirdilər.Məsciddəki camaat soyuqdan titrəşirdi. Biryandan qar-şaxta, bir yandan da aclıq onları əldən salmışdı. Soyuqdan donmamaq üçün ayaqlarını yerə döyür, kürək-kürəyə verib bir təhər qızışırdılar, Qar adamın gözünü qamaşdırırdı.
VIII fəsil, 5Gün əyilmişdi. Yenidən sazaq başlayırdı. Kimsə hasarın dibinə yaxınlaşdı və tüfəngini gətirmək üçün icazə istədi. Onu iki rus əsgəri süngünün qabağına salıb evinə apardı. Oğlan tövlənin axurunda gizlətdiyi tüfəngi götürdü və əsgərlərə verdi. Onu buraxdılar. Bundan sonra camaat irdələndi, silahlarını gətirib təhvil verdilər. Axşam üstünə yaxın məscidin həyəti boşaldı.Uzun qılınclı atlı komandirlər qonşu kənddən gətirdikləri dustaqları məktəbin həyətindəki kalafaya doldurdular. Dustaqlar elə zənd etdilər ki, onları elə buradaca güllələyəcəklər. Amma onlara dəymədilər. Aradan bir az keçəndən sonra Qaymaqlı kəndinin sakinlərindən də bir dəstə gətirib onlara qatdılar.
IX fəsil, 1Qəza mərkəzindən yola düşən fayton Acı Dərəyə çatanda atlı milislər tüfənglərini çiyinlərindən götürdülər. Gülləni lüləyə verib faytondan qabağa keçdilər. Yarğana yaxınlaşıb, qaçaq-quldurun pusquda dayana biləcəyi yerləri tapmaq və yol kəsən varsa, qəfildən üstlərini almaq üçün hazır dayandılar. Bir xeyli səssiz-səmirsiz ətrafı dinşədilər. Nə gəlib- gedən vardı, nə də bir hənirti eşidilirdi. Təkcə dərənin dibi ilə axan su şırıldayırdı. Bir az da gözlədilər. Sonra milislərdən ikisi dərəyə enib, torpaq yolla aşağı düşdü. Qalanları isə barmaqları tətikdə qolpunlara, yarğanlara göz qoydular. Dərəyə enən atların əvvəl ayaq tappıltısı, sonra da nal şaqqıltısı eşidildi. Gözləyənlər başa düşdülər ki, yoldaşları dərənin dibinə çatdılar, çınqıllı- daşlı çayı keçdilər. Bir azdan isə yoxuşu qalxıb qarşıdakı dikdirdə görürdülər. Hamı: bəri üzdə keşik çəkən atlı milislər də, faytondakılar da nəfəslərini dərdilər. Yol salamatlıq idi. Əgər qaçaq-quldur olsaydı, çoxdan meydana çıxmışdılar.Faytonu əhatəyə aldılar. İki milis qabaqda, iki milis arxada, ikisi də yanda dərəyə endilər. Kələ-kötür yolda silkələnə-silkələnə, hər şıqqıltıdan diksinə- diksinə çayı keçdilər. Dikdirə qalxdılar və tezcə də sağa burulub xır yoluna çıxdılar.
IX fəsil, 2Güllü xanımın qulağı almışdı ki, qonşu kəndlərdən adamları evli-eşikli, arvadlı-uşaqlı arabalara doldurub harasa göndərirlər. Onlara yorğan-döşək, paltar-palaz götürməyə də icazə vermirlər. Adambaşına cəmisi ikicə pud yük götürmək olardı. Güllü xanım gecələr səhərə qədər yerinin içində qıvrılır, hər şıqqıltıya diksinir, bir şey olan kimi ayağa durub otaqda gəzinirdi. Gəlinlərdən xəlvət yaxtanları açır, boxçaları yır-yığış edirdi. Vəzndən yüngül, qiymətdən ağır şeylərini ayrıca bir ehtiyatla paltarlarının ağıla gəlməz yerlərində gizlədirdi. Onun ürəyinə dammışdı ki, evlərinin başı üstdə qaranlıq var.İki gün bundan əvvəl isə Qaybalı kişi onların yanına gizlincə adam göndərmişdi. Özü ortaya çıxa bilmirdi. Kənddə min göz, min çuğul var idi. Camaatın yarısının bir ayağı Gepoda, bir ayağı da kənddə idi. Şənlikdə biri asqıran kimi şəhər xəbər tuturdu. O, göndərdiyi adamdan Güllü xanıma ismarlamışdı ki, hazırlıq görsün, deyəsən, uzaq səfərə çıxacaqlar. Qaybalı kişi bu evdə çoxlu duz-çörək kəsmişdi, haqqı-salamı itirmək istəmirdi. Güllü xanım gəlinləri yanına çağırdı.