Məişətimizə dair
Səhifə 2 / 2 · 50%
Sövdagər və alış-veriş əhlinin zəmmindən sonra şair xanzadə və nücəba sinfinə ətfi-kəlam edib, onların əleyhində yazır:
Həddən aşıb bu viladə şərarət,
Hər kim bir iş görə puluna minnət.
Mu qədəri yoxdur ədlü ədalət,
Və lakin şöhrəti-bicayə bir bax.
Böyüklərin işi deyil deməli,
Dənidən betərdir felü əməli,
Belə görməmişdik bundan əzəli,
İndi karü bari-rüsvayə bir bax.
Xanzadələr şişə taxar rəyəti,
Özlərinin deyil malü dövləti,
Oda təpər harda düşsə fürsəti,
Mujikə seyr eylə, ağayə bir bax.
Palajenya nəqli ta olub möhkəm;
Gərək bəy azalda zülmün dəmadəm,
Dəxi də artırar bu əhli-biqəm,
Yanında çalınan zurnayə bir bax.
Piranəsərlikdə mən oldum rüsva,
Düzəlmədi işlər, cana yetdim ta,
Gör nə oyun tutdu, əzizim Mirza,
Zakira, təqdiri-qəzayə bir bax.
Zakir özü Qarabağın xass-xalis nücəbalarından ola-ola öz həmsinfinin ayıb və qüsurunu belə açıq mərdanə və şairanə söyləməyi, əlbəttə, şayani-təhsindir. İmperator Aleksandr sani 1861-ci ildə fevral ayının 19-cu günündə verdiyi fərmani-hümayunu ilə Rusiyada olan cəmi rəiyyət tayfasını mülkədar ağaların cövr və sitəmindən xilas elədi. Bu fərmanın zühuru ilə əlli-altmış milyon rus əkinçilərinin üstünə guya təzə bir gün doğdu. Bir il bundan sonra Zaqafqaziyada olan rəiyyətləri haqqında dəxi təzə polojeniya qərardad olundu. Bu polojeniyanın hökmüncə bizim ağaların bir para həddi-təcavüz edən ixtiyarları geri alınıb, zülm və təəddi əlləri qısalandı. Hər iki sinfin mabeynində guya bir növ sülh və xoşrəftarlıq binası təsis olundu. Və lakin Zaqafqaziyanın sair yerlərində polojeniyanın hökmünə az-çox əməl olunursa da, bizim yerdə olunmadı. Necə ki, Zakir yazır: Polojeniya hökmü sadir olandan sonra zülm etməyə metad olan "bu qövmi-biqəm" dəxi də öz zülmlərini artırıb, rəiyyət tayfasını bicürmü günah şişə taxıb yandırarlarmış. Şair onlarıi bu sayaq zülmkar, biar və bədşüur olmaqlarından nalə və fəryad edib, hali-dilini dusti-əzizi olan Mirzə Fətəli Axundova yazmışdır.
Zakirin əsrindən bu ana qədər qırx beş-əlli sənə gəlib keçibdir. Bu müddətin ərzində əcnəbi millətlər və bizdən çox geridə olan qövm və tayfalar bizi basmıyıb qabağa keçiblər. Çünki hamıdan artıq rəiyyətin əlinin zəhməti ilə asudə mürəffə hal dolanan onlardır və lakin çox heyf olsun ki, bizim alinəsəb ağazadə və xanzadələrimiz bu məsələyə başqa nəzər ilə baxıb, rəiyyət tayfasının həmişə vəhşi halında və zülmət aləmində qalmaqlarını özləri üçün eyni-səlah görüblər; ta ki, onların avamlığı ilə nəfbərdar olub mərifət ... işığının və elm nurunun onların içinə daxil olmasına sədd çəkib, məmanəət göstəriblər və əlan göstərməkdədirlər.
"Qarğalar laçın olub, laçınlar qarğalanıb". Bu müddəti-mədiddə rəiyyət tayfasının güzəranı və övzai-məişəti dəyişilib, üsrətdən-yüsrətə mübəddəl olmayıb, gələ-gələ fəqir və zillətə düçar olmaqdadırlar. Əlbəttə, cümlədən ziyada onların qeydinə qalan və oduna yanan gərək mülkədar bəylər və ağalar olaydı, hamıdan artıq gərək onlar çalışıb öz rəiyyətləri arasında elm və bilik intişar edəydilər.
Neçə vaxt bundan müqəddəm həqir böyük bir mülkədar bəy ilə dəhat əhlinin cəhalət və avamlığından bəhs edib ona məsləhət üzü ilə təklif elədim ki, öz kəndində rəiyyət uşaqlarının təlimi üçün bir təb açdırsın.
Bizim bu təklifimizdən cənab bəy mütəğəyyir-hal olub, itab ilə cavabında bizə dedi ki, filankəs, sən nahaq yerə belə sözləri bizim camaatın içində danışırsan və aralarına iğtişaş salırsan. Rəiyyət tayfasına oxumaq-yazmaq nə lazımdır. Sözün doğrusunu bilmək istəyirsən sənə deyim: "Mən heç vaxt istəmərəm ki, mənim rəiyyətim elmli və qanacaqlı olsun. Ondan mənə və övladıma nə fayda? Mən əlan öz mülkümün içində bir balaca padşaham, hər nə istəyirəm, eləyirəm. Hər qisim əmr məndən sadir olsa, təbəələrim ona sözsüz, sualsız əməl edirlər. Onlar zəhmət çəkir, işləyir, mən də rahat yeyib padşah kimi dolanıram. Dünya başdan belə yaranıbdır: "Biri zəhmət çəkib qazanır, biri də rahat oturub yeyir". Kim istər padşahlığını əldən versin? Kim istər öz məmləkətində elm oxutmaq ilə xəyanətkar sosialistlər əmələ gətirsin, fəsad toxumunu əksin?!"
Əlbəttə, sərkarın bu batil etiqadda olmağı onun öz avamlığını dəxi göstərir. İşin zahirini görüb, batininə elm yetirə bilmir və düşünmür ki, camaatı həmişə avamlıqda saxlamaq olmaz, anlamır ki, o, avamlıqda qaldığı halda ətrafdakılar elm sayəsində tərəqqi edib qabağa gedirlər və çox çəkməz ki, ona hücum edib özünü, müstəmləkatını və avam təbəəsini əjdaha kimi udub məhv və nabud edəcəklər....
3
İrəliki məqalələrimizdən "Tərəqqi"nin hörmətli oxucuları gördülər ki, əsillərindən o dərəcədə uzaqda və kənarda durmayıblar, necə ki, bizimkilər durubdur. İntelligensiyamız ilə camaatımızın arasında dərin və gen bir dərə vardır ki, hər iki tərəfi bir-birinə vasil etmək üçün lazımdır yol açmaq və körpü salmaq. Hələ hər bir tərəfin "köçü də ayrıdır, heçi də". Təlim və tərbiyə kəsb edənlərimiz kənardan durub millətimizə tamaşa edirlər və millətin çirkinliyi, fəqirliyi və avamlığı onları təəccüb və heyrətə salır. Avam camaata gəldikdə o dəxi təlim almışlarımıza vəhşiyanə baxıb onlardan bir yaxınlıq, bir mülayimət və münasibət, həqiqi bir iltifat və müavinət görməyib də kənara çəkilir, onlardan hürkür. Tərəflərin yek-digərinə yaxınlaşmağına hələ bir vəsilə görünməyir. Füzuli Bağdadinin kəlamını bir azacıq dəyişdirib, münasibi-hal demək olar:
Bu ona fitnə, ol buna afət,
Bu ona qüssə, ol buna möhnət.
Mütənəffir bu ondan, ol bundan,
Mütənəkkir bu ondan, ol bundan.
Burada tamam səhv və xəta və bəlkə günah, bizim əqidəmizə görə, intelligensiyadadır. Çünki bunlar millətimizi özlərindən ayrı və özlərinə oxşamayam bir cismi-kəsif məqamında tutub, ona yaxınlaşmağa meyl və rəğbət göstərmirlər və kənara çəkilib istəyirlər ki, boş sözlər ilə onun dərdinə əlac eləsinlər. Özlərini hər cəhətdən əşrəf və əfzəl tutub, qara camaatın içinə qarışmağı özləri üçün böyük eyib hesab edirlər. Yuxarı mərtəbələrindən aşağı enməyi kəsri-şan bilirlər. Söz yoxdur ki, kənarda durmaqla millətin ehtiyacını və dərd-halını bilmək olmaz Və bilmədiyi halda ona kömək vermək, dərdinə əlac tapmaq və onu haqqa irşad etmək qeyri-mümkündür. Necə ki, təbib naxoşun naxoşluğunu bilməmiş buna müalicə etməz, habelə də bizim intelligensiyamız öz məqamlarından tənəzzül etməmiş, millətimizə qarışmamış, onunla müaşirət və müamilət etməmiş, onun nəfəs aldığı hava ilə tənəffüs etməmiş, onun şadlığına və qəminə şərik olmamış, onun cəhalət mərizlərini öz yerində bilafasilə təhqiq və təcziyə etməmiş və üsuli-tədavisinə lazım olan dərmanları istemal qılmamış millətə həqiqi kömək edə bilməzlər və millət dəxi get-gedə daha da artıcaq pozğun hala və möhlik mərəzlərə düçar olub, əlində olan miknət və sərvəti zay edəcəkdir və çobanı itmiş qoyun sürüsü kimi zar və sərgərdan qalıb, axırda əcnəbilər əlində əsir və hər qisim zülm və bəlalərə giriftar olacaqdır....
Hər bir şeyin başı məhəbbətdir. Hər bir şeyi cünbüş və hərəkətə gətirən, hər bir şeyə dirilik və zinət verən məhəbbətdir. Bu hissi-ali isə bizim intelligensiyamızın ürəyində yoxdur. Və necə ki, məhəbbət çeşməsi onların qəlbində açılmayacaqdır, onun həyatbəxş suyu damarlarında cərəyan etməyəcəkdir, intelligensiyamız özlərini kənarda saxlayıb, millətin dərdlərinə və qisim-qisim fəlakətlərə düçar olmasına tamaşaçı olacaqlar.
Bilirəm ki, bizə bu barədə irad olunacaqdır ki, filankəs, səhv edirsiniz, bu halda millətin dərdinə qalan və oduna yanan az-çox var isə də yenə bizim millət xadimlərimiz vardır ki, onların vücudunu inkar etməyə haqqımız yoxdur. Onlar da olmasa vay bizim halımıza; amma bizim dediyimiz bu beş-on nəfər deyil! Beş-on nəfərdən intelligensiya əmələ gəlməz, biz çoxu nəzərdə tuturuq. Əgər desələr ki, çoxunun da həmişə danışdıqları millət sözüdür, cavabında sözümüz bu olacaqdır ki, quru millətpərəst iddiasında olub, onun dərdlərinə məhz söz ilə kömək etməyə biz əsla qiymət vermirik.
Keçmişdə "millət" sözü bizim dilimizdə az işlənərdi və işləndikdə nifrətamiz bir mənanı ifadə edərdi. Bir müslim qeyri bir müslimi hiylə və təzvir damına giriftar etdikdə tora düşən nifrət və kərahətlə fəryad edib deyirdi: "Belə də millət olarmı, a kişi?" Amma indi elə bir zaman yetişibdir ki, onun təqazasına görə millət sözü "modnı" bir ləfz olubdur ki, onun əsil mənasını layiqincə dərk etməyənlər dəxi mövqesiz və ehtiyacsız onu istemal edirlər. Əlbəttə, bunlar tamamən hərfdir, əhli-hal onun bahasına bir qara pul da verməz. Bu qəbil millətpərəstlər "Tərəqqi"nin "Gəncəli" müxbiri yazdığı millətpərəstlər qismindəndir ki, gah da bir Bazarbaşı adlanan yerdə cəm olub, başqa bir söz tapmayıb, "millət sözü" danışırlar və sonra xanələrinə istirahət üçün çəkilirlər və millət, millət deməklə istəyirlər onu qabağa aparsınlar. Ədiblərimizdən möhtərəm Əbdürrəhimbəy Haqverdiyev "Millət dostları" ünvanında yazdığı müxtəsər hekayə yalançı millət dostlarının dolanacağından gözəlcə və tərtəzəcə bir nümunədir. Bu halda hətta millətin dərisini soyan adamlar da millətpərəstlikdən dəm vurub, millət belə gəldi, millət belə getdi deyirlər. Bunların söylədiklərinə inanmaq zəhi sadəlövhlük deyilmi? Bunların haqqında mərhum Hacı Seyid Əzim demişdir:
Qeyrəti-milləti bəhanə qılır,
Gündə xalq içrə yüz fəsanə qılır.
Kitabxana.az · https://kitabxana.az/works/kocerli-meisetimize-dair-1908
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
"İrşad"ın 17-ci nömrəsində dərc olunmuş müxəmməsin sahibi Salik təxəllüslü şairin naxçıvanlı olmağını idarə xəbər verib rəfi-iştibah etmişdir. Əgər idarə tərəfindən bu xəbər verilməsəydi, yenə də həmin kəlamı keçmiş əsrin şüərasına nisbət etmək olmazdı. Çünki şerin məal və məzmunundan və şairin şivəyi-lisanından aşkara görünür ki, bu nalə və fəqanlar indiki fəna halımız və pərişan övza və əhvalımız üçün edilən növhə və nəvalardır ki, şair suzişli dil ilə onları izhar edir.Salik Naxçıvaninin bu əsəri keçmiş şüəranın kəlamına əsla bənzəmir. Keçmişdəki şairlərimizin istilahında vətən, millət, hürriyyət, qeyrət, elm və mərifət misilli sözlər, demək olar ki, yox idi. Əgər nüdrətən bu kəlmələrdən birisi istemal olunsa idi, o da özgə mənaya işlənirdi. Keçmiş vaxtın işi və halı bir özgə, indiki zəmanənin təqazası bir başqa.... Hər nə isə keçək mətləbə. Naxçıvanlı Razizadə Salik ilə Şıxlı Kazım ağa Saliki bir-biri ilə qarışdırmaq cayiz deyil.
Redaksiyaya məktubC. Redaktor! Xahiş edirəm qəzetinizin yaxın nömrələrindən birində mənim bu məktubuma yer verəsiniz.Martın 10-da mən mərhum Qabriel Sundukyansdan aşağıdakı məzmunda bir məktub almışam: "Hörmətli cənab Firidunbəy! İcazə verin sizi bir xahişimlə narahat edim: Zəhmət çəkib mənə xəbər verin görüm, şair Mirzə Şəfi haqqında sizə bir şey məlumdurmu? Onun poeziyasından çap olunmuş kitablar varmı? Varsa o kitabları haradan tapmaq olar? Bu məlumatı Parisdən professor Makler təkidlə istəyir. Ümidvaram ki, mənim bu xahişim yerinə yetiriləcəkdir və mən də Sizə dərindən minnətdar olacağam. Sizə həqiqi hörmət bəsləyən və minnətdar olan bəndeyi-həqiriniz Qabriel Sundukyans".
Sabir haqqında"Molla Nəsrəddin"in 15-ci və "Kaspi" ruznaməsinin 90-cı nömrələrində milli şairimiz Mirzə Ələkbər Sabirin ağır halda xəstəliyi və maddi cəhətincə ziyadə ehtiyacda olmaqlığı yazılmışdı.Bu xəbər bizi xeyli pərişan edib, dərin fikrə saldı. Sabir əsrimizin ən müqtədir və xoştəb şairlərindən birisidir. Onun sabiqdə bəzi müstəar adlar ilə imzalanmış abdar, xoşməzmun və mövzun kəlamları "Molla Nəsrəddin"in səhifələrində dərc olunub, oxucuları bir yandan güldürüb, bir yandan ağladırdı. Onun yazdığı şerlərin çoxu açıq və sadə ana dilində olub, mənşətimizin eynini göstərdiyinə görə əzbər öyrənilirdi.
Soltan Məcid Qənizadəİyirmi beş il maarifi nəşr stmək kimi çətin bir əmri yerinə yetirməkdə sabitqədəm durmaq böyük hünərdir. Bizim maarif qədri bilməyən avam camaat arasında bu əmri əmələ gətirmək daha böyük hünərdir.Çox müəllimlərimizin müəllimlik sənətindən qaçmasına, bir tərəfdən, bu sənətin ağırlığı və qiymətsizliyi, o biri tərəfdən də camaatımızın bu müqəddəs sənətə alçaq bir nəzərlə baxması səbəb olur.
Başqa şairlərin şeirləri
Ölümün qarşısını pul, qızıl alaydı kaş,Satardım var-yoxumu, hər nəyim var satardım.
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
EyləyəmHarda gördüm bir şux, kaman qaşlını,İstərəm canımı qurban eyləyəm.
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd