Saçlarıma ağ cığırlar salmağa,Günlər, aylar, illər yaman tələsdi.Gəncliyimi əllərimdən almağaGünlər, aylar, illər yaman tələsdi.

Gen dərələr əks edərdi səsimi,Dağdan-dağa göndərərdi səsimi.Soldurmaqçün sulardakı əksimiGünlər, aylar, illər yaman tələsdi.

Qayalara nəqş edərdim adımı,Məni mənsiz o qayalar andımı?Söndürməkçün inadımı, odumuGünlər, aylar, illər yaman tələsdi.

Ömrün yaşıl dünyasından uzağam,Yarpağına xallar düşən budağam.Mən deməzdim bir gedəri qonağam,Günlər, aylar, illər yaman tələsdi.

Anam vardı laylaları bal dadan,Qoruyardı məni dərddən, qadadan.Ayırmaqçün o analı dünyamdanGünlər, aylar, illər yaman tələsdi.

Azalıbdır ürəyimin dözümü,Qınayıram bəzən özüm-özümü.Öz tovundan salmaq üçün gözümüGünlər, aylar, illər yaman tələsdi.

Dağ yolları, mən hardayam, siz harda,Odum harda, külüm harda, köz harda.Sınamaqçün məni bu sərt yollardaGünlər, aylar, illər yaman tələsdi.

Heç gəlməzdi xəyalıma, ağlıma,Zaman necə naxış salar alnıma.Bir yanmadı, kövrəlmədi halımaGünlər, aylar, illər yaman tələsdi.

El-obama qovuşsaydım nə dərdim,Bir canımı yüz yol qurban verərdim.Heç bilmədi mən nə əkdim, nə dərdimGünlər, aylar, illər yaman tələsdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri