Səhifə 5 / 10 · 40%

Tramvayın duracağına yetişəndə, usta Ramazan cavanlardan ayrılmalı oldu.

Tahir onun uzaqlaşdığını görüb Cəmilə tərəf döndü:

– Doğrusu, bütün gecə usta mənim ürəyimə qorxu salmışdı. Öz-özümə fikirləşirdim ki, evim yıxıldı, o məni görəndə elə bil qutuda ilanı görür.

– Niyə ki?

– Əşi, üzü bir dəfə də gülmədi.

– Onun xasiyyəti belədir. Sən sir-sifətinə niyə baxırsan? Özündən mehriban adam hanı? Ancaq iş vaxtı zarafatla arası yoxdur. Bir də, axı, iki oğlu çoxdan cəbhəyə gedib, hələ heç biri qayıtmayıb... Deyəsən evdə də elə bununçün az-az olur. Yəqin arvadı səhər-axşam gözünün qorasını sıxır, qocanın da buna ürəyi tab gətirmir.

Tahir, usta Ramazanın qaşqabaqlı olmağının əsil səbəbini başa düşəndən sonra kədərləndisə də, ürəyində ona haqq verdi: “İki oğul qurban vermək asan məsələ deyil ki?”

Onlar gəlib cavan fəhlələrin ümumi yaşayış evinə çatanda, Tahir oturub anasına kağız yazdı. Salam-duadan sonra Bakını bacardığı qədər təriflədi. Tahir, Bakının Cəmil deyəndən min qat qəşəng olduğunu yazmağı özünə borc bilib, daha burada qaldığını anasına bildirdi və məktubun sonunda Bakıya yola düşən adamlarla sazını göndərməsini xahiş etdi. Məktubu üçkünc büküb ünvanını yazandan sonra, balaca otaqda Cəmilin çarpayısı ilə yanaşı qoyulmuş təzə çarpayıda uzandı. Lakin birdən-birə onun gözünə yuxu getmədi. İki-üç gündən bəri gördükləri və eşitdikləri bir-bir gəlib xəyalından keçdi və axırda o, yenə Lətifəni xatırladı:

– Cəmil, onların evi haradadır?

– Kimin?

– Lətifəgili deyirəm...

– Necə məgər? Aşna, deyəsən bir dəfə görməknən aşiq olmusan?

– Yox, canım elə-belə soruşuram. – Tahir etiraz etdisə də, ehtiyatsızlıqdan bu barədə çox tez söz açdığı üçün utanıb yanaqları qızardı.

Cəmil gülüb zarafata saldı:

– Əlbət ki. Əvvəlcə elə-belə soruşarsan, bir azdan sonra tanış olarsan, teatra, kinoya apararsan, lap axırda da ürəyini açıb deyərsən. Sənin işin asandır. Özün yaxşı saz çalıb-oxuyan, bir qucaq da söz bilirsən.

– Hə, indi deyəcəksən ki, sazı da bundan ötrü sifariş eləyirəm?

Cəmilin sir-sifəti ciddi bir ifadə aldı, qaşlarının arası düyünləndi və o, dostunun könlünə toxunacağından ehtiyat edib, söhbətin mövzusunu dəyişdi:

– Sabahdan, texniki minimum dərsləri başlanır. Bu gün səhər mədənin kontorunda elan asıblarmış. Mənə də yolda Biləndər dedi.

– O nə üçündür?

– Necə nə üçün? Bəs bir yerdə ayaq döyüb durmayacağıq ki? Mən üç-dörd günə imtahan verib, dərəcəmi artırmaq istəyirəm.

– Elə isə yaxşıdır. Kim siyahı düzəldir?

– Nə siyahı? Özün getməsən də, onlar səni axtarıb tapacaqlar.

Bu söhbətdən Tahir başa düşdü ki, Cəmil “irəli getmək adamın özündən asılıdır” – deyəndə mübaliğə etmirmiş: “Oxuyacağam, mən də elə bundan ötrü Bakıya gəlmişəm”.

– Yaxşı, – deyə yenə Cəmilə üz tutdu – nə vaxt işləyib, nə vaxt dərsə gedəcəyik?

– Boş vaxtımızda... – Cəmil əsnədi. – Yaman yorğunam, yataq, yuxudan qalxanda hamısını başa sallam.

Aralığa sükut çökdü. Bu anda uzun bir fit səsi eşidildi. tahir:

– Bu nədir? – deyə təəccüblə soruşdu.

– Paroxoddur! Hər gün bu vaxt Həştərxana yola düşür.

– Amma limanda yaman çox paroxod var ha! Bəs onlar hara gedir?

– Onların çoxusu tankerdir. Neft daşıyır.

– Buruqdan çıxan kimi?

– Yox, canım, sən nə danışırsan?

Cəmil dostunun naşılığını onun özünə hiss etdirmək istəməsə də, Tahir bunu dərhal anlayıb, lap pul kimi qızardı və bir də belə suallar verməməyi kəsdirdi.

– Qaraşəhərdə neftayıran zavodlar var. Biz ora veririk onlar da ayırıb hazırlayandan sonra o biri şəhərlərimizə göndərir. Bizim quyulardan çıxan neftdən azı yüz otuza qədər maddə alınır.

– Əşi nə danışırsan? – deyə Tahir qeyri-ixtiyari yerindən dikəlib Cəmilə baxdı.

– Daha niyə təəccüb eləyirsən? Bizi aparıb o zavodları göstərəndə, bir nəfər mühəndis deyirdi. Hələ son zamanlarda təzə maddələr də tapıblar. Bakı neftinə neft çatmaz. Qara qızıl nədir, burada çıxan neft brilyantdan da bahadır. Yoxsa Bakıya bu qədər göz dikən olmazdı ki? Yataq, yataq, gözümdən yuxu tökülür. Usta həmişə deyir ki, Hitlerin belini sındıran Bakı oldu.

Cəmil susdu. Birdən, nəyi isə xatırlamış kimi, yerində dirsəkləndi:

– Buranın teatrını görmüsən?

– Yox, necə bəyəm?

– Sabah gedək, baxaq.

– Hansına? Mənim musiqili komediyadan xoşum gəlir.

– Eh, orada yüngül şeylər oynayırlar. “Xanlar”ı görmürsənmi?

– Rayon teatrında onu oynamırlar ki?

– Mən burada bir dəfə baxmışam, çox xoşuma gəlib.

– Elə isə əvvəlcə ona gedək, – deyə Tahir razılaşdı və bu andan sonra dostlar gözlərindən tökülən yuxunun qucağında xumarlanıb bir daha dinmədilər.

3

Dram teatrının salonunda nəfəs-nəfəsə oturmuş adamlara baxanda Tahiri heyrət götürdü. Rayon mərkəzində gördüyü iki yüz nəfərlik tamaşa otağını bu salonla müqayisə edəndə, bu axşam bütün şəhərin buraya axışıb gəldiyini düşündü. Böyük salonun parterində, iki mərtəbə lojalarında və amfiteatrında iynə salmağa yer yox idi. Sanki tamaşaçılar da Tahirin indiyə qədər gördüyü və tanıdığı adamlara bənzəmirdilər. Hamının səsi bir-birinə qarışmışdı. Salonun tavanından asılmış böyük çilçırağın işığında rəng verib-rəng alan müxtəlif sifətlər və ən çox da onların zəngin, rəngbərəng libasları Tahirin heyrətini birə min artırırdı. Tahirə elə göründü ki, guya hamı ona baxır, onun sadə və yoxsul geyimindən danışır, belə təntənəli bir salona kənd yerində geydiyi uzunboğaz çəkmə, qalife şalvar və qoşa cibli mixəyi köynəkdə gəldiyinə istehza edirlər.

Tahir Cəmillə bərabər on üçüncü sırada yerlərini tapıb oturduqdan sonra, utancaqlıqdan onun üzündə tər damcıları tumurcuqlanmağa başladı. O, gözlərini yerə dikdi, yaxınlığında oturduğu adamları dinləmək və özünə dair onların nə dediklərini eşitmək istədi. Ancaq heç bir kəsin ondan danışmadığını biləndə həm sevindi, həm də təəccübləndi. Yox, tamaşaçılar Tahiri lağa qoymurdular, onun haqqında pis söz demirdilər. Qızlar, oğlanlar qayğısız bir tərzdə gülüşür, bəziləri indi göstəriləcək əsərdən, bəziləri isə Tahirin heç ağlına gəlməyən şeylərdən danışırdılar.

Bir azdan sonra işıqlar söndü, salonu bürümüş gurultu yavaş-yavaş azalıb pərdə açılanda, səs tamamilə kəsildi. Səhnədə göstərilən pyesin ilk şəkillərini Tahir o qədər də aydın başa düşmürdü. Bəzi çətin ifadələrin mənasını Cəmildən soruşduqda, böyründəki tamaşaçılar:

– Səs salma, yoldaş! – deyə ona imkan vermirdilər. Axırda Tahir də, hamı kimi, bütün diqqətini topladı, aktyorların sevinc, ya qəzəbindən, sakit və qəti hərəkətlərindən, səhnədə danışılan sözləri təxmini mənasını anlamağa və bu yolla da əsərin məğzini dərk etməyə başladı. Pyesdə hərəkət və mübarizə qüvvətləndikcə, Tahir tamaşa salonunda oturduğunu belə unudurdu. Xüsusən inqilabçı qonağı tutmaq istəyən jandarmların qabağında namaz qılmağa başlayan ana çox xoşuna gəldi. Onun işlətdiyi hiylə, bütün tamaşaçılar kimi, Tahirin də gülüşünə səbəb oldu:

– Afərin, arvad! – deyə onu özlüyündə təriflədi də.

Jandarmlar qamçı çəkib ananı döyməyə başlayanda, Tahirin ürəyi qəzəblə doldu. Ona elə gəldi ki, döyülən öz doğma anasıdır. Tahir tamaşaya baxdığını unudub, yerindən sıçramaq, yüyürmək və anaya qamçı vuran o alçaq polisi əzişdirmək istədi. Ana, ağır zərbələrin ağrısından iztirab çəkəndə, Tahir dözə bilmədi, yerindən qalxmaq istədi.

Cəmil:

– Neyləyirsən? – deyə ona teatr salonunda olduğunu xatırlatdı.

Əvvəlcə ananın çəkdiyi məşəqqətlərdən bu qədər həyəcana gələn Tahir, bir azdan sonra, onun, əlacsızlıqdan qonaqla yoldaşlarının gizləndiyi yeri nişan verəcəyindən qorxmağa başladı. Ana son qüvvətini toplayıb jandarmlara cavab verəndə, salon dərin bir sükuta qərq oldu. Onun sözləri Tahirin ürəyini sonsuz bir qürur və sevinc hissilə doldurdu. O, elə bil Tahirin sevə-sevə oxuduğu bayatılardan birini deyirdi:

Fələyin zindanı kürəyimdədir,
Zalımın zənciri biləyimdədir.
Qonağın yerini soruşursunuz?
Yarın ürəyimi, ürəyimdədir.

Bu çözləri Tahir dərhal əzbərlədi və ananın mərdliyinə hamı ilə birlikdə ucadan əl çaldı.

Xanların yaralandığı səhnə və dəfn mərasimi Tahirin könlündə silinməz bir iz buraxdı. O, tamaşa salonundan çıxıb evə çatıncaya qədər bu barədə Cəmillə söhbət elədi.

Əsər haqqında eyni rəyə gəlsələr də, bir məsələ onların arasında mübahisəyə səbəb oldu. Cəmil, Xanlar kimi bir fəhlənin dövlətli ailəsində yaşayan Mehribana vurulduğunu düzgün saymırdı. O, iddia edirdi ki:

– Qız nahaq yerə doktor Söhbəti xoşlamır, onların ürəyi bir-birinə daha yaxındır.

Tahir isə bununla razılaşmır:

– Yox, düz fikir deyil! – deyirdi. – Qız Xanların mərdliyini sevir, Xanlar kasıb olanda nə olar? Məhəbbət elə şeydir ki, o adamın dövlətli-kasıblığına baxmaz. Mehriban görür ki, doktor Söhbət, Xanlar qədər onu istəyə bilməz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri